Məhkəmə qərarları › İş №2-1(104)-574/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-574/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-574/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi X3, cavabdehin etibarnamə üzrə nümayəndəsi X20, üçüncü şəxslər X7 və X5 iştirakları ilə, “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1530/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə üçüncü şəxslərin adına tərtib olunmuş JN 1755A saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası Tovuz rayonu, Aşağı Ayıblı kənd (indiki Əyyublu kənd) sakini X11 miras qalmış əmlaka - Tovuz rayonun Aşağı Ayıblı kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə Ağstafa rayon Məhkəməsinin 02 dekabr 2005-ci il tarixli, 2-144/2005 saylı qətnaməsi ilə mülkiyyətçi tanınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır və qətnamə əsasında mülkiyyət hüquqları cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmışdır və ona 13 fevral 2006-cı ildə cavabdeh tərəfindən Qeydiyyat Vəsiqəsi, sonradan isə mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Lakin Çıxarışda iddiaçının yalnız evə görə hüquqları qeydə alınmışdır. Cavabdeh evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan və müvafiq çıxarış verməkdən imtina edir. Əsas olaraq göstərir ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi JN 1755A nömrəli şəhadətnaməyə əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı cavabdehin bu mövqeyi ilə razı deyil. Ona görə ki, həmin torpaq sahəsi ilə bağlı bütün sənədlər ləğv olunub. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Hansı ki, həmin qətnamə bir neçə il bundan əvvəl qanuni qüvvəyə minib və cavabdeh tərəfindən tam şəkildə icra olunub. İddiaçı hesab edir ki, cavabdehin imtinası qeyri-qanunidir, bu səbəbdən də mərhum atasından qalmış miras evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə üçüncü şəxslərin adına tərtib olunmuş JN 1755A saylı şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Torpağın mülkiyyətə verilməsinə dair JN 1755A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1530/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 2- 144-2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsinin üzərində yerləşən ev xx.xx.1994-cü il tarixdə X21 tərəfindən X1. Həmin qətnamə ilə Elşad Həsənovun adına verilmiş qeydiyyat vəsiqəsi, evin alqı-satqısı barədə X24 Səfixanov arasında bağlanmış müqavilə və İsmayıl Səfixanovun adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilsə də, ev 1994-cü ildən 2006-cı ilin 05 yanvar tarixinədək (icra vərəqəsi verilənədək) İsmayıl Səfixanovun mülkiyyətində olmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq islahat zamanı evin yerləşdiyi torpaq sahəsi İsmayıl Səfixanovun və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmçinin torpaq sahəsinə işlənmiş və hazırda mübahisələndirilən şəhadətnamə xx.xx.2004-cü il tarixdə verilmişdir ki, bu tarix də İsmayıl Səfixanovun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilmə tarixindən əvvələ təsadüf edir. “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli, JN-1755A KOD 50300068 nömrəli şəhadətnamənin İsmayıl Səfixanovun və onun ailə üzvlərinin adına verilməsi ilə qanun pozuntusuna yol verilməmişdir. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və təmin olunmasını xahiş etdilər. Üçüncü şəxs X15 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, həmin torpaq sahəsində yerləşən evi 1994-cü ildə almış, ev onun adına olduğuna görə torpaq sahəsi də haqlı olaraq ona və ailə üzvlərinə verilmişdir. Üçüncü şəxs X12 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İddia ərizəsində qeyd olunur ki, iddiaçının mərhum atasından miras qalan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları tanınmasına dair Ağstafa Rayon Məhkəməsinin 02 dekabr 2005-ci il tarixli, 2-144/2005 nömrəli qətnaməsi əsasında hüquqları dövlət qeydiyyatına alınmış, bundan sonra fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1755A nömrəli şəhadətnamə üzrə üçüncü şəxslərin mülkiyyətində olması səbəbindən imtina edilmişdir. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2004-cü il tarixli, 250 nömrəli arxiv arayışından görünür ki, Aşağı Ayıblı kənd XDS icraiyyə komitəsinin rayon dövlət arxivində 1969-1971ci il təsərrüfat kitabının 52-ci vərəqəsində mərhum X16 adına təsərrüfat olmaqla 14 mart 1971-ci ildə vəfat etmişdir, onun vəfatından sonra təsərrüfat xx xxxx 1951-ci ildə anadan olmuş qızı X13 adına yazılması göstərilmişdir. Ağstafa Rayon Məhkəməsinin 2-144-2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 mərhum atası X14 miras qalmış Tovuz rayonunun Aşağı Ayıblı kəndindəki yaşayış evinin cavabdeh X9 adına qeydə alınmasına dair 468 reyestr nömrəli qeydiyyat vəsiqəsi, həmin evin cavabdeh X21 tərəfindən cavabdeh X2 dair Tovuz rayonunun dövlət notariat kontorunda 11 iyun 1994-cü ildə 3 M-1-72 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında cavabdeh X7 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mülkün əvvəlki vəziyyətə qaytarılmaqla həmin evin mülkiyyət hüququnun bütövlükdə iddiaçı X17 verilməsi qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.0120 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli, JN-1755A KOD 50300068 nömrəli şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə 0.26 ha torpaq sahəsi X15, X4, X6, X18 və X5 mülkiyyətinə verilmişdir. Göründüyü kimi, üçüncü şəxslər X15, X4, X6, X18 və X5 mülkiyyətinə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə 0.26 ha torpaq sahəsi verilmişdir. Apellyasiya icraatı zamanı təqdim edilən Tovuz rayonu Aşağı Ayıblı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X15, X4, X6, X18 və X5 adları qeyd edilmiş, qanuni istifadəsində 0,26 ha torpaq sahəsinin olması əks olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İPM-in 12 və 58-ci maddələrinin tələbinə əməl etməyərək araşdırma aparmamış, işə baxan zaman müvafiq mütəxəsis rəyi təyin etmədən, iş materiallarında olan hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıya məxsus əmlakın yerini, hazırki vəziyyətini, ümumiyyətlə “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1755A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki ləğv olunması tələb edilən şəhadətnamə inzibati akt hesab olunmur və şəhadətnamənin verilməsinə əsas olan inzibati akt-aqrar islahat komissiyasının qərarı da hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2 maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən JN 35D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsinə əsas olan hüquq müəyyənedici sənəd və ya həmin şəhatədnamə üzrə aparılmış qeydiyyat mübahisələndirilə bilər. Odur ki, işə baxan məhkəmə tərəfindən ilkin olaraq hüquqmüəyyənedici sənədlər əsasında mövcud olan əmlakın-fərdi yaşayış evinin yerləşmə yeri, həmin əmlakın şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməli, bundan sonra iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməsi təklif olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1530/2023 nömrəli nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar