Məhkəmə qərarları › İş №2-1(104)-543/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-543/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-543/2025 01.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-440/2025 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşdə olan sənədlər:

1. JN-043A KOD 50605028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndindən X1 mülkiyyətinə Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 nömrəli qərarı ilə 1.00 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 1.0 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində birinci icraat:

3. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarının etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və mərhum əri X4 birgə yaşayış dövründə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində 0,20 ha torpaq sahəsində iki yaşayış otağı, köməkçi sahə, tövlə və əl damı inşa etmişlər. Onun mərhum əri X2 adına xx.xx.1987-ci il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir və 1996-cı ildə vəfat etdikdən sonra torpaq vergisini özü ödəmişdir. Ona 2022-ci ildə məlum olmuşdur ki 1,0 ha torpaq sahəsində yerləşən iki yaşayış otağı, köməkçi sahə, tövlə və əl damı onun oğlu S.Allahverdiyevin mülkiyyətindədir. Xoşbulaq kəndində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsinə dair onun adına Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən xx.xx.2002-ci il tarixli JN-043A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Cavabdeh başçısının Zağalı inzibati ərazi üzrə nümayəndəliyin xx.xx.2008-ci il tarixli 439 saylı arayışı əsasında S.Allahverdiyevə xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Onun Daşkəsən rayon Dövlət Arxivindən aldığı xx.xx.2022-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur ki, onun əri X2 adına Daşkəsən rayon Xoşbulaq kənd ərazisində 0,20 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 0,60 km2 qeydə alınmışdır. Onun dövlət arxivindən aldığı xx.xx.2022-ci il tarixli arxiv arayışı təsdiq edir ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının sənədləri Daşkəsən rayon Dövlət Arxivinin fonduna təhvil verilməmişdir. Beləliklə o, mərhum əri ilə birgə yaşayış dövründə əldə edilmiş mülkdən məhrum olumuşdur. O, X1 adına Xoşbulaq kəndində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsinə dair Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarının verilməsi barədə arayış və qərarın surətinin ona təqdim edilməsini xahiş etmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubu ilə təsdiq etmişdir ki, belə qərar mövcud deyil.

5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4414/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır.

6. Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4414/2023 nömrəli qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-887/2023 nömrəli qərardadı (sədrlik edən A.İsgəndərova, hakimlər R.Muradov, Ə.Məmmədov) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4414/2023 nömrəli qərardadı iddia tələbinin çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinin mümkün sayılmaması hissəsində ləğv edilmiş, yeni qərardad qəbul edilməklə iş materialları həmin hissədə mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

8. Qərardadda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qərarın qismən etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verilmiş, lakin çıxarışla bağlı hissəsi üzrə heç bir qiymətləndirilmə aparılmamışdır. Hazırki tələbində iddiaçı yenidən inzibati aktın etibarsızlığı ilə yanaşı çıxarışı da mübahisələndirmiş, həmin tələblə bağlı inzibati orqana ilkin müraciət də təqdim edilmişdir.

Birinci instansiya məhkəməsində ikinci icraat:

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1732/2024 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1732/2024 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

11. İddiaçı2 məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət ünvanlayaraq hakim E.Axundovun inzibati işə baxmasına etiraz etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə etiraz təmin edilmiş, inzibati iş baxılması üçün hakim R.Tağıyevanın icraatına verilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 2- 1(114)-440/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

13. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə sərəncamlar göndərilmiş, nöqsanların aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar vaxt verilmiş, lakin iddiaçılar İddiaçı2 və İddiaçı1, həmçinin vəkil tərəfindən sərəncamlara əməl edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı2 qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinə yenidən baxılması və hüquqi yardımın icrasının təmin edilməsi ilə bağlı işin birinci instansiya məhkəməsinə geri qaytarılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, iddiaçı tərəfə məhkəmə tərəfindən heç bir hüquqi yardım göstərilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

18. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə qeyd olunan proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər.

20. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi:

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Göründüyü kimi iddia tələbi məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım etmək vəzifəsi üzrə göndərilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli sərəncamlarda qeyd olunan nöqsanların aradan qaldırılmaması əsası ilə qeyri-mümkün sayılmış, apellyasiya şikayətində iddiaçı tərəf birinci instansiya məhkəməsi tərəfindən heç bir hüquqi yardım edilmədiyini əsas gətirərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası xatırladır ki, mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

24. Hazırki iş üzrə iddia ərizəsində ********** nömrəli çıxarışın ləğv edilməsi tələb edilsə də, tələbin dəqiqləşdirilməsi zərurəti yaranmış, bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli sərəncamlar göndərilərək hüquqi yardım göstərilmiş, iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarış üzrə X1 adına aparılmış mülkiyyət hüququna dair qeydin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəqiqləşdirilməli olması bildirilmiş, lakin iddiaçı tərəf sərəncamlara riayət etməmişdir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Hazırki qərardadın 19 və 20-ci bəndlərində qeyd olunanlardan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr).

27. Məhkəmə kollegiyası qeyd edir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər).

28. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamə (səh.44) və EMİS-dən çıxarışlardan (səh.77-78) görünür ki, hüquqi yardımın göstərilməsinə dair xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli sərəncamlar iddiaçı tərəfə rəsmi qaydada təqdim edilmiş, cavabdeh dəqiq müəyyən edilməklə tələbin düzgün forması göstərilmiş, buna baxmayaraq, iddiaçılar tərəfindən tələb dəqiqləşdirilməmişdir.

29. Məhkəmə tərkibi onu da qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçı tərəfə münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

30. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-440/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar