Məhkəmə qərarları › İş №2-1(104)-568/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-568/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-568/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-300/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1991-ci ildə Göygöl rayonu, Balçılı kəndində anadan olmuşdur.

2. İddiaçı xx.xx.2014-cü il tarixdən N nömrəli hərbi hissədə motoatıcı taqımın sürücüsü vəzifəsində xidmət edir. (xx.xx.2021-ci il tarixdən 1721-ci motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının sürücüsü vəzifəsində).

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2372 nömrəli sərəncamı ilə iddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.

4. İddiaçıya xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmişdir.

5. xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 1-ci taborunun qərargah rəisi tabor komandirinin müavinə təhkim edilmiş avtomat silahın vətəndaş X14 tərəfindən Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilməsi faktı ilə bağlı X20 şöbəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Cavabdeh komandirinə təklif edilmişdir ki, əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232-ci maddəsinin tərkib əlamətləri olduğunu nəzərə alaraq, toplanmış sənədlərin aidiyyəti üzrə Kəlbəcər rayon prokurorluğuna göndərilsin, baş vermiş hadisə ilə əlaqədar aparılan araşdırma zamanı N nömrəli hərbi hissədə aşkar olunmuş qanun pozuntuları və cidd nöqsanlara görə təqsirkar şəxslər intizam icrasında cəzalandırılsın.

6. Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmrinin 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsini 43-cü maddəsinin tələblərini pozaraq xidmət vaxtı spirtli içki qəbul etdiklərinə və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4-cü yarımbəndinin tələblərinin kobud şəkildə pozulmasına yol verdiklərinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) iddiaçının ehtiyata buraxılması əmr edilmişdir.

7. xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılması üçün təqdimat hazırlanmışdır.

8. Təqdimat onunla əsaslandırılmışdır ki, iddiaçı haqqında araşdırma aparılmış və Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmri ilə xidməti uyğunsuzluqla ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edilmişdir. İddiaçı özünü sağlam hiss edir, hərbi həkim komissiyasına göndərilməsinə ehtiyac duyulmur.

9. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 033əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

10. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 146 nömrəli əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbii xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil verilmiş hesab edilmiş, xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir. Əmrin verilməsinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 033əç nömrəli əmr olmuşdur.

11. N nömrəli hərbi hissənin komandiri Turac Hacıyev tərəfindən verilmiş (imzalanmış və möhürlü) nömrəsiz və tarixsiz arayışında qeyd olunur ki, iddiaçı Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmri ilə ehtiyata buraxılarkən onunla söhbətləşmə aparılmamışdır.

12. Kəlbəcər Hərbi Prokurorluğu tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, MP-3-3-25/2-2273/23 nömrəli məktuba əsasən Kəlbəcər hərbi prokurorluğunda X6 N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsini icra edən- taborun qərargah rəisi, mayor X7 təhkim edilmiş “AKM” markalı “H37465” nömrəli avtomat silah və 30 ədəd döyüş sursatı ilə birlikdə 1 ədəd sursat darağını icazəsiz götürərək Kəlbəcər Rayon Polis Şöbəsinə təqdim etməsi və X4 xidməti otağında ondan xəbərsiz sonuncunun videogörüntülərini çəkərək, “WhatsApp” mobil tətbiqi vasitəsilə polis əməkdaşlarına göndərməsi xüsusatları üzrə Ə.T.Qaraşovun barəsində, N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsini icra edən-taborun qərargah rəisi, mayor X4 silahın və döyüş sursatının mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməməsi və 1993-cü ildə Kəlbəcər rayonu erməni qəsbkarları tərəfindən isğal edildiyi vaxtdan meşələrə qaçaraq nəzarətsiz qalan sahibsiz iri buynuzlu mal-qaranı tutmaq niyyəti ilə xidməti ərazisi sayılan Kəlbəcər rayonunun Zar kəndində yerləşən N nömrəli hərbi hissənin 1-ci taborun qərargahını tərk edərək N nömrəli hərbi hissənin xidməti ərazisinə, yəni Kəlbəcər rayonunun Bağırlı kəndinə getməsi xüsusatları üzrə E.T.Yolçuyevin barəsində, N nömrəli hərbi hissənin 1-ci taborunun qərargah rəisi tabor komandirinin müavini, mayor X4 1993-cü ildə Kəlbəcər rayonu erməni qəsbkarları tərəfindən işğal edildiyi vaxtdan meşələrə qaçaraq nəzarətsiz qalan sahibsiz iri buynuzlu mal-qaranı tutmaq barədə tapşırığı ilə xidməti ərazi sayılan Kəlbəcər rayonunun Zar kəndində yerləşən N nömrəli hərbi hissənin 1-ci taborun qərargahını tərk edərək N nömrəli hərbi hissənin xidməti ərazisinə, yəni Kəlbəcər rayonunun Bağırlı kəndinə getmələri xüsusatı üzrə həmin taborun 3-cü bölüyünün 3-cü tağımının 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş İsgəndərov Ümid llham oğlu və 1-ci taborun maddi-texniki təminat tağımının, avtomobil manqasının baş sürücüsü, əsgər X2 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

13. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-25/2-1029/24 nömrəli məktubuna əlavə edilmiş İddiaçı Xidmət dəftərçəsinin təstiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 059əç nömrəli əmrə əsasən İddiaçı xidmət müddəti xx.xx.2025-ci il tarixədək artırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “193 saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 033 əç nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qərar qəbul olunması”nı xahiş etmişdir.

15. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi brədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3273/2023 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qəbul edilmiş və N saylı hərbi hissədə l-ci motoatıcı 3-cü bölük 3-cü tağmının sürücüsü müddətdən artıq kiçik çavuş vəzifəsində çalışmışdır. Xidmət etdiyi 9 il ərzində daima xidmətini layiqincə yerinə yetirmiş, bir dəfə də olsun hərbi xidmət üzrə üzərinə qoyulmuş vəzifələrə görə cəza almamış, əksinə bu müddət ərzində həm aprel döyüşlərində, həm də 44 günlük müharibədə iştirak etmiş, medal və digər təltiflərlə təltif edilmişdir. 01 may 2023-cü il tarixdə xidmətdə olarakən ona bidirdilər ki, təxris olunmuşdur və hərbi komissarlığa getməlidir. İddiaçı təxris edilməsinin səbəbini soruşduqda bildirdilər ki, hərbi hissə komandirinin əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) xidmətdən azad olunmuşdur. İddiaçı hər hansı xidmətə uyğunsuzluq etmədiyi bildiyi üçün əmrin surətini tələb etmiş, lakin ona əmrin surətini verməmişlər. İddiaçının çoxsaylı müraciətlərindən sonra, nəhayət 15 may 2023-cü il tarixdə ona N nömrəli Hərbi hissənin komandirinin 146 nömrəli əmrindən çıxarış verdilər. Həmin əmrdən çıxarışda da hansı etdiyi əmələ görə xidməti uyğunsuzluğu olduğu göstərilməmiş, hansı səbəbdən təxris olunması qeyd edilməmişdir. Ona görə məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişlər.

18. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 12414 nömrəli etirazını təqdim etmişdir. Etirazda işin halları qeyd edilmiş, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3,7,43-cü maddələrinə, Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsi, “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4, 10.1-ci bəndlərinə istinad edərək iddianın rədd edilməsini xahiş etmişlər.

19. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən iddiaçı ilə söhbətləşmə aparılmamış, onun izahatı dinlənilməmişdir

20. Gəncə İnzibati Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2024-cü tarixli, 2-1(114)- 300/2024 saylı qərarı ilə iddianın təmin olunması qərara alınmışdır.

21. Məhkəmə hesab etmişdir ki, Əsasnamənin 161 və 162-ci maddələrinin tələbləri cavabdeh tərəfindən təmin olunmamışdır. Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmri ilə ehtiyata buraxılarkən onunla söhbətləşmə aparılmamış, həmçinin əmrin qəbulu zamanı təqdimat və raport tərtib edilməmiş, şərəf məhkəməsi keçirilməmişdir. İşdəki N nömrəli hərbi hissə komandiri tərəfindən tərtib edilmiş təqdimat isə əmrin verilməsindən 15 gün sonra (xx.xx.2023-cü il tarixdə) hazırlanmışdır. Bu isə, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin müddəalarının tələblərinin təmin olunmamasının aşkar göstəricisidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-300/2024 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 20 mart 2023-cü il tarixdə N nömrəli hərbi hissənin 1-ci taborunun qərargah rəisi - tabor komandirinin müavini mayor X7 təhkim edilmiş “AKM” markalı H3 7465 nömrəli avtomat silahın vətəndaş X14 tərəfindən Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilməsi faktı ilə bağlı Hüquq şöbəsində araşdırma aparılmış, araşdırma zamanı N nömrəli hərbi hissənin 1-ci taborun 3-cü bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri MAHHXHQ çavuş X5 təqdim etdiyi özünə məxsus smartfon tipli mobil telefonda onun tabor komandiri mayor X9 və MAHHXHQ əsgər X15, MAHHXHQ kiçik çavuş X10 və Samux rayon sakini “İlkin” adlı şəxs ilə birlikdə ov zamanı çəkilmiş fotoşəkillər və 1-ci taborun tibb məntəqəsinin xidməti otağında taborun tibb məntəqəsinin feldşeri gizir X11, 1-ci tabor 3-cü bölüyün baş atıcısı MAHHXHQ kiçik çavuş X12, 1-ci bölüyün sanitar-təlimatçısı MAHHXHQ əsgər X8, 2-ci bölüyün sürücüsü MAHHXHQ kiçik çavuş İddiaçı “Tik-Tok” platformasında paylaşılmış içki məclisində çəkdikləri videogörüntü aşkar olunmuşdur. Qeyd olunan faktla bağlı MAHHXHQ kiçik çavuş İddiaçı Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra N nömrəli hərbi hissə komandirinin təqdimatına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 033əç nömrəli əmrinə əsasən MAHHXHQ kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq ehtiyata buraxılmış, belə olan halda MAHHXHQ kiçik çavuş İddiaçı MAHHXHQ-larının şərəf məhkəməsində dinlənilməsi zəruri deyildir. Kəlbəcər hərbi prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı barəsində araşdırma aparılmamış və qərar qəbul edilməmişdir. Belə ki, Cavabdeh Hüquq şöbəsində N nömrəli hərbi hissənin hərbi qulluqçusu mayor X4 barəsində aparılan araşdırma zamanı MAHHXHQ kiçik çavuş İddiaçı Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 43-cü maddəsinin (Hərbi qulluqçunun xidmət yerində sərxoş vəziyyətdə olması yolverilməzdir. Bu hal baş verirsə, o, hərbi qulluqçu şərəfini və ləyaqətini ləkələyir və buna görə ciddi məsuliyyətə cəlb edilməlidir) və Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4-cü bəndinin (Hər bir hərbi qulluqçu xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdən istifadə edərkən ehtiyatlı olmalı, hərbi xidmət və xidmətlə bağlı sənədləri, xidməti fəaliyyəti və vəzifələri, habelə özü barədə, eləcə də dövlət sirri təşkil edən, xidməti istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Ordusunun qanun maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatları paylaşmamalı, xidmət yerinin, özünün hərbi geyimdə olan və ya xidmət yerində çəkilmiş fotoşəkillərini yerləşdirməməli, digər hərbi qulluqçuları bu cür hərəkətdən çəkindirməlidir) tələblərinin kobud şəkildə pozması aşkar edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-300/2024 saylı qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, odur ki, təmin olunmamasını və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-300/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq normaları

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

28. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Maddə 41.0.6. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 29.“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Bənd 1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Bənd 2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Bənd 155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 - 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. Bənd 156. Yarımbənd e. Hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Bənd 162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Bənd 163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndi, 158-ci maddəsinin “b” bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin “q” bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Bənd 165. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Bənd 168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

31. İPM 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. İPM 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

33. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə əməl olunmaqla verilmişdir.

41. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. İş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmri ilə iddiaçının xidməti uyğunsuzluqla ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023cü il tarixli, 033əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda sözügedən əmrin əsassız olduğunu iddia edərək, onun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

46. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisələndirilən əmrin surətini iddiaçı birinci instansiya məhkəməsindəki icraat zamanı, yəni xx.xx.2023-cü il tarixdə əldə etmiş və dərhal iddia tələbini dəqiqləşdirmişdir. xx.xx.2023-cü il tarixli, 033əç nömrəli əmr isə apellyasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi, 15 may 2023-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza edilməklə iddiaçıya təqdim edilmiş və ona ehiyata buraxılması barədə əmr elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsinə göndərilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən prosessual müddətlərlə bağlı tələblərə riayət edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmr qəbul edilərkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əməl edilməmişdir. Belə ki, Əsasənamənin 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Lakin iş materialları ilə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmaya iki ay qalmış xəbərdar edilməsi müəyyən edilmir.

48. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Əsasnamənin bu maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılışı haqqında cavabdeh orqan tərəfindən müvafiq söhbətlərin aparılması müəyyən edilmir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, Əsasnamənin 155-ci bəndinə əsasən, hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. Göründüyü kimi, iddiaçı Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq hərbi xidmətdən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Şərəf məhkəməsinin iclasının keçirilməsi isə iş materialları ilə müəyyən edilmir.

50. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 163-cü maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Göründüyü kimi iddiaçı hərbi xidmətdən ehtiyata buraxılarkən cavabdeh inzibati orqan tərəfindən Əsasnamənin yuxarıda qeyd edilən maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, iş materialları ilə iddiaçının nəinki hərbi-həkim komissiyasının müayinəsinə göndərilməsi, hətta ona belə bir təkilfin edilməsi belə müəyyən edilmir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndiriən əmr qəbul edilərəkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılarkən ona bununla bağlı iki ay öncədən heç bir xəbərdarlıq edilməmiş, həmçinin onunla qanunla müəyyən edilmiş qaydada aparılması nəzərdə tutulmuş fərdi söhbətlər aparılmadan, hərbi-həkim komissiyasından keçmədən xidmətdən ehtiyata buraxılmışdır. Digər tərəfdən, iddiaçı öz izahatında da ona hər hansı xəbərdarlıq edilmədiyini, fərdi söhbət aparılmadığını və hərbi-həkim komissiyasından keçmədiyini bildirmişdir. Həmçinin N nömrəli hərbi hissə komandiri Turac Hacıyev tərəfindən verilmiş (imzalanmış və möhürlü) nömrəsiz və tarixsiz arayışında da, qeyd olunmuşdur ki, iddiaçı Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli 136 nömrəli əmri ilə ehtiayata buraxılarkən onunla söhbətləşmə aparılmamışdır.

52. Həmçinin iş materialları ilə müəyyən olunur ki, N nömrəli hərbi hissə komandiri tərəfindən tərtib edilmiş təqdimat isə mübahisələndirilən əmrin verilməsindən 15 gün sonra (xx.xx.2023-cü il tarixdə) hazırlanmışdır. Bu isə, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə aid tələblərin təmin olunmamasının aşkar göstəricisidir.

53. Cavabdeh inzibati orqan iddiaçı barəsində verilmiş əmri onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı aşkar edilmişdir ki, N nömrəli hərbi hissənin 1-ci taborun tibb məntəqəsinin xidməti otağında taborun tibb məntəqəsinin feldşeri gizir X11, 1-ci tabor 3-cü bölüyün baş atıcısı MAHHXHQ kiçik çavuş X12, 1-ci bölüyün sanitar-təlimatçısı MAHHXHQ əsgər X16, 2-ci bölüyün sürücüsü MAHHXHQ kiçik çavuş İddiaçı içki məclisi təşkil etmiş və MAHHXHQ kiçik çavuş İddiaçı Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 09 aprel 2020-ci il tarixli “Azərbaycan Ordusunda mobil telefonların istifadəsi zamanı informasiya təhlükəsizliyinin təmin olunması” və 10 sentyabr 2021-ci il tarixli “Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən sosial şəbəkələr, ünsiyyət tətbiqləri və digər internet media platformalarında istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi” haqqında əmrlərinin tələblərini kobud şəkildə pozaraq bu görüntüləri “Tik-Tok” platformasında paylaşdığı səbəbi ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq hərbi xidmətdən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən əmrin qəbul olunmasına əsas olmuş hallar, yəni iddiaçının N nömrəli hərbi hissənin 1-ci taborun tibb məntəqəsinin xidməti otağında bir qrup hərbi qulluqçu ilə birlikdə içki məclisi təşkil etməsi və bu görüntüləri “Tik-Tok” platformasında paylaşdığı halları iş materialları ilə müəyyən edilmir və bunu təsdiq edən mötəbər sübutlar mövcud deyildir.

55. Digər tərəfdən kollegiya qeyd edir ki, cavabdeh orqanın etirazının əsası kimi göstərdiyi hallar mövcud olduğu halda, yəni əgər iddia edildiyi kimi iddiaçı tərəfindən taborun tibb məntəqəsinin xidməti otağında bir qrup hərbi qulluqçu ilə birlikdə içki məclisi təşkil etməsi və bu görüntüləri “Tik-Tok” platformasında paylaşmasına dair məlumat olduğu halında, bununla bağlı hərbi hissənin komandanlığı tərəfindən müvafiq hüquq-mühafizə orqanlarına məlumat verilməli və yaxud xidmətin təhqiqat orqanları tərəfindən fakt üzrə müvafiq araşdırma aparılmalı idi, lakin iş materiallarında olan Kəlbəcər Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3-240/2-2043/2024 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılmamış və qərar qəbul edilməmişdir.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hətta iddiaçının intizam məsuliyyətinə çəlb edilməsi üçün əsaslar olduğu təqdirdə belə cavabdeh inzibati orqan diskresion səlahiyyətlərindən hansı qaydada istifadə etməsinə hüquqi qiymət verməli idi. İş materialları ilə müəyyən edilir ki, iddiaçı müharibə iştirakçısı və veteranıdır, mübahisələndirilən əmr istisna olmaqla barəsində hər hansı intizam cəzası tətbiq edilməmişdir. İşin yuxarıda şərh olunan və bununla bağlı “İnzibati icraat haqqında” Qanuna, İnzibati Prosessual Məcəlləyə və sahəvi qanunvericilik aktlarının tələblərinə əsasən qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüququ münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyat keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Bu tələbdən çıxış edərək məhkəmə kolegiyası qeyd edir ki, hazırki işdə diskresion səlahiyyətlər əsasında hərəkət edən cavabdeh inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkəti bu səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddaçıya “Hərbi Xidmətkeçmə haqında“ Əsasnamənin 156-cı maddəsinin “e” xidməti uyğunsuzluğa görə bəndini tətbiq edərkən, Azərbaycan Respublikası Silahlı X1 müvafiq maddələrində nəzərdə tutulmuş digər alternativ intizam cəzalarının tətbiq edilməsinin mümkünlüyü ümumiyyətlə müzakirə etməmişdir.

57. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

58. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-300/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar