Məhkəmə qərarları › İş №2-1(104)-559/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-559/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-559/2025 23.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1108/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus ИТ-İ №1138922 nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Az.D.Y Bakı Texniki Məkətbində təhsil alıb, Az.D.Y Ələt limanı refrijerator vaqon deposunda xx.xx.1983-xx.xx.1985-ci illərdə refrijerator qatarının mexaniki vəzifəsində, xx.xx.1985-xx.xx.1986-ci il tarixədək Şamxor rayon Lenin adına sovxozda avto çilingər vəzifəsində, Azərbaycan Dəmir Yollarının Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.1986-cı ildə refrijerator seksiyasının mexaniki vəzifəsində, xx.xx.1986-cı ildə refrijerator seksiyasının rəisi vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.2018-ci ilədək refrijerator seksiyasının mexaniki (rəhbər) vəzifəsində, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək X4 refrijerator seksiyasının rəhbər mexaniki, "xxxx" MMC xx.xx.2018-ci ildən-xx.xx.2019-cu ilə qədər refrijerator seksiyalarının rəhbər mexaniki, xx.xx.2019-xx.xx.2019-cu ilədək "xxxx" MMC-də 07 yanvar 2019-cu il tarixindən etibarən X4 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış cari təmiri sexinin böyük mexaniki, xx.xx.2019-cu ildə rəhbər mexanik, xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək böyük mexanik, xx.xx.2023-cü ildən Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X3 böyük mexanik vəzifəsində işləmişdir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışına əsasən İddiaçı xx.xx.1983xx.xx.1985, xx.xx.1986-xx.xx.1986-cı il tarixlərində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki, xx.xx.1991-xx.xx.2018-ci il tarixlərində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018xx.xx.2018-ci illərdə X3 refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində "xxxx" MMC-nin X3 refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2019xx.xx.2019-cu illərdə "xxxx" MMC-nin X3 refrijerator seksiyaların böyük mexaniki, xx.xx.2019-cu il tarixində "xxxx" MMC-nin X3 refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2019-xx.xx.2023-cü il tarixlərində "xxxx" MMC-nin X3 refrijerator seksiyaların böyük mexaniki, Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X3 xx.xx.2023-cü il tarixindən hal-hazıradək işləyir. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 35 il 9 ay 13 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2- M-126037/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-M-1184/1- 42/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018- xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X3, "xxxx" MMC-nin X3 refrijerator seksiyalarının rəhbər mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 4 ay 25 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.2019xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin sorğusuna cavabdeh orqanın xx.xx.2024-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2024-cü il tarixinədək (xx.xx.2024-cü il tarixində daxil olmuş müraciətinə əsasən güzəştli şərtlərlə pensiya təyinatından imtinanın verildiyi tarixədək) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 49438,12 manat təşkil edir. Məhkəmənin sorğusuna Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin cavab məktubuna əsasən İddiaçı ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək (ümumilikdə 2 il 6 ay 27 gün olmaqla) işlədiyi refrijerator seksiyaların mexaniki ilə xx.xx.1991 -ci il tarixindən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (ümumilikdə 24 il 4 ay 15 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelilik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin refrijerator seksiyaların rəhbər mexaniki lazım olduqda mexaniki əvəz edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 iyun 2022ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1961-ci ildə Şəmkir rayonu Qaralar kəndində dünyaya gəlmiş və hazırda da həmin kənddə yaşayır. Orta təhsilini başa vurduqdan sonra 09 may 1980-21 may 1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 15 sentyabr 1982-09 mart 1983-cü ildə Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində refrijerator seksiya mexaniki kursunda əyani təhsil almışdır. 04 aprel 1983-cü ildə Azərbaycan Dəmir Yollarının X1 Deposunda refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 27 avqust 1985-ci ildə işdən çıxmışdır. 27 sentyabr 1985-ci ildə Şamxor rayon Lenin adına sovxoza avtomobil çilingəri peşəsinə işə düzəlmişdir. 07 fevral 1986-cı ildə işdən çıxmışdır. 03 mart 1986-cı ildə Azərbaycan Dəmir Yollarının X1 Deposunda refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 05 may 1986-cı ildə refrijerator seksiya rəisi vəzifəsinə keçirilmişdir. 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. 28 fevral 2018-ci ildə işdən azad edilmişdir. 28 fevral 2018-ci il tarixində X3 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 27 sentyabr 2018-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. 12 oktyabr 2018-ci ildə Azərbaycan Dəmir Yollan Ekspress MMC-nin X3 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 07 yanvar 2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. 07 yanvar 2019-cu ildə „Azərbaycan Dəmir Yollan Servis” MMC-də X3 Xidməti Baxış v Cari Təmir Sexində böyük mexanik vəzifəsinə qəbul edilmişdir. 01 mart 2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. 10 mart 2019-cu il tarixində Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X3 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. 24 iyul 2019-cu ildə X3 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə keçirilmişdir. 05 oktyabr 2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. 06 oktyabr 2023-cü ildə X3 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə qəbul edilmiş və hazırda da orada əmək fəaliyyətini davam etdirir. 29 iyun 2022-ci ilə qədər o, ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamış ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş „ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısını 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarım bölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi ilə eynilik təşkil edir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qanunla müəyyən edilmiş yaş həddinə xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “Azərbaycan Dəmir Yolları" QSC-nin İddiaçı dair xx.xx.2024-cü il tarixli 13- 1/2-M-1184/2024 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1991-ci il tarixdən 28 02.2018-ci il tarixədək, 28 02 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Yeni-Ələt refrijerator vaqon deposunda, X3, həmçinin “ADY Ekspress" MMC-nin şərq deposunda refrijerator seksiyalarının rəhbər mexanik işlədiyi dövrlər, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçıya hesablanan güzəştli iş stajı 12 il 6 aydan az (7 il 4 ay 25 gün (xx.xx.1983-xx.xx.1985, xx.xx.1986xx.xx.1986,xx.xx.2019-xx.xx.2019, xx.xx.2019- xx.xx.2023,xx.xx.2023-xx.xx.2024) təşkil edir. Hazırkı iş üzrə icraat materiallarına əsaslanaraq qeyd edilir ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələr həmin vəzifələrdə çalışan şəxslərin əmək şəraitinə, gördüyü işin ağırlığına və işin güzəştli hesab edilməsi üçün digər meyarlara əsaslanaq tərtib edilmişdir. Sözügedən Siyahının digər bölmələrində, həmçinin Nəqliyyat bölməsində həm işçilərin həm rəhbərlərin, həm də işçilərin gördükləri işin güzəştli iş stajı kimi nəzərə alındığını görə bilərik. Burdan belə nəticəyə gələ bilərik ki, Siyahıda güzəştli işlərlə məşğul olan rəhbər şəxslərin gördüyü işlər də konkret olaraq göstərilmişdir. Yəni, əgər rəhbər şəxs ağır iş şəraitində əmək fəaliyyəti ilə məşğul olmuşdursa, həmin vəzifələr Siyahıda təsbit olunmuşdur. Qeyd olunan məsələ üzrə Siyahıda xeyli sayda nümunə mövcuddur. Nəticə olaraq, Nazirlər Kabinetinin Siyahıya daxil edilməsini zəruri hesab etdiyi peşələri sözügedən siyahıya daxil etmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hesab edilir ki, ilkin olaraq araşdırılmalı olan məsələ - rəhbər mexanik vəzifəsinin güzəştli iş stajı hesab edilməli olduğu nəyə görə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda konkret olaraq göstərilməməsidir. Bildirilir ki, Nəqliyyat bölməsinə daxil olan 21.5-ci bənddə nəzərdə tutulan 21.5.2-ci yarımbənddə tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan rəhbərlər vəzifəsi konkret olaraq göstərilmişdir. Məhz bu səbəbdən məhkəmə tərəfindən araşdırma aparılarkən "xxxx" ASC tərəfindən təqdim edilən arayışın birmənalı sübut kimi qəbul edilməməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1108/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajına malik olmaması barədədir. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanuni saymır və əvvəla onu qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının XXVİİİ. Nəqliyyat (********) bölməsində Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (********) adlı bəndin 23001000—23598 altbəndində refrijerator qatarların (seksiyaların) mexanikləri göstərilmişdir. Lakin məhkəmə sorğusuna "xxxx" QSC-nin cavab məktublarında bildirilir ki, ADY-nin törəmə cəmiyyəti olan "xxxx" MMC-nin X4 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində çalışan mexanik və böyük mexaniklərin, o cümlədən 2018-ci ilin sonunadək struktur vahidində mövcud olmuş rəhbər mexaniklərin iki nəfərlik qrupda icra etdiyi funksional vəzifələrin vəzifə öhdəlikləri arasındakı müəyyən fərqlərə baxmayaraq, iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərin təsirinə məruz qalırlar. “ADY Ekspress" MMC-nin xx.xx.2019-ci il tarixində təsdiq olunmuş yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar, vəzifə adının dəyişdirilməsi nəticəsində "X4 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki" vəzifəsi "X4 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki" kimi adlandırılmışdır. Hər iki ad eyni vəzifəyə aiddir. "Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki və mexaniki" vəzifələri üzrə iş öhdəlikləri müvafiq vəzifə təlimatı ilə tənzimlənir (Hər iki vəzifənin təlimatları əlavə edilir). "Refrijerator seksiyasının böyük mexaniki" və "Refrijerator seksiyalarının mexaniki" vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni amillərə məruz qalırlar. Eyni zamanda, iş materiallarında olan “X4 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin mexaniki”nin vəzifə təlimatının 6- 7,9,14-cü bəndləri ilə “X4 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki”nin vəzifə təlimatının 7,12,16-cı bəndlərini müqayisəli təhlil etdikdə müəyyən olunur ki, onların (mexanik və böyük mexanik) icra etdiyi funksional vəzifə (iş) demək olar ki, eynilik təşkil edir, hətta mexanikə münasibətdə böyük mexanik daha məsuliyyətli vəzifəni icra edir. Həmçinin, təlimata görə böyük mexanikin idarəçilik üzrə heç bir vəzifəsi yoxdur, yalnız funksional vəzifələri vardır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsinə uyğundur. İddiaçının həmin peşələrdə işlədiyi müddət isə tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)1108/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən Siyahının digər bölmələrində, həmçinin Nəqliyyat bölməsində həm işçilərin həm rəhbərlərin, həm də işçilərin gördükləri işin güzəştli iş stajı kimi nəzərə alındığını görə bilərik. Burdan belə nəticəyə gələ bilərik ki, Siyahıda güzəştli işlərlə məşğul olan rəhbər şəxslərin gördüyü işlər də konkret olaraq göstərilmişdir. Yəni, əgər rəhbər şəxs ağır iş şəraitində əmək fəaliyyəti ilə məşğul olmuşdursa, həmin vəzifələr Siyahıda təsbit olunmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, qeyd olunan məsələ üzrə Siyahıda xeyli sayda nümunə mövcuddur. Nəticə olaraq, Nazirlər Kabinetinin Siyahıya daxil edilməsini zəruri hesab etdiyi peşələri sözügedən siyahıya daxil etmişdir. Həmçinin məhkəmə qərarında qeyd etmişdir ki, mexanik və böyük mexaniklərin, o cümlədən 2018-ci ilin sonunadək struktur vahidində mövcud olmuş rəhbər mexaniklərin iki nəfərlik qrupda icra etdiyi funksional vəzifələrin vəzifə öhdəlikləri arasındakı müəyyən fərqlərə baxmayaraq, iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərin təsirinə məruz qalırlar. Hesab edir ki, iş şəraitlərinin eyni olması və eyni amillərin təsirinə məruz qalması bu işlərin hər ikisinin güzəştli hesab olunmalı olduğu mənasına gəlmir. Belə ki, müəssisə arayışında da qeyd olunduğu üzrə görülən işlərin arasında fərqliliklərin olması sözügedən vəzifələri eyniləşdirməyə imkan vermir. Yəni, istənilən halda mexaniklə rəhbər mexanikin və ya mexaniklə böyük mexanikin vəzifə təlimatları arasında fərq olmalıdır. Digər halda sözügedən vəzifələr ştatlar cədvəlində eyni ad üzrə nəzərdə tutulmalı idi. Hesab edir ki, ilkin olaraq araşdırılmalı olan məsələ rəhbər mexanik vəzifəsinin güzəştli iş stajı hesab edilməli olduğu halda nəyə görə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda konkret olaraq göstərilməməsidir. Bildirmək istəyir ki, Nəqliyyat bölməsinə daxil olan digər bənddə 21.5-ci bənddə nəzərdə tutulan 21.5.2-ci yarımbənddə tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan rəhbərlər vəzifəsi konkret olaraq göstərilmişdir. Bu o deməkdir ki, əgər rəhbər vəzifəni güzəştli hesab etmək mümkündürsə sözügedən vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən siyahıya daxil edilir. Məhz bu səbəbdən hesab edir ki, məhkəmə tərəfindən araşdırma aparılarkən "xxxx" ASC tərəfindən təqdim edilən arayışın birmənalı sübut kimi qəbul edilməməsi daha məqsədəmüvafiqdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” XXVİİİ. Nəqliyyat 23001000 – 1) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.2019xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövrləri nəzərə almaqla 12 il 6 aydan az olmaqla 7 il 4 ay 25 gün olduğuna görə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçının müvafiq pensiya yaşına çatması və tələb olunan minimum ümumi əmək stajının mövcudluğu ilə bağlı hər hansı bir mübahisə açmadığından artıq bu hissə işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Yeni-Ələt refrijerator vaqon deposunda, X3, həmçinin “ADY Ekspress" MMC-nin şərq deposunda refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki vəzifəsində işlədiyi dövrlərin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olub olmaması yoxlanılmalıdır. Qeyd olunan xüsusat birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın XXVİİİ bölməsinin alt bölmə 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşələrinə uyğun olması öz təsdiqi tapmışdır. İş materiallarında olan "xxxx" QSC-nin cavab məktublarında bildirilir ki, ADY-nin törəmə cəmiyyəti olan "xxxx" MMC-nin X4 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində çalışan mexanik və böyük mexaniklərin, o cümlədən 2018-ci ilin sonunadək struktur vahidində mövcud olmuş rəhbər mexaniklərin iki nəfərlik qrupda icra etdiyi funksional vəzifələrin vəzifə öhdəlikləri arasındakı müəyyən fərqlərə baxmayaraq, iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərin təsirinə məruz qalırlar. “ADY Ekspress" MMC-nin xx.xx.2019-ci il tarixində təsdiq olunmuş yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar, vəzifə adının dəyişdirilməsi nəticəsində "X4 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki" vəzifəsi "X4 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki" kimi adlandırılmışdır. Hər iki ad eyni vəzifəyə aiddir. "Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki və mexaniki" vəzifələri üzrə iş öhdəlikləri müvafiq vəzifə təlimatı ilə tənzimlənir (Hər iki vəzifənin təlimatları əlavə edilir). "Refrijerator seksiyasının böyük mexaniki" və "Refrijerator seksiyalarının mexaniki" vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni amillərə məruz qalırlar. Həmçinin iş materiallarında olan "xxxx" QSC Hərəkət vasitələrinin təmiri departamenti X4 Refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borcu barədə xx.xx.2012-ci il tarixli məlumatında göstərilmişdir ki, Rəhbər mexanik deponun səlahiyyətli nümayəndəsi sayılır, refrijerator seksiyasının istismarına cavabdehdir və briqadanın rəhbəri sayılır. 1. İsə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir. 2. Briqadaya rəhbərlik edir,seksiyalara xidmət vaxtı əmək intizamını yerinə yetirməsini tələb edir. 3. Briqada üzvlərinə təhlükəsizlik texnikasına ,istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət edir. 4. Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasnı təmin edir. 5. Vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət edir. 6. Yükləmə vaxtı vaqonların işıqlanmasını təmin edir. 7. Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb edır. 8. Yük bosaldıqdan sonra , vaqonların təmizlənməsini stansiya işçilərindən tələb edir. Təmizlənmə keyfiyyətsiz aparıldıqda stansiya rəisinə ölçü götürmək üçün müraciət edir. 9. Yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin edir. 10. Texniki sənədləri səliqəli saxlayır, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istifadə olunmasını hesabatını aparır. 11. Ref. seksiyanın vaxtında təchizat olunmasını təmin edir. 12. Ref. seksiyanın təchizat və təmirdən sonra göndərilmək üçün stansiya növbətçisinə xəbərdarlıq edilir. 13. Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir edir, avadanlıqlar xarab olduqda , rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürülür. 14. Avadanlıqlar saz vəziyyətdə olduqda ,rejimi saxlaya bilmədikdə , növbəti stansiyaya teleqramla müraciət edir, ( tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb edir.Teleqramın surəti həmin dəmir yolunun yük daşıma xidmətinə göndərilir. 15. Ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin edir. 16. Depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak edir, bütün növ görülən işlərin keyfiyyətli olmasını və təmirdən tam ekipirovka olmasını tələb edir. 17. Mexanik xəstələndikdə və ya seksiyadan qaldıqda təcili olaraq depo rəhbərliyinə, stansiya rəisinə və xətti polisə teleqramla məlumat verir. 18. Əmək və istehsalat intizamı pozulduqda , lazımı hallarda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq edir .Lazım olduqda mexaniki əvəz edir. Bilməlidir: "Tez xarab olan yüklərin daşınması haqqında təlimat № DÇ-479", "Dəmir yolunun işçilərinin intizamı haqqında", "Dəmir yolunda siqnallaşma haqqında təlimat", "Dəmir yolunun texniki istismarı haqqında təlimatı", "Poyuzdların hərəkəti haqqında təlimatı və dəmir yolunda manevr işləri haqqırda İxtisas tələbi. "Ali, orta, xüsusi təhsilli olan", "Hərəkətdə olan izotermik tərkib və soyuducu təsərrüfatlı", "Soyuducu və kompressor maşını və qurğusu", "Elektrik stansiya sistemi ", "Dəqiq ölçü cihazları, daxili yanma mühərrikləri" ixtisasını qurtarmış kadrlar. Bundan başqa Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024cü il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışına əsasən İddiaçı xx.xx.1983-xx.xx.1985, xx.xx.1986-xx.xx.1986-cı il tarixlərində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki, xx.xx.1991xx.xx.2018-ci il tarixlərində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-xx.xx.2018-ci illərdə X3 refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində "xxxx" MMC-nin X3 refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2019-xx.xx.2019-cu illərdə "xxxx" MMC-nin X3 refrijerator seksiyaların böyük mexaniki, xx.xx.2019-cu il tarixində "xxxx" MMC-nin X3 refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2019-xx.xx.2023-cü il tarixlərində "xxxx" MMC-nin X3 refrijerator seksiyaların böyük mexaniki, Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X3 xx.xx.2023-cü il tarixindən halhazıradək işləyir. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 35 il 9 ay 13 gün təşkil edir. Əlavə olaraq "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında göstərilmişdir ki, işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndin 27-ci abzasında “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” peşəsi təsbit olunmuş və bunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın XXVİİİ bölməsinin alt bölmə 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşələri ilə eynilik təşkil etdiyi müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının mübahisələndirilən illərdə işlədiyi “Refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. Ona görə də kollegiya hesab edir ki, qeyd olunanlara əsasən iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1108/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar