Məhkəmə qərarları › İş №2-1(104)-541/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-541/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-541/2023 24.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-11/2023 saylı qərarından iddiaçı Süleyman adına X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2021-ci il tarixli, DVX 003989 nömrəli Aktdan görünür ki, Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən operativ vergi nəzarəti nəticəsində X7 Goranboy rayonu, Xınalı kəndində yerləşən Meyvə Bağı obyektində 5 nəfəri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməyə cəlb etdiyi müəyyən olunmuş və akt X12 tərəfindən imzalanmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin **********910700 nömrəli xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında məktubundan görünür ki, Süleyman adına X3 vergilər, onlara hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə hesablanmış, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə ödənilməmiş borcu ilə əlaqədar ona müvafiq qaydada bildirişin göndərilməsinə baxmayaraq bu borc dövlət büdcəsinə ödənilmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən əmlakınızın siyahıya alınmasına dair qərar qəbul edilmişdir, qərarın icrası məqsədilə Vergi Məcəlləsinin həmin maddəsinə əsasən, "Vergi ödəyicisinin aktivləri barədə məlumat" forması göndərilərək, bu forma üzrə məlumatların 10 gün ərzində 14 Vergilər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir, xx.xx.2021 -cü il tarixə olan Dövlət Sosial Müdafiə Fonduna 5666.57 manat məbləğində borcunun mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddət ərzində müvafiq fonda ödənilməsi tövsiyə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6162 nömrəli ekspert rəyindən görünür ki, Süleyman adına X6 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 4549,91 manat, penya hesablanmasına görə 1116,66 manat, ümumilikdə 5666.57 manat borcun düzgün hesablandıği müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Süleyman adına X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı Süleyman X6 xx.xx.2021-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, guya Süleyman X3 vergi üzrə xx.xx.2021-ci il tarixə 5666.57 manat borcu yığılmış, bu barədə iddiaçıya bildiriş göndərilmiş, həmin bildiriş üzrə borc təmin edilmədiyindən Fermer Təsərrüfatı barədə borcun tutulması və əmlakların siyahıya alınması barədə qərar qəbul edilmişdir .Lakin iddiaçı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı olaraq X13 Tsərrüfatına heç bir bildiriş göndərilməmiş və əksinə tərəfindən cavabdehə ərizə göndərilərək Dövlət Sosial Müdafiə Fonduna yaranmış 5666.57 manat borcun hansı əsasla yaranması və indiyədək nə üçün borc barədə bildirilməməsi və borcun yaranma mənbəyi barədə məlumat verilməsi və məsələnin araşdırılması barədə müraciət edilsə də cavabdeh tərəfindən bizə heç bir məlumat verilməmiş və borcun hansı əsasla və mənbə üzrə yaranması barədə araşdırılma aparılmamışdır. İddiaçı hesab edirik ki, cavabdehin borcun yaranma mənbəyi kimi işçilər üzrə orta aylıq əmək haqqı üzrə hesablanmaqla borcun yaranması kimi qiymət verir. Bu halda isə tərəf səhv nəticəyə gəlmişdir. Belə ki, Ferma özü kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olur və öz mülahizəsi üzrə işçi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsindən kənar olaraq orta aylıq əmək haqqı hesablaması və həmin əmək haqqı üzrə vergi borcunun hesablayaraq tələb etməsi qanunsuzdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən əsassız hesablanmış 5666,57 manat borcun silinməsi barədə” iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı Regional Ərazi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-11/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddiaçı Süleyman adına X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə Süleyman adına X3 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə yaranmış 5666,57 manat borcunun düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş və iş üzrə verilmiş müvafiq ekspert rəyində Süleyman adına X6 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 4549,91 manat, penya hesablanmasına görə 1116,66 manat, ümumilikdə 5666.57 manat borcun düzgün hesablandıği müəyyən edilmişdir. Beləliklə, iş materiallarında olan təqdim edilmiş hesabatlardan, Dövlət Sosial Müdafiə Fondunun altsisteminin çıxarış məlumatlarından, eləcə də müvafiq ekspert rəyindən göründüyü kimi, X3 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 24240 manat, penya üzrə 4170.39 manat hesablama olmuş, həmin məbləğdən 19689.50 manat ödənişlər edilmiş, eyni zamanda Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 3053.73 manat maliyyə sanksiyası üzrə borcu silinmiş və yekunda 5666.57 manat qalıq borc məbləği qalmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı Süleyman adına X8 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən məcburi sosial sığorta haqqı və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsi üzrə hesab etmişdir ki, ekspert rəyinə əsasən borc düzgün hesablanmışdır. Lakin 3-cü şəxs tərəfindən sosial sığorta haqqının borcu ilə bağlı borcun Vergi orqanına ötürməsi üzrə yaranmış borcun mənəbəyi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının məhkəməyə müraciət edilənədək olan dövr üzrə borcun olması barədə heç bir məktub göndərilməmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilsə də, ekspert tərəfindən yalnız məktubda olan rəqəmlər köçürürlməklə rəy verilmişdir. Ekspert tərəfindən verilmiş hesabatlar, borcla bağlı maliyyə sənədləri tələb edilməmiş və araşdırılmamışdır. Məhkəmənin isə yalnız ekspert rəyi ilə kifayətlənməsi ilə qərar qəbul etməsi işin hallarına uyğun deyil. Həmçinin cavabdehin borcun yaranma mənbəyi ilə bağlı orta aylıq əmək haqqına münasibətdə borcun hesablanmasında da düzgün nəticəyə gəlməməişdir. İş üzrə iddiaçının işçi ilə bağladığı əmək müqaviləsində göstərilən əmək haqqından kənar olaraq cavabdehin orta aylıq əmək haqqı məbləği ilə borcu hesablaması əsassızdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Prosessual məsələlər İş üzrə iddiaçının nümayəndəsi iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - - 23.1.6.-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. - 89.1.-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - 89.3.-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Süleyman adına X6 2012-ci il ərzində sosial sığorta haqları üzrə 4711,25 manat, penya üzrə 6,40 manat hesablama, 1844,50 manat ödəniş olduğu, 2013-cü il ərzində sosial sığorta haqları üzrə 6135 manat, penya üzrə 888,79 manat hesablama, 2300 manat ödəniş olduğu, 2014- cü il ərzində sosial sığorta haqları üzrə 8300 manat, penya üzrə 2158,54 manat hesablama, 4900 manat ödəniş olduğu, 2015- ci il ərzində sosial sığorta haqları üzrə 3586,25 manat, penya üzrə 942,95 manat hesablama, 4125 manat ödəniş olduğu, 2016-cı il ərzində sosial sığorta haqları üzrə 1507,50 manat, penya üzrə 173,71 manat hesablama, 2865 manat ödəniş olduğu, 2017-ci il il ərzində 3145 manat ödəniş olduğu, xx.xx.2018-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək olan dövr ərzində isə 510 manat ödəniş olduğu müəyyən edilmiş, eyni zamanda Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli, 1042-VQ nömrəli Qanununun və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2018-ci il tarixli 1890 nömrəli fərmanına əsasən vergi ödəyicisinin 01 yanvar 2015-ci ilin tarixinə yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 0111 fəaliyyət növünə görə 3053,73 manat maliyyə sanksiyası üzrə borcu 23 iyul 2018-ci il tarxində silinmişdir. Bu silinmə aparıldıqdan sonra iddiaçının borcu məcburi dövlət sosial sığorta haqqı üzrə 4549,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 1116,66 manat olmaqla ümumilikdə 5666,57 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə Süleyman adına X3 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə yaranmış 5666,57 manat borcunun düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş və iş üzrə verilmiş müvafiq ekspert rəyində Süleyman adına X6 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 4549,91 manat, penya hesablanmasına görə 1116,66 manat, ümumilikdə 5666.57 manat borcun düzgün hesablandıği müəyyən edilmişdir. Beləliklə, iş materiallarında olan təqdim edilmiş hesabatlardan, Dövlət Sosial Müdafiə Fondunun altsisteminin çıxarış məlumatlarından, eləcə də müvafiq ekspert rəyindən göründüyü kimi, X3 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 24240 manat, penya üzrə 4170.39 manat hesablama olmuş, həmin məbləğdən 19689.50 manat ödənişlər edilmiş, eyni zamanda Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 3053.73 manat maliyyə sanksiyası üzrə borcu silinmiş və yekunda 5666.57 manat qalıq borc məbləği qalmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticədə haqlı olmuşdur. Apellyator şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən məcburi sosial sığorta haqqı və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsi üzrə hesab etmişdir ki, ekspert rəyinə əsasən borc düzgün hesablanmışdır. Lakin 3-cü şəxs tərəfindən sosial sığorta haqqının borcu ilə bağlı borcun Vergi orqanına ötürməsi üzrə yaranmış borcun mənəbəyi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmin dəlillə bağlı kollegiya qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezdentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 01 yanvar 2019cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Həmçinin cavabdeh Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi etirazında bildirmişdir ki, vergi ödəyicisi iddia ərizəsində mübasələndirdiyi xx.xx.2021-ci il tarixə 5666,57 manat borcu sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsinə əsasən 01 oktyabr 2018-ci il tarixə Dövlət Sosial Müdafiə Fondundan saldo şəklində ötürülən borcdur. Bundan başqa 14 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2021-ci il tarixli, **********542100 nömrəli məktubla Süleyman adına X3 01 oktyabr 2018-ci il tarixə olan borclarının yaranma səbəbləri və Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli ,1042-VQ nömrəli qanununun və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2018-ci il tarixli, 1890 nömrəli fərmanına əsasən silinib-silinməməsi və silinməli borcları mövcuddursa həmin borclar barədə məlumatın 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş xx.xx.2021-ci il tarixli, **********5 nömrəli (AVİS nömrə: **********117200) cavab məktubunda Süleyman adına X6 2012-ci il ərzində sosial sığorta haqları üzrə 4711,25 manat, penya üzrə 6,40 manat hesablama, 1844,50 manat ödəniş olduğu, 2013-cü il ərzində sosial sığorta haqları üzrə 6135,00 manat, penya üzrə 888,79 manat hesablama, 2300,00 manat ödəniş olduğu, 2014-cü il ərzində sosial sığorta haqları üzrə 8300,00 manat, penya üzrə 2158,54 manat hesablama, 4900,00 manat ödəniş olduğu, 2015-ci il ərzində sosial sığorta haqları üzrə 3586,25 manat, penya üzrə 942,95 manat hesablama, 4125,00 manat ödəniş olduğu, 2016-ci il ərzində sosial sığorta haqları üzrə 1507,50 manat, penya üzrə 173,71 manat hesablama, 2865,00 manat ödəniş olduğu, 2017-ci il il ərzində 3145,00 manat ödəniş olduğu, xx.xx.2018-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək olan dövr ərzində isə 510,00 manat ödəniş olduğu bildirilmişdir. Eyni zamanda həmin məktubda Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli, 1042-VQ nömrəli qanununun və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2018-ci il tarixli 1890 nömrəli fərmanına əsasən vergi ödəyicisinin 01 yanvar 2015-ci ilin tarixinə yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 0111 fəaliyyət növünə görə 3053,73 manat maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcunun 23 iyul 2018-ci il tarxində silindiyi qeyd edilmişdir. Həmçinin üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi öz etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X1 Sistemi"nin "Sığorta" (Hesabat) altsistemində "X11"da sığortaedən Süleyman adına X3 1 aprel 2018-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı üzrə 4549,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 4170,39 manat (cəmi: 8720,30 manat) borcu qalmışdır. Daha sonra, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən, 23 iyul 2018ci il tarixində sığortaedənin maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə 3053,73 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fondu tərəfindən silinmişdir. Bu silinmə aparıldıqdan sonra iddiaçının borcu məcburi dövlət sosial sığorta haqqı üzrə 4549,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 1116,66 manat olmaqla ümumilikdə 5666,57 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. Bundan başqa birinci instansiya məhkəməsi Süleyman adına X3 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə yaranmış 5666,57 manat borcunun düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş və iş üzrə verilmiş müvafiq ekspert rəyində Süleyman adına X6 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 4549,91 manat, penya hesablanmasına görə 1116,66 manat, ümumilikdə 5666.57 manat borcun düzgün hesablandıği müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin dəlilləri onun formal mülahizələrinə əsaslanır. Məhkəmə kollegiyası işin hallarını və tərəflərin dəlillərini nəzərə almaqla hesab edir ki, işə baxan birinci instansiyası məhkəməsi mübahisələndirilən qərarın və həmin qərarla hesablanmış məbləğin vergi qanunvericiliyinin normalarına uyğun olması halına düzgün qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-11/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar