Məhkəmə qərarları › İş №2-1(104)-56/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-56/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-56/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X5, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1391/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Quşqara Bələdiyyəsi, DT və XK-nin Xanlar rayon şöbəsi və mülkiyyətçilərin iştirakı ilə xx.xx.2007-ci il tarixdə tərtib edilmiş akta əsasən yaradılmış komissiya yerində baxış keçirərək Xanlar rayon Quşqara bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən cəmi 0,30 hektar ayrılıb 3 nəfər vətəndaşa hər birinə 0.10 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 157 nömrəli nömrəli rəyindən görünür ki, 3 nəfərə satılması nəzərdə tutulan torpaq sahəsi 0.10x3 ha olmaqla Quşqara bələdiyyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir, satılması nəzərdə tutulan torpaq sahəsi BEF torpağı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.

3. Xanlar rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarı ilə 3 nəfər vətəndaşa Xanlar rayon Quşqara bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən cəmi 0,30 hektar ayrılıb hər birinə 0.10 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır.

4. xx.xx.2007-ci il tarixli 1053 nömrəli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarı ilə bələdiyyə ərazisindən 0.10 ha torpaq sahəsi İddiaçı satılmış, sonuncu tərəfindən bunun müqabilində müvafiq haqq ödənilmişdir.

5. xx.xx.2008-cu il tarixli, 54 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən alqısatqı edilmiş torpaq sahəsinə görə 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat pul Quşqara bələdiyyəsinin hesabına ödənilmişdir.

6. xx.xx.2022-ci il tarixli koordinatlı sxemdən görünür ki, Quşqara Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarına əsasən İddiaçı verilmiş 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları həmin sxemdə qeyd olunmuşdur.

7. Göygöl rayon Quşqara bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 123 nömrəli məktubunda qeyd olunur ki, Xanlar (Göygöl) rayon Quşqara bələdiyyyəsi tərəfindən İddiaçı alqı-satqı yolu ilə satılmış 0.10 ha torpaq sahəsinə dair Quşqara bələdiyyəsinin 29 may 2007-ci il tarixli 26 saylı qərarı qüvvədədir, həmin qərarla İddiaçı satılmış 0.10 ha torpaq sahəsi üzərində vətəndaşın hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsinə etiraz edilmir.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********69 nömrəli bildirişinə əsasən İddiaçı ərizəsinin icrasından faktiki torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında uyğunsuzluq olması səbəbindən imtina edilmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10677/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyindən görünür ki, Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarına (xx.xx.2022-ci il tarixli sxem üzrə) əsasən İddiaçı satılmış Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.10 ha torpaq sahəsi, Xanlar rayonu Quşqara Bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2007-ci il tarixli yerquruluşu sxeminə (KOD ********) və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi, Xanlar rayonu Damazlıq Camışçılıq təsərrüfatının ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli kompleks yerquruluşu layihəsinə əsasən, ehtiyat fond torpaqları kateqoriyasına aid, yaşayış məntəqələrinin perspektiv inkişafı (KPİ) üçün nəzərdə tutulan sahədir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Elektron baza materiallarına istinadən, həmin torpaq sahəsinə dair, mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən sənəd mövcud deyildir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, qeyd olunan 0.10 ha torpaq sahəsinin 0.0928 ha (928.0 kv.m) hissəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahələrinin altında olan, əkin sahəsi, 72.0 kv.m hissəsi isə ehtiyat fond torpaqları kateqoriyasına aid əkin sahəsidir. Qeyd olunan torpaq sahəsinin üzərində yüksək təyziqli qaz xətti, hava məkanında isə, elektrik xətti müşahidə olunmadı. İstifadədə olan elektron baza materiallarına istinadən, təqdim olunan faktiki torpaq sahəsinin, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və ya sürüşmə zonasına düşmə halı aşkarlanmadı. Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarına (xx.xx.2022-ci il tarixli sxem üzrə) əsasən İddiaçı satılmış Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.10 ha torpaq sahəsi ilə, naturada təqdim olunan faktiki sahə üst-üstə düşür.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Quşqara bələdiyyəsi tərəfindən ona verilmiş 0.10 ha torpaq sahəsini 71.7 kv.m istisna ilə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata almaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə Göygöl rayonunun Quşqara Bələdiyyəsindən 0,10 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin başqasına mənsub olması məhkəmə qaydasında müəyyən olunduğundan X4 kəndində iddiaçıya həmin miqdarda başqa torpaq sahəsi vermişdir. Lakin, cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi həmin torpaq sahəsini onun adına qeydiyyata almaqdan imtina etmiş, əsas kimi həmn torpaq sahəsinin 71.7 kv.m metrinin bələdiyyənin ehtiyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı olmasını göstərmişdir. Ona görə də Ərazi İdarəsinə ərizə verib, torpağının 71.7 kv metrini qeydiyyata salmamağı, yəni bundan başqa ona hansı torpaq sahəsi verilmişsə (satılmışsa) onu qeydiyyata almağı xahiş etmişdir. Bundan sonra da iddiaçıya eyni məzmunlu imtina cavabı verilmişdir.

12. İddiaçının nümayəndəsi X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayon Quşqara bələdiyyəsinin 29 may 2007-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş 0,10 ha torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sxemdə əks olunan kordinatlar daxilində 71,7 kv.m istisna olmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.

13. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********28 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki istifadədə olan torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsindən 1082 metr kənarda yerləşdiyi müəyyən olunmuşdur. Bundan başqa, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən sənəd üzrə olan torpaq sahəsi X2 məxsus xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli və X3 məxsus xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********35 reyestr nömrəli çıxarışlarla üst-üstə düşür. Faktiki torpaq sahəsinin isə 71.7 kvm hissəsinin bələdiyyənin ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1391/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda faktiki istifadəsində olan və bələdiyyə tərəfindən tərtib edilmiş müvafiq sxemdə əks olunan torpaq sahəsinə iddia edir. Belə olan halda, hazırki iddia üçüncü şəxslərin mülkiyyət hüquqlarını da pozmur. Bu səbəbdən də həmin əsaslarla torpaq sahəsinin qeydə alınmasından imtina əsaslı hesab edilə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1391/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən sənəd üzrə olan torpaq sahəsi X2 məxsus xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli və X3 məxsus xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********35 reyestr nömrəli çıxarışlarla və bələdiyyəyə məxsus bələdiyyənin ehtiyat fondunda olan kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunur.

18. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək mütəxəssis rəyi ilə müəyyən edilmiş 72 kv metr torpaq sahəsi istisna olmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

20. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

26. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. 27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.

27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

29. İş materialları ilə müəyyən olunur ki, Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarı ilə kənd daxili ərazisindəki bələdiyyə torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.10 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Xanlar rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin koordinatlı sxemi və alqı-satqı aktı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir.

30. Cavabdehin imtinasının əsası kimi faktiki torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında uyğunsuzluğun olması (belə ki, faktiki istifadədə olan torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsindən 1082 metr kənarda yerləşməsi, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən sənəd üzrə olan torpaq sahəsinin üçüncü şəxslər X2 və X3 məxsus çıxarışlarla üst-üstə düşməsi və faktiki torpaq sahəsinin isə 71.7 kvm hissəsinin bələdiyyənin ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi üst-üstə düşməsi) qeyd olunmuşdur.

31. Məhkəmə tərkibi qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə verilən zaman bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalıdır. Eyni zamanda, bələdiyyə torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, həmin orqan isə öz növbəsində yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü hazırlayır. Bundan sonra, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək 10 gün müddətində bələdiyyəyə göndərir.

32. Quşqara bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli koordinatlı sxemdə Quşqara Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarına əsasən İddiaçı verilmiş 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin yeni koordinatları göstərilmişdir.

33. Apellyasiya icraatı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 10677/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyindən görünür ki, Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarına (xx.xx.2022-ci il tarixli sxem üzrə) əsasən İddiaçı satılmış Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.10 ha torpaq sahəsi, Xanlar rayonu Quşqara Bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2007-ci il tarixli yerquruluşu sxeminə (KOD ********) və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi, Xanlar rayonu Damazlıq Camışçılıq təsərrüfatının ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli kompleks yerquruluşu layihəsinə əsasən, ehtiyat fond torpaqları kateqoriyasına aid, yaşayış məntəqələrinin perspektiv inkişafı (KPİ) üçün nəzərdə tutulan sahədir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Elektron baza materiallarına istinadən, həmin torpaq sahəsinə dair, mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən sənəd mövcud deyildir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, qeyd olunan 0.10 ha torpaq sahəsinin 0.0928 ha (928.0 kv.m) hissəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahələrinin altında olan, əkin sahəsi, 72.0 kv.m hissəsi isə ehtiyat fond torpaqları kateqoriyasına aid əkin sahəsidir. Qeyd olunan torpaq sahəsinin üzərində yüksək təyziqli qaz xətti, hava məkanında isə, elektrik xətti müşahidə olunmadı. İstifadədə olan elektron baza materiallarına istinadən, təqdim olunan faktiki torpaq sahəsinin, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və ya sürüşmə zonasına düşmə halı aşkarlanmadı. Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarına (xx.xx.2022-ci il tarixli sxem üzrə) əsasən İddiaçı satılmış Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.10 ha torpaq sahəsi ilə, naturada təqdim olunan faktiki sahə üst-üstə düşür.

34. Göründüyü kimi imtinanın və apellyasiya şikayətinin əsası aradan qalxmış, bələdiyyənin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarına (xx.xx.2022-ci il tarixli sxem üzrə) əsasən İddiaçı satılmış Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 72.0 kv.m hissəsinin bələdiyyə ehtiyat fond torpaqları kateqoriyasına aid olması müəyyən edilmiş, digər şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Belə olan halda iddia hazırki həcmdə əsaslı hesab edilir.

35. Digər tərəfdən inzibati orqan imtina qeydlərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, toplanmış sübutlara əsasən şikayətin və imtinanın dəlilləri öz təsdiqini tapmamışdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

37. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1391/2023 nömrəli qərarı qismən-"Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sxemdə əks olunan kordinatlar daxilində, bələdiyyənin ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşən 71,7 kv.m istisna olmaqla” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sxemdə əks olunan kordinatlar daxilində, bələdiyyənin ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşən 72.0 kv.m istisna olmaqla üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar