Məhkəmə qərarları › İş №2-1(104)-578/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-578/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-578/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-166/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus xx.xx.1977-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletə əsasən o xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçı məxsus əmək kitabçasına əsasən o, xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək dəmirçi, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək tikinti sahəsində çilingər, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək mövsümü işdə mühəndis, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək qaynaqçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək dülgər, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-cı il tarixədək Sənaye Kombinatında dülgər və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ATSC-də dülgər işləmişdir.

3. 17 noyabr 1999-cu ildə Sənaye Kombinatının adı dəyişdirilərək "xxxx" ATSC adlandırılmışdır.

4. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2003-cü il tarixli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 18 il 5 ay 26 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 11 ay 26 gün sığorta stajına uyğun olaraq 14.626,58 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 363.98 manat olmaqla, ümumilikdə 14.990,56 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320,00 manat, minimum əmək pensiyasının məbləği isə 280,00 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (həmin dövrlər doldurularkən latın əlifbası ilə kiril əlifbası qarışdırılmışdır) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət təyinatı üzrə xx.xx.2023-cü il tarixli, **********0 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 220 manat ömürlük yaşa görə sosial müavinət təyin edilmişdir.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, **********0 nömrəli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığı üçün ərizə təmin edilməyərək əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

7. Sığortaolunanın hesabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 363.98 manat məbləğində məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.

8. Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2- 900//1/2024 nömrəli məktubundan görünür ki, "xxxx" ATSC-nin arxiv sənədləri arxivə təhvil verilməmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2024-cü il tarixli, 3-21-3/2-14685/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1201 nömrəli sərəncamı ilə Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin X1 Abadlıq Tikinti İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xx.xx.2013-cü il tarixində səhmləri 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh 2 saylı Gəncə-Daşkəsən Regional filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1995-ci il tarixdən 17 noyabr 1999-cu il tarixədək Sənaye Kombinatında, 17 dekabr 1999-cu il tarixdən 15 dekabr 2002ci il tarixədək "xxxx" ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması vəzifəsini cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci ildə anada olmuşdur. 04 iyul 1995-ci ildən 17 noyabr 1999-cü ilədək Sənaye Kombinatında, 17 dekabr 1999-cu ildən 15 dekabr 2002-ci ilədək "xxxx" ATSC-də işləmişdir. 17 noyabr 1999cu ildə Sənaye Kombinatının adı dəyişdirilərək, "xxxx" ATSC adlandırılmışdır. 65 yaşı tamam olduqdan qanunla nəzərdə tuturmuş qaydada pensiyaya çıxmaq üçün çalışdığı illərin sosial sığorta stajına daxil edilərək yaşa görə pensiya təmin edilməsi ilə bağlı cavabdeh 2 saylı Gəncə-Daşkəsən Regional filialına müraciət etmişdir. Əmək kitabçasında 04 iyul 1995-ci ildə 17 noyabr 1999-cu ilədək olan dövrə Sənaye Kombinatında işlədiyi dövrə aid məlumatlar kiril əlifbası ilə, 17 dekabr 1999-cu ildən 15 dekabr 2002-ci ilədək "xxxx" ATSC-də işlədiyi dövrə aid məlumatlar isə latın əlifbası ilə yazılmışdır. Qeyd edilən idarə hal-hazırda fəaliyyət göstərmir və həmin idarəyə məxsus olan arxiv sənədləri Dövlət arxivinə təhvil verilməmişdir. Bu səbəbədən də ona pensiya təyin edilərkən, 04 iyul 1995-ci ildən 17 noyabr 1999-cu ilədək Sənaye Kombinatında, 17 dekabr 1999-cu ildən 15 dekabr 2002-ci ilədək "xxxx" ATSC-da işləməyi barədə əmək kitabçasında qeyd olunmuş məlumatların düzgünlüyünü, yerində qarşılıqlı yoxlanmasının və həmin dövrlərin sığorta staşına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Qeyd edilənlərə əsasən də, onun 04 iyul 1995-ci ildən 17 noyabr 1999-cu ilədək Sənaye Kombinatında, 17 dekabr 1999-cu ildən 15 dekabr 2002-ci ilədək "xxxx" ATSC-də işlədiyi illər əmək stajına hesablanmamış, nəticədə ona cəmi 240 manat məbləğində sosial müavinət təyin edilmişdir. Cavabdeh tərəfindən onun işlədiyi dövrlər nəzərə alınmamaqla, onun qanunla nəzərdə tutulmuş pensiya təminatında istifadə hüququ məhdudlaşdırılmışdır. Hazırda onun qeyd edilən idarədə işləməyi məhkəmədən kənar qaydada müəyyən edilməsi qeyri mümkündür. Odur ki, yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 04 iyul 1995-ci ildən 17 noyabr 19959-cü ilədək Sənaye Kombinatında, 17 dekabr 1999-cu ildən 15 dekabr 2002-ci ilədək "xxxx" ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh iddia ərizəsinə etiraz verərərk qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq xx.xx.2023-cü il tarixli, 3-17-1/2- M20167/2023 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (həmin dövrlər doldurularkən latın əlifbası ilə kiril əlifbası qarışdırılmışdır) həmin dövrün sığorta stafına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İmtina ilə razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh orqan tərəfindən verilən imtina əsaslıdır və iş üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta staiından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta staiı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-cı il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il şığorla stajı olduqda. İddiaçı Ç.Mlürsəlovun əmək kitabçası və hərbi biletinə əsasən mübahisəsiz sığorta stajı 18 il 5 ay 26 gün, mübahisələndirilən sığorta stafı isə 7 il 5ay 11 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 11 ay 26 gün sığorta stajına uyğun olaraq 14626,58 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 363,98 manat olmaqla, ümumilikdə 14990,56 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdir və əmək pensiyasının minimum məbləğindən (240 manat ) az olmayan pensiya təminatına imkan vermir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə, müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılmalıdır. Həmin Qərarın 3.6-ci bəndinə görə, əmək kitabçasında və onun əlava içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda. onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “....“ nomrəli qeyd etibarsızdır”. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsina əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan başqa, əmək kitabçasında iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər doldurularkən latın əlifbası ilə kiril əlifbası qarışdırılmışdır. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Həmin dövrlərin iddiaçının ümumi sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stayı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stiaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdıq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh ediuiməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum qərarında qeyd edilir ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylık və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında. qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanızmıniın formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən basqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-i il tarixli, 175 nömrəli Qərarının 4-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə “mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq. müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. Beləliklə İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.

15. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək verilmiş etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-166/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı 04 iyul 1995-ci ildən 17 noyabr 1999-cu ilədək Sənaye Kombinatında, 17 dekabr 1999-cu ildən 15 dekabr 2002-ci ilədək "xxxx" ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

17. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, əmək kitabçasının tərtib olunması və orada məlumatların qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən onun düzgün tərtib olunması və məlumatın qeyd edilməsi (edilməməsi) işəgötürənin məsuliyyət sferasına aiddir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2- 1(114)-166/2024 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999cu il tarixədək “Sənaye Kombinatı”nda, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ATSC-də işlədiyini iddia edir. İddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-20167/2023 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (həmin dövrlər doldurularkən latın əlifbası ilə kiril əlifbası qarışdırılmışdır) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşin faktiki hallarına əsasən, iddiaçının əmək kitabçası və hərbi biletinə əsasən mübahisəsiz sığorta stajı 18 il 5 ay 26 gün, mübahisələndirilən sığorta stajı isə 7 il 5 ay 11 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 11 ay 26 gün sığorta stajına uyğun olaraq 14626,58 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 363,98 manat olmaqla, ümumilikdə 14990,56 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Gəncə şəhər Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-900/2024 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi “Sənaye Kombinatı”nda, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək isə "xxxx" ATSC-nin arxiv sənədləri, o cümlədən əmr kitabları, əməkhaqqı cədvəlləri və iş stajı ilə bağlı digər sənədlər Dövlət arxivində mühafizə edilmir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Bundan başqa, əmək kitabçasında iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər doldurularkən latın əlifbası ilə kiril əlifbası qarışdırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyası cavabdeh tərəfindən ünvanlanmış məhkəmə iclasının təxirə salınmasına dair ərizəsinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə bir nəcə dəfə məhkəmə iclası keçirilmiş, cavabdehin nümayəndələri keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək öz izahatlarını vermiş, apellyasiya icraatı zamanı əldə edilmiş sənədlər onlara təqdim edilmişdir. Odur ki, məhkəmə iclasının təxirə salınması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149. İ və İİİ hissə: Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Maddə 149. Vİİ hissə: Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

23. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

24. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

27. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və İİ hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Bənd 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

32. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

34. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

35. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

36. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

37. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

38. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

39. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

40. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

42. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illəri onun sosial sığorta stajı kimi qəbul etməyərək, sığorta stajının 25 ildən az - (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 18 il 5 ay 26 gün təşkil etdiyi qeyd edərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə xx.xx.2023-cü il tarixli imtina məktubu göndərmişdir. Həmin məktubda cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (həmin dövrlər doldurularkən latın əlifbası ilə kiril əlifbası qarışdırılmışdır) işlədiyi dövrlərin doldurulma qaydası pozulduğu üçün, həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmamışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.

47. İddiaçının inzibati orqan tərəfindən qəbul edilən 18 il 5 ay 26 gün gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran illər yalnız iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Sənaye Kombinatında və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ATSC-də işlədiyi illərdir. Hazırki tələbində iddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Sənaye Kombinatında və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ATSC işlədiyi illərin (7 il 5 ay 11 gün) sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunan mübahisələndirilən dövr sosial sığorta stajı kimi nəzərə alınacağı təqdirdə iddiaçının tələb olunan 25 il sığorta stajı yaranır.

48. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Sənaye Kombinatında və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ATSC-də işlədiyi müddəti əmək kitabçasının doldurulma qaydasının pozulması (həmin dövrlər doldurularkən latın əlifbası ilə kiril əlifbası qarışdırılmışdır) əsası ilə sosial sığorta stajı kimi qəbul etməkdən imtina etmişdir.

49. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının dəlili ilə bağlı qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir və orada qeyd olunan hər bir məlumat (işə qəbul, işdən azad edilmə və.s) onların möhürü ilə təsdiqlənir. Yəni, hər bir halda ki, əmək kitabçasında qeyd olunan məlumatların doldurulması və təsdiq edilməsi işəgötürənin vəzifəsidir, belə olan halda cavabdehin işçinin işə qəbul edilməsi və işdən çıxması ilə bağlı qeydlərin latın və ya kiril qrafiklı əlifba ilə yazılması onun həmin dövrdəki fəaliyyətini təkzib etməməlidir, başqa sözlə bu kimi hallar iddiaçının ziyanına şərh edilə bilməz.

50. Digər tərfədən, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2024-cü il tarixli, 3-21-3/2-14685/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1201 nömrəli sərəncamı ilə Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin X1 Abadlıq Tikinti İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xx.xx.2013-cü il tarixində səhmləri 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilmişdir. Bununla da müəyyən edilir ki, səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adının olması iddiaçının həmin müəssisədə işləməsini sübut etməklə əmək kitabçasının mötəbərliyini bir daha təsdiq edir.

51. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən və mübahisələndirilən sığorta stajı (xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Sənaye Kombinatında və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ATSC-də işlədiyi illər) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

53. Həmçinin nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir.

54. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.

55. Odur ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

56. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-166/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar