Məhkəmə qərarları › İş №2-1(104)-563/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-563/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-563/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-22/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1998-ci il tarixdə keçirilən müayinənin nəticəsində “sağ bazu sümüyünün xr hemotogen osteomeliti sağ bazu oynağında hərəkətin məhdudluğu sağ bazunun yuxarı 1/3 hissəsində s viş (XBT kodu - M95-99)” diaqnozu ilə 16 yaşınadək "digər" meyarı ilə əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə eyni diaqnoz ilə 1 il müddətinə İİİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2015-ci il tarixdə "digər osteomielit, sağ bazu sümüyünün osteomeliti remisiya dövrü cərrahi əməliyyatdan sonrakı vəziyyət, ağrı sindromu funksiyasının pozulması ilə, sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı (XBT kodu - M80-M94, M86, M86.8, M86-M90)" diaqnozu ilə "diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. xx.xx.2016-cı il tarixdə "sağ bazu sümüyünün osteomeliti remisiya dövrü cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, intramedulyar stiflə osteosintezdən sonrakı vəziyyət, funksiya pozğunluğu ilə (XBT kodu - M80-M94, M86- M90, M86, M86.8)" diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə "digər xroniki hematogen osteomielitlər, sağ bazu sümüyünün xroniki hoatogen osteomeliti, bazu oynağının kontrakturası-hərəkət məhdudluğu, borunun orta yuxarı 1/3- nin ön boyun səthinin kolloid çapığı, ağrı sindromu, sol budun orta 1/3-nin bitişmiş sınığı, intramedulyar stiflə osteosintez əməliyyatından sonrakı vəziyyət, əzələnin kontrakturası, bud sınığının nəticələri (XBT kodu - M80-M94, M86-M90, M86, M86.8)" diaqnozu ilə "əlavə müalicəyə ehtiyacın olması" səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə isə "Z98.8 digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ bazunun irinli-iltihabi xəstəliyi ilə əlaqədar keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, çapıq toxumaları ilə, qalıq əlamətləri. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, bazu sümüyünün orta 1/3-nin sümük strukturunun qeyri hemogenliyi. Kontraktura-hərəkət məhdudluğu (bazu oynağı kürək sümükləri ilə). Ağırlaşma T93.1 Bud sınığının nəticələri, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı intramedulyar ştif ilə osteosintez əməliyyatından sonrakı vəziyyət, ağrı sindromu ilə" diaqnozu ilə "2013-cü ildən sonra xəstənin heç bir stasionar müalicə almaması, ixtisaslaşdırılmış müalicənin davam etdirilməsinin məsləhət görülməsi" səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, İİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1655/2022 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlil olaraq pensiya alsa da, hazırda aldığı pensiya dayandırılmışdır. O, əlilliyinə görə hərbi xidmətdən də azad olunmuşdur. O, dəfələrlə tibbi yoxlanışdan keçsə də cavabdeh orqan tərəfindən ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Bu səbəbdən də o, İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə etiraz təqdim edərək, orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsinə əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması, eyni zamanda 2013-cü ildən sonra xəstənin heç bir stasionar müalicə almamasını nəzərə alaraq iddiaçı barədə əyani müayinə qərardadının qəbul edilməsi xahiş olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-22/2024 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2015-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə təyin edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlillik təyin edilən xəstəliklərin siyahısında mövcud olmadığından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində əlilliyin bərpa edilməməsi mövqeyi haqlıdır və bu səbəbdən iddia təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək xx.xx.2024-cü il tarixli, 2-1(114)-22/2024 saylı qərarın ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərar üzrə məhkəmənin gəldiyi nəticə ədalətsiz və əsassızdır. Belə ki, ona körpə yaşlarından qanuni təyin edilmiş əlilliyin təmin edilməməsi yalnız ədalətsizlik adlandırılmalıdır. Qeyd olunan qərarın normalarının tələbinə əsasən əlilliyin qiymətləndirilməsi və sənədlərin elektron yerləşdirilməsi, məlumatların daxil edilməsi, əlilliklə bağlı komissiyanın rəyinin verilməsi və həmin rəyin barəsində şikayətin verilməsi və tərəfin razılaşmaması barədə hüquq və prosedur qaydalar nəzərdə tutulmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən onun iş materiallarında olan tibbi sənədlərə əsasən müəyyən edilir ki, 1998-ci il tarixdən hələ uşaqlıqdan onun sağlamlıq imkanları məhdud olmaqla əlilliyi qanuni və əsaslıdır. xx.xx.2024-cü il tarixli məktuba əsasən patofunksional dəyişikliyin qiymətləndirilməsi ilə bağlı mütəxəssisin gəldiyi nəticə üzrə yaranmış ağrı proseduru kimi qiymətləndirilməsi əsassızdır. Xəstəlik davam edir ki, ağrıların hələdə daimi olaraq qalması onun hərəkət fəaliyyətini məhdudlaşdırır. O cümlədən məhkəmə onun xəstəlik sənədlərinə münasibətdə artıq onun təkrar müayinə və reabilitasiyaya aid olmağını düzgün qiymətləndirməmişdir. Onun xəstəliyi ilə bağlı təyin edilmiş əlillik qanunvericiliyin tələbinə əsasən ona daimi olaraq əlilliyin təyin edilməsinə əsas verir. Həmçinin çox maraqlıdır ki, qərarı mübahisələndirilən orqanın onun qərarının əsaslılığını şübhə altına salınmasına kifayət qədər əsas verdiyi halda cavabdehin ekspert rəyində iştirakı tam məntiqsizdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “ona xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilməsini xahiş etmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-563/2024 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə: 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6); Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməlidir. Beləliklə işin hallarından görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə keçirilən müayinənin nəticəsində “sağ bazu sümüyünün xr hemotogen osteomeliti sağ bazu oynağında hərəkətin məhdudluğu sağ bazunun yuxarı 1/3 hissəsində s viş (XBT kodu - M95-99)” diaqnozu ilə 16 yaşınadək "digər" meyarı ilə, xx.xx.2014-cü il tarixdə eyni diaqnoz ilə 1 il müddətinə İİİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2015-ci il tarixdə "digər osteomielit, sağ bazu sümüyünün osteomeliti remisiya dövrü cərrahi əməliyyatdan sonrakı vəziyyət, ağrı sindromu funksiyasının pozulması ilə, sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı (XBT kodu - M80-M94, M86, M86.8, M86-M90)" diaqnozu ilə "diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmiş, xx.xx.2016-cı il tarixdə "sağ bazu sümüyünün osteomeliti remisiya dövrü cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, intramedulyar stiflə osteosintezdən sonrakı vəziyyət, funksiya pozğunluğu ilə (XBT kodu - M80-M94, M86- M90, M86, M86.8)" diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixdə "digər xroniki hematogen osteomielitlər, sağ bazu sümüyünün xroniki hoatogen osteomeliti, bazu oynağının kontrakturası-hərəkət məhdudluğu, borunun orta yuxarı 1/3- nin ön boyun səthinin kolloid çapığı, ağrı sindromu, sol budun orta 1/3-nin bitişmiş sınığı, intramedulyar stiflə osteosintez əməliyyatından sonrakı vəziyyət, əzələnin kontrakturası, bud sınığının nəticələri (XBT kodu - M80-M94, M86-M90, M86, M86.8)" diaqnozu ilə "əlavə müalicəyə ehtiyacın olması" səbəbi ilə və xx.xx.2022-ci il tarixdə isə "Z98.8 digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ bazunun irinli-iltihabi xəstəliyi ilə əlaqədar keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, çapıq toxumaları ilə, qalıq əlamətləri. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, bazu sümüyünün orta 1/3-nin sümük strukturunun qeyri hemogenliyi. Kontraktura-hərəkət məhdudluğu (bazu oynağı kürək sümükləri ilə). Ağırlaşma T93.1 Bud sınığının nəticələri, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı intramedulyar ştif ilə osteosintez əməliyyatından sonrakı vəziyyət, ağrı sindromu ilə" diaqnozu ilə "2013-cü ildən sonra xəstənin heç bir stasionar müalicə almaması, ixtisaslaşdırılmış müalicənin davam etdirilməsinin məsləhət görülməsi" səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi iddiaçıya xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixə (16 yaşınadək), xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə üçüncü dərəcə əlillik və xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçının sonuncu dəfə, xx.xx.2022-ci il tarixli qiymətləndirilməsi nəticəsində ona “Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağ bazunun irinli-iltihabi xəstəliyi ilə əlaqədar keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, çapıq toxumaları ilə, qalıq əlamətləri. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Bazu sümüyünün orta 1/3-nin sümük strukturunun qeyri hemogenliyi. Kontraktura-hərəkət məhdudluğu (bazu oynağı kürək sümükləri ilə). Ağırlaşma T93.1 Bud sınığının nəticələri, Sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı intramedulyar ştif ilə osteosintez əməliyyatından sonrakı vəziyyət, ağrı sindromu ilə.” diaqnozu ilə “Əlavə müalicəyə ehtiyacın olması - 2013-cü ildən sonra xəstə bu günə qədər heç bir stasionar müalicə almamışdır. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki tərəflər arasında yaranmış olan hüquq münasibəti xx.xx.2022-ci il tarixə düşdüyündən iddiaçıya əlillik 2022-ci il iyulun 1-dək qüvvədə olmuş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” əsasında təyin edilməlidir. Həmin Əsasnamənin 2.5-ci bəndinə görə tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: Həmin Əsasənamənin 2.5.6-cı bəndinə görə “hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6)” hallarında üçüncü dərəcə əlillik müddətsiz təyin edilir. Göründüyü kimi Əsasnamənin 2.5.6-ci bəndində tələb olunan indekslə TSEK müayinəsinin nəticəsində qeyd edilmiş indeks (M24.5) üst-üstə düşür. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin həm xx.xx.2022-ci il tarixli, T 532/2022 nömrəli, həm də xx.xx.2023-cü il tarixli, 47 nömrəli ekspert rəylərində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində adına tərtib edilmiş 9346003AAU9U (Forma 088) saylı göndərişdə qeyd edilən "Z98.8 - digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ bazunun irinli-iltihabi xəstəliyi ilə əlaqədar keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, çapıq toxumaları ilə qalıq əlamətləri, Ağırlaşma: M24.5-oynaqların kontrakturası, bazu sümüyünün orta "1/3-nin sümük strukturunun qeyri-homogenliyi, kontraktura hərəkət məhdudluğu (bazu oynağı kürək sümükləri ilə), T93.1-bud sınığının nəticələri, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, intramedulyar ştif ilə osteosintez əməliyyatından sonrakı vəziyyət ağrı sindromu ilə” diaqnozu onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kliniki, laboratorinstrumental və diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicəsi düzgün aparıldığından xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarından hər hansı birini aid etməyə imkan verməmişdir. Həmin rəyə kollegiya tənqidi yanaşaraq qeyd edir ki, ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamış, Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarının müvafiq bəndində olan xəstəliyin indeksi ilə iddiaçıya təyin olunmuş diaqnozdakı xəstəliyin indeksi üst-üstə düşdüyü halda ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozun “Əsasnamənin meyarlarından hər hansı birini aid etməyə imkan vermədiyini” qeyd etmişdir. Ona görə də həmin rəy mötəbər dəlil kimi qəbul edilmir. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının xəstə olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.5.6-cı bəndində tələb olunan indekslə xx.xx.2022-ci il tarixdə imtinada qeyd edilmiş indeks (M24.5) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya üçüncü dərəcə müddətsiz əlillik təyin edilməli idi. Bundan əlavə məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli imtinanın səbəbinə münasibətdə qeyd edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin fərdi reabilitasiya proqramını tərtib etmək və onun icrasına nəzarət etmək həmin qurumun fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir və həmin vəzifənin həyata keçirilməsi “X2 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi” Qaydası ilə tənzimlənir. Dolayısıyla, əvvəlki əlillik dövründə müayinə və müalicə almanın təsdiq edilmədiyinə dair cavabdeh tərəfindən bildirilən dəlil, Fərdi reabilitasiya proqramı və onun icrası nəzərə alınmaqla qiymətləndirilməlidir. Çünki sözügedən Qaydanın tələblərinə görə, TSEK əlilliyi müəyyən edilmiş hər bir şəxs barəsində Fərdi reabilitasiya proqramını tərtib etmək, eləcə də müəyyən edilmiş tədbirlərin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə isə altı ayda bir dəfə aidiyyəti üzrə tədbirlərə yenidən baxmaq öhdəliyi daşıyır. Beləliklə də, İddiaçı əlilliyi iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz üçüncü dərəcə müddətsiz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Göründüyü kimi imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-22/2024 saylı qərarı ləğv edilməli və İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-22/2024 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar