Məhkəmə qərarları › İş №2-1(104)-576/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-576/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-576/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1109/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-133816/2024 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, təqdim edilən İT-1 ******* nömrəli əmək kitabçasında onun xx.xx.1982-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "X4" MMC-də işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin ona dair əməkhaqqı arayışında 1982-ci il üzrə 2 ay, 1988-ci il üzrə 12 ay, 1989-cu il üzrə 9 ay, 1990-cı il üzrə 4 ay ona əməkhaqqı ödənilmədiyi göstərilmişdir. Eyni zamanda onun adıçəkilən müəsissədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmiş və müvafiq sorğuya cavab olaraq 1991-ci il üzrə 6 ay, 1992-ci il üzrə 6 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 5 ay, 1995-ci il üzrə 2 ay, 1996-cı il üzrə 6 ay, 1999-cu il üzrə 6 ay əməkhaqqı ödənilmədiyi məlum olmuşdur. Bu fakt "X4" MMC tərəfindən 19 aprel 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də güzəştli iş stajı 10 ildən az (9 il 9 ay (xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasındakı dövr, 1987-ci il üzrə 12 ay, 1989-cu il üzrə 3 ay, 1990-cı il üzrə 8 ay, 1991-ci il üzrə 6 ay, 1992-ci il üzrə 6 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 7 ay, 1995-ci il üzrə 10 ay, 1996-cı il üzrə 6 ay, 1997-ci il üzrə 12 ay, 1998- ci il üzrə 12 ay, 1999-cu il üzrə 6 ay, 2000-ci il üzrə 8 ay)) təşkil edir.

İşdə olan sənədlər:

2. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur.

3. İT-İ ******* nömrəli əmək kitabçasında aparılmış qeydlərə əsasən, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “X4” MMC-də işləmişdir.

4. “X4” MMC-nin arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-ci il ildən 2 saylı toxucu sexinə nizamlayıcı şagirdi qəbul edilmiş (əmr xx.xx.1982-ci il tarixli, 155k nömrəli), xx.xx.1983-cü ildə 2 saylı toxucu sexinə 3-cü dərəcəli nizamlayıcı keçirilmiş (əmr xx.xx.1983-cü il tarixli, 177 nömrəli), xx.xx.1986-cı ildə əyrici sexinə əyrici şagirdi keçirilmiş (əmr xx.xx.1986-cı il tarixli, 3k nömrəli), xx.xx.1986-cı ildən əyrici sexinə 3-cü dərəcəli əyrici keçirilmiş (əmr xx.xx.1986-cı il tarixli, 150k nömrəli), xx.xx.2000-ci ildən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir (əmr xx.xx.2000-ci il tarixli, 54k nömrəli).

5. “X4” MMC-nin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli, 53 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 2 saylı toxucu sexində nizamlayıcı işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 18 il təşkil edir. (xx.xx.1982-ci il tarixli, 155k nömrəli əmrlə işə daxil olmuş, xx.xx.2000-ci il tarixli, 54k nömrəli əmrlə işdən azad edilmişdir.) İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri xalça toxuyan dəzgahlara iplik düzən, 3 növbəli ağır işdən (tozlu) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 2 bəndinə (yarımbəndinə) və (və ya) 32 vəzifə koduna uyğundur.

6. “X4” MMC-nin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı “X4” MMC-də işlədiyi nizamlayıcı vəzifəsi kord toxuyan dəzgahlara iplik düzəndir.

7. X1 xx.xx.2024-cü il tarixli aktında qeyd edilmişdir ki, “X4” MMC-də aparılan yoxlama nəticəsində müəyyən olunmuşdur ki, müəssisədə saxlanılan arxiv sənədlərinə əsasən, vətəndaş İddiaçı xx.xx.1982-ci il tarixdə xx.xx.1992-ci tarixli 155k №-li əmrlə M.D.Hüseynov adına Xalçamahud kombinatının toxucu sexinə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdə xx.xx.2000-ci il tarixli, 54k №-li əmrlə işdən azad olunmuşdur. Əmək haqqı cədvəllərindən məlum olur ki, vətəndaşa 1991-ci ildə 6 ay, 1992-ci ildə 6 ay, 1993-cü ildə 11 ay, 1994-cü ildə 7 ay, 1995- ci ildə 10 ay, 1996-cı ildə 6 ay, 1997-ci ildə 12 ay, 1998-ci ildə 12 ay, 1999-cu ildə 6 ay, 2000-ci ildə 8 ay əmək haqqı hesablanmışdır. Qeyd: M.D.Hüseynov adına Xalça-mahud kombinatının hal-hazırki adı “X4” MMC-dir.

8. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 36058,00 manat təşkil edir.

9. X3 Filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-2178//1/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin arxiv sənədləri X3 filialına təhvil verilməmişdir.

10. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-11/2-376/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2032 saylı, 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış "xxxx" ASC əl ilə toxunan xalça və xalça məmulatlarının istehsalı və satışı ilə məşğuldur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 32-ci bölməsində Toxulucuq istehsalatına aid bir çox peşə və vəzifələr, o cümlədən “kord toxuyan dəzgahlara iplik düzənlər” qeyd edilmişdir. Lakin İddiaçı əmək fəaliyyəti dövründə yerinə yetirdiyi vəzifənin müəyyən edilməsi və onun sözügedən Siyahıda qeyd edilənlərə uyğunluğu barədə hər hansı rəyin verilməsi Cəmiyyətin səlahiyyətləri xaricindədir.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə onun 58 yaş, 6 ayı tamam olduğu 17 fevral 2024-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 avqust 1965-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, xx.xx.1982-ci il tarixdə "X4" Məhdud Məsuliyyətli Cəmiyyətində 2 nömrəli toxucu sexinə nizamlayıcı şagirdi işinə qəbul olunaraq, xx.xx.1983-cü il tarixdə həmin sexdə 3-cü dərəcəli nizamlayıcı işinə keçirilmiş, xx.xx.1986-cı il tarixdə Əyrici sexinə dəyişirilərək əyrici şagirdi işinə qəbul olunmuş, xx.xx.1986-cı il tarixdə Əyrici sexinə 3-cü dərəcəli əyrici işinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə işdən azad olunmuşdur. Onun işlədiyi həmin peşə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ağır iş olduğundan güzəştli peşələr qrupuna aiddir. xx.xx.2000-ci il tarixdə Gəncə şəhəri 43 saylı tam orta məktəbə analıq məzuniyyəti yerinə kitabxanaçı işinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə daimi kitabxanaçı işinə təyin edilmişdir. xx.xx.2003-cü il tarixdən kitabxana müdiri vəzifəsinə təyin edilərək, hal-hazıra kimi həmin vəzifədə işləyir. 58 yaş, 6 ayı 17 fevral 2024-cü il tarixdə tamam olduğu vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yarandığından, həmin vaxtı qadınlar üçün güzəştli şərtlərlə pensiya yaşı 58 yaş, 6 ay olduğundan onun xx.xx.2024-cü il tarixdə 58 yaş 6 ayı tamam olduğu vaxtdan ona şüzəştli şərtlərlə pensiya təyin edilməli və almadığı ayların pensiyası ona ödənilməlidir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 53a saylı şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair onun adına verdiyi arayışdan da görünür ki, onun "xxxx" MMC-də 1982-2000-ci illərdə işlədiyi staj 18 ildir, həmin işlərdə işlədiyi peşə güzəştli peşə hesab edilən stajdır. Bir aydan sonra 59 yaşı tamam olacaqdır, xx.xx.2024cü il tarixdə 58 yaş, 6 ayı tamam olan vaxta kimi ümumi əmək stajı 42 il, bunun da 18 ili zərərli işdə, güzəştli şərtlərlə işdə işləmişdir. Pensiya almaq üçün həmin stajı kifayət edir. Ona görə də, o, qanunvericiliyin tələblərinə əsaslanaraq 58 yaş, 6 ayı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, o, ümumi əmək stajını özündə əks etdirən əmək kitabçasını nəzərə alıb xx.xx.2024-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən ötrü cavabdeh orqana müraciət etsə də, sonuncu 07 iyun 2024-cü il tarixli, 3-17-1/2-C-133816/2024 nömrəli məktubu ilə ona imtina cavabı göndərmişdir.

13. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-225560/2024 nömrəli etirazın məzmunu xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-133816/2024 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1109/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının X4” MMC-də işlədiyi işlər ona güzəştli şərtlərlə pensiya hüququ verməklə sonuncunun xx.xx.2024-cü il tarixinədək 10 ildən çox güzəştli iş stajı mövcuddur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, “X4” MMC tərəfindən təqdim edilmiş eyni tarixli və nömrəli (xx.xx.2023-cü il tarixli 53 nömrəli) iki arayış mövcuddur. Həmin arayışlardan birində iddiaçının əyirici sexində işlədiyi əyirici vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid edilmiş və onun güzəştli iş stajının 14 il 8 ay təşkil etdiyi qeyd edilmişdir. Eyni tarixli və nömrəli olan ikinci arayışda iddiaçının 2 saylı toxucu sexində işlədiyi nizamlayıcı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid edilmiş və onun güzəştli iş stajının 18 il təşkil etdiyi qeyd edilmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını, iddiaçı isə izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

32. Toxuculuq istehsalatı - əyiricilər - kord toxuyan dəzgahlara iplik düzənlər

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri (12 avqust 2024-cü il tarixədək olan redaksiyada) 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür):

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək onun “X4” MMC-də işlədiyi nizamlayıcı vəzifəsinin Siyahıda nəzərdə tutulmaması, bu səbəbdən də güzəştli iş stajının olmaması ilə əsaslandırmış, həmçinin iddiaçının işlədiyi əyirici vəzifəsi üzrə əmək haqqı almadığı ayları çıxdıqdan sonra güzəştli iş stajının 9 il 9 ay təşkil etməsini qeyd etmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

30. Qeyd olunan normanın tələbindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün yaşının 58 il 6 ay olması, azı 25 il ümumi və azı 10 il xüsusi iş stajının mövcud olması şərtləri ödənilməlidir.

31. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş və ümumi iş stajı ilə bağlı şərtlərin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş və xx.xx.2024-cü il tarixdə yaşı 58 il 6 ay olmuşdur. Həmçinin, iddiaçının əmək kitabçasında aparılan qeydlərdən məlum olur ki, onun cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı 25 ildən çoxdur.

32. Cavabdeh tərəfindən yalnız xüsusi iş stajı ilə bağlı tələb mübahisələndirməklə iddiaçının “X4” MMC-də işlədiyi nizamlayıcı vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmadığını qeyd etməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş hesab etmir və qeyd edir ki, iddiaçının işlədiyi əyirici vəzifəsi üzrə əmək haqqı almadığı ayları çıxdıqdan sonra güzəştli iş stajı 9 il 9 ay təşkil edir.

33. Belə olan halda iddiaçının “X4” MMC-də əyirici vəzifəsi üzrə əmək haqqı almadığı dövrlər araşdırılmalı və nizamlayıcı işlədiyi dövrlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən və Siyahıda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğu müəyyən edilməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

36. İddiaçının “X4” MMC-də xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək “nizamlayıcı” işlədiyi dövr güzəştli iş stajı kimi qəbul edilməlidir. Belə ki, “X4” MMC-nin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışında İddiaçı “X4” MMCdə işlədiyi nizamlayıcı vəzifəsinin kord toxuyan dəzgahlara iplik düzənlər vəzifəsi ilə eyni olduğu qeyd edilmişdir. Hazırki qərarın 22-ci bəndində qeyd olunanlardan göründüyü kimi, “kord toxuyan dəzgahlara iplik düzənlər” vəzifəsi şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən vəzifə kimi Siyahıda nəzərdə tutulmuşdur, bu da iddiaçının xx.xx.2024-cü il tarixinədək 10 ildən çox güzəştli iş stajının mövcudluğunu təsdiq edir.

37. Apellyasiya şikayətinin digər dəlili iddiaçının müəyyən dövrlər üzrə əmək haqqı almamasıdır. Belə ki, “X4” MMC-nin xx.xx.2017-ci il tarixli, 21 a nömrəli arayışından məlum olur ki, 1994-cü ildə 5 ay, 1995-ci ildə 4 ay, 1996-cı ildə 6 ay, 1999-cu ildə 6 ay əmək haqqı hesablanmamışdır. Əmək haqqı ödənilməməsinin səbəbi kimi şəxsin öz hesabına məzuniyyətdə olması qeyd edilmişdir.

38. Məhkəmə tərkibi bildirir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normaların tələbləri nəzərə alındıqda ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Digər tərəfdən o, da qeyd edilməlidir ki, həmin dövrün ümumi və ya xüsusi staja aid edilməsinə dair qanunuvericilikdə hər hansı bir norma nəzərdə tutulmamışdır.

39. Apellyasiya şikayətinin iş materiallarında iki müxtəlif tarixli arayışın olması dəlili ilə bağlı qeyd edilir ki, hər iki arayışda xüsusi iş stajının 10 ildən artıq olması göstərilmiş, bu cür fərqli müddətlərin qeyd edilməsi hər hansı bir ziddiyətə səbəb olmamışdır. Digər tərəfdən müəssisə hazırda mövcud olmadığından və müəssisənin sənədləri Dövlət arxivinə təhvil verilmədiyindən qeyd olunan halın araşdırılması da mümkün deyildir (X3 Filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-2178//1/2025 nömrəli məktubu).

40. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).

41. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1109/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar