Məhkəmə qərarları › İş №2-1(104)-579/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-579/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-579/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, “əmrin ləğvi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1853/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh N aprel 2023-cü il tarixli, 1249 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh komandirinin N may N-cu il tarixli, 048əç nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən xidməti uyğunsuzluğuna görə ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6 maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh komandirinin xx.xx.N-cu il tarixli 048 əç nömrəli əmrinin ləğv edilməsi və yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyin Cavabdehsinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər vəzifəsinə işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı ildə Goranboy rayon Nadirkənd kəndində anadan olmuş, Goranboy rayonun Nadirkənd kənd tam orta məktəbinin 11-ci sinifini bitirmişdir. xx.xx.2009-cu il tarixdə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrini 600 və 641 nömrəli Hərbi Hissələrində atıcı və baş atıcı vəzifələrində xidmət etmişdir. xx.xx.2010-cu il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi xidmətdən sonra fərdi əməklə məşğul olmuşdur. xx.xx.2015- ci il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına imtahan verib 470 bal toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetin ST və MKS fakültəsinə qiyabi şöbəsinə daxil olmuşdur. 2016-cı ilin noyabr ayının 25-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə müraciət edib, müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış və 45 günlük kurs keçib xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin 1-ci Kəşfiyyat bölüyünün 1-ci tağım, 2-ci manqanın baş kəşfiyyatçı istehkamçı vəzifəsində təyin edilmiş, xx.xx.N-cu il tarixdə isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 3-cü tağımının 2-ci manqasının komandiri vəzifəsinə təyin olunmuşdur. 2015-ci il ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi üzrə mühəndis fakültəsinə qəbul olunduğundan yaz və payız sessiyalarında 2 həftəlik dərsdə iştirak etmiş, həmçinin yay və qış aylarında imtahanlar vermişdir. Lakin hərbi hissədə xidmət etdiyi zaman komandanlıq tərəfindən ona təhsillə bağlı icazə vermədiyindən Bakı şəhərinə gedə bilməmiş və təhsilində problemlər yaranmışdır. Bu səbəbdən 2018-ci ilin avqust ayında hərbi hissədən tərxis olmaq istəmiş, lakin kəşfiyyatçı olduğundan hərbi hissədən tərxis oluna bilməmişdir. Təhsil aldığı universitetdə yaranmış fənn kəsrləri ilə bağlı imtahanlarda iştirak etmək üçün ona hərbi hissədən N fevral N-cu il tarixdə 15 günlük məzuniyyətə verilmişdir. Lakin pulu olmadığından universitetə gedə bilməmiş, məzuniyyətini Goranboy rayonunun Nadirkənd kəndində keçirmişdir. 06 mart N-cu il tarixdə məzuniyyətinin vaxtı bitdiyinə baxmayaraq, hamilə olan həyat yoldaşının bətnində olan uşağın oksigen çatışmazlığı ilə əlaqədar hərbi hissəyə qayıda bilməmişdir. Belə ki, həyat yoldaşının səhhətində ciddi problemlər olduğundan N-cu ilin mart ayının axırlarında Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya aparmış və orada ananın bətnində olan uşaqda oksigen çatışmazlığı olduğunu, bununla bağlı ozonterapiya müalicəsi almalı olduğu bildirilmişdir. Valideynlərindən atası vəfat etdiyindən, heç kim ona kömək etmədiyindən həyat yoldaşının və uşağın xilası naminə onları xəstəxanada müalicə etdirmək məcburiyyətində qalmışdır. Bu səbəbdən 16 aprel N-cu il tarixdə hərbi hissəyə xidmətə qayıtmışdır. Lakin o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh komandirinin xx.xx.N-cu il tarixli 048 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6 maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 3-cü tağımının 2-ci manqasının komandiri müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu-əsgər vəzifəsindən azad olunub, hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPMin 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, N-cu il pandemiya dövrü olduğundan, eyni zamanda 2-ci Qarabağ müharibəsinə görə SHXÇDX-nin Goranboy rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırdığından, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasında N nömrəli hərbi hissənin tərkibində könüllü olaraq gedən döyüşlərdə iştirak etdiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1853/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən inzibati aktdan şikayət vermə ilə bağlı müddəti ötürmüşdür və prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilərək müddətin bərpa edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati aktı mübahisələndirmək barədə yalnış yönləndilirmiş, hərbi hissənin hüquqşünası tərəfindən onun barəsində Tərtər hərbi prokurorluğunda başlanan cinayət işinin yekunlaşmasını bildirilmiş, hüquqi savadı olmadığından bu müddəti gözləmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, bununla bağlı məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh komandirinin xx.xx.N-cu il tarixli 048 əç nömrəli əmridir və iddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri -iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1. maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1. maddəsi) mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İşin hallarından görünür ki, iddiaçı özü könüllü olaraq ordu sıralarından ehtiyata buraxılmasını xahiş etmişdir. Bundan əlavə, iddiaçı özü də sözügedən əmrin ona məlum olmamasını iddia etməmişdir. İş materiallarında olan hərbi qulluqçu ilə aparılmış söhbət vərəqəsinin surətindən görünür ki, hərbi qulluqçu xidməti uyğunsuzluğuna görə ehtiyyata buraxılmasını xahiş etmişdir. 16 aprel N-cu il tarixli, N nömrəli hərbi hissənin müddətdən artıq hərbi xidmət hərbi qulluqçusunun şərəf məhkəməsinin 8 nömrəli protokolundan çıxarışdan görünür ki, müddətdən artıq hərbi qulluqçu əsgər İddiaçı ona qarşı deyilən iradlarla razı olduğunu bildirərək ordu sıralarından ehtiyyata buraxılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə kollegiyası iddiaçının prosessual müddətin bərpasına əsas kimi hüquqi cəhətdən savadsız olmasını, eyni zamanda həmin dövrdən sonra Tərtər hərbi prokurorluqda başlanan cinayət işinin yekunlaşmasını gözlədiyini göstərsə də, bu hallar iddia müddətinin ötürülməsinin üzürlü hesab edilməsi üçün əsasları özündə ehtiva etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə kollegiyasının iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının prosessual müddətin ötürülməsinə əsas kimi göstərdiyi hallar ilə müdətin ötürülməsi arasında birbaşa əlaqə olmamışdır. Həmin hallar olduqda belə hüququnun müdafiəsi və realizəsi mümkündür. Belə olan halda birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1853/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar