Məhkəmə qərarları › İş №2-1(104)-548/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-548/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-548/2024 18.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinə qarşı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-1333/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı AA №414309 məcburi köçkün vəsiqəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. xx.xx.2018-ci il tarixli AZ-İ № 287612 nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 X8 ilə olan nikahı ləğv edilmişdir. Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 5-78/2-Ş-1/2- 073/2023 nömrəli məktubundan görünür ki, İddiaçı məcburi köçkün statusu olmayan vətəndaşla ailə həyatı qurduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 24 yanvar tarixli 11 nömrəli qərarının 2.4-cü bəndinə uyğun olaraq ona ödənilən vahid aylıq müavinət dayandırılmışdır. Elektron Məhkəmə informasiya sistemindən çıxarışla müəyyən edilir ki, İddiaçı məcburi köçkün statusu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona ödənilən məcburi köçkünlər üçün aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdə Ağdərə rayonunda anadan olmuş, 1993-cü ildə Ağdərə rayonundan köçkün düşmüşdür. İddiaçı Tərtər rayonunda qeydiyyatda olan X5 ilə nikaha daxil olmuş, xx.xx.2018-ci il tarixdə boşanmışdır. İddiaçının nikaha daxil olduğu tarixdən etibarən ona məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(114)-1333/2024 nömrəli qərardadı ilə iddia tələbi “onun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Tərtər Rayin İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1333/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi öhdəliyinin Tərtər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məcburi köçkün statusuna malikdir və həmin statusu itirməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdehin istinad etdiyi Qaydaların heç birində məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan qadınla ailə qurmuş, həmçinin sonradan boşanmış məcburi köçkün statusu olan kişilər aylıq müavinət almayan şəxslərin sırasına daxil edilməmişdir. Halbuki, istinad edilən qaydaların tələbinə görə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlar aylıq müavinət almayan şəxslər sırasına aid edilmişdir. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh orqan tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə və qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyi üçün, cavabdehin mübahisə olunan hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam araşdırmamış, iş üzrə mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olmayan və hüquqi tərəfini obyektiv, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ-İV hissələrini, Azəbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «O. Gərəkməzlinin şikayəti üzrə Azəbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 13 mart 2013-cü il tarixli qərarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğnluğunun yoxlanımasına dair» 25 fevral 2014-cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyini tətbiq etmiş, iş üzrə tətbiq etdiyi hüquq normalarını isə düzgün tətbiq və şərh etməmiş bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da AR MPM-nin 385.1.1-ci və AR İPM-nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğvi üçün əsasdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayənədləri X6 və X9 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Prosessual məsələlər İş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir:dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" Bənd 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarmayan şəxslərə. 17 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanması”na dair Təlimat

5. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.4. Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə.

Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanması”na dair Təlimat

6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər: 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara, lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara. 2 iyun 2017-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, No 6, maddə 1221) ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndində “(nikahla və ya nikaha daxil olmadan),” sözlərindən sonra “həmçinin sonradan boşanmış qadınlara” sözləri əlavə edilmişdir və həmin bənddən “lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara” sözləri çıxarılmışdır.

İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İddiaçı əvvəllər aldığı məcburi köçkünlər üçün nəzərdə müavinətin bərpa edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu tərəfindən iddiaçının müraciəti müsbət həllini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən məcburi köçkün statusu olmayan vətəndaşla ailə həyatı qurduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarının 2.4 bəndinə uyğun olaraq ona ödənilən vahid aylıq müavinətin Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən dayandırıldığı və ailə həyatı qurduğu vətəndaşla rəsmi boşandıqdan sonra da Nazirlər Kabinetinin müvafiq qərarına əsasən vahid aylıq müavinətin ödənilməsinin Komitə tərəfindən bərpa edilmədiyi bildirilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı məcburi köçkün statusuna malikdir. Sonradan iddiaçı məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuşdur. Bununla əlaqədar olaraq ona ödənilən müavinət dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın hərəkəti qanunsuz olmuşdur. Belə ki, ddiaçının Ağdərə rayonundan məcburi köçkün olduğuna görə əvvəllər yemək xərci alması, məcburi köçkün olmayan şəxslə nikaha daxil olduqdan sonra yemək xərcinin verilməsinin dayandırılması, nikahın pozulması, həmçinin hazırda məcburi köçkün statusu olması işin mübahisə olunmayan hallarıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsaslanmaqla aylıq müavinətin verilməsinin dayandırılması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 2.4-cü bəndində yalnız məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların aylıq müavinət almaq hüququ məhdudlaşdırılmışdır. Başqa sözlə, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuş kişilərin aylıq müavinət almaq hüququ məhdudlaşdırılmamışdır ki, bu da eyni vəziyyətdə olan şəxslər barəsində cinsi fərqliliyə görə ayrı-seçkilik hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyatakeçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilikdə eyni statusda olan şəxslərə (“məcburi köçkün” statusu olmayan şəxslə ailə həyatı quranlara) aylıq müavinətin verilməsi məsələsində fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, “məcburi köçkün” statusu olmayan şəxslə nikahda olan qadınlara aylıq müavinətin verilməsi ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində iddiaçının Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə istinad etməklə iddiaçıya aylıq müavinətin verilməsinin dayandırılması onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1333/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar