Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-570/2023 27.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, “İş illərinin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1463/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İT ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən etibarən müxtəlif müəssisələrdə hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur.
2. X2 və X5 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan SSR Tcarət Nazirliyinin (TN) "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin (RTPSB) 96 №-li əmri ilə xx.xx.1991-ci il tarixdən 29 №-li mağazaya xadimə qəbul edilmiş, xx.xx.1998-ci il tarixli 195k №-li əmri ilə həmin tarixdən öz xahişi ilə işdən azad edilmişdir. O, Azərbaycan SSR Ticarət Nazirliyinin "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında dekabr 1991-1993-cü illər əmək haqqı almışdır, onun 1994-1998-ci illər üzrə isə əmək haqqı cədvəlləri arxivdə yoxdur.
3. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən hal-hazıradək Gəncə şəhər Yoluxucu Xəstəliklər xəstəxanasında kiçik tibb bacısı vəsifəsində işləyir və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına uyğundur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 25 avqust 2023-cü il tarixli 3-21-3-06/2-251/2023 saylı məlumatdan görünür ki, mərkəzin arxivinə Azərbaycan SSR Ticarət Nazirliyi (TN) “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin (RTPSB) 29 saylı mağazasının 1994-1998-ci illər üzrə əmək haqqı cədvəlləri təhvil verilməmişdir, lakin İddiaçı adına mövcud olan əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
5. Dövlət Əmlak Komitəsinin “İstehsalat və Təsərrüfat” İdarəsi 195k nömrəli, 08 may 1998-ci il tarixli əmri ilə Mehdiyeva X3 rayonunda yerləşən 29 saylı mebel mağazasının xadiməsi vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1994-xx.xx.1998-ci illərdə işlədiyi əmək kitabçasında qeydiyyatı aparılmış dövrün ümumi iş stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmiş, 01 07.2011-ci il tarixdən hal -hazıradək isə Gəncə Yoluxucu xəstəliklər xəstəxanasında kiçik tibb bacısı vəzifəsində işləyir. Axırıncı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 19-cu Tibb və sosial təminat müəssisələri başlığının, a) yarım bəndində göstərilən vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində: orta tibb heyəti, kiçik tibb heyəti vəzifələrinə uyğundur, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Əmək kitabçasına əsasən onun xx.xx.1998-ci il tarixədək cəmi 17 il 07 ay 01 gün, xx.xx.2011-il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixədək fərdi hesabında aparılan qeydiyyatlara əsasən 10 il və cəmi stajı 27 il 07 ay 01 gün təşkil edir. Bundan isə ümumi iş stajı 27 il 07 ay 01 gün, xüsusi iş stajı isə 10 ildir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
8. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə ərizəsi icraata qəbul edilmişdir.
9. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair etiraz ərizəsində bildirilmişdir ki, iddiaçının mübahisələndirilən sığorta stajı “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında xadimə vəzifəsində işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdür. İddiaçının mübahisələndirilməyən sığorta stajı isə 22 il 9 ay 22 gün təşkil edir. İş üzrə icraat materiallarına əlavə edimiş xx.xx.1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və X2 və X5 hüquqi şəxsinin iddiaçıya dair xx.xx.2022-ci il tarixli **********61 nömrəli arayışında xx.xx.1991-xx.xx.1998-ci il tarixlər arasındakı dövr ərzində "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında xadimə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisənin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli arayışında isə 1994-1998-ci il tarixlər arasındakı dövr ərzində əmək haqqı cədvəllərinin arxivdə olmadığı qeyd edilmişdir. İddiaçının 1994- 1998-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə uyğun deyildir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1463/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinədək, yəni xx.xx.2006-cı ilədək ümumilikdə 27 il 2 ay 2 gün sığorta stajı vardır. Həmin stajın 10 il 7 ayı Gəncə şəhər X1 işlədiyi kiçik tibb bacısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının müvafiq müddəaları ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirilən sığorta stajı “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında xadimə vəzifəsində işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdür. İddiaçının mübahisələndirilməyən sığorta stajı isə 22 il 9 ay 22 gün təşkil edir. İş üzrə icraat materiallarına əlavə edimiş xx.xx.1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və X2 və X5 hüquqi şəxsinin iddiaçıya dair xx.xx.2022-ci il tarixli **********61 nömrəli arayışında xx.xx.1991-xx.xx.1998-ci il tarixlər arasındakı dövr ərzində "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında xadimə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisənin xx.xx.2022-ci il tarixli **********62 nömrəli arayışında isə 1994-1998-ci il tarixlər arasındakı dövr ərzində əmək haqqı cədvəllərinin arxivdə olmadığı qeyd edilmişdir. İddiaçının 1994-1998-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə uyğun deyildir. Qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının ümumi iş stajı olmadğı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. İddiaçının apellyasiya şikayətinə etiraz olaraq təqdim etdiyi 27 iyul 2023-cü il tarixli, 3-7/1-M-2255-127/23 nömrəli ərizə iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İddiaçı ərizə ilə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyası:
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının: XXİV bölməsində 22600000—1754a tauna qarşı idarələrdə məşğul olan işçilər nəzərdə tutulmuşdur.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 9.1.axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu:
13. a) bəndi. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 32N-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
26. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və pensiya yaşına çatdığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçının ümumi sığorta stajının yetərsiz olması əsası ilə imtina etmişdir.
27. Cavabdeh inzibati orqan imtinasının əsası kimi qeyd etmişdir ki, iddiaçının 1994-1998-ci illər üzrə "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında işlədiyi illərlə bağlı müəssisənin əmək haqqı cədvəlləri arxivdə saxlanılmadığından həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün deyil, bu halda iddiaçının ümumi iş stajı ona pensiya təyin edilməsi üçün kifayət etmir.
28. Bununla bağlı qeyd olunur ki, X2 və X5 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan SSR Tcarət Nazirliyinin (TN) "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin (RTPSB) 96 №-li əmri ilə xx.xx.1991-ci il tarixdən 29 №-li mağazaya xadimə qəbul edilmiş, xx.xx.1998ci il tarixli 195k №-li əmri ilə həmin tarixdən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı Azərbaycan SSR Ticarət Nazirliyinin "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında dekabr 1991-1993-cü illər əmək haqqı almışdır, onun 1994-1998-ci illər üzrə isə əmək haqqı cədvəlləri arxivdə yoxdur.
29. Apellyasiya instansiyasına sorğu əsasında təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 25 avqust 2023-cü il tarixli 3-21-3-06/2-251/2023 saylı məlumatdan görünür ki, mərkəzin arxivinə Azərbaycan SSR Ticarət Nazirliyi (TN) “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin (RTPSB) 29 saylı mağazasının 1994-1998-ci illər üzrə əmək haqqı cədvəlləri təhvil verilməmişdir, lakin İddiaçı adına mövcud olan əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Dövlət Əmlak Komitəsinin “İstehsalat və Təsərrüfat” İdarəsi 195k nömrəli, 08 may 1998-ci il tarixli əmri ilə Mehdiyeva X3 rayonunda yerləşən 29 saylı mebel mağazasının xadiməsi vəzifəsindən azad edilmişdir.
30. Göründüyü kimi İddiaçı “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin (RTPSB) 29 saylı mağazasının 1994-1998-ci illər ərzində xadimə işlədiyi mötəbər sübutlarla təsdiq olunmuşdur.
31. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
32. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz və bu iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
33. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün 3 şərt -1. iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, 2. iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması, 3. iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda göstərilməsi tələb olunur və qeyd edilən dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir.
34. Belə ki, iddiaçı tələb olunan yaş həddinə çatmışdır və onun qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün nəzərdə tutulan tam əmək stajı (ümumi və güzəştli) mövcuddur. Nəticə etibarı ilə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
35. Məhkəmə kollegiyası pensiyanın ödənilməsi tarixinə də hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı bununla bağlı məhkəmə kollegiyasına müvafiq ərizə ilə müraciət etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qərarı iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində dəyişdirilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1463/2023 nömrəli qərarı “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2022-ci il il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1463/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov