Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-55/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1701/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 2/2-12S43 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, onun “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı müvafiq əmrlə təsdiqlənmədiyinə, habelə təltif olunmadığına və yaralanmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə iddiaçının sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
İşdə olan sənədlər:
2. İT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının “Qarağacı y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsinə qəbul edilməsi, xx.xx.2022-ci il tarixdə isə N nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı ilə), əmək müqaviləsinə xitam verilməsi qeyd edilmişdir.
3. N nömrəli hərbi hissə komandirinin: - xx.xx.2017-ci il tarixli, N nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının “Qarağacı y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. - xx.xx.2020-ci il tarixli, 143 nömrəli əmrinə əsasən, İddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının “Qarağacı y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsindən işdən azad edilərək, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının “Şıxarx y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsinə təyin olunmuşdur. - xx.xx.2022-ci il tarixli, N nömrəli əmrinə əsasən, maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının (Şıxarx y.m üzrə) mətbəx xidmətçisi İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0101 nömrəli əmrinə əsasən təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatların sayı ixtisar edildikdə) əsasən əmək şəraitinin dəyişilməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci ildən əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli, 3804 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının “Şıxarx y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatın təşkili üzrə tapşırıqları yerinə yetirib, hərbi hissənin “Şıxarx y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsində işləyib. - xx.xx.2024-cü il tarixli, 254 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı döyüş əməliyyatlarına cəlb olunmamış, hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının “Şıxarx y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsində işləmiş, 07 dekabr 2022-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir.
4. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə mülki işçi kimi maddi-texniki təminat bölüyünün təsərrüfat yeməkxanasının mətbəx xidmətçisi vəzifəsində olmuş, xx.xx.2017-ci il tarixli, N nömrəli əmrlə hərbi hissəyə daxil olmuş, xx.xx.2022-ci il tarixli, N nömrəli əmrlə hərbi hissədən çıxmış, Tərtər rayonu Talış və Suqovuşan kəndində maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində və şəxsi heyətin qidalanması üzrə fəaliyyətlərdə yaxından iştirak etmişdir.
5. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 14/2- 5131/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair hərbi hissədən təqdim olunmuş sənədlərdə “Vətən müharibəsi” dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu, Marquşavan kəndi) vəzifə borclarını yerinə yetirməsinə dair məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və onbirinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsində iştirakı müvafiq əmrlərlə təsdiqlənməmiş, habelə təltif olunmamış və yaralanmamışdır. xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən Komissiya ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir.
6. Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-14/2-vət-xx/xx/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-25-14/2-vət-1xx-xx/2025 nömrəli məktublarında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X1 və X4 “Müharibə veteranı” adı verilmişdir. X3 və Rasim Alıyevə “Müharibə veteranı” adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabinetindədir.
7. N nömrəli hərbi hissə komandirinin: - xx.xx.2017-ci il tarixli, 170 nömrəli əmrinə əsasən, X2 xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının “Şıxarx y.m” istiqaməti üzrə aşpaz vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. - xx.xx.2022-ci il tarixli, N nömrəli əmrinə əsasən, maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının (Şıxarx y.m üzrə) aşpazı X2 Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0101 nömrəli əmrinə əsasən təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatların sayı ixtisar edildikdə) əsasən əmək şəraitinin dəyişilməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci ildən əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2017-ci il tarixli, 208 nömrəli əmrinə əsasən, X5 xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının “Təzəkənd y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. - xx.xx.2019-cu il tarixli, 117 nömrəli əmrinə əsasən, X5 N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının mətbəx xidmətçisi (Təzəkənd y.m istiqaməti üzrə) vəzifəsindən işdən azad edilərək, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının aşpazı (Qarağacı y.m istiqaməti üzrə) vəzifəsinə təyin olunmuşdur. - xx.xx.2021-ci il tarixli, 282 nömrəli əmrinə əsasən, X5 N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının “Qarağacı y.m” istiqaməti üzrə aşpazı vəzifəsindən işdən azad edilərək, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının “Təzəkənd y.m” istiqaməti üzrə aşpazı vəzifəsinə təyin olunmuşdur. - xx.xx.2022-ci il tarixli, N nömrəli əmrinə əsasən, maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının (Səhləbad y.m üzrə) aşpazı X6 Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0101 nömrəli əmrinə əsasən təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatların sayı ixtisar edildikdə) əsasən əmək şəraitinin dəyişilməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci ildən əmək müqaviləsinə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 iyun 2017-ci ildən 07 dekabr 2022-ci ilədək N nömrəli hərbi hissədə maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının “Qarağacı istiqaməti üzrə” aşpazı vəzifəsində işləmişdir. N nömrəli hərbi hissədə işləyərkən Vətən müharibəsi dövründə, 44 gün ərzində o demək olar ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımında təsərrüfat işçisi kimi xidməti vəzifə borcunu yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatının təşkili üzrə verilən bütün tapşırıqları yerinə yetirmiş, hərbi hissənin dislokasiya məntəqəsində işləmiş və ev üzü görməmişdir. Qeyd olunanlara əsasən o, N nömrəli hərbi hissənin maddi-rexniki təminat təsərrüfat taqımının xidmətində olmuş və maddi-texniki təminat üzrə verilən bütün tapşırıqları yerinə yetirdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin həmin vaxt qüvvədə olan 10 və 11-ci abzaslarına əsasən müharibə veteranı sayılır. Lakin, o, faktiki olaraq müharibə veteranı sayılsa da, rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də, o, qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh orqana etdiyi son müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının katibi polkovnik-leytenant Elburus Mehdixanovun imzası ilə ona göndərilmiş xx.xx.2023-cu il tarixli, 2/2-12543 nömrəli məktubla imtina cavabı verilmiş və məktubda onun guya N saylı hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu Marquşavan kəndi) vəzifə borcunu yerinə yetirdiyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin həmin vaxt qüvvədə olan 1-ci, 10-cu və 11-ci abzaslarında göstərilən ərazilərdə maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı müvafiq əmrlə təsdiqlənmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir.
10. Cavabdeh iddia tələbinə qarşı xx.xx.2024-cü il tarixli, 3-25-4/2-1954/2024 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Vətən müharibəsi zamanı hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının “Şıxarx y.m” istiqaməti üzrə aşpaz vəzifəsində xidməti vəzifələrini icra etmiş və o, döyüş əməliyyatlarına cəlb edilməmişdir. İddiaçı döyüş əməliyyatları zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işğaldan azad olunmamış Tərtər rayonunun Şıxarx kəndində aşpaz vəzifəsində xidmət etmişdir. Tərtər rayonu Şıxarx yaşayış məntəqəsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranıadlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı yalnız öz xidməti vəzifələrini yerinə yetirmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1701/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının aşpaz vəzifəsində xidmət etməsi döyüş əməliyyatlarının döyüş təminatından başqa digər təminat növlərinə aid edilsə də, Tərtər rayonu, Şıxarx yaşayış məntəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10-cu abzasında qeyd olunan ərazilərə daxil olmadığından iddia təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1701/2024 nömrəli qərarının ləğv olunmasını, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, onunla birlikdə eyni ərazidə və hərbi hissədə xidmət edən digər aşpazlara müharibə veteranı vəsiqəsi verilmişdir. Bundan başqa o, ilk gündən müharibə olan ərazilərin yemək təminatında iştirak etmişdir.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd (2) göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
21. Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173- VİQ saylı Qərarı: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən qərara alır: Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılsın.
22. “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu:
2. Ağdərə rayonunun inzibati ərazi bölgüsünə aşağıdakı ərazi vahidləri daxil edilsin: 2.3. Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyyalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyyalı kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndləri, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Çaylı, Suqovuşan və Təpəkənd kəndləri, Həsənqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Oratağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Oratağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri.
23. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və düzgün nəticəyə gəlinməmişdir.
26. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilərək, onun “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirakının müvafiq əmrlə təsdiqlənməməsi, habelə təltif olunmaması və yaralanmaması ilə əsaslandırılmışdır.
27. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı hesab edərək iddianı təmin etməmiş, qərarını imtina dəlillərinə uyğun əsaslandırmışdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı əvvəlcə “Qarağacı y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsinə, sonra isə “Şıxarx y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsinə təyin edilməsinə baxmayaraq, nə cavabdeh tərəf imtina cavabı verərkən, nə də birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən nəzərə almamışlar ki, o, döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyündə təsərrüfat yeməkxanasının mətbəx xidmətçisi vəzifəsində olmaqla, Tərtər rayonu Talış və Suqovuşan kəndində maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində və şəxsi heyətin qidalanması üzrə fəaliyyətlərdə yaxından iştirak etmişdir.
29. Belə ki, «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə mülki işçi kimi maddi-texniki təminat bölüyünün təsərrüfat yeməkxanasının mətbəx xidmətçisi vəzifəsində olmuş, xx.xx.2017-ci il tarixli, N nömrəli əmrlə hərbi hissəyə daxil olmuş, xx.xx.2022-ci il tarixli, N nömrəli əmrlə hərbi hissədən çıxmış, Tərtər rayonu Talış və Suqovuşan kəndində maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində və şəxsi heyətin qidalanması üzrə fəaliyyətlərdə yaxından iştirak etmişdir.
30. Hazırki qərarın 20-ci bəndində qeyd olunan normalardan göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
31. Həmin normada Talış və Suqovuşan kəndlərinin Tərtər rayonunun deyil, Ağdərə rayonunun kəndləri olaraq qeyd edilməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VİQ saylı Qərarı ilə Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmış, kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Talış kəndi ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş, 5 dekabr 2023-cü ildə Ağdərə rayonunun tərkibinə daxil edilmişdir (Bax: hazırki qərarın 21 və 22-ci bəndləri).
32. Göründüyü kimi iddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə (xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyündə təsərrüfat yeməkxanasının mətbəx xidmətçisi vəzifəsində olmaqla, Tərtər rayonu Talış və Suqovuşan kəndində maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində və şəxsi heyətin qidalanması üzrə fəaliyyətlərdə yaxından iştirak etməsi iş materialları ilə təsdiq olunur ki, bu hal da özlüyündə cavabdehin imtina dəlillərini təkzib, iddia tələbini isə əsaslı edir.
33. Bundan başqa məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının “Şıxarx y.m” istiqaməti üzrə aşpaz vəzifəsinə təyin edilmiş X1 və “Təzəkənd y.m” istiqaməti üzrə mətbəx xidmətçisi vəzifəsinə təyin edilərək sonradan maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının aşpazı (Qarağacı y.m istiqaməti üzrə) vəzifəsinə təyin olunmuş X4 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən X1 və X4 “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq təqdim edilmişdir (Bax: hazırki qərarın 7-ci bəndi).
34. Göründüyü kimi iddiaçı ilə eyni hərbi hissədə və eyni vəzifədə xidmət etmiş mülki işçilər X1 və X4 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məhz cavabdeh Müdafiə Nazirliyi tərəfindən göndərilmişdir.
35. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
36. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).
37. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
38. Göründüyü kimi iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərdə bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirməsi - maddi-texniki təminat bölüyündə təsərrüfat yeməkxanasının mətbəx xidmətçisi vəzifəsində olmaqla, Tərtər rayonu Talış və Suqovuşan kəndində maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində və şəxsi heyətin qidalanması üzrə fəaliyyətlərdə yaxından iştirak etməsi əmrlərdən çıxarışlar və digər sənədlərdə öz təsdiqini tapmışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir.
40. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
41. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
42. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1701/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov