Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-552/2025 04.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X11 və üçüncü şəxs X19 iştirakları ilə, İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X12, X35 və X20) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-649/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququnun pozulmasına səbəb olmuş üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarının əsas olduğu cavabdeh DƏDKR PHŞ 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X7 verilmiş JN-154A nömrəli şəhadətnamənin qanunsuz inzibati akt sayılaraq ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl (Xanlar) Rayon İcra Hakimiyyəti Başçısının 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxoza aid ərazidə (Gəncə kəndi) fərdi yaşayış evinin tikilməsi məqsədilə 0,08 ha torpaq sahəsi ona ayrılmışdır. Bundan sonra qeyd olunan sərəncamın icrası ilə bağlı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinə ayrılmış torpaq sahəsinin yerində ölçülüb təhvil verilməsi tapşırılmışdır. Bu məqsədlə 28 oktyabr 1998-ci il tarixdə rayon Torpaq şöbəsinin aparıcı mütəxəssisi X15, həmin şöbənin mütəxəssisi Rzayev Hicran Camal oğlunun, Şəhriyar adına sovxozun direktoru X21 və Çiçəkli kəndi üzrə nümayəndəsi Hacıyev Rafiqin iştirakı ilə akt tərtib edilmiş 0,08 ha həyətyanı torpaq sahəsi ölçülüb ona təhvil verilmişdir. Torpaq sahəsi 25 ildir onun sahibliyindədir. Torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində JN-19 saylı işlənilsə də, həmin dövrdə Komitənin ləğv edilməsi ilə əlaqədar onun səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verildiyi səbəbindən sənədləşmə işləri tam icra edilməmişdir. X44 Məhkəməsində olan inzibati iş üzrə icraat zamanı üçüncü şəxs Gəncə kənd sakini X6 üçüncü şəxs Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətində yaradılan Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarını əsas gətirərək, qeyd olunan torpaq sahəsinə iddialı olduğunu, həmçinin həmin qərarın əsas olduğu DƏDKR PHŞ-in 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-154A saylı Şəhadətnaməni onun tərəfindən əldə edilməsini bilmişdir. Bununla belə müxtəlif tarixlərdə üçüncü şəxs Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətinin Dövlət Arxiv şöbəsi və cavabdeh DƏDKR PHŞ-in 3 saylı Gəncə ərazi idarəsinə edilmiş sorğulara cavab olaraq verilmiş arayışlarda qeyd olunan üçüncü şəxs Göygöl (Xanlar) rayon İcra Hakimiyyəti başçısının 22 may 1998ci il tarixli, 126 saylı sərəncamının qanuni qüvvədə olması, habelə onun əsasında torpaq sahəsinin mülkiyyətə verilməsinə dair müvafiq sənədləşmənin, o cümlədən JN-19 saylı şəhadətnamənin qeydə alınması təsbit edilmişdir. Bunun əksinə isə Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Göygöl (Xanlar) rayonu Gəncə kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üçüncü şəxs X7 verilməsi barədə qeydiyyat üçüncü şəxs Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətinin Dövlət Arxivində mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda qanuni əsaslarla ona məxsus torpaq sahəsinə dair üçüncü şəxs Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətində yaradılan Aqrar İslahat Komissiyasının mövcud olmayan qərarının əsas olduğu cavabdeh DƏDKR PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X7 verilmiş qanunsuz JN-154A saylı şəhadətnamə onun konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasla, Azərbaycan Respublikası Konstitusiyası normalarına, habelə inzibati və prosessual qanunvericiliyə müvafiq olaraq həmin qərarın qanunsuz inzibati akt sayılaraq ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları ilə X12, X35 və X20 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının nümayəndəsi (anası) X23 birinci instansiya məhkəməsindəki icraat zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh kimi Göygöl Rayon İcra Hakimiyyətini qeyd etməklə, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2847/2023 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2847/2023 saylı qərardadının ləğv olunmasını və iddianın mümükün sayılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-275/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2847/2023 saylı qərardadı ləğv edilmiş və iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X24 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş üçüncü şəxs X35 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-649/2025 saylı qərardadı ilə (hakim L.Əliyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-649/2025 saylı qərardadının ləğv olunmasını, iddianın mümkün sayılmasını və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadını iddiaçının hazırki iddia tələbini qaldırmağa subyektiv hüququnun olmaması, həmçinin müddəti ötürməsi ilə əsaslandırmışdır. Məhkəmənin gəlmiş olduğu bu qənaətlə razılaşmayaraq qeyd edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(104)-275/2024 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114) 2847/2023 saylı qərardadının ləğv edilməsi, iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra mütəxəssis rəyi alınmış və həmin rəylə müəyyən edilmişdir ki, iddiaçının miibahisələndirdiyi torpağın bir hissəsi mübahisəli şəhadətnamə ilə olan torpaq sahəsi ilə üst-üstə düşür. Artıq belə olan halda iddiaçının həmin şəhadətnaməni mübahisələndirmə hüququ yaransa da, məhkəmə yenə də onun subyektiv hüququnun olmaması səbəbi ilə iddianı mümkünsüz saymışdır. Digər bir məsələ isə prossesual müddətlə bağlıdır. Əvvala bir tərəfdən məhkəmə iddiaçının subyektiv hüququnun olmamasını qeyd edir. Belə olan halda artıq prossesual müddətin müəyyən edilməsinə nə ehtiyac qalır. Digər bir məsələ iddiaçı həmin şəhadətnamədən xəbər tutan kimi məhkəməyə müraciət etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qərardad ləğv edilməli, iddia mümkün sayılmalı və iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X24 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X35 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə Göygöl rayonu, Gəncə qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-154A, KOD 50805037 saylı şəhadətnamə əsasında X7 verilmişdir. -Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxoza aid ərazidə (Gəncə kəndi) fərdi yaşayış evinin tikilməsi məqsədilə İddiaçı 0,08 ha torpaq sahəsi ayrılmışdır. -xx.xx.1998-ci il tarixli aktdan məlum olur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 126 nömrəli sərəncamına əsasən Gəncə qəsəbə sakini İddiaçı fərdi yaşayış evi tikintisi üçün “Şəhriyar” adına sovxozun torpaq sahəsindən 0,08 ha ayrılaraq yerində təhvil verilmişdir. -Xanlar rayon Dövlət Notariat Kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-1-234 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qeyd olunan əmlak X13 tərəfindən X2. Qeyd olunan torpaq sahəsinə dair sonuncunun adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. -Göygöl rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-240 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qeyd olunan əmlak X36 tərəfindən X3. Qeyd olunan ünvanda yerləşən 0,08 ha olan torpaq sahəsinə dair sonuncunun adına 11,12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. -Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-204/2022 saylı qərarı əsasında xx.xx.2022-ci il tarixindən başlayaraq Göygöl rayonu, Gəncə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində qadağa qoyulmuşdur. -Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarına uyğun olaraq Xanlar rayonu, Zurnabad kəndində yerləşən 0,08 ha olan torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-316A KOD 50805018 saylı Şəhadətnamə əsasında X37 verilmişdir. -Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,08 ha olan torpaq sahəsinə dair X30 adına xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. -Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə- 2169 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,08 ha olan torpaq sahəsi X42 tərəfindən X1. -Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarına uyğun olaraq Xanlar rayonu Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-315A KOD 50805018 saylı Şəhadətnamə əsasında X31 verilmişdir. -Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsinə dair X27 adma xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli **********56 reyestr nömrəli nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. -Gəncə şəhəri 5 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2V-70 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında X9 qalmış arvadı X32 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ əldə etmişdir. -Gəncə şəhəri 5 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2V-69 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında X27 vərəsəsi X5 rayonu, Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır. -Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsinə dair X16 adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli **********56 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. -Göygöl rayon Dövlət Arxivinin xx.xx.2017-cil tarixli, 360 nömrəli arxiv arayışında bildirilir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 126 nömrəli sərəncamı əsasında “Şəhriyar” adına sovxozun bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən Çiçəkli, Gəncə və Zurqes qəsəbəsində yaşayan 70 vətəndaşa hər birinə fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsinin verildiyi və qərara əlavə edilmiş siyahıda İddiaçı adı qeydə alınmaqla veriləcək torpaq sahəsi 0,08 ha göstərilmişdir. -Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-cil tarixli, 56 nömrəli məktubunda qeyd olunmuşdur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 126 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün verilmiş həyətyanı torpaq sahələrinin yerləşmə yeri, plan və koordinatları müəyyən edən sənədlər rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. -Göygöl rayonu Zurnabad Bələdiyyəsinin xx.xx.2021-cil tarixli, 07 nömrəli arayışından görünür ki, Göygöl rayon Zurnabad Bələdiyyəsində şəhadətnamələrin qeydiyyatı kitabında Gəncə kəndi ərazisində yerləşən vətəndaşların siyahısında JN-019da İddiaçı və arvadı X17 adları var, ancaq torpaq sahəsi mülkiyyətinə verilmədiyi üçün şəhadətnamə işlənməmişdir. -Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-2173/2023 nömrəli məktubu ilə Göygöl (Xanlar) rayonu, Gəncə qəsəbəsi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X8 adı qeyd edilmiş hissədən çıxarış məhkəməyə göndərilmişdir. Həmin subyekt siyahısından görünür ki, X7 (ailə tərkibi – 1 nəfər, xəritədə nömrəsi - 154) 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. -Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-2772/2023 nömrəli məktubu ilə Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli,15 saylı qərarı məhkəməyə göndərilmişdir. -Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə mütəxəssis rəyinin verilməsi barədə qərardad qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsi. Xanlar (indiki Göygöl) rayonu Gəncə kəndi ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olaraq göstərilmişdir. Həmin torpaq sahəsinin 571.0 kv.m hissəsi JN-154A (KOD ********) saylı Şəhadətnaməyə əsasən X6 mülkiyyətinə verilmiş həyətyanı sahə ilə, 143.0 kv.m hissəsi isə bələdiyyə balansında olan sahə ilə üstüstə düşür. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsi, Göygöl rayonu Zumabad bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminin elektron fayl materillarında bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları olaraq göstərilmişdir, iddia olunaraq naturad təqdim olunan 714.0 kv.m torpaq sahəsi, Torpaqlann elektron kadast uçotu informasiya sistemi və AZCAD məlumatlarında, xüsusi mülkiyyətdə olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid həyətyanı sahə olaraq göstərilmiş, sənəd nömrəsi isə X22 adına qeydə alınmış Çıxarış sənədinin seriya nömrəsi (1081443) qeyd edilmişdir. Hal hazırda həmin Çıxarış sənədi, **********0 reyestr nömrəli Çıxarışa əsasən X19 adına qeydə alınmışdır. 2. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin 591.0 kv.m hissəsi, elektron kadastr bazası məlumatlarına istinadən, **********0 reyestr nömrəli Çıxarışa əsasən X19 mülkiyyətində olan torpaq sahəsi ilə, 123.0 kv.m hissəsi isə **********05 reyestr nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. 3.İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin 0.3 metr kənar məsafəsindən hava məkanı ilə üzəri izole edilmiş elektrik xətti keçir. Torpaq sahəsinin 65.0 metr kənardan çay keçir, Elektron kadastr bazası məlumatlarına istinadən, torpaq sahəsinin mühafizə və qorunma zonalarında yerləşmə halı aşkarlanmamışdır. 4. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin 591.0 kv.m hissəsi, elektron kadastr bazası məlumatlarına istinadən. **********0 reyestr nömrəli Çıxarışa əsasən X19 mülkiyyətində olan torpaq sahəsi ilə, 123.0 kv.m hissəsi isə **********05 reyestr nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. 5. Faktiki torpaq sahəsinin koordinatları və ölçüsü rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. 6. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsi üzərində, daşınmaz əmlak obyeti olan tikili və qurğu mövcud deyildir. 7. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin yerləşdiyi ərazinin, Xanlar (indiki Göygöl) rayonu Gəncə kəndi ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olduğu göstərilmişdir. Lakin həmin layihənin neçənci ildə hazırlandığı barədə layihədə qeyd olunmamışdır. 8. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsi, 571.0 kv.m hissəsi JN-154A (KOD ********) saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. 9. JN-315A (KOD ********) saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında öz əksini tapmaması səbəbindən, sualın araşdırılması mümkün olmamışdır. 10. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin, 571.0 kv.m hissəsi JN-154A (KOD ********) saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. 11.Aparılan araşdırma zamanı, hüquqi və texniki sənədlərə, Xanlar rayonu Gəncə kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialına, Göygöl rayonu Zurnabad bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminin elektron fayl materiallarına, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAİ) məlumatlarına istinad olunmuşdur. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X28rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1 və 6.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Göründüyü kimi, məhkəmələr iddianın mümkünlük şərtlərini yoxlayarkən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını müəyyən etməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 126 nömrəli sərəncamı əsasında “Şəhriyar” adına sovxozun torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0.08 ha torpaq sahəsi verilmişdir. Hazırki iş üzrə məhkəmə qərardadına əsasən əldə edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin 591.0 kv.m hissəsi elektron kadastr bazası məlumatlarına istinadən **********0 reyestr nömrəli Çıxarışa əsasən X19 mülkiyyətində olan torpaq sahəsi ilə, 123.0 kv.m hissəsi isə **********05 reyestr nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin müəyyən edilmişdir ki, X35 qeyd olunan torpaq sahəsini daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X18, X36 isə öz növbəsində X4 alğı-satqı müqaviləsinə əsasən əldə etmiş, sonuncuya isə həmin əmlak (0.08 ha torpaq sahəsi) Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə verilmişdir. X20 isə həmin torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən X29 almışdır ki, sonuncuya da həmin torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarına əsasən verilmişdir. Göründüyü kimi, üçüncü şəxslərə məxsus torpaq sahələri üzərində onların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onlara müvafiq hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir, yəni qeyd edilən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla verilmişdir. Qeyd edilməlidir ki, yuxarıda adı çəkilən müvafiq sərəncam əsasında iddiaçıya torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Beləliklə işin halları ilə müəyyən edilir ki, iddiaçının ona məxsus olduğunu iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinin üçüncü şəxlərin mülkiyyət hüququ ilə yüklülüyü mövcuddur. Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxsdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun əvvəlcə subyektiv hüquqa malik olması tələb olunur. Hazırkı halda iddiaçı ona ayrılmış torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi olmasını iddia etsə də, işin bu halını təsdiq edən mötəbər sübutlar məhkəmələrə təqdim edilmədiyi üçün hazırkı mübahisəyə münasibətdə iddiaçının subyektiv hüququnun mövcudluğu öz təsdiqini tapmır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hətta iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun olması ilə bağlı mümkünlük şərtlərinə cavab verməsi qəbul edilsə belə, iddia müddətlə bağlı mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla hüquqi marağı Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmçinin, bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraat”da iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli, 143-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları, həmçinin mülki qanunvericiliyi ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki: -“İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu” -“Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçı inzibati orqanın (Aqrar İslahat komissiyasının) bundan təxminən 26 il əvvəl qəbul etdiyi qərarın qanunsuz sayılaraq ləğv olunmasını tələb edir ki, hazırki halda həmin inzibati aktın mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdür və belə olan halda sözügedən qərar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Məhkəmə kollegiyası xüsusi vurğulayır ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-649/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-552/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-552/2025
04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver