Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-570/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı kimya fəninin vakansiyaya çıxarılma sərəncamının ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, “kimya fəninnin vakansiyaya çıxarılma sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-466/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Gədəbəy rayonu üzrə Təhsil sektoru Novo İvanovka kənd tam orta məktəbinin direktorunun 22 iyun 2023-cü il tarixli, 01 nömrəki məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 08 may 2018-ci il tarili, F 346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan” ümumi təhsil müəssisələrində müəllimlərin tələbatının müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi” Qaydalarının 2.2-ci bəndinə əsasən Gədəbəy rayon Nopvo İvanovka kənd tam orta məktəbində biologiya və kimya ixtisas müəlliminin kimya fənnindən diaqnostik qiymətləndirilmədən keçmədiyinə kimya fənni üzrə 9 (doqquz) saat dərs yükü olmaqla vakant yer yaranmışdır. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Novoİvanovka kənd tam orta məktəbində tədris etdiyi kimya fənnini vakansiyaya çıxarma sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbində kimya və biologiya dərslərini tədris edir, özü də hər iki fənnin tədrisi üzrə 36 il təcrübəsi var, Bakı Dövlət Univensitetinin biologiya və kimya fakültəsini 1987-ci ildə bitirmişdir. Həmin zamandan da müəllim işləyir və qeyd edilən fənnləri tədris edir. Kimya və biologiya ixtisası üzrə məktəbdə iki müəllim var, birinin dərs saatı 10, digərinin isə 9-dur. Bu fənlərin 9 saatı kimyadır. Kimya fənni vakansiyaya çıxarılarkən onun 5 saat dərs yükü olur. Bu da dözülməzdir. Məktəbin direktoru 9 saat kimya dərsini vakansiyaya çıxarmış, səbəbini onun kimyadan diaqnostikada iştirak etməməsi ilə izah etmişdir. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirinin qərarına əsasən onda qoşa fənn olduğu üçün onlardan biri (biologiya) üzrə diaqnostikada iştirak etmiş, 42 bal toplamışdır. Sertifikasiya başladığı üçün indi hər iki fəndən imtahan verməyə hazırdır. Odur ki, kimya dərsi yersiz, yəni əsassız olaraq vakansiyaya çıxarılmışdır. Bu özbaşnalığın nəticəsində həm ona maddi zərər dəyir, həm də də şagirdlərin normal təhsil almalarına əngəl yaradılır, Azərbaycan Respublikası Təhsil Nazirinin qərarı inkar edilir. İxtisasca əmək müəllimi olan məktəb direktoru qeyd edilən vəziyyətdə kimya dərsini vakansiyaya çıxarmaqla haqsızlığa yol verir. O, kimya dərsinin vakansiyaya çıxarılmasından Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etmişdir. Cavab verilmişdir ki, məktəbdə kimya ixisaslı müəllim olmadığı, habelə o, kimya fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etmədiyi üçün kimya fənninin dərs saatları vakant elan edilmişdir. Habelə, məktəbdə kimya fənni üzrə müəllim təyinatı olmazsa, kimya fənninin tədrisi ona əvəzçilik qaydasında verilə bilər. O da bu cavabla razı deyil.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-466/2024 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbi inzibati orqan olmadığından işə inzibati məhkəmədə deyil, müvafiq rayon(şəhər) məhkəməsində mülki mühakimə icraatı qaydasında baxılmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-466/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir və əlavə olaraq qeyd edilir ki, cavabdeh düzgün olaraq qeyd edilmiş, işə inzibati məhkəmədə baxılmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı və nümayəndəsi ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
10. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
12. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
14. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2017-ci il tarixli qərarında göstərmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığmı müəyyən etməlidir.
17. İşin hallarından görünür ki, , İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı iddia qaldıraraq Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbində kimya fənni üzrə dərs saatlarının vakansiyaya çıxarılmasına dair sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia qaldırmaqda hüquqi marağı Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbində kimya fənni üzrə dərs saatlarının vakansiyaya çıxarılmasına dair sərəncamın ləğvidir. Sözügedən sərəncamın verilməsinə əsas Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbi tərəfindən QazaxTovuz Regional Təhsil İdarəsinə təqdim edilmiş kimya fənni üzrə dərs saatlarının vakansiyaya çıxarılmasına dair məlumatlar olmuşdur.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarın da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
19. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. Adıçəkilən qərarın 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24- 26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.
21. Məhkəmə kollegiyası iddiaçıların diqqətinə çatdırmaq istəyir ki, hazırki mübahisə xüsusi hüquq normaları ilə tənzimləndiyindən aidiyyəti üzrə ümumi (rayon) məhkəməyə müraciət etmək hüququ vardır.
Nəticə hissəsi: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-466/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov