Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-55/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “çıxarışın və plan ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-856/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********957 saylı məktubundan görünür ki, hüquqmüəyyənedici sənədlər, eləcə də dövlət aktı olmadan sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.
2. Vİİ-JQ № 251626 saylı, xx.xx.1995-ci il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X6 və X1 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanmış, qadına Əsgərova soyadı verilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Bərdə Rayon Torpaq Şöbəsinin xx.xx.2001-ci il tarixli, 154 saylı arayışdan görünür ki, İbrahimova (Əsgərova) Gülbəniz Nəriman qızının adı torpaq islahatı aparılan zaman ümumi siyahıda qaldığı üçün ona 3 nəfər ailə üzvləri ilə birlikə Kələntərli aqro islahat müəssisəsinin yerli islahat komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı iclasının qərarına əsasən ərazidə «Böyük yer» adlanan sahədən qəbul olunmuş norma üzrə 0.66 ha pay torpaq verilmişdir.
4. Bərdə rayon Dövlət arxivinin xx.xx.2000-ci il tarixli, 376 saylı arayışından görünür ki, İbrahimova (Əsgərova) Gülbəniz Nəriman qızına “Böyük Yer” adlanan ərazidən 0.66 ha torpaq sahəsi verilmişdir.
5. Bərdə rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 86 saylı məktubuna əlavə edilmiş Kələntərli kolxozunun xx.xx.1999-cu il tarixli, 03 saylı protokolundan görünür ki, Qasımbəyli kəndi üzrə, “Böyük Yer” adlanan sahədə İbrahimov (Əsgərova) Gülbəniz Nəriman qızına 0.66 ha torpaq sahəsi verilmişdir.
6. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 22 sentyabr 2023-cü il tarixli, **********43 nömrəli məktubu və ona əlavə edilmiş Bərdə RAİK-nın 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə təsdiq edilmiş Bərdə rayonu Qasımbəyli kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyasından çıxarışdan görünür ki, Əsgərova (İbrahimova) Gülbəniz Nəriman qızı və İddiaçı2 adları müvafiq siyahıda mövcud olmuş, adlarının qarşısında 0,08ha torpaq sahəsi əks olunmuşdur.
7. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Elburus oğlu, Əsgərova (Eyvazova) Türkan Elburus qızının Bərdə rayonu, Qasımbəyli kəndində “Böyük yer” adlanan ərazidə faktiki istifadəsində olan torpaq sahəsi 1,30 hektardır və faktiki istifadə etdikləri torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyətinə aiddir, həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən kənd təsərrüfat kateqoriyalı, əkin təyinatlı torpaq sahəsidir, həmin torpaq sahəsi üzərində halhazırda heç bir kommunikasiya xətti mövcud olmadığından elektrik, rabitə, qaz, su,kanalizasiya xətlərinin mühafizə zolağına düşmür. Şimal hissədən Tərtər çayının yatağından 34,4 m aralı məsafədə yerləşir. Üçüncü şəxslər iştirak etmədiyindən iddiaçıların bildirdiyinə görə həmin torpaq sahəsi hal-hazırda naturada iddiaçılar tərəfindən istifadə olunur.
8. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 26 aprel 2023-cü il tarixli, 3-21-3-60/2-885/2023 nömrəli məktubunda qeyd olunur ki, mərkəzin arxivində mövcud olan Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli,09 saylı qərarı ilə təsdiq olunmuş Bərdə rayonu, Körpüsındıran kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı1, İddiaçı2 və Əsgərova (Eyvazova) Türkan Elbrus qızının adları aşkar edilməmişdir.
9. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 20 aprel 2023-cü il tarixli, 3-21-3-46/2-1881/2023 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıların istifadəsində olan 0,66 ha torpaq sahəsi ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən islahat predmeti olan torpaq sahələrinin sərhəddindən kənarda yerləşir. TEKUİS məlumat bazasına əsasən isə islahat predmeti olan torpaq sahələri bitişik sahələrdir.
10. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 20 iyun 2023-cü il tarixli, 3-21-3-46/2-2771/2023 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıların istifadəsində olan 0,66 ha torpaq sahəsi, eləcə də həmin torpaq sahəsinin sağ və solunda yerləşən torpaq sahələri, islahat predmeti olan torpaq sahələrinə bitişik olmaqla eyni sahədə yerləşir.
11. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 11 iyul 2023-cü il tarixli, 3-21-3-46/2-3059/2023 nömrəli məktubunda qeyd olunur ki, elektron baza məlumatlarına əsasən Bərdə rayonu Qasımbəyli kəndi ərazisində pay torpaqları almış subyektlərin siyahısında İddiaçı1, İddiaçı2, X2 adları 7 saylı Bərdə Ərazi İdarəsinin əhatə etdiyi Bərdə, Goranboy, Tərtər, Ağdam rayonları,Naftalan şəhəri üzrə qeyd edilməmişdir. Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı istehsalı torpaq sahəsinə dair dövlət aktı verilən şəxslərin siyahısından sorğuda qeyd olunan şəxslərin adlarının olub-olmamasına dair məlumatın araşdırılaraq cavablandırılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. TEKUİS məlumat bazasına əsasən “Boyük yer” adlanan ərazidə yerləşən iddiaçıların istifadəsində olan 0,66 ha torpaq sahəsinin şimal hissəsində yerləşən torpaq sahəsi, dövlət mülkiyyətinə aid, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla əkin təyinatlı torpaq sahəsidir, cənub hissəsində yerləşən torpaq sahəsi isə xüsusi mülkiyyətə aid kənd təsərrüfat təyinatlı torpaq sahəsidir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin 02 avqust 2023-cü il tarixli, 3-21-3-60/2-1788/2023 nömrəli məktubunda qeyd olunur ki, mərkəzin arxivində saxlanılan Bərdə rayonu Körpüsındıran kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı1, İddiaçı2 və X2 adları aşkar edilməmişdir.
13. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 02 avqust 2023-cü il tarixli, 3-21-3-46/2-3352/2023 nömrəli məktubunda qeyd edilir ki, sorğuda qeyd olunan Bərdə rayonu, Qasımbəyli kəndində “Böyük Yer” adlanan ərazidə yerləşən 0,66 ha torpaq sahəsinin cənub hissəsində X3 məxsus JN 0061 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,22 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Habelə, torpaq islahatı zamanı təsərrüfatda yaşayan vətəndaşların mülkiyyətinə verilən torpaq sahələrinin ilkin arxiv sənədləri (təsdiqlənmiş adlı siyahı və AİK qərarı) "xxxx" MMC-də saxlandığından sorğunun cavablandırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçılar İddiaçı1, İddiaçı2 Elburus oğlu, Əsgərova (Eyvazova) Türkan Elburus qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Qasımbəyli kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Dövlət reyestrində çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu il tarixdə torpaq islahatları gedən vaxt Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli 03 saylı qərarına əsasən Qasımbəyli kəndində Böyük yer adlanan ərazidən iddiaçılara 0.66 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaqdan hal-hazırda istifadə edirlər. Lakin torpağa aid arxiv sənədləri olsa da çıxarış və plan ölçü sənədi yoxdur. Bu səbəbdən onlar sözügedən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan ölçüsü sənədinin verlməsi üçün cavabdehə müraciət etsələr də, sonuncu isə bundan imtina etmişdir.
16. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-856/2022 saylı qərardadı ilə Bərdə rayonu Körpüsındıran Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-856/2022 nömrəli qərarı (hakim F.Hüseynov) ilə iddia təmin edilmişdir.
18. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə iddiaçılara qanuni əsaslarla torpaq sahəsi ayrılmış və iddiaçılar da təyinatı üzrə həmin torpaq sahəsindən istifadə edirlər.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
19. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hansı əsasla, nə qədər ölçüdə və hansı hissədən torpaq sahəsinin ayrılması ilə bağlı məhkəmə araşdırılması aparılmamış, ümumiyyətlə vətəndaşın iddia ərizəsində tələb etdiyi 0,66 ha torpaq sahəsinin naturada mövcudluğu barədə, ondan istifadə olunub-olunmaması, əgər istifadə olunursa həmin torpaq sahəsinin digər mülkiyyətçilərə məxsusluğunun olubolmaması (üst-üstə düşüb-düşməməsi) ilə bağlı araşdırma aparılmadan müvafiq qərar qəbul olunmuşdur. Torpaq sahəsinin vətəndaşa hansı qərar əsasında verilməsi ilə bağlı (yerli aqrar islahat komissiyasının qərarları) məhkəmə tərəfindən araşdırılmamışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
21. Apellyasiya şikayətinə İddiaçı1 etiraz ərizəsində qeyd olunmuşdur ki, Bərdə rayon Dövlət Arxivinin 19 iyul 2000-ci il tarixli, 376 saylı arayışından ona Böyük yer adlanan ərazidən 0,66 ha torpaq shaəsinin ayrılması görünür.
c) apellyasiya icraatı iştirakçılarının izahatları.
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, verilmiş imtina məktubunun əsası iddiaçıların adına dövlət aktının işlənilməməsi ilə bağlı olmuşdur. İddiaçılara həyətyanı torpaq sahəsinin verilməsinə dair sənəd mövcud olsa da pay torpağına dair sənəd aşkarlanmamışdır.
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı1 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara həyətyanı torpaq sahəsi və 0,66 ha pay torpaq sahəsi verilsə də çöldən verilən torpağa dair dövlət aktı verilməmişdir, bu səbəbdən də illərdir istifadələrində olan 0,66 ha torpaq sahəsini sənədləşdirə bilmirlər.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 da iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 0,66 ha torpaq sahəsinə dair arxivdə sənədləri olsa da dövlət aktı verilməmişdir, illərdir həmin torpaq sahəsindən istifadə edirlər.
25. İş üzrə tərəflərə hazırki məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
27. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda
29.“Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu:
1. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir.
5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri közlənilir.
30. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İşin hallarından müəyyən olunur ki, iddiaçı onun və ailəsinin istifadəsində olan, Kələntərli kolxozunun xx.xx.1999-cu il tarixli, 03 saylı protokol-qərarına əsasən verilmiş Bərdə rayonu Qasımbəyli kəndində yerləşən 0,66 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və eyni zamanda müvafiq plan və ölçü sənədinin tərtib olunaraq verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, hüquqmüəyyənedici sənədlər, eləcə də dövlət aktı olmadan sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********957 saylı məktubu).
34. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinasının əsası kimi dövlət reyestrində qeydə alınması tələb olunan torpaq sahəsinin iddiaçılara ayrılmasına əsas olan halın müəyyən edilməməsi, habelə, mübahisə predmeti olan torpaq sahəsinə dair dövlət aktının tərtib edilməməsi olmuşdur.
35. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Bərdə Rayon Torpaq Şöbəsinin xx.xx.2001-ci il tarixli, 154 saylı arayışdan görünür ki, İbrahimova (Əsgərova) Gülbəniz Nəriman qızının adı torpaq islahatı aparılan zaman ümumi siyahıda qaldığı üçün ona 3 nəfər ailə üzvləri ilə birlikə Kələntərli Aqrar islahat müəssisəsinin yerli islahat komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı iclasının qərarına əsasən ərazidə « böyük yer » adlanan sahədən qəbul olunmuş norma üzrə 0.66 ha pay torpaq verilmişdir.
36. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2000-ci il tarixli, 376 saylı arayışından görünür ki, İbrahimova (Əsgərova) Gülbəniz Nəriman qızına “Böyük Yer” adlanan ərazidən 0.66 ha torpaq sahəsi verilmişdir.
37. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 86 saylı məktubuna əlavə edilmiş Kələntərli kolxozunun xx.xx.1999-cu il tarixli, 03 saylı protokolundan görünür ki, Qasımbəyli kəndi üzrə, “Böyük Yer” adlanan sahədə İbrahimov (Əsgərova) Gülbəniz Nəriman qızına 0.66 ha torpaq sahəsi verilmişdir.Habelə, apellyasiya icraatı zamanı müvafiq sorğuya cavab olaraq təqdim edilən Bərdə rayonu Xanərəb kənd İƏD üzrə nümayəndəyinin 1991-1995-ci illərə dai 6 saylı təsərrüfatbaşı kitabında 459 saylı şəxsi işdə X7 və ailə üzvlərinin adı qeyd olunaraq 0,08 ha torpaq sahəsinin ayrılması öz əksini tapmışdır.
38. Habelə, apellyasiya icraatı zamanı təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki,iddiaçılar İddiaçı1, İddiaçı2 Elburus oğlu, Əsgərova (Eyvazova) Türkan Elburus qızının Bərdə rayonu, Qasımbəyli kəndində “Böyük yer” adlanan ərazidə faktiki istifadəsində olan torpaq sahəsi 1,30 hektardır və faktiki istifadə etdikləri torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyətinə aiddir, həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən kənd təsərrüfat kateqoriyalı, əkin təyinatlı torpaq sahəsidir,həmin torpaq sahəsi üzərində hal-hazırda heç bir kommunikasiya xətti mövcud olmadığından elektrik, rabitə, qaz,su,kanalizasiya xətlərinin mühafizə zolağına düşmür. Şimal hissədən Tərtər çayının yatağından 34,4 m aralı məsafədə yerləşir. Üçüncü şəxslər iştirak etmədiyindən iddiaçıların bildirdiyinə görə həmin torpaq sahəsi hal-hazırda naturada iddiaçılar tərəfindən istifadə olunur.
39. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 20 aprel 2023-cü il tarixli, 3-21-3-46/2-1881/2023 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıların istifadəsində olan 0,66 ha torpaq sahəsi ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən islahat predmeti olan torpaq sahələrinin sərhəddindən kənarda yerləşir. TEKUİS məlumat bazasına əsasən isə islahat predmeti olan torpaq sahələri bitişik sahələrdir.
40. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 20 iyun 2023-cü il tarixli, 3-21-3-46/2-2771/2023 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıların istifadəsində olan 0,66 ha torpaq sahəsi, eləcə də həmin torpaq sahəsinin sağ və solunda yerləşən torpaq sahələri, islahat predmeti olan torpaq sahələrinə bitişik olmaqla eyni sahədə yerləşir.
41. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 11 iyul 2023-cü il tarixli, 3-21-3-46/2-3059/2023 nömrəli məktubunda qeyd olunur ki, elektron baza məlumatlarına əsasən Bərdə rayonu Qasımbəyli kəndi ərazisində pay torpaqları almış subyektlərin siyahısında İddiaçı1, İddiaçı2, X2 adları 7 saylı Bərdə Ərazi İdarəsinin əhatə etdiyi Bərdə, Goranboy, Tərtər, Ağdam rayonları,Naftalan şəhəri üzrə qeyd edilməmişdir. Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı istehsalı torpaq sahəsinə dair dövlət aktı verilən şəxslərin siyahısından sorğuda qeyd olunan şəxslərin adlarının olub-olmamasına dair məlumatın araşdırılaraq cavablandırılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. TEKUİS məlumat bazasına əsasən “Boyük yer” adlanan ərazidə yerləşən iddiaçıların istifadəsində olan 0,66 ha torpaq sahəsinin şimal hissəsində yerləşən torpaq sahəsi, dövlət mülkiyyətinə aid, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla əkin təyinatlı torpaq sahəsidir, cənub hissəsində yerləşən torpaq sahəsi isə xüsusi mülkiyyətə aid kənd təsərrüfat təyinatlı torpaq sahəsidir.
42. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, maddi hüquq normalarına istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə əsaslıdır. Belə ki, yuxarıda qeyd edilən və məhkəmə araşdırılmasının əsasını təşkil edən sənədlərdən məlum olur ki, 0,66 ha həyətyanı torpaq sahəsi qanuni sahiblik və istifadələrində olmaqla iddiaçılara Kələntərli kolxozunun xx.xx.1999-cu il tarixli, 03 saylı protokoluna əsasən ayrılmışdır və həmin sənəd dövlət arxivində mövcuddur.
43. Başqa sözlə torpaq sahəsinin ayrılmasına dair qərar mövcud olmuş, dövlət aktının tərtib edilməsi vətəndaşın məsuliyyətinə aid deyildir və həmin aktın tətib edilərək verilməməsi iddiaçıların ziyanına şərh olunmamalı, onların kostitusion hüququ olan – mülkiyyət hüququna müdaxiləyə əsas təşkil etməməlidir.
44. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, iddiaçılar islahatın subyekti olmuş və onlara 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir.
45. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 22 sentyabr 2023-cü il tarixli, **********43 nömrəli məktubu və ona əlavə edilmiş Bərdə RAİK-nın 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə təsdiq edilmiş Bərdə rayonu Qasımbəyli kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyasından çıxarışdan görünür ki, Əsgərova (İbrahimova) Gülbəniz Nəriman qızı və İddiaçı2 adları müvafiq siyahıda mövcud olmuş, adlarının qarşısında 0,08ha torpaq sahəsi əks olunmuşdur.
46. Bundan başqa iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsi də islahatın predmeti olan sahələrlə eyni ərazidə yerləşir, naturada mövcuddur, digər üçüncü şəxslərin mülkiyyətində və ya istifadəsində deyildir.
47. “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrində, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşların qanuni istifadəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
48. Belə olan halda, aqrar islahat həyata keçirilərkən iddiaçı və ailəsinin adına dövlət aktının işlənməməsi onların ziyanına şərh edilə bilməz.
49. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-856/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov