Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-552/2024 31.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2421/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı dini etiqadının Xristian dini-“Yahova şahidləri” olması əsası ilə hərbi xidmətə çağırışçı kimi yollanmasından imtina etmiş, alternativ xidmət tələb etmiş, bundan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən hərbi hissəyə təhvil verilmiş, sonra müayinələr nəticəsində isə “hərbi xidmətə yararsız” hesab edilərək tərxis edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onu 25 iyul 2022-ci il tarixdən 1 noyabr 2022-ci il tarixinə kimi həbs etməsinin və saxlamasının, zor gücünə azadlığının məhdudlaşdırmasının, təhqir etməsinin, alçaltmasının qanunsuz olduğunu, onun əsas hüquq və azadlıqlarını pozduğunun bəyan edilməsini, cavabdehin yol verdiyi qanunsuz hərəkətlərə görə iddiaçıya dəymiş mənəvi zərərin əvəzində 10000 manat və ya məhkəmənin təyin etdiyi digər məbləğdə təzminat ödəməsi, həmçinin iddiaçının məhkəmə xərcləri və digər qeyri məhkəmə xərclərinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2004-cü ildə anadan olmuş, 2022-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində çağırışçı kimi yoxlanışda olarkən dini əqidəsinin hərbi xidmət etməyə uyğun olmadığını irəli sürərək xidmətdən imtina etmişdir. Belə ki, şəxs “Yahovanın şahidləri” dini etiqadına mənsub olmasını, vaftiz olunduğunu, Xristian dininə qulluq etdiyini bildirmiş, alternativ xidmət tələb etmişdir. Sonradan şəxs çağırışçı kimi hərbi hissəyə təhvil verilmiş, burada müxtəlif təzyiqlərə məruz qalmışdır. Daha sonra səhhətində yoxlanış tələb olunduğundan Bakı şəhərində müxtəlif xəstəxanalarda müayinə keçmiş, “yastıpəncə” olduğundan hərbi xidmətə yararsız hesab edilmişdir. N noyabr 2022-ci ildə hərbi hissədən buraxılmışdır.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2421/2024 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırki tələblə müvafiq orqana Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə müraciət etməli, sonuncu 30 gün müddətində bundan imtina etdikdə və inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı müvafiq orqan tərəfindən müraciətin edildiyi vaxtdan 35 gün müddətində qərar qəbul edilmədikdə bu tələblə məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı müvafiq inzibati orqana müraciət etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı tərəf qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2421/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır
c) apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəfindən inzibati orqana şikayət ərizələri göndərilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır.
10. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
14. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
15. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
16. Hazırki iş üzrə birinci instansiya məhkəməsi İddiaçı cavabdeh inzibati orqana ilkin müraciətinin olmaması səbəbi ilə iddianı mümkün hesab etməmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
18. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.
19. İş üzrə apellyasiya icraatı zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən hüquqi yardım göstərilərək inzibati orqana ilkin müraciətin məcburiliyi və bunu təsdiq edən sənədin təqdim edilməsi hüququ izah olunmuşdur.
20. Məhkəmə kollegiyasına tədim edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə şikayət ərizəsində iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi həbs etməsinin və saxlanılmasını, zor gücünə azadlığını məhdudlaşdırılmasının, təhqir etməsinin və alçaltmasının qanunsuz olduğu və onun əsas hüquq və azadlıqlarının pozulduğunun bəyan edilməsi, cavabdehin öz zabitlərinin və məmurlarının yuxarıda qeyd olunan qanunsuz hərəkətlərinə görə dərhal araşdırılma aparılmaları və intizam tədbirləri görmələrinin həvalə edilməsi xahiş olunmuşdur.
21. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə «Yahovanın Şahidləri» dini icmasının xx.xx.2022-ci il tarixli müraciətində AİHMnın qərarları və bitərəfli bəyanatlar əsasında Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərinə tam uyğun olaraq, dini əqidələrinə görə hərbi xidmət keçməkdən imtina edən Seymur Məmmədovun, İddiaçı və digər gənc Yehovamn Şahidlərinin hüquqlarının qorunmasına və vətəndaşların cəzalandırılacaqlarından qorxmadan dinlərinə etiqad etmələrinə köməkliki göstərilməsi xahiş edilmiş, məsələnin ciddiliyini və onun Azərbaycanın beynəlxalq aləmdəki reputasiyasına təsir edə biləcəyini nəzərə alaraq, bu məsələ barədə X1 üzrə Dövlət Komitəsinə, Müdafiə Nazirliyinə, Ombudsmana və Prezident Administrasiyasına da məlumat veriləcəyi, bu gənclər müstəqil hüquqi məsləhət üçün də müraciət edəcəkləri qeyd olunmuşdur.
22. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə xx.xx.2022-ci il tarixli müraciətində isə ona hərbi orqanların nəzarəti altında olmayan, Avropa standartlarına cavab verən və Müqəddəs kitaba uyğun tərbiyə olunmuş vicdanına zidd getməyən alternativ mülki xidmət keçmək imkanının yaradılması xahiş olunmuşdur.
23. Göründüyü kimi ilkin müraciət kimi təqdim edilən ərizə (şikayət) İddiaçı dini əqidəsi və hərbi xidmətdən imtinasının faktiki əsasları barədə olmuş, hazırki iddia tələbi ilə eynilik təşkil etməmişdir. Halbuki “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
24. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 29.1. maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.
25. Həmin Qanunun 30. maddəsinə əsasən ərizə yazılı formada tərtib olunmalıdır. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir: ərizəçinin müraciət etdiyi inzibati orqanın adı; ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar; ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı; tələbin qısa məzmunu; ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası; hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
26. Hazırki halda iddiaçı hüququ marağına səbəb olan və iddia etdiyi onun hərbi xidmətə cəlb edilməsindən yaranan zərərə görə kompensasiya ödənilməsi tələbi ilə cavabdeh inzibati orqana ilkin müraciət etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2421/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov