Məhkəmə qərarları › İş №2-1(104)-546/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-546/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-546/2025 08.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2261/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı barəsində Bakı 2 nömrəli X3 tərəfindən xx.xx.2024-cü il tarixli, Q00202149KHC nömrəli göndəriş tərtib edilmiş və ona aşağıdakı diaqnoz qoyulmuşdur: - Əsas diaqnoz: F06.3 – Əhvalı üzvi mənşəli (affektiv) pozuntusu, Baş-beyinin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində affektiv pozuntusu, kobud davranış pozuntuları ilə, depressiv epizodlarla, koqnitiv funksiyaların zəifləməsi ilə. - Ağırlaşma: F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. - Ağırlaşma: F06.7 – Yüngük koqnitiv pozuntu, Yüngül koqnitiv pozğunluq.

2. Həmin diaqnoz üzrə İddiaçı əlilliyi xx.xx.2024-cü il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən “diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.

İşdə olan sənədlər:

3. Hərbi hissə komandirinin təqdim etdiyi xx.xx.2016-cı il tarixli, 1809 nömrəli travma haqqında arayışa əsasən, xx.xx.2016-cı il tarixdə, saat 03:30 radələrində tabor üzrə cavabdeh olduğu zaman qəfildən başı gicəllənərək yıxılmış, başı əsgər yataqxanasında olan istilik sisteminin qızdırıcısına dəyərək huşunu itirmişdir. Buna görə bir neçə gün hərbi hissənin tibb məntəqəsində simptomatik malicə olunmuş, ancaq ürəkbulanma, qusma və baş ağrıları keçmədiyi üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Keçirilmiş qapalı kəllə-beyin travması, asteno-nevrotik təzahürlərlə və vegetativ damar davamsızlığı ilə təzahür edən qalıq əlamətləri" diaqnozu ilə stasionar müalicədə olmuş, xx.xx.2017-ci il tarixdə hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək, xəstəliyinə görə 15(on beş) gün müddətinə məzuniyyət verilmişdir. Həmin xəstəliyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissədə təkrar stasionar müalicədə olmuş, nəticədə yaxşılaşma qeyd olunsa da, müvəqqəti xarakter daşımışdır. Xəstəliyi ilə əlaqədar olaraq xidməti vəzifələrini icra edə bilmədiyinə görə hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək üçün hərbi hissə komandiri tərəfindən N nömrəli hərbi hissəyə tibbi şəhadətləndirilməyə göndərilmişdir. xx.xx.2017-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının nevrologiya bölməsinin rəisi tərəfindən baxılmış, ekspert diaqnozu müəyyən olunmuşdur. 9.xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək , xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək,xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən hal- hazıra kimi N nömrəli hərbi hissədə (dövlət səhiyyə tibb müəssisəsini, hərbi-tibb müəssisəsini və orada olma müddətini göstərməli) müayinə və müalicədə olmuşdur.

4. xx.xx.2017-ci il tarixli, 815 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2017-ci ildə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin olunması ilə əlaqədar olaraq N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" qərarı verilmişdir. Onun aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi təyin edilmişdir.

5. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli, 15 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli, 815 nömrəli xəstəlik haqqında şəhadətnamə hal-hazırda qüvvədədir.

6. İddiaçı xx.xx.2017-ci il tarixindən İİ qrup müharibə əlili olmasına görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2022-ci il tarixində dayandırılmışdır.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 4664 nömrəli rəyinə əsasən, İddiaçı üzvi (xidməti vəzifələrini yerinə yetirərkən alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez dekompensasiyalar, özünü kəsmələr, nitq qüsuru ilə F07.0 diaqnozu qoyulmuşdur.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-F-29882/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olmuşdur. Təqdim edilən tibbi sənədlər və sáğlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1184 nömrəli rəyində qeyd edilmişdir ki: - İddiaçı "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində depressiv daxilolmalar, özünü kəsmələrlə (F07.0)" aşkar olunur. - İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Bakı 2 nömrəli X3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. - İddiaçı "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində depressiv daxilolmalar, özünü kəsmələr, nitq qüsuru ilə (F07.0)" aşkar olunur.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qərarın qismən ləğv edilməsi və müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş, ikinci dərəcə əlillik təyin edilmiş və uzun müddət pensiya almış, lakin hazırda pensiyası dayandırılmışdır. O, hərbi xidmət dövründə xəstələnmiş və müxtəlif vaxtlarda müxtəlif müalicə müəssisələrində müalicə və müayinə olmuşdur.

12. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəbli əlaqəsi ilə “Əlilliyin müəyyən edilməsi Meyarları”nın 7.6.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

13. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur.

14. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2025-ci il tarixli etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə istinad olunmaqla əsaslandırılmışdır.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2261/2025 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçıya tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd olunan diaqnozun (baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları– F07.8) həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması məhkəmə tərəfindən araşdırılması zamanı (iş materiallarında olan xəstəxana tərəfindən verilmiş arayışlar və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə) öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.6.2.2-ci bəndinə əsasən baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları orqanizmin funksiyalarının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyinatı üçün əsasdır

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu imtina qərarı və iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı barədə müvafiq qərar xx.xx.2024-cü il tarixində qəbul olunmuş və o, iddia qaldırmaq üçün nəzərdə tutulan 30 günlük müddəti ötürmüş, bundan başqa, məhkəmə iş üzrə ekspertiza təyin etmədən yekun nəticəyə gəlmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.

21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. - üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 - baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları – F07.8 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti- 65-80% - 2 il.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. İşin hallarından görünür ki, İddiaçı Bakı 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, Q00202149KHC nömrəli göndərişi əsasında Agentlikdə əyani müayinə edilmiş, nəticədə barəsində xx.xx.2024-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş X2 iddiaçı barəsində tərtib edilmiş Q00202149KHC nömrəli göndərişdə qeyd olunan diaqnozlardanağırlaşma: “F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” diaqnozu iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar ona ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

30. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya aid Bakı 2 nömrəli X1 verdiyi xx.xx.2024-cü il tarixli göndərişdə (Forma 88) ona qoyulmuş “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları– F07.8” diaqnozu yuxarıda göstərilən Əlavənin F07.8 kod təsnifatına uyğundur.

31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 4664 nömrəli rəyinə əsasən, İddiaçı üzvi (xidməti vəzifələrini yerinə yetirərkən alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez dekompensasiyalar, özünü kəsmələr, nitq qüsuru ilə F07.0 diaqnozu qoyulmuşdur.

32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1184 nömrəli rəyinə əsasən iddiaçıda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində depressiv daxilolmalar, özünü kəsmələrlə (F07.0)" aşkar olunur. İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Bakı 2 nömrəli X3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. İddiaçıda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində depressiv daxilolmalar, özünü kəsmələr, nitq qüsuru ilə (F07.0)" aşkar olunur.

33. Bundan başqa məhkəmə kollegiyası iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” olması hissəsində də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, xx.xx.2017-ci il tarixli, 815 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2017-ci ildə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin olunması ilə əlaqədar olaraq N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" qərarı verilmişdir. Onun aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi təyin edilmişdir.

34. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli, 15 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli, 815 nömrəli xəstəlik haqqında şəhadətnamə hal-hazırda qüvvədədir.

35. Apellyasiya şikayətinin iddia qaldırmaq üçün nəzərdə tutulmuş 30 günlük müddətin ötürülməsi dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarında olan SMS məlumat göndərilməsinə dair çıxarışa (iş mat. səh 43) əsasən imtina qərarı xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus mobil nömrəyə göndərilmiş, sonuncu məhkəməyə xx.xx.2024cü il tarixdə müraciət etmişdir.

36. Göründüyü kimi iddiaçı sosial təminata ehtiyacı olan şəxs olmaqla iddia tələbi üzrə cəmi 10 gün müddəti ötürmüş, birinci instansiya məhkəməsində icraat zamanı buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin buraxılması üzrlü hesab edilərək ərizə təmin edilmişdir.

37. Ekspertiza keçirilməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1184 nömrəli rəyi məhkəmə araşdırmasına təqdim olunmaqla iş materiallarına və Elektron Məhkəmə İnformasiya Sisteminə əlavə edilmişdir.

38. Belə olan halda apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgün olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2261/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar