Məhkəmə qərarları › İş №2-1(104)-545/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-545/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-545/2024 18.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Quluzadə Kənan Asiman oğlunun katibliyi ilə, “xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixinədək ona müharibə veteranları üçün ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1067/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2013-cü il tarixdə M/V 056549 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən ona sosial müavinət ödənilməyə başlanılmışdır. İddiaçıya xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmiş və hər ay ödənilməsi davam etdirilir. İddiaçı ona ödənilməmiş əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ- 283586/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, ona xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. Ona xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə sosial müavinət təyin edilərək ödənildiyi üçün eyni zamanda “Müharibə veteranı” adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay müavinətin də təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı xx.xx.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilir. Cavabdeh orqanın nümayəndəsinin iclasda təqdim etdiyi iddiaçının müavinət işindəki sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixinədək ona müharibə veteranları üçün ödənilməmiş sosial müavinətin ödənilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, müharibə veteranıdır. Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsindən müharibə veteranı kimi müavinət alır, lakin qanunla müharibə veteranlarına ödənilməyən müavinətin, yəni müavinət almaq hüququ yarandığı gündən sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü madəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Belə ki, onun hərbçi yoldaşlarına həmin məbləğin məhkəmə qaydasında ödənilməsi təmin edilmişdir. Bu barədə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə müraciət etmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1067/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinət Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Lakin bu halda sosial müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Hazırkı iş üzrə icraat materiallarında olan sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. Bu halda iddiaçıya pensiya aldığı həmin dövr üçün sosial müavinətin ödənilməsi yolverilməz olduğundan əvvəlki 3 il üçün sosial müavinəti tələb etmək hüququnun olması da istisna edilir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunaraq iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasının qanununa və Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü madəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qərarlarına əsasən xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilədək qədər fərq məbləği tam şəkildə birdəfəlik qanunla ödənilməlidir. Bu barədə məhkəməyə müraciət etmiş, lakin Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1067/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə onun ümumi xəstəliklə bağlı əlil olmağı barədə aldığı sosial müavinətlə, müharibə veteranı kimi aldığı sosial müavinəti eyni hesab etmiş və iddianı təmin etməmişdir. Belə ki, nəzərə çatdırmaq istəyir ki, onun ümumi əlilliklə əlaqədar sosial müavinət almağı nəzərə alınmalı, müharibə veteranlarına verilən müavinətlə dəyişik salınmamalıdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Əlavə olaraq qeyd edir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. Bu səbəbdən iddia tələbində qeyd olunan dövrlər üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin də eyni anda ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bununla yanaşı öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Prosessual məsələlər İş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin səbəblərin bildirməmişdirlər. Məhkəmə kollegiyası onların iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Sosial müavinətlər haqqında” Qanun: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2013-cü il tarixdə 056549 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən xx.xx.2019-cu il tarixədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət təyin edilmiş və tam məbləğdə ödənilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən isə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. Həmçinin İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, “Sosial müavinətlər” Qanunun 5.1-ci maddəsinə əsasən bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, bu Qanunun 4.0.1.1- 4.0.1.3-cü, 4.0.1.5-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər (4.0.1.3-cü maddə - əlilliyə görə müavinət). Hazırki işdən də göründüyü kimi, iddiaçıya xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. Buna görə də iddiaçıya əlilliyə görə sosial müavinət ödənildiyindən “Sosail müavinətlər haqqında” qanunun tələbinə əsasən onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququ istisna edilmişdir. Belə ki, iddiaçı 2008-ci il tarixdən 2021-ci il tarixədək əlilliyə görə sosial müavinət aldığı üçün onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququ həmin dövr üçün istisna edilmiş və beləliklə də onun əvvəlki 3 il üçün sosial müavinəti tələb etmək hüququ da olmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsininin iddianın rədd olunması barədə gəldiyi nəticə düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1067/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar