Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-554/2025 14.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4851/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli, 126 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli, 126 saylı sərənacamı ilə oğlu X6 üçüncü şəxs X2 himayəsinə verilmişdir. Mübahisə predmeti olan sərəncamın qəbulu barədə onun məlumatı olmayıb və cavabdeh tərəfindən qəbul olunmuş sərəncam məlumat üçün ona təqdim olunmamışdır. Bu sərəncamın mövcudluğu ona xx.xx.2025-ci ildə məlum olmuşdur və həmin tarixdə sərəncamın ləğvi üçün cavabdehə ərizə vermişdir. Vermiş olduğu ərizə Cavabdeh Başçısının 07 iyul 2025-ci il tarixli məktubu ilə cavablandırılmış və məlumat verilmişdir ki, sənəncamın ləğvi məqsədə müvafiq hesab olunmamışdır. O, oğlu Ayxana münasibətdə valideynlik hüququndan məhrum olunmamış, onun tərbiyyəsindən imtina etmir, vəfat etməmiş və sair. Belə olan halda onun razılığı olmadan əmək qabiliyyətsiz bir baba, üçüncü şəxs onun oğluna necə qəyyum təyin oluna bilər? Yaxud onun razılığı olmadan qəbul olunmuş sərəncam, qanun normalarına cavab verməyən sərəncam, necə ləğv olunmaya bilər? Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4851/2025 nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4851/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi tələbinə dair” iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4851/2025 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Səbəb olaraq göstərmişdir ki, iddia tələbini məhkəmə aidiyyəti qaydalarını pozmaqla vermişdir. Halbuki, o iddia tələbinin icraata qəbul edilməsi və iddiaya mahiyyəti üzrə baxılıb nəticə verilməsi üçün məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Eyni zamanda vəzifəli şəxsin əməlindən narazı qalmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinin mənasına görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdrilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) məhkəmə inzibati icraat qaydasında baxılır. O isə Cavabdeh Başçısının mübahisə predmeti olan sərəncamının ləğv olunmasını vəzifə olaraq cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi qaldırmışdır. Məcəllədən də göründüyü kimi bu tələb inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin məhkəmə onun iddia tələbini icraata qəbul edib mahiyyəti üzrə baxmaq istəmir. Bununla da məhkəmə onun hüquq və qanuni mənafelərini pozur. Odur ki, məhkəmə qərardadını tamamilə əsassız və qanunsuz hesab edir. Qərardad həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə qərardadının ləğv olunmasını, iddia tələbinin icraata qəbul olunmasını və mahiyyəti üzrə baxıb nəticə verilməsini istəyir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin icraata qəbul olunmasını və mahiyyəti üzrə baxılıb nəticə verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 126 nömrəli sərəncamından görünür ki, 18 may 2008-ci ildə Şəmkir şəhərində anadan olmuş X1 Zahid Bəhman oğlunun himayəsinə verilmişdir. -Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-76/2-İ-42-432/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sizin xx.xx.2008-ci il təvəllüdlü övladınız X4 babası X3 himayəsinə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 126 saylı sərəncamının ləğv edilməsi ilə bağlı müraciətinizə Cavabdeh yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasında müvafiq qaydada baxılmışdır. Bildirilir ki, AR Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Belə ki, məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Şəmkir Rayon Məhkəməsinin 2(076)-55/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsinə görə X6 babası X2 himayəsinə verilmişdir. Odur ki, xx.xx.2008-ci il təvəllüdlü X4 babası X2 himayəsinə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 126 saylı sərəncamının ləğv edilməsi Komissiya tərəfindən məqsədə müvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki:
1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərkən analoji işlərə baxan məhkəmələrə tövsiyə olunmuşdur ki, “uşağın (şəxsin) qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyətinə qarşı yönəlsə də, mübahisə uşağın (şəxsin) ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin həyata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır”. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad olunan qərarında qeyd olunan tələblərin hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, hazırki tələb inzibati məhkəmə predmetinin araşdırılması ola bilməz. Belə ki, İddiaçı tərəfindən mübahisələndirilən sərəncam xx.xx.2008-ci il təvəllüdlü Ayxan adlı uşağın babası X2 himayəsinə verilməsi ilə bağlıdır. Yəni tərəflər arasında yaranmış mübahisə ailə hüquq münasibətlərindən qaynaqlanır. İddiaçı tərəfindən hazırda mübahisələndirilən sərəncam Cavabdeh tərəfindən qəbul edilmiş və hazırki tələb həmin orqana qarşı yönəlmiş olsa da, mübahisə uşağın (şəxsin) ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin həyata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. Yəni, Cavabdeh bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Əks yanaşma məhkəmə aidiyyətinin pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin iddiaçıya bir daha izah edilir ki, cavabdehə qarşı hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müstəqil iddia ərizəsi ilə müraciət edə bilər. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin hazırkı iş üzrə qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qəraraaldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4851/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.