Məhkəmə qərarları › İş №2-1(104)-553/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-553/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-553/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə Kərimov Vüsal Mahir oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1098/2023 saylı qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 087713 nömrəli müharibə veteranı vəsiqəsindən görünür ki, İddiaçı M/V-055806 nömrəli, xx.xx.2014-cü il tarixli vəsiqənin əvəzinə xx.xx.2020-ci il tarixdə təkrar müharibə veteranı vəsiqəsi verilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/3-1 nömrəli məktubunda bildirilir ki, İddiaçı 22 avqust 2014-cü il tarixli 208 nömrəli protokol ilə "Müharibə Veteranı" adı və vəsiqəsi verilmişdir, ona 22 avqust 2014-cü il tarixdə verilən M/V-055806 nömrəli vəsiqəsi korlandığı və ya yararsız hala düşdüyü üçün 04 may 2020-ci il tarixdə M/V-087713 nömrəli dublikat vəsiqə verilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, iddiaçıya əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir.

4. 055806 nömrəli Müharibə Veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı veteranlıq vəsiqəsi 03 oktyabr 2014-cü il tarixdə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sosial müavinətin 3 il geriyə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranıdır, xx.xx.2014-cü il tarixdə ona müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən başlayaraq müharibə veteranları üçün nəzərdə tutulan müavinətlərin ödənilməsinə başlanılmışdır. İddiaçı hesab edir ki, xx.xx.2014-cü ildə ona müharibə veteranı vəsiqəsi verildiyinə görə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinət hesablanıb verilməlidir. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1098/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya Müdafiə Nazirliyinin müvafiq Komissiyasının 22 avqust 2014-cü il tarixli 208 nömrəli protokoluna əsasən müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən etibarən müvafiq müavinət ona ödənilmişdir. Cavabdehin nümayəndəsinin izahatına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə müvafiq vəsiqəni təkrar olaraq almışdır, ilkin olaraq isə ona həmin vəsiqə xx.xx.2014-cü il tarixdə verilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, mövcud qanunvericiliyə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün, yəni xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq iddiaçıya ödənilməlidir.

b) apellyasiya instansiya məhkəməsindəki birinci icraat

9. Cavabdeh nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-463/2023 saylı xx.xx.2023-cü il tarixli (X1 (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət tərkibdə) Qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1098/2023 saylı qərarı İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması hissəsində dəyişdirilmiş, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

c) kassasiya instansiya məhkəməsindəki icraat

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 710/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-463/2023 saylı qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 087713 nömrəli vəsiqədən görünür ki, İddiaçı M/V-055806 nömrəli xx.xx.2014 -cü il tarixli vəsiqənin əvəzinə xx.xx.2020-ci il tarixdə təkrar müharibə veteranı vəsiqəsi verilmişdir.Həmin veteran vəsiqəsi əsasında Fond İddiaçı veteran statusunu aldığı vaxtdan, yəni 22 avqust 2014-ci il tarixdən sosial müavinət təyin etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dən S.Muradovun aldığı müavinət 80 manat məbləğində prezident təqaüdü ilə əvəz olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etmiş və xx.xx.2014-cü il tarixədək almadığı müavinətin verilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən iddiaçıya göndərilən cavab məktubunda sözügedən müavinətin ləğv olunduğu üçün həmin dövrlər üzrə müavinətin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozmaqla iddia tələbini təmin edərək sözügedən müavinəti almaq hüququnun yaranma vaxtından - veteran vəsiqəsinin verilməsi vaxtından əvvəlki üç ilə görə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müvafiq müavinətin ödənilməsi öhdəliyini Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoymuşdur. Hesab edilir ki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, hüquq normalarını düzgün tətbiq etmədən səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmənin iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin vəsiqənin verildiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsinə dair mövqeyi qanunauyğun deyildir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16.Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Prosessual məsələlər

17. İş üzrə iddiaçı iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“Veteranlar haqqında” Qanun:

18. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanun:

19. Maddə 1.0.1. Sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

20. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

21. Maddə 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı

22. Həmin fərmanın 1, 2 və 5-ci hissələrində qeyd olunmuşdur ki: 1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. 2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. 5. Bu Fərmanın 1ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması» Qaydalırı:

23. Maddə 1.3. ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir.

İnzibati Prosessual Məcəllə:

24. Maddə 12. İşin hallarının araşdırılması prinsipi

25. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

27. Maddə 58. Sübutların araşdırılması qaydası(-).

28. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

29. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat

30. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.

31. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

32. Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

34. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

35. Cavabdehin şikayətinin dəlillərinə əsasən iş üzrə birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozmaqla iddia tələbini təmin edərək sözügedən müavinəti almaq hüququnun yaranma vaxtından - veteran vəsiqəsinin verilməsi vaxtından əvvəlki üç ilə görə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müvafiq müavinətin ödənilməsi öhdəliyini Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoymuşdur. Hesab edilir ki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, hüquq normalarını düzgün tətbiq etmədən səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmənin iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin vəsiqənin verildiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsinə dair mövqeyi qanunauyğun deyildir.

36. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

37. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin verilməsi hissəsində təmin etməkdə haqlı olmamışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı sənədlərinə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”-nın iclasında baxılmış və ona xx.xx.2014-cü il tarixli 208 nömrəli protokol ilə "Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2014-cü ildə verilən M/V- 055806 nömrəli vəsiqəsi korlandığı və yararsız hala düşdüyü üçün 04 may 2020-ci il tarixdə M/V-087713 nömrəli dublikat vəsiqə verilmişdir. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 397 nömrəli arayışında bildirilmişdir ki, 1965-ci il təvəllüdlü İddiaçı həqiqətən müharibə veteranı sayılır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş güzəş və imtiyazlardan istifadə etmək hüququna malikdir. Arayışın M/V 087713 saylı vəsiqə əsasında verilmişdir.

38. İddiaçıya xx.xx.2014-cü il tarixli, 208 saylı protokolla müharibə veteranı adı və M/V 055806 nömrəli vəsiqə verilmiş, lakin iş materiallarından da müəyyən edilir ki, iddiaçı həmin vəsiqəsi yararsız hala düşdüyü üçün ona xx.xx.2020-ci il tarixli, M/V- 087713 nömrəli dublikat vəsiqə verilmişdir. İş materiallarından da müəyyən olunur ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət əvvəlki illər üçün ödənilməmişdir.

39. Belə olan zaman kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsində nəzərə alınmalı olan dövr məhz xx.xx.2014-cü ildən geriyə hesablanmalı olan dövrdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması» Qaydalırının 1.3-cü maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir.

40. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq iddiaçıya ödənilməlidir.

41. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1098/2023 saylı qərarı İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar