Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-549/2024 09.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARİ Giriş hissə: Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli AytacYadigar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının 01 fevral 2024-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2888/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-33-5100/2-Ş-000379/1-42 saylı arayışı ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin X3 və orqan transplantasiyası şöbəsinə müraciət etmiş, müayinə nəticəsində ona “B18.0-Delta amili virus mənşəli xroniki B hepatiti” diaqnozları qoyulmuş, xəstəyə “Canlı donordan qaraciyər transplantasiyası” əməliyyatı məsləhət görülmüşdür.
2. “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasın”nın xx.xx.2024-cü il tarixli, 10 nömrəli qərarına əsasən tərəflər arasında donor orqanlarının alqı-satqısına dair razılaşma olduğu müəyyən edilməsi səbəbi ilə, transplantasiyasının keçirilməsi məqsədəuyğun hesab edilməmişdir.
3. Bərdə rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 24-3-2-2-408-9424-3 nömrəli qərarına əsasən toplanmış 38s-24 nömrəli materialda X9 və X4 əməlində cinayətin tərkib əlamətləri olmadığından hər ikisi barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək həmin donordan qaraciyər köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qaraciyəri serrozudur, yeni donor tapılmalı və qaraciyər köçürülməlidir. Bu barədə o cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası“ xx.xx.2024 cü il tarixdə qərar qəbul edilmiş, onun tapdığı donordan imtina edilərək həmin donorun transplantasiyası məqsədə uyğun hesab edilməmişdir. Onlar öz tanıdığı insana müraciət etmiş, o donor olmağa razı olmuşdur. Lakin Səhiyyə Nazirliyində transplantasiyası üzrə etika komissiyası xx.xx.2024 cü il tarixdə qərar qəbul edərək məqsədə uyğun hesab edilməmişdir. Onun donoru tapıldığı üçün həmin donorun transplantasiya edilərək ona köçürülməsi öhdəliyi Səhiyyə Nazirliyinin və həmin komissiyasının üzərinə qoyulmalıdır.
6. İddiaçının etibarnamə üzrə nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 01 fevral 2024-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2888/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 01 fevral 2024-cü il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli, 24-3-2-2-408-9424-3 nömrəli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmununa əsasən 2018-ci ildən etibarən kəskin qara ciyər çatışmazlığından əziyyət çəkən xx.xx.1989-cu il təvəllüdlü İddiaçı cərrahi əməliyyatı üçün təxminən 2023-cü ilin noyabr-2024-cü ilin yanvar aylarında sonuncunun atası X10 ilə Bərdə şəhər sakini X9 arasında 15.000 manat qarşılığında donor orqanlarının alqısatqısına dair razılaşma olmasına əsaslı şübhələr müəyyən edilmiş, aparılan araşdırma nəticəsində toplanmış materiallar başa çatmış donor orqanlarının alqı-satqısı faktı müəyyən edilməmiş, toplanmış 38c-24 nömrəli materialda X9 və X4 əməlində cinayətin tərkib əlamətləri olmadığından hər ikisi barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına və iddia tələbinin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətinin məzmunu onunla əsaslandırılmışdır ki, 0.04.2024-cü il tarixli, 24-3-2-2-408-9424-3 nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Azərbaycan Respublikası Baş Prokurorluğuna donor orqanlarının alqı-satqısına dair məlumat daxil olmuş və həmin məlumat araşdırılması üçün aidiyyəti üzrə Bərdə Rayon Prokurorluğuna göndərilmişdir. Material üzrə ilkin araşdırma zamanı izahatlar alınmış və 01 ədəd CD diskə baxış keçirilmişdir. X2 rayon prokurorluğuna verdiyi izahatda Bərdə şəhər 3 saylı uşaq musiqi məktəbində forte-piano müəllimi işləməklə ayda 1326 manat əmək haqqı almasına baxmayaraq hər ay 1137 manat kredit ödədiyini, ərinin işləmədiyini, övladlarından birinin tələbə, digərinin məktəbli olduğuna görə maddi cəhətdən çətinlik çəkdiyini, kredit borcunu bağlamaq üçün 2023-cü ilin iyun ayında qaraciyərinin bir hissəsini satmaq qərarına gəldiyini, bu işdə ona resipiyent tapmaqda köməklik göstərməsi üçün keçmiş iş yoldaşı X11 2023-cü ilin noyabrında telefon ilə müraciət etdiyini, sonuncunun vasitəsilə bir müddət sonra qaraciyər nasazlığından əziyyət çəkən İddiaçı atası Nümayəndə2 ona zəng edərək əlaqə saxladığını, telefon danışığından sonra sonuncu ilə bir dəfə öz evində, X7 şifahi həkim müayinəsi zamanı və komissiyadan keçmək üçün daha sonra 2 dəfə Bakı şəhərində görüşdüyünü, Z.Şəmilov ilə Bakı şəhərində görüşərkən donor olmaq üçün onunla 15 000 manata razılaşdığını, ancaq əməliyyatdan sonra həmin pulu alacağını, həmin pul ilə kredit borcunu bağlayacağını, Şəmilovlar ailəsi ilə heç bir qohumluq və tanışlıq əlaqəsinin omadığını, bütün danışıqlarını Z.Şəmilov ilə apardığını bildirmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası SN tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, “Orqan donor və Transplantasiya üzrə Etika Komissiyasının 18 yanvar 2024-cü il tarixli iclas protokolundan 03 nömrəli çıxarışın mətni ilə diskə əlavə edilmiş videogörüntünün mətni uyğunluq təşkil edir. X1 izahatından və sonuncunun qeydə alınan videogörüntüsündən 15.000 manat müqabilində orqan transplantasiyası barədə razılığın əldə olunduğu, lakin pulun hələ ödənilmədiyi məlum olur. Pul ödənişinin həyata keçirilməsi səbəbindən cinayət işinin başlanılmaması, orqan transplantasiyası üçün müsbət rəyin verilməsi barədə müvafiq komissiyanın öhdəliyi olduğu anlamına gəlmir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabadehin nümayəndəsi əvvəlki məhkəmə iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, “Orqan transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuş və həmin qanuna müvafiq olaraq yeni bir təhsissat Etika Komissiyası yaradılmışdır. Ümumiyyətlə əvvəllər ancaq yaxın qohumlar donor ola bilərdilərsə adıçəkilən qanunun qəbulundan sonra Etika Komissiyasının müsbət rəyi əsasında qohum olmayan şəxslər də donor ola bilərlər. Yəni bu da transplantasiya sahəsində müsbətə doğru atılmış bir addımdır. Etika Komissiyası yarandığı vaxtdan 500-ə yaxın işə baxmış və onlardan yalnız 50-ə yaxın işdə imtina qərarı qəbul edilmişdir. Yəni digər şəxslərə müsbət rəylər verilmişdir. Etika Komissiyası digər prinsiplərlə yanaşı təmənnasızlıq prinsipini rəhbər tutur. Yəni işin mübahisəsiz halı odur ki, şəxs həqiqətən də xəstədir və təcili transplantasiyaya ehtiyacı vardır. Hazırki iş üzrə donor özü bildirmişdir ki, o 1300 manat əmək haqqı alır, onun 1000 manatını kredit ödəyir, onun maddi vəziyyəti yaxşı deyildir. Onun 15000 manat krediti vardır və həmin 15000 manat kreditin bağlanması qarşılığında öz qaraciyərini verir. Bu da aktlaşdırıldı və şəxs özü ərizə yazaraq bu halı təsdiq etdi. Təbii ki, təmənnasızlıq prinsipi pozulduğundan Etika Komissiyası mənfi rəy verdi. Birinci instansiya məhkəməsi əsasız olaraq qeyd edir ki, cinayət işinə başlanması rədd olunub. Ona görə də Etika Komissiyasının qərarı da ləğv edilməlidir.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, prokurorluğun qərarına əsasən cinayət tərkibininin olmaması müəyyən edilmişdir. Donor Mehriban xanım bildirir ki, ona qarşı Etika Komissiyasının iclasında X16 Mübarizə Baş İdarəsindən olan üzv Samir müəllim təzyiq göstərmişdir. Bu səbəbdən də o qorxmuşdur və bu cür izahat vermişdir. Onların arasında heç bir sövdələşmə olmamışdır. Cavabdehin nümayəndəsinin qeyd etmiş olduğu alqı-satqı məsələsinə gəldikdə isə orada heç bir alqı-satqıdan söhbət gedə bilməz. Donorun dediyi banka borcu olmasına da münasibət bildirdikdə qeyd edir ki, Etika Komissiyasında iclas fevral ayında olmuşdur və həmin vaxtdan da 6 ay keçmişdir. Bu vaxt ərzində də borcu o özü ödəmişdir. Donor həmin vaxtı affekt vəziyyətində də ola bilər və ya qorxmuş da ola bilər. Lakin indi onun yeni ərizəsi var və ərizədə o razı olduğunu bildirmişdir. Birinci dəfə də notarial qaydada ərizə təqdim edilmişdir. Onu da qeyd edir ki, ailə üzvündən, yəni ən yaxın 5 qohum gedib qan analizi veriblər uyğun gəlmirlər. Donor Bərdə rayon sakinidir və o, eşidib özü onlara müraciət etdi ki, Babəkə qaraciyərini verər. Yəni humanistlik edib. Onlar yalnız əməliyyatdan sonra donora yardım etmək istəyiblər. Lakin 15000 manat pul verilməsi ilə bağlı hər hansı bir razılıq olmamış, heç bir pul ödənilməmişdir. Hazırda oğlu ağır vəziyyətdədir və qeyd olunan halların nəzərə alınmasını xahiş edir.
14. Cavabdeh hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyası:
60. Hüqüq və azadlıqların məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İİ Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
16. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. 16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir. 16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır; 16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 1 16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. 16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi qismən təmin edilməlidir.
20. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya “B18.0-Delta amili virus mənşəli xroniki B hepatiti diaqnozu qoyulmuş və “Canlı donordan qaraciyər transplantasiyası” əməliyyatı məsləhət görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-33-5100/2-Ş- 000379/1-42 saylı arayışı ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin X3 və orqan transplantasiyası şöbəsinə müraciət etmiş, müayinə nəticəsində ona “B18.0-Delta amili virus mənşəli xroniki B hepatiti” diaqnozları qoyulmuş, xəstəyə “Canlı donordan qaraciyər transplantasiyası” əməliyyatı məsləhət görülmüşdür.
21. Bundan sonra iddiaçının ailəsi və yaxınları tərəfindən uyğun donor olubolmamaları ilə bağlı müvafiq tibbi yoxlanışdan keçmiş, yaxınlarından müvafiq donor müəyyən edilməmişdir. X5 qaraciyər transplantasiyası üçün uyğun donor olması və könüllü olaraq İddiaçı donor olmağa razılıq verməsi əsası ilə cavabdeh inzibati orqana müraciət edilmiş, xx.xx.2024-cü il tarixli 10 nömrəli “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasın”nın qərarı ilə tərəflər arasında donor orqanlarının alqı-satqısına dair razılaşma olduğu müəyyən edilməsi səbəbi ilə, donor orqanının transplantasiyası qeyri-mümkün hesab edilmişdir.
22. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti xx.xx.2024-cü il tarixli 10 nömrəli “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasın”nın qərarı və bunun yaratdığı hüquqi nəticələrlə bağlıdır.
23. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, hazırki iddia mübahisələndirilmə haqqında iddia tələbi olduğundan, mübahisələndirilən inzibati aktın qanununiliyini sübut etmə öhdəliyi məhz inzibati orqanın üzərinə düşür. Belə ki, İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
24. Hazırki halda tərəflər arasında mövcud olan münasibətlər “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və qəbul edilmiş inzibati aktda adıçəkilən qanunların müddəalarına uyğun qaydada qəbul edilməlidir.
25. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi donorun orqan transplantasiyası əməliyyatına iddiaçının ailəsindən 15 000 manat almaq müqabilində razılaşdığını, bununla kredit borcunu ödəyəcəyini və eyni zamanda bütün bu və daha artıq dəlillərin donor ilə müvafiq Komissiyasının apardığı söhbəti əks etdirən 1 ədəd CD diskdə öz əksini tapdığını irəli sürmüşdür.
26. Məhkəmə kollegiyası şikayətin dəlillərinin araşdırılması məqsədilə müvafiq sorğular göndərmiş və təqdim olunmuş sənədlər əsasında inzibati orqan tərəfindən qərar qəbulu zamanı bir sıra zidiyyətli məqamlara düzgün hüquqi qiymət verilməməsi müəyyən edilmişdir.
27. Halbuki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
28. “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası”nın əsasnaməsinin müddəalarına əsasən:
29. 4. Komissiyanın vəzifələri aşağıdakılardır:
30. 4.1. müraciətlərə “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nin (bundan sonra – Koordinasiya Mərkəzi) təqdimatı ilə həkim komissiyasının əsaslandırılmış qərarı əsasında baxmaq;
31. 4.2. öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən canlı donorun şəxsiyyətini müəyyən etmək;
32. 4.3. canlı donorun könüllü olaraq orqan donorluğuna razılığını müvafiq məlumatlandırılmış yazılı razılıq ərizəsi ilə yoxlamaq;
33. 4.4. canlı donordan donor orqanın götürülməsinə olan məhdudiyyətləri “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən yoxlamaq;
34. 4.5. şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul etmək və qəbul edilmiş qərarı “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”na (bundan sonra- vahid dövlət informasiya bazası) daxil etmək;
35. 4.6. donorun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137-ci maddəsinə uyğun olaraq insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyasına görə əvvəllər məhkum olunduğunu araşdırmaq; 36.. 4.7. Nazirliyə ildə iki dəfədən az olmayaraq baxdığı müraciətlər barədə hesabat vermək.
37. 31. Komissiya aşağıdakı hallarda donor orqanların transplantasiyasının qeyrimümkün olması barədə qərar qəbul edir:
38. 31.1. Koordinasiya Mərkəzi tərəfindən zəruri sənədlər tam təqdim edilmədikdə və ya təhrif olunmuş məlumatlar təqdim edildikdə;
39. 31.2. donor və resipiyent arasında donor orqanların alqı-satqısı ilə bağlı razılığa dair əsaslı şübhələr olduğu müəyyən edildikdə.
40. Göründüyü kimi adıçəkilən Əsasnamədə inzibati orqanın vəzifələri (bənd 4) və Komissiya tərəfindən imtina qərarının qəbul edilməsi əsasları (bənd 31) müəyyən edilmişdir.
41. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, müvafiq əsasnaməyə görə donor və resipiyent arasında donor orqanların alqı-satqısı ilə bağlı razılığa dair əsaslı şübhələr olduğu müəyyən edildikdə transplantasiyasının qeyri-mümkün olması barədə qərarın qəbul edilməsi mümkündür və cinayət işinin başlanmasının rədd edilməsi həmin qərarın qəbul edilməsini aradan qaldırmır.
42. Lakin kollegiya onu da qeyd edir ki, əsasnamədə şübhə deyil, məhz əsaslı şübhənin olması müəyyən edilmişdir. Belə olan halda qeyd edilən şübhənin olması və əsaslılığı ilə bağlı sübutların toplanması da inzibati icraatın aparılması ilə əldə olunmalıdır.
43. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin ikinci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
44. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə “Əsaslı şübhə” müvafiq şəxsin hüquq pozuntusu törətməsinə obyektiv müşahidəçini inandıran faktların və ya məlumatların olmasını nəzərdə tutur. Şübhənin “əsaslı” hesab edilməsi bütün hallar nəzərə alınmaqla müəyyən edilməlidir.
45. Hazırki inzibati icraatda təqdim olunan CD diskə baxış zamanı donorun verdiyi izahata (onun telefonun əlindən alınması, izahat zamanı təsirlərin -işdən azad olacaqsız, ərinizi və sizi nələr gözləyir bilirsinizmi, biz çox şey bilirik, etiraf edin və s. kimi ifadələrin işlədilməsi) və yazılan ərizəyə müdaxilənin olması müəyyən edilmişdir.
46. Belə ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilən donor ilə müvafiq Komissiyasının apardığı söhbəti əks etdirən 1 ədəd CD diskdə video qeydin müvafiq olaraq 25:32; 26:05; 26:58; 28:00; 28:36 vaxt kəsiklərində X6 psixoloji təzyiqlərin, ifadələrinə müdaxilə, habelə məqsədli olaraq yönləndirmə olduğu görünür. Digər tərəfdən donor tərəfindən yazılan ərizə və tərtib edilmiş aktında komisiyanın üzvü tərəfindən diqtə edilməklə yazılması, M.Abbasovanın sırf qeyd olunan şəxsin sözlərini təkrarlamaqla ərizəni yazması müəyyən edilmişdir. Halbuki ərizə şəxsin iradə ifadəsini əks etdirməklə, hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.
47. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində qeyd etmişdir ki, Etika komissiyasında ərizəni o yazsa da, ona çox böyük təsir göstərilmişdir. Belə ki, ona elə davranıb münasibət göstərdilər ki, sanki, o, adam öldürmüş və cinayətkardır. Komisiyada olan təhdidlərdən sonra ağlına sadəcə kredit borcunun olması gəlib. Onlar özü də gördülər ki, o, çox pis oldu. O, belə bir şey gözləmirdi. Ona dedilər ki, onu işdən, uşağını məktəbdən çıxararlar və burada 100 faiz pul məsələsi var. Ona o qədər sual verdilər və dedilər ki, bu cinayətdir. O da həmin vəziyyətdə fikirləşib ağlına sadəcə kreditinin olması gəlib və bu formada izahat verib.
48. Belə olan halda qeyd olunan ərizə, hazırki məhkəmə iclasında verilmiş ifadə ilə ziddiyyət təşkil etdiyindən, həmçinin şübhənin əsaslılığını sübut edəcək əlavə sənədlər təqdim olunmadığından qeyd olunan hallar təkrar inzibati icraat aparılmaqla, əsasnamədə qeyd edilən əsaslı şübhələrin olmasına dair əlavə sübutlar əldə edilməklə müraciət yenidən araşdırılmalıdır.
49. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
50. Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz.
51. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb edilməsi haqlı sayıla bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
52. Odur ki, hazırki iş üzrə iddiaçı tərəfindən cavabdeh orqana müraciət yenidən inzibati icraat qaydasında baxılmalı, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməklə yeni qərar qəbul edilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2888/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 01 fevral 2024-cü il tarixli 10 nömrəli qərarı ləğv edilsin. İddiaçı müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulsun. Qərar qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aygül İsgəndərova, Hakimlər: Azər Bayramov, Rəşad Mamedov