Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-558/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi – N saylı hərbi hissənin Hüquq Şöbəsinin hüquqi təminat və məhkəmə müdafiəsi bölməsinin rəisi ədliyyə mayoru X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)2245/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2 N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2 0135gm nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin 4-cü tabor 10-cu bölük 1-ci taqım komandirinin müavini vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)456/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2 N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddianın verilməsi üçün prosessual müddət ötürüldüyündən iddia mümkün sayılmamışdır. Qeyd olunan qərardaddan İddiaçı apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi iddasının mümkün sayılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-291/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)456/2023 saylı qərardadı ləğv edilmiş, iş mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. X7 Məhkəməsinin icraatında olan zaman iddiaçı tələbin həcmini artıraraq ona həmçinin maddi və psixoloji ziyana görə təzminatın da ödənilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)2245/2023 saylı qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir, eyni zamanda, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2 N nömrəli hərbi hissəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)2245/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)2245/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)2245/2023 saylı qərardadından verdiyi şikayət təmin edilməmişdir. İşin halları: Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdə Daşkəsən rayonundan SHXÇDX-nə çağrılmış, həqiqi hərbi xidməti başa vurduqdan sonra, ayrı-ayrı hərbi hissələrdə MAXE, sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 4-cü taborunun 10-cu bölük 1-ci taqımında baş gizir vəzifəsində olmuşdur. Ümumilikdə 16 il 6 ay hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu müddət ərzində qüsursuz xidmətə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə mükafatlandılmış, 44 günlük Vətən müharibəsi dövründə bir neçə medalla təltif edilmişdir. Belə ki, xx.xx.2013cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının “Şücaətə görə”,xx.xx.2018-ci il tarixdə “Qüsusuz xidmətə görə” 3-cü dərəcəli, xx.xx.2021-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə”, xx.xx.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə”, xx.xx.2021-ci il tarixdə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Quru Qoşunları Komadanlığı xx.xx.2022-ci il tarixdə, 0135gm nömrəli əmrlə Azərbaycan Respublikası MN-in “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə əsasən müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 10 gün məzuniyyət verilməklə onu xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyyətin siayhısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xdmətə Çağrış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə göndərilmişdir. Müvafiq olaraq xidmət etdiyi N saylı hərbi hissə komandiri vəzifəsini icra edən R.Əliyev 253 nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə onu ehtiyata buraxmışdır. Ehtiyata buraxılmağı haqqında həmin əmri xx.xx.2022-ci ildə qeydiyat kitabına imza etməklə almışdır. Aşağıda göstərdiyi səbəb və əsaslara görə 0135gm nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsini və MN-in N nömrəli hərbi hissəsinin 4cü taborunun 10-cu bölük 1-ci taqım komadirinin müavini vəzifəsinə bərpa edilməyi vəzifəsinin X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Mübahisələdirilən əmrdən görünür ki, Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə cavabdeh onu ehitiyata buraxmışdır. Halbuki, iddia ərizəsinə əlavə etdiyi sübutlardan görünür ki, xidmət müddəti qüsursuz olmuş, dəfələrlə medallarla təltif edilmişdir. Əmrlə onun 20 il xidmət müddətinin başa çatmasına imkan verilməmiş və ehtiyata buraxılmışdır. Barəsində verilmiş əmrin məqsədi budur. Qanunvericiliyə görə 20 il xidmət müddəti başa çatdıqdan sonra hərbiçi olaraq təqaüdə çıxa bilərdi. Odur ki, iddiaçı hesab edir ki, onun barəsində verilmiş 0135gm nömrəli xx.xx.2022-ci il tarixli əmr ləğv edilməli və onun əvvəlki vəzifəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16 il 6 ay hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu müddətdə qüsursuz xidmətə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır. 44 günlük vətən müharibəsində döyüşə qatılmışdır. Bilavasitə döyüşlərdə fərqləndiyinə görə komandanlıq tərəfindən bir neçə medalla təltif edilmişdir. Komandanlığın əmrinə görə o, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Halbuki onun xidmət müddəti qüsursuz olmuş, dəfələrlə medallarla təltif edilmişdir. Əmr verilərkən o, kontraktda göstərilən müddətdən 3 ay artıq xidmətdə olmuşdur. Komandanlıq onunla kontraktı müddətin bitdiyi tarixdə pozmamış, əksinə onun xidmətini davam etdirmək üçün hərəkətlər etmiş, döyüş növbətçiliyinə, zabitlik kursuna, imtahanlara cəlb etmişdir. Qanunvericiliyə görə əgər kontrakt üzrə tərəf müqavilə müddəti başa çatmasına baxmayaq kontraktı pozmursa kontrakt növbəti beş il müddətinə uzadılmış hesab edilir. 16 il ay 6 ay xidmət müddətimi çox çətin təbbi şəraiti olan hərbi hissələrdə çəkmişəm. Məni ehtiyata buraxmaqla mənim 20 il xidmət müddətimin başa çatmasına imkan verilməmiş, bununla da hərbiçi kimi təqaüdə çıxamağımın qarşısı alınmışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək edərək şikayətin təmin edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)2245/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İPM-in 82-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. İddia tələbini rədd etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, iddiaçı xidmət müddəti başa çatdığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdə ehtiyyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, eyni zamanda onunla aparılmış söhbət zamanı həqiqi hərbi xidmətdə ehtiyata buraxılmağına heç bir etirazının olmadığını bildirmişdir. İddiaçı məhkəmə iclası zamanı söhbət vərəqəsində öz razılığı ilə ehtiyata buraxılma barədə ifadələri təzyiq altında yazdığını bildirsə də, qeyd olunan halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan da məhkəmə iddiaçının qeyd olunan dəlillərini inandırıcı hesab etmir. Hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsini həyata keçirən normaların tələblərindən də göründüyü kimi, bağlaşma müqaviləsi tərəflərin razılığı ilə bağlanılır və müvafiq müddətə uzadılır. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı onunla bağlanmış bağlaşma müqaviləsinin hərbi xidmətdə olmağın son yaş həddi çatanadək uzadılmasını tələb etməkdə haqlı deyil. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən sözügedən əmr verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxılması ilə bağlı şəxsən müraciət etmiş, onun müraciəti yuxarı komandanlıq tərəfindən nəzərə alınmış və müvafiq əmrlə həmin əsasla ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan Raportdan görünür ki, İddiaçı xidmət müddəti başa çatdığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İş materiallarında olan Söhbət vərəqindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdə ehtiyyata buraxılmağına heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarında olan Müdafiə Nazirinin müavini-X4 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığı üçün) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 1-ci maddəsinə əsasən, hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. 2-ci maddəsinə əsasən, hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. 3-cü maddəsinə əsasən, hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl e**********0000tməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. 2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. 12-ci bəndində əsasən, həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir: q) gizirlər və miçmanlar üçün — 5 il. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər. 156-cı bəndinin a) yarımbəndinə əsasən, hərbi qulluqçular xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. 38.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: 38.1.4. gizirlər və miçmanlar üçün – 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı özünün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığı üçün) ehtiyata buraxılması barədə Müdafiə Nazirinin müavini-X4 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrinin qanunsuz olduğundan ləğv edilməsini və tutduğu vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Halbuki iş materiallarına surəti əlavə edilən Raportdan və Söhbət vərəqindən göründüyü kimi, İddiaçı xidmət müddəti başa çatdığı üçün həqiqi hərbi xidmətdə ehtiyyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını özü xahiş etmiş və həqiqi hərbi xidmətdə ehtiyyata buraxılmağına heç bir etirazının olmadığını bildirmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının onun ehtiyata buraxılması barədə Komandanlıq əmrinin qanunsuz olması dəlili ilə razılaşmır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, Komandanlığın əmrinə görə o, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Halbuki onun xidmət müddəti qüsursuz olmuş, dəfələrlə medallarla təltif edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının xidmət müddətində qüsursuz xidmətə görə dəfələrlə mükafatlanması işin mübahisəsiz halıdır və onun etdiyi xidmətə verilmiş qiymətdir. Lakin onun əvvəlki qüsursuz xidməti sonradan xidmətinin davam etdirilməsi üçün qarantiya deyildir. İşdən göründüyü kimi iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi onunla bağlanmış bağlaşmanın müddətinin bitməsi və özünün hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı raportla müraciət etməsi olmuşdur. Apellyasiya şikayətinin əmr verilərkən kontraktda göstərilən müddətdən 3 ay artıq xidmətdə olması, komandanlığın onunla kontraktı müddətin bitdiyi tarixdə pozmaması, əksinə onun xidmətini davam etdirmək üçün hərəkətlər etməsi, döyüş növbətçiliyinə, zabitlik kursuna, imtahanlara cəlb etməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də işdən göründüyü kimi komandanlıq iddiaçını bağlaşmanın müddəti bitdikdən sonra xidmətini davam etdirmək üçün hərəkət etmişdir. Lakin nəzərə alınmalıdır ki, hərbi xidmətlə bağlı bağlaşma könüllü əsaslarla bağlanır. İddiaçı isə hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı raportla müraciət etmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri əsassız sayır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etmiş, məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun olmaqla, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)2245/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)2245/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov İslam Həsənov
Məhkəmə qərarları › İş №2-1(104)-558/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-558/2023
19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver