Məhkəmə qərarları › İş №2-1(104)-544/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-544/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-544/2025 14.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəfn üçün müavinətin ödənilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dəfn üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1584/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən X4 hazırkı pensiya məbləği 409 manat 68 qəpik, yenidən hesablanmış pensiya məbləği 205 manat, 88 qəpikdir.

2. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “pensiya işinə aid sənədlərdə ona Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 11 sentyabr 2008-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə əlavə 17,81 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 57,00 manat olmaqla orta aylıq əmək haqqı 359,81 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 5 il 6 ay 15 gün (xx.xx.1978xx.xx.1983-cü il tarixləri arasındakı dövr) qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (359,81 manat) 45 faizi-161,91 manat hesablanmalı olduğu halda, 325,12 manat müəyyən edilməklə xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə sizə 8323,71 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 6 ay 15 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 18,33 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 315,00 manat, qulluq stajına görə əlavə 19,69 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 63,00 manat olmaqla orta aylıq əmək haqqı 397,69 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (359,81 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (397,69 manat) arasındakı fərq məbləğinin (37,88 manat) 18,33 faizi-6,94 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (161,91 manat) üzərinə əlavə olunmaqla 168,85 manat hesablanmalı olduğu halda, xx.xx.2018xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 325,12 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə 321,27 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülmüşdür. Buna görə də, yuxarıdakı dövrlər üzrə ona 2758,96 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavə 29,69 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 95,00 manat olmaqla orta aylıq əmək haqqınız 599,69 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (397,69 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (599,69 manat) arasındakı fərq məbləğinin (202,00 manat) 18,33 faizi-37,03 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (168,85 manat) üzərinə əlavə olunmaqla 205,88 manat hesablanmalı olduğu halda, 409,70 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza köçürülmüşdür. Buna görə də həmin dövr üzrə sizə 3464,94 manat artıq pul vəsaiti ödənilmişdir. Əlillik müddətinin 23 yanvar 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 fevral 2021-ci il tarixindən dayandırılmışdır. Əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar ona avtomatik qaydada 2021-ci ilin oktyabr və noyabr ayları üzrə hər ay üçün 409,70 manat məbləğində əmək pensiyası ödənilmişdir. Nəticədə həmin aylar üzrə ümumilikdə 407,64 manat artıq (hər ay 205,88 ödənilməli idi) pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində və 2021-ci ilin oktyabr, noyabr ayları üzrə ümumilikdə 14955,25 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməmiş 225,80 manat pensiya məbləği hesablanmışdır. Həmin 225,80 manat pul vəsaiti ona artıq ödənilmiş 14955,25 manat pul vəsaitindən çıxılmışdır. Qalan artıq ödənilmiş 14729,45 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyandan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, müraciətdə göstərdiyi xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cu il tarixləri arasındakı dövrlər ərzində işlədiyi Daşkəsən rayon X9 təsərrüfat hesablı qurum olduğundan həmin dövrlərin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən aparılmış araşdırma nəticəsində pensiya məbləği 2021-ci ilin dekabr ayından etibarən qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 205,88 manat məbləğində müəyyən edilib və xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 14729,45 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdr. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında ona 29 dekabr 2021-ci il tarixli, **********1 nömrəli və 28 aprel 2022-ci il tarixli, **********0 nömrəli məktublarla ətraflı məlumat verilmişdir.

4. xx.xx.2024-cü il tarixli, AZ – İİ 387443 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə ölmüş və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 21 № ilə qeyd edilmişdir. Ölüm səbəbi: Miokardın ön divarının kəskin transmural infaktı.

5. xx.xx.2024-cü il tarixli, AZ – İİ 387443 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə ölmüşdür.

6. Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Gəncə şəhəri, Q.Əliyev küçəsi, döngə 1, ev 19-da qeydiyyatda olan İddiaçı 25 aprel 2024cü il tarixdə vəfat etmiş arvadı X4 dəfn və mərasim xərclərini ödəmişdir.

7. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsinə əsasən İddiaçı “Əmək pensiyasıçı vəfat etdikdə dəfn üçün müavinətin verilməsi” ilə bağlı müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və müracətin cavabının ünvan 1 ünvanına göndəriləcəyi bildirilmişdir.

8. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-7674/2024 nömrəli “pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişinin dayandırılması haqqında” qərarından görünür ki, X1 pensiya məbləği 336 manat 72 qəpik təşkil etmiş, dəfn üçün ödəniləcək müavinət isə 840 manat müəyyən edilmiş və həmin məbləğ pensiya üzrə artıq ödənilmiş məbləğlə əvəzləşdirilmişdir.

9. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, vaxtilə aparılmış araşdırma nəticəsində mərhum X5 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üçün pensiya üzrə ümumilikdə 5293,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında tərəflərindən mərhum Kifayət Abbasovaya 5 may 2023-cü il tarixli, 3-17-1/2-A- 100317/2023 nömrəli məktubla ətraflı məlumat verilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən Kifayət Abbasovanın vəfat etməsi ilə əlaqədar ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (280,00 manat) üç misli miqdarında - 840,00 manat sizə ödənilməli olan dəfn üçün müavinət hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, sizə ödənilməli olan 840,00 manat vəsait və həmçinin, cari ilin yanvar ayı üzrə mərhuma ödənilməli olan 33,91 manat indeksasiya üzrə fərq məbləği mərhum Kifayət Abbasovaya məhdudlaşdırılaraq artıq ödənilmiş 5293,90 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Mərhuma artıq ödənilmiş qalıq vəsait 4419,99 manat təşkil edir. Nəzərə almağınız xahiş olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X4 dəfni üçün müavinətin ödənilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12141/2024 nömrəli qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum yoldaşı X8 11 sentyabr 2008-ci ildə dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyasına çıxmış və 25 aprel 2024-cü il tarixinə kimi əmək pensiyası almışdır. Yoldaşı 25 aprel 2024-cü il tarixində vəfat etdikdən sonra o, lazımi sənədləri toplayıb dəfn üçün müavinət almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 müraciət etmişdir. Lakin həmin qurum tərəfindən müavinətin ödənilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi mərhuma aldığı pensiyası üzrə artıq vəsaitin ödənilməsi göstərilmişdir. Daha sonra iddiaçının qızının adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilən 18 iyul 2024-cü il tarixli imtina məktubunda X6 5293,90 manat artıq vəsaitin ödənildiyini, ona dəfn üçün 840 manat müavinətin hesablandığı və o pulun qalıq puldan çıxılaraq büdcəyə bərpa edildiyi və hazırda mərhumun 4419,99 manat artıq ödənilmiş qalıq vəsaiti olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, Dövlət qurumunun dəfn üçün müavinəti ödəməkdən imtinası qanunsuzdur. Belə ki, onun mərhum həyat yoldaşı əmək pensiyasından tutulmasına razılıq verməmiş, həmçinin tutulmayla bağlı məhkəmə qərarı yoxdur.

13. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzı Filiala müraciət edərək, mərhum həyat yoldaşı X6 görə dəfn üçün müavinətin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş cavab məktubunda ona ödənilməli olan 840,00 manat dəfn üçün müavinətin və cari ilin yanvar ayı üzrə mərhuma ödənilməli olan 33,91 manat indeksasiya üzrə fərq məbləğinin mərhum Abbasova Kifayətə məhdudlaşdırılaraq artıq ödənilmiş 5293,90 manatdan çıxılaraq büdcəyə bərpa edildiyi bildirilmişdir. Eyni zamanda mərhuma artıq ödənilmiş qalıq vəsait 4419.99 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçıya dəfn üçun müavinət pulunun ödənilməsindən imtina edilmiş və müraciətinin müsbət həlli mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, mərhum K.Abbasovaya xx.xx.2006-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Eyni zamanda bildirilmişdir ki, vaxtilə aparılmış araşdırma nəticəsində mərhum X6 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üçün pensiya üzrə ümumilikdə 5293,90 manat artıq pul vəsaitin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında Mərkəzi Filial tərəfindən mərhum Kifayət Abbasovaya 5 may 2023-cü il tarixli, 3-17-1/2-A-100317/2023 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Aparılan araşdırma nəticəsində mərhum X5 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üçün ümumilikdə 5293,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti və həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulması üçün razılıq ərizəsinin Mərkəzi Filiala təqdim etməsi haqqında cavabdeh tərəfindən mərhum Kifayət Abbasovaya 5 may 2023-cü il tarixli, 3-17- 1/2-A-100317/2023 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh orqan hesab edir ki, dəfn üçün müavinətin ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.

14. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1584/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı arvadı X4 vəfatı ilə əlaqədar ona dəfn üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

17. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən mərhum X4 pensiyası üzrə artıq ödənilmiş pensiyanın tutulması üçün mərhumun yazılı razılığı və ya bu barədə məhkəmə qərarı olmadan iddiaçıya arvadının vəfatı ilə əlaqədar ödənilməli olan dəfn üçün müavinətin artıq ödənilmiş məbləğin bir hissəsi ilə əvəzləşdirilməsi qanunvericiliyin tələbinə zidd olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1584/2025 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətində Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən mərhum X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda və iddia tələbinə etirazda qeyd olunan hallar təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Mərkəzi Filial mərhum K.Abbasovanın pensiya borcunu miras passivi hesab edərək dəfn üçün müavinəti əvəzləşdirmiş və bu səbəblə də, iddiaçıya dəfn üçün müavinətin ödənilməsi mümkün olmamışdır. Belə ki, Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən, miras əmlak dedikdə, miras qoyanın ölüm anınadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və öhdəliklərinin (miras passivi) toplusu başa düşülür. Mülki Məcəllənin 1152-ci maddəsinə əsasən, miras qoyan yalnız mülkiyyətində olan əmlakı vəsiyyət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 2.1.5-ci maddəsinin AR Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321ci maddələri baxımından şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Göründüyü kimi mərhumun sağlığında əmək pensiyası üzrə yaranmış borcu, o vəfat etdikdən sonra vərəsəsi olan həyat yoldaşına ötürülmüşdür. Bu səbəblə də qanunvericiliyin tələblərinə uyğun olaraq həmin borcun bir hissəsi əvəzləşdirmə aparılaraq büdcəyə bərpa edilmişdir. Məhkəmə qərarında qeyd edilir ki, “cavabdeh orqan tərəfindən mərhum X4 pensiyası üzrə artıq ödənilmiş pensiyanın tutulması üçün mərhumun yazılı razılığı və ya bu barədə məhkəmə qərarı olmadan iddiaçıya arvadının vəfatı ilə əlaqədar ödənilməli olan dəfn üçün müavinət artıq ödənilmiş məbləğin bir hissəsi ilə əvəzləşdirilmişdir. Belə olan halda cavabdehin bu hərəkəti qanunvericiliyin tələbinə zidd olmuşdur”. Məhkəmənin yuxarıdakı mövqeyinə münasibətdə bildirilir ki, mərhuma hələ sağlığında artıq ödənilmiş vəsait barədə 5 may 2023-cü il tarixli, 3-17-1/2-A-100317/2023 nömrəli məktublarla ətraflı məlumat verilmiş və həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Lakin K.Abbasova vəfat etmiş və həmin razılıq ərizəsini təqdim etməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, mərhuma 29 dekabr 2021-ci il tarixli **********1 nömrəli və 28 aprel 2022-ci il tarixli **********0 nömrəli məktublarla əmək pensiyasının yenidən hesablanması qaydası, eyni zamanda pensiya məbləğinin qanunvericiliyə uyğun yenidən hesablanma nəticəsində azalması barədə məlumat verilmişdir. Göründüyü kimi, K.Abbasova həmin məktublarla razılaşmış, pensiya məbləğinin yenidən hesablanma nəticəsində azaldılması ilə əlaqədar hər hansı bir hüquqi müdafiə vasitəsindən istifadə etməmiş, məhkəmədə iddia qaldırmamışdır. Digər tərəfdən qeyd edilir ki, “pensiyaçının vəfatı ilə əlaqədar pensiya ödənişinin dayandırılması” barəda xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-7674/2024 nömrəli qərarın qeyd hissəsində dəfn xərcinin əvəzləşdirilməsi barədə qeyd mövcuddur. Lakin həmin qərarın qeydi etibarsız sayılmamış, məhkəmə qaydasında ləğv edilməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının və işin faktiki hallarının qarşılıqlı təhlilindən aydın olur ki, iddiaçıya dəfn üçün müavinətin ödənilməsinin mümkün olmaması ilə bağlı Mərkəzi Filialın mövqeyi qanuni və əsaslıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 42.2. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Maddə 42.3. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Maddə 42.4. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir.

24. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.2. Birdəfəlik müavinətlər: 4.0.2.3. dəfn üçün müavinət.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”: Bənd 90. Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir. Bənd 91. Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Fond tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

27. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

29. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

30. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

32. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

33. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

34. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

35. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

37. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, mərhum arvadı X4 vəfatı ilə əlaqədar dəfn üçün müavinətin verilməsini xahiş etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

41. İş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının arvadı X6 11 sentyabr 2008-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X8 xx.xx.2024-cü il tarixdə ölmüş, xx.xx.2024-cü il tarixdə pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişi dayandırılmışdır.

42. Deməli, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə iddiaçının mərhum arvadı Kifayət Abbasova vəfat etdiyi tarixdə əmək pensiyaçısı olmuşdur və bu halda onun ailə üzvlərinin (və ya onu dəfn etməyi öhdəsinə götürən şəxsin) “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət almaq hüququ yaranmışdır.

43. İş materiallarından da göründüyü kimi, 25 aprel 2024-cü il tarixdə vəfat etmiş Kifayət Abbasovanın dəfn və mərasim xərcləri iddiaçı tərəfindən ödənilmişdir (Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışı). Belə olan halda iddiaçı sözügedən müavinəti cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

44. Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən o hala istinad etmişdir ki, aparılmış araşdırma nəticəsində mərhum X2 üç il üçün pensiya üzrə ümumilikdə 5293,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyinə görə 840,00 manat məbləğində hesablanmış dəfn üçün müavinət “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvəzləşdirilmişdir, başqa sözlə həmin məbləğ mərhum Kifayət Abbasovaya artıq ödənilmiş 5293,90 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir.

45. Məhkəmə kollegiyası cavabdehin hərəkətini qanuni hesab etməyərək qeyd etməyi zəruri hesab edir ki, dəfn üçün ödənilən müavinət sosial müdafiə sistemində ailənin itki zamanı qarşılaşdığı maddi çətinlikləri yüngülləşdirmək məqsədi ilə verilən birdəfəlik ödəmələrdən biridir. Dəfn müavinəti sosial sığorta və ya digər müavinətlərdən fərqli olaraq, digər sosial ödəmələrin və ya kompensasiyaların əvəzləşdirməsi və ya yerini tutması kimi nəzərdə tutulmur. Yəni, dəfn müavinəti ailəyə başqa ödənişlərin azalması və ya ləğv edilməsi üçün əsas deyil. Bu müavinət yalnız bir dəfə, məhz ölən şəxsin dəfn xərclərini dəstəkləmək məqsədilə verilir və başqa sosial təminatların əvəzləşdirilməsi üçün istifadə edilə bilməz.

46. Digər tərəfdən qeyd edilməlidir ki, həmin müavinət əmək pensiyaçısının vəfatından sonra ailə üzvlərinə (və ya onu dəfn etməyi öhdəsinə götürən şəxsə) ölən şəxsin dəfn xərclərini dəstəkləmək məqsədilə verildiyinə görə həmin məbləğin mərhum əmək pensiyaçısına artıq ödənilmiş əmək pensiyası məbləği ilə əvəzləşdirilməsi üçün hüquq sahibinin (müavinəti almaq hüququ olan şəxsin), yəni hazırkı halda iddiaçının razılığı olmalıdır. İş materiallarında isə belə bir razılığın olması məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir.

47. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

49. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

50. Göründüyü kimi vərəsəlik dedikdə, miras qoyanın öldüyü məqamadək malik olduğu və ölümündən sonra başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Miras əmlak isə miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı və digər maddi nemətləri (onların yüklülükləri ilə birlikdə) ifadə edir.

51. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi hazırda mübahisələndirilən müavinət miras aktivi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, vərəsəlik institutunun məzmununa əsasən, vərəsələr miras aktivindəki paylarına uyğun miras qoyanın kreditorlarının qarşısında öhdəlik daşıyırlar. Cavabdeh orqan mərhum əmək pensiyaçısının sağlığında artıqödəmə üzrə yaranmış borcun vəfat etdikdən sonra miras passivi olaraq vərəsəsi olan iddiaçıya ötürüldüyünü və bu səbəblə də əvəzləşdirilmənin aparıldığını bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan artıq ödəmə üzrə borcun miras passivinə daxil olub-olmaması və qeyd edilən münasibətlər üzrə hüquq varisliyinə yol verilibverilməməsi məsələsinin özü başqa bir məhkəmə mübahisənin predmetidir.

52. Deməli hazırki halda cavabdeh orqan iddiaçıya ödənilməli olan dəfn üçün müavinəti artıq ödəmə məbləği ilə əvəzləşdirərək qanunvericiliyin istinad olunan normalarının da tələblərini pozmuşdur.

53. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1584/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar