Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-550/2023 31.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) qarşı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilərək ona dövlət tərəfindən verilən aylıq yemək xərci müavinətinin 2019-cu ilin may ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1464/2023 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona dövlət tərəfindən verilən aylıq yemək xərci müavinətinin bərpa olunması və dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş və xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunda yaşamışdır. Kəlbəcər rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduqdan sonra məcburi köçkün düşərək Gəncə şəhərində məskunlaşmışlar. Ona AA450931 nömrəli məcburi köçkün vəsiqəsi verilmiş və o, bütün növ güzəştlərdən istifadə etmişdir. 2009-cu ildə Daşkəsən rayon sakini ilə qeyri-rəsmi nikaha daxil olmuş, birlikdəliklərindən 1 övladı doğulmuşdur. 2019-cu ilin may ayında ona ödənilən yemək xərci müavinəti dayandırılmışdır. O, bu barədə cavabdeh orqana müraciət etmiş, lakin bundan məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olması səbəbindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçıya birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli sərəncam ilə lazımi hüquqi yardım göstərildikdən sonra iddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, İddiaçı adının məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi və aylıq yemək xərci pulunun hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1464/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilərək ona dövlət tərəfindən verilən aylıq yemək xərci müavinətinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin olaraq inzibati iş üzrə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə hüquqi əsasın mövcudluğu və tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi,qanunvericiliyin qeyd olunan müddəalarına görə adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur. Bununla yanaşı icra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə hüquqi əsas mövcud deyildir. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya ödənilən aylıq müavinət Cavabdeh tərəfindən dayandırılmışdır, bu haldan irəli gələrək aylıq müavinətin dayandırıldığı tarixdən hesablanaraq ödənilməsində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır. Belə olan halda, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə qərarı ilə cavabdeh kimi Cavabdeh üzərinə öhdəlik kimi qoyulmuş iddiaçının adının vahid aylıq müaviət alan məcburi köçkünlərin siyahısına daxil edilərək ona dövlət tərəfindən verilən aylıq yemək xərci müavinətinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi ehtimal kimi son nəticədə gələcəkdə dövlət büdcəsindən həyata keçirilən ayırmalar hesabına ödəniləcəyinə dair dəlil də yuxarıda göstərilmiş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin hüquqi marağına toxunma halını yaratmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1464/2023 nömrəli qərardadı ləğv edilməli, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Yuxarıdaşərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 28, 81,83,87-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1464/2023 nömrəli qərardadı ləğv edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1464/2023 saylı qərarından Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-550/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-550/2023
31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver