Məhkəmə qərarları › İş №2-1(104)-541/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-541/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-541/2024 22.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), X5 və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X3 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2112/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-3098/2024 nömrəli cavab məktubuna əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, X4 şəhəri, Heydər Əliyev prospekti, bina 151, mənzil 13 ünvanında yerləşən ümumi sahəsi 60.8 kv.m, yaşayış sahəsi 42.1 kv.m, yardımçı sahəsi 18.7 kv.m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən aşağıda göstərilən hissəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı üçüncü şəxs xx.xx.1964-cü il təvəllüdlü X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 130 nömrəli məktubunda görünür ki, X2 şəhəri, Heydər Əliyev prospekti, bina 151, mənzil 13 ünvanında faktiki olaraq yaşamır. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-10169/2024 nömrəli məktubunda görünür ki, X6 xx.xx.2017-ci il tarixdən hal hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 3-cü şəxs X3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mülkdən pasport qeydiyyatından çıxarılmasını öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Heydər Əliyev prospekti bina 151 mənzil 13 onun xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçı alğı-satqı müqaviləsi əsasında 2015-ci ildə əldə etmişdir. Qeydiyyatda duran 3-cü şəxs iddiaçının oğludur. O vaxt 3-cü şəxs müvəqqəti olaraq iddiaçının mənzilinə qeydiyyata düşmüşdür. Qeydiyyatda dursa da, 3-cü şəxs mənzildə bir gün də yaşamayıb, o vaxtdan çıxıb Rusiyaya gedib və ondan heç bir xəbər yoxdur. İddiaçı həmin şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh quruma müraciət etsə də ona imtina verilmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır belə ki, həmin şəxsin orda qeydiyyatda durması iddiaçının hüquqlarını pozur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2112/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş materialları ilə müəyyən edilir ki, X1 mənzilin mülkiyyətçisi İddiaçı oğlu olmaqla, o, həmin evdə doğulub, boya-başa çatmış, həmin evə qeydiyyata alınmışdır. Ona görə də, X3 mübahisəli evdən istifadə hüququnun mövcud olubolmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Həmin icraat zamanı X3 mübahisəli mənzilə istifadə hüququnun olmadığı müəyyən ediləcəyi halda, həmin qərar onun qeydiyyatdan çıxarılması üçün əsas ola bilər. Göründüyü kimi, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxsin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs, yəni mənzilinin qeydiyyatından çıxarılmasını tələb etdiyi X6 övladıdır, 1964-cü il təvəllüddür, yəni 60 yaşı var. Yetkinliyə çatan vaxtdan Rusiyada yaşayır, ailəsi var. Nadir hallarda, özü də qısa müddətə şəxsi işlərinə görə Azərbaycana gəlib, düşündüyü işi başa çatdırıb, Rusiyaya qayıdır. Son dəfə Azərbaycana gələndə mənzilinə formal olaraq qeydiyyata düşmüşdür. O, qoca və xəstə qadındır, övladının köməyinə, mənzilində etibar etdiyi bir insanın nəfəsi olmasına ehtiyacı var, çünki xəstəlikləri onu üzür, "bu gün-sabahlıqdır”, övlada, gəlinə, nəvəyə, qısası etibar etdiyi əziz bir adamın nəfəsinə ehtiyacı var. Natiqin mənzilinə qeydiyyatının formallığı ondadır ki, onun məqsədi mənzilində yaşamaq deyil, mənzili satıb Rusiyaya qayıtmaqdır. Onun Rusiya vətəndaşı olub-olmaması ona məlum deyil, çünki o, həmişə həyatı barədə həqiqəti gizlətmişdir, Mənzilinə qeydiyyatı ona başqasının mənzilə göz tikməməsi üçün lazımdır. Çünki ölməyini ondan gizlədə bilərlər. Müddət ötər, vərəsəliyi baş tutmaz. Mənzili o, 2015-ci ildə almışdır. Ötən 9 ildə Natiq orada görünməmişdir. Çünki onu mənzilə bağlayan heç nə, hətta dəyərli bir əşya yoxdur. Natiq yeniyetmə ikən onun ailə üzvlüyündən çıxmışdır. Onun mənzilinə qeydiyyata düşməsinə bu şərtlə razılıq vermişdi ki, daimi Azəraycanda qalsın, ailə üzvü olsun ona, qoca və xəstə anasına baxsın. Lakin bu alınmamış o, onu aldatmış, mənzilinə qeydiyyata düşən günün sabahı itmişdir. Üçüncü şəxs olan oğlu Natiq məhkəməyə gəlib izahat vermədiyi halda, habelə cavabdeh idarə onun haqqında heç bir məlumat vermədiyi halda başlıcası o, mənzili 2015-ci ildə aldığı halda məhkəmə iddianı rədd etmək üçün bildirmişdir ki, guya Natiq həmin evdə doğulub, boya-başa çatmışdır. Məhkəmənin əsaslandırmasının sanballığına təəccüb etmək olar. Məhkəmə özü "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna istinad etdiyi halda, həmin qanunun tələblərini, yəni maddi hüquq normalarını pozmuşdur. Həmin qanuna görə: Maddə 9. Müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən. Digər tərəfdən onun bu iddiası mülkiyyət hüququnun təmin edilməsi haqqındadır. Mülki Məcəllənin 228-ci maddəsinə bel bağladığından arayış yığmaqla məşğul olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə görə: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Oğlu Natiqdə qanunla müəyyən edilən belə hüquqlar olmadığından iddiası çək-çevirsiz, hətta sübutsuz təmin edilməli idi. Çünki MM-nin, Konstitusiyanın 13-cü maddəsinə, Mülki Məcəlləmizin 152-ci maddəsinə əsasən o, mülkündə ağadır, onunla qanunla qadağan edilməyən nə istəsə edə bilər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1 Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1: Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9: Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınan ünvan 1 saylı mənzildən üçüncü şəxs X3 pasport qeydiyyatında çıxarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli məktubda bildirmişdir ki, həmin şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-3098/2024 nömrəli cavab məktubuna əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-10169/2024 nömrəli məktubunda görünür ki, X6 xx.xx.2017-ci il tarixdən halhazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə kollegiyası göstərir ki, hazırki halda üçüncü şəxsin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin tələbinə əsasən mümkün deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmışdır. Lakin üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs yaxın qohum olmaqla ailə üzvü olduqları üçün X3 istifadə hüququnun mövcud olub-olmaması qiymətləndirilməli, bu məsələlərin həll edilməsi isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilmədiyini nəzərə alaraq birinci instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehə qarşı yönəlmiş X3 qeydiyyatdan çıxarılma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2112/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar