Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-56/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X4 Cavabdehnə qarşı şəhid və şəhid ailəsi statusunun verilməsi tələbinə dair iş üzrə QƏRARİ Giriş hissə: Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçılar İddiaçı1, X4 və vəkilləri Nümayəndə iştirakları ilə, “şəhid ailəsi statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-i il tarixli, 2-1(114)-1444/2022 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi A-013212 nömrəli xidmət dəftərçəsinin təsdiq olunmuş surətindən məlum olur ki, X8 xx.xx.2006-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində «İdarəetmə mühəndisliyi» ixtisası izrə təhsil almışdır. xx.xx.2010-xx.xx.2011-ci illər üzrə Silahlı Qüvələrin Təlim və Tədris Mərkəzində, xx.xx.2011-ci il tarixli əmrlə 2166-cı motoatıcı taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi-taqım komandiri təyin edilmiş, xx.xx.2020-ci il tarixdək müxtəlif hərbi hissələrdə xidmət etmiş və qeyd olunan tarixdə N nömrəli hərbi hissədə Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi-qovşaq rəisinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli əmrindən görünür ki, vəfat etdiyi üçün xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuların siyahısından çıxarılmış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21 dekabr 2022-ci il tarixli, 14/3536 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə döyüş faliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021ci il tarixli 1/M-11376 nömrəli məktubundan görünür ki, mərhum X8 müalicədə olarkən xx.xx.2020-ci il tarixdə « Covid-19 » virusundan vəfat etdiyinə görə ona « şəhid » statusunun verilməsindən imtina edilmişdir. xx.xx.2020-ci il tarixli AZ-İİ 130882 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə « Covid-19 » virusundan ölmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrli hərbi hissənin N dekabr 2022ci il tarixli, 1221 nömrəli məktubunda qeyd olunur ki, N nömrəli hərbi hissənin qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi-qovşaq rəisinin müavini vəzifəsində xidmət etmiş mərhum kapitan X8 06 noyabr 2020-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhərində X3 “COVİD-19” vurisuna yoluxması ilə əlaqdar vəfat etmişdir. O, Vətən müharibəsi zamanı heç bir döyüş əməliyyatına cəlb olunmamış, döyüş əməliyyatlarına aparılan hər hansı bir hərbi hissəyə ezam olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrli hərbi hissənin N yanvar 2023cü il, 210 nömrəli məktubundan görünür ki, kapitan S.Mansurov Vətən müharibəsi zamanı Şəmkir şəhərində daimi dilokasiya məntəqəsində rabitə qovuşağında rabitə növbətçiliyini təşkil etmişdir, xəstəliyə xidmətdə olan zaman yoluxmuş, əməliyyatlara cəlb olunmamasının xəstəliyi ilə heç bir əlaqəsi olmamışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və X9 Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X5 ailəsinə şəhid vəsiqəsinin verilməsi istiqamətindəki qanunsuz müdaxiləsinin dayandırılması və X5 şəhid və ailəsinin isə şəhid ailəsi hesab edilməsi üçün müvafiq arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-1(112)-12192/2021 nömrəli qərardadına əsasən iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların oğulları mərhum kapitan X14 Əliyev adına Ali Hərbi Məktəbini 2010-cu ildə müvəffəqiyyətlə bitirərək, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır. 2010-2019-cu illərdə X13 Korpusunda, 2019-cu ildən isə N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi hissənin xidmət ərazisinə daxil olan təmas xətlərində rabitə əlaqəsinin təmin və bərpa olunmasında zabit kimi iştirak etmişdir. 2020-ci ilin N sentyabr tarixində erməni silahlı birləşmələrinin təxribat və hücumlarının qarşısının alınması istiqamətində başladılmış əks-hücum əməliyyatlarında iştirak etmiş və 2 oktyabr tarixində xəstələnərək xəstəxanaya yerləşdirilmişdir. Lakin müalicənin gecikdirilməsi və xəstəliyin ağırlıq dərəcəsinin düzgün qiymətləndirilməməsi Sənan Mansurovun səhhətində ağırlaşmalara səbəb olmuşdur. Ona görə də 7 oktyabr 2020-ci il tarixində Kür qəsəbə xəstəxanasından Mərkəzi Neftçilər xəstəxanasına köçürülmüşdür. Bu xəstəxanada aparılan intensiv müalicə nəticə verməmiş və 6 noyabrda vəfat etmişdir. Ayrıayrı vaxtlarda Müdafiə Nazirliyinə müraciət edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 4.1-ci maddəsinə əsasən Sənan Mansurovun şəhid, ailəsinin isə şəhid ailəsi hesab edilməsi üçün arayış verilməsi xahiş edilmiş, lakin Müdafiə Nazirliyinin sonuncu daxil olan xx.xx.2021-ci il tarixli, 1/M-11376 nömrəli məktubu ilə onların müraciətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, mərhum kapitan X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2006-xx.xx.2020-ci illərdə həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri X3 « Covid-19 » virusundan vəfat etdiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuların siyahısından çıxarılmış hesab edilmişdir. Odur ki, qanuni və əsaslı qərar qəbul edilməsi xahiş olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1444/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mərhum X8 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, « Covid-19 » virusundan vəfat etmişdir. Bu hal isə müvafiq qanunvericilikdə şəhid adının verilməsi üçün əsas kimi qeyd edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərarından iddiaçılar apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1444/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, oğlu Sənan Mansurov 15 ildən artıq hərbi xidmətdə qulluq etmişdir. O zabit idi, 2019-cu ildən N nömrəli hərbi hissədə xidmət edirdi. Vətən müharibəsi vaxtı da rabitə qovşağında xidmət etmiş, orada da COVİD-19 virusuna yoluxmuşdur. Sələnkarlıq və qulluğun lazımınca olmaması səbəbindən vəfat etmişdir. Dəfələrlə oğlunun müalicə üçün evə və ya Bakıya göndərilməsini xahiş etsələr də müharibə olduğundan bu mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı X9 izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, təmin edilməsini xahiş etmişdir. İddiaçıların vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mərhum S.Mansurovun aktiv döyüş əməliyyatlarında iştirakı olmasa da o, 44 günlük müharibə zamanı həlak olmuşdur və o, rabitə qovşağında xidmət etməklə birbaşa müharibə zamanı əməliyyatların idarə olunmasında iştirak etmiş, xəstəliyə də xidmət zamanı yoluxmuşdur. Belə olan halda inzibati orqanın imtinası qanunsuz və əsassızdır. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991- ci il tarixli Qanunun: 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Plenum Qərarına əsasən: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmaqla yeni qərar qəbul edilməlidir. İşin hallarından məlum olur ki, mərhum kapitan X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət dövründə “Covid-19” virusuna yoluxmuş, bundan bir müddət sonra, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan aktiv döyüş dövründə, yəni xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuların siyahısından çıxarılmış hesab edilmişdir. X12 valideynləri olan iddiaçılar oğullarına şəhid, özlərinə isə şəhid ailəsi statusunun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsələr də, Azərbaycan Resublikası Müdafiə Nazirliyi tərəfindən mərhumun döyüş əməliyyatlarında və döyüş şəraitində deyil, “Covid-19” virusundan ölməsi səbəbindən bundan imtina etmişdir. Birinci instansiya məhkəməsi inzibati orqanın imtina dəlilləri ilə razılşmış və hesab etmişdir ki, mərhum X8 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, « Covid-19 » virusundan vəfat etmişdir. Bu hal isə müvafiq qanunvericilikdə şəhid adının verilməsi üçün əsas kimi qeyd edilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırki tələb üzrə qərarın qəbul edilməsi zamanı təkcə mərhumun ölüm səbəbi deyil, ümumilikdə onun xidməti, ölüm şəraiti və xidməti zamanı olan ümumi vəziyyət birgə dəyərləndirilməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Plenum Qərarında da Plenum qeyd edir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Hazırki iş üzrə toplanmış sübutlardan məlum olur ki, mərhum X16 müharibəsi zamanı döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə olan N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş və döyüş əməliyyatları başlarkən onun xidmətində hər hansı fasilə yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21 dekabr 2022-ci il tarixli, 14/3536 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə döyüş faliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Digər tərəfdən N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi-qovşaq rəisinin müavini kapitan S.Mansurov yoluxucu xəstəlik olan “COVİD-19” virusuna hərbi xidməti hər hansı iradi və ya qeyri-iradə şəkildə tərk etdikdən sonra yoluxmamış, virusa yoluxarkən, eyni zamanda müalicəsinin ilk mərhələsində hərbi hissənin nəzdində və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlər aparılan «44 günlük Vətən Müharibəsi» zamanı xidmət yerində olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrli hərbi hissənin N yanvar 2023cü il, 210 nömrəli məktubundan görünür ki, kapitan S.Mansurov Vətən müharibəsi zamanı Şəmkir şəhərində daimi dilokasiya məntəqəsində rabitə qovuşağında rabitə növbətçiliyini təşkil etmişdir, xəstəliyə xidmətdə olan zaman yoluxmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0183 nömrəli, xx.xx.2021-ci il tarixli şəxsi heyət üzrə əmrindən çıxarışda qeyd olunur ki, N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi-qovşaq rəisinin müavini kapitan S.Mansurov xx.xx.2020-ci il tarixdə Bakı şəhəri X3 “COVİD-19” virusundan vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Göründüyü kimi əmrdə də S.Mansurovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olması təsdiqlənmişdir. Məhkəmə tərkibi hesab edir ki, «44 günlük Vətən Müharibəsi» zamanı, yəni aktiv əməliyyatlar dövründə, hərbi əməliyyatlara cəlb edilən N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi-qovşaq rəisinin müavini kapitan S.Mansurova şəhid statusunun verilməsinin mümkünlüyünə qiymət verilərkən şəxsin ölümü ilə onun yerinə yetirdiyi xidməti borcu, aktiv olmasa da döyüş əməliyyatlarında avtomatik idarəetmə sistemləri bölməsinin rəisi-qovşaq rəisinin müavini kimi iştirakının arasında səbəbli əlaqənin olması müəyyən edilmişdir. Belə ki, şəxsin xəstəliyə yoluxması və yoluxma zamanı olan şərait bu cür nəticəyə gəlməyə əsas verir. Digər tərəfdən S.Mansurov hər hansı mülki statusa malik olarkən və ya xidmət şəraitindən kənar şəkildə virusa yoluxmamış, hərbi xidməti vəzifələrinin icrası zamanı yoluxmaqla vəfat etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şəhid adının verilməsi yalnız atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və digər qanunda nəzərdə tutulan yerlərdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərin şəhid hesab edilməsi ilə əlaqələndirilmiş, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə şəhid adının verilməsi halı da nəzərdə tutulmuşdur. Hadisə insanın iradəsindən asılı olmayaraq baş verən reallıq fenomenidir. Hadisə mütləq və ya nisbi ola bilər. Mütləq hadisə insanın hərəkətlərindən (təbii fəlakətlər, meteorit düşməsi və s.) asılı deyil, nisbi hadisələr isə bu hüquqi münasibətlərin iştirakçılarından asılıdır, yəni subyektlərin iradəsi ilə yaranır, lakin iradələrindən asılı olmayaraq inkişaf və davam edir. Normada qeyd edilən və şəhid statusunun verilməsinə əsas olan digər hadisələr də insanın iradəsindən asılı olmayan və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən hadisədir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmaması ilə məhkəmənin gəldiyi nəticə əsaslı omadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1444/2022 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. X1 “şəhid” adının, ailəsinə isə “şəhid ailəsi” statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikas Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-56/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-56/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver