Məhkəmə qərarları › İş №2-1(104)-58/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-58/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-58/2025 28.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: Şəhid statusunun verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı “X5 şəhid statusunun verilməsi üçün müvafiq arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-241/2024 saylı qərarından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Süleymanova (nikahdan sonra Sayadova) Rayyə Əli qızı xx.xx.1963-cü il tarixdə Daşkəsən rayonu, Almalı kəndində anadan olmuş, hazırda Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, Samux rayonu, Tatlı kəndində yaşayır.

2. İddiaçı ilə X7 xx.xx.1988-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Sayadov, arvada Sayadova soyadı verilmişdir.

3. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissə xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək, N nömrəli hərbi hissə xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı etmişdir.

4. “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X7 xx.xx.N2-ci il tarixdə Daşkəsən rayonun Xoşbulaq kəndində baş beynin tam əzilməsi səbəbindən ölmüşdür.

5. xx.xx.N2-ci il tarixdə tərtib edilmiş 11 nömrəli ölüm haqqında akt qeydinə əsasən, milli orduda sürücü vəzifəsində işləmiş X7 xx.xx.N2-ci il tarixdə Daşkəsən rayonun Xoşbulaq kəndində baş beynin tam əzilməsi səbəbindən ölmüşdür. Ölüm faktını Daşkəsən rayon Mərkəzi Xəstəxanasının xx.xx.N2-ci il tarixli arayışı olmuşdur.

6. N nömrəli hərbi hissənin xx.xx.N3-cü il tarixli, 15-98 nömrəli arayışına əsasən, mərhum X8 N nömrəli hərbi hissənin İİİ taburunda xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək hərbi xidmətdə olmuş, xidməti borcunu yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur.

7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 1126 nömrəli, xx.xx.2023-cü il tarixli, 2683 nömrəli, xx.xx.2024-cü il tarixli, 883 nömrəli məktublarına əsasən, 171 (861) №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından görünür ki, xx.xx.N2-ci il tarixdə Daşkəsən RHK-dan çağırılmış, xx.xx.1966-cı il təvəllüdlü X3 hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və xx.xx.N2-ci il tarixdə güllə yarasından həlak olması, Daşkəsən rayonun Qabaqtəpə kəndində dəfn olunması və komandirin xx.xx.N2-ci il tarixli, N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 14 №-li əmrində (əsas: §-1, səh-3, sıra- 4, əmrdə atasının adı “Rəcəb” yazılmışdır) sıravi X4 rabitə tağımının tərkibində telefonçu vəzifəsinə təyin olunması, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 117 №-li əmrində (əsas: §-1, səh-16, əmrdə atasının adı “Rəcəb”, hərbi rütbəsi “çavuş” yazılmışdır) çavuş X4 xx.xx.N2-ci il tarixdən rabitə tağımından 1-ci bölüyün 1-ci tağımının 1-ci bölməsinə komandir təyin olunması, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 217 №-li əmrində (əsas: §-1, səh-30, sıra-8, əmrdə atasının adı yazılmamışdır) tabor komandirindən narazı olduğuna görə, sıravi Vaqif Sayadovun azad edilməsi və N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 244 №o-li əmrində (əsas: §-1, səh-34, sıra- 26, əmrdə atasının adı yazılmamışdır, taborun tərkibindən azad edilmə səbəbi yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) könüllü, sıravi Vaqif Sayadovun xx.xx.N2ci il tarixdən taborun tərkibindən azad edilməsi barədə məlumat vardır.

8. N () №-li hərbi hissə komandirinin mart-oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində X3 həlak olması barədə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyində aşkar olunmamışdır.

9. Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş xx.xx.N4-xx.xx.N4-cü il tarixli qovluğunda qeyd edilmiş “N №-li hərbi hissənin N2-N4-cü il tarixdə həlak olan zabit, gizir, çavuş və əsgərlərin siyahısında” (əsas: sıra-84, məlumatda həlak olma şəraiti göstərilməmişdir) xx.xx.1966-ci ildə Daşkəsən rayonunun Təzə kənd kəndində anadan olmuş, xx.xx.N2-ci il tarixdə Daşkəsən RHK-dan çağırılmış, 3-cu taborun bölmə komandiri, kiçik çavuş X3 xx.xx.N2-ci il tarixdə Xoşbulaqda güllə yarası alaraq həlak olması və hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, N №-li əmrilə (“4” rəqəmi qaralanıb) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması və xx.xx.N2-ci il tarixdə Daşkəsən rayonunun Qabaqtəpə kəndində dəfn olunması barədə məlumat qeyd olunmuşdur.

10. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 3-3- 6/2- 30-11811/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, X3 ölməsi faktı ilə bağlı Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işinin və ya materialın araşdırılması mövcud qeydiyyat kitablarına və sənədlərə əsasən müəyyən olunmamışdır. Həmçinin bildirilir ki, əvvəlki dövrlərə aid bir sıra sənədlər və qeydiyyat kitabları saxlanma müddəti başa çatdığına görə məhv edildiyindən sorğu etdiyiniz məsələ ilə bağlı tam və dəqiq məlumat verilməsi mümkün deyildir.

11. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 34310/2-454/2023 nömrəli məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin xx.xx.2022-ci il tarixli, 1/S-8862 nömrəli məktubunda V.N.Sayadov, N saylı hərbi hissənin uçot sənədlərinə əsasən xx.xx.N2-ci il tarixdə Xoşbulaqda güllə yarasından həlak olmuşdur (ölümünün şəraiti barədə məlumat olmadığı bildirilmişdir). Həmçinin, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və tabe hərbi prokurorluqlarda mərhumun ölümü ilə əlaqədar cinayət işinin aşkar olunmadığı da məktubda qeyd olunmuşdur. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar N4-cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Qeyd olunanların, eləcə də mövcud sənədlərdə ziddiyyətli məqamların olduğunu (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2007-ci il tarixli, 26/2-6029 nömrəli məktubuna əlavə edilmiş N saylı hərbi hissənin arayışına əsasən, V.N.Sayadov N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur) nəzərə alaraq, Xidmətin Daşkəsən rayon bölməsi tərəfindən mərhum V.N.Sayadovun şəhid kimi uçotunun aparılması və ailəsinə şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi hazırda mümkün deyil. Odur ki, V.N.Sayadovun hərbi əməliyyatlar zamanı ölməsi faktına dair məhkəmə qərarı olduğu təqdirdə qeyd olunan məsələyə yenidən baxılacaqdır.

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2590 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N2-N3-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin dislokasiya yeri Gədəbəy rayonu, N №-li hərbi hissənin 2-ci tabor komandirinin N2-N3-cü il tarixli nizami hissə üzrə əmrlərində 2-ci taborun dislokasiya yeri Gədəbəy rayonu, Saratovka qəsəbəsi, Novosaratovka qəsəbəsi, Şəmkir rayonu, N №-li hərbi hissənin 3-cü tabor komandirinin N2-N3-cü il tarixli nizami hissə üzrə əmrlərində 3-cü taborun dislokasiya yeri Daşkəsən rayonu, N №-li hərbi hissə komandirinin N4-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin dislokasiya yeri Gədəbəy rayonu, Novasaratovka qəsəbəsi - qeyd olunmuşdur. Qeyd edir ki, N () №-li hərbi hissə komandirinin N2-N4-cü il tarili nizami hissə üzrə əmrlərində hərbi hissənin dislokasiya yerinin Xoşbulaq kəndinin olması qeyd edilməmişdir.

13. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3397 nömrəli məktubunda göstərilir ki, 861(171) №-li hərbi hissənin 3-cü tabor komandirinin xx.xx.N3-cü il, xx.xx.N3-cü il, xx.xx.N3-cü il, xx.xx.N3-cü il tarixli şəxsi heyət üzrə əmrlərində 3-cü taborun dislokasiya yeri Xoşbulaq kəndi, N №-li komandirinin xx.xx.N4xx.xx.N4-cü il tarixli xidməti hissə üzrə əmrlərində N №-li hərbi hissənin dislokasiya yerinin Xoşbulaq kəndi göstərilmişdir. 861(171) №-li hərbi hissə komandirinin N2-N3-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyət üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, xidməti hissə üzrə əmrlərində Daşkəsən rayonunun Xoşbulaq kəndində hər hansı hərbi əməliyyatların aparılıbaparılmaması barədə məlumat aşkar edilməmişdir.

14. Azərbaycan Respublikası Gəncə Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 3-3-160/2-001552/2025 nömrəli məktubundan görünür ki, Gəncə hərbi prokurorluğunda xx.xx.N7-ci il tarixədək olan cinayət işlərinin qeydiyyatı kitabları və xx.xx.2015-ci il tarixədək olan cinayətlər barədə məlumatların qeydiyyatı kitabları saxlama müddətinin başa çatması ilə əlaqədar, xx.xx.2022-ci il tarixdə məhv edildiyindən, xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.N2-ci il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində ölümü ilə bağlı cinayət işi və araşdırma materialının olub-olmaması haqqında məlumat vermək mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X3 şəhid kimi uçotunun aparılaraq, ona şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Tələb onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşını X6 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsi vasitəsilə hərbi xidmətə yollanmışdır. N №-li hərbi hissənin taborunda N mart N2-ci il tarixindən 07 oktyabr N2-ci ilədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olarkən avtomobil qəzasında həlak olmuşdur. Həlak olduqdan sonra ona şəhid statusu verilməmişdir. Ona görədə ona şəhid və şəhid ailəsi statusunun verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

17. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, “X5 şəhid statusunun verilməsi üçün müvafiq arayış verilməsi öhdəliyinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2975/2023 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

19. Gəncə İnzibati Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2024-cü tarixli, 2-1(114)- 241/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı mərhum əri X3 oğlunun şəhid hesab edilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

20. Məhkəmə hesab etmişdir ki, mərhum X7 döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etdiyi dövrdə ölməsi, onun ölüm faktı ilə bağlı hər hansı cinayət işinin istintaq edilməməsi, material araşdırılmaması X3 döyüş şəraitində olan hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən vəfat etməsini təsdiq edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

21. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-241/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4-cü il 15 yanvar tarixli, 10 saylı qərarının 1.1-ci bəndinə əsasən, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin qərarın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mövcud sənədlərdə ziddiyətli məqamların olduğunu (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2007-ci il tarixli, 26/2-6029 nömrəli məktubuna əlavə edilmiş N nömrəli arayışına əsasən V.N.Sayadov N saylı hərbi hissədə avtomobil qəzasında həlak olmuşdur) nəzərə alaraq, eləcə də X3 vəfatının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə səbəb əlaqəsi müəyyən edilmədiyi üçün Xidmətin Daşkəsən rayon bölməsi tərəfindən mərhum V.N.Sayadovun şəhid kimi uçotunun aparılması və ailəsinə şəhid ailəsi statusu haqqında arayışın verilməsi mümükün deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)- 241/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

26. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.

27. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. N0-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən N0-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar N4-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -N0-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən N0-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; - Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

29. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar N4-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr N3-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

31. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

33. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

41. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

44. Göründüyü kimi, İddiaçı mərhum əri X5 şəhid statusunun verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə mərhum ərinə “şəhid” statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar N4-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bəndində şəhid hesab edilən şəxslərin dairəsi göstərilmişdir.

46. Yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmununa görə vəfat etmiş hərbi qulluqçulara aşağıdakı əsaslar olduğu hallarda şəhid statusu verilir. 1). Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara; 2). Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə. Göründüyü kimi, iddiaçı mərhum ərinin xx.xx.N2-ci il tarixdə hərbi əməliyyatların aparıldığı dövrdə Daşkəsən rayonu, Xoşbulaq kəndində həlak olduğunu iddia edir və bu əsasla onun şəhid statusunun verilməsini tələb edir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə şəxsə şəhid statusunun tanınması üçün “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin dispozasiya şərtlərinə cavab verməsi iş materialları ilə öz təsdiqini tapmır.

48. Belə ki, iş materiallarında olan xx.xx.N2-ci il tarixdə tərtib edilmiş 11 nömrəli ölüm haqqında akt qeydinə əsasən milli orduda sürücü vəzifəsində işləmiş X7 xx.xx.N2-ci il tarixdə Daşkəsən rayonun Xoşbulaq kəndində baş beynin tam əzilməsi səbəbindən ölmüşdür. Ölüm faktını Daşkəsən rayon mərkəzi xəstəxanasının xx.xx.N2-ci il tarixli arayışı olmuşdur. Həmçinin, “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, o, xx.xx.N2-ci il tarixdə Daşkəsən rayonun Xoşbulaq kəndində baş beynin tam əzilməsi səbəbindən ölmüşdür. V.Sayadovun xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 15-98 nömrəli arayışından görünür ki, mərhum X8 N nömrəli hərbi hissənin İİİ taburunda xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək hərbi xidmətdə olmuş, xidməti borcunu yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur.

49. Göründüyü kimi, qeyd edilən sənədlərlə mərhumun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarla əlaqədar və ya döyüş tapşırığınının və ya döyüş təminatı ilə bağlı tapşırıqlarınin yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən, Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş arxiv materiallarında da bu halın mövcudluğu təsdiq edilmir.

50. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, “N №-li hərbi hissənin N2- N4-cü il tarixdə həlak olan zabit, gizir, çavuş və əsgərlərin siyahısında” X3 xx.xx.N2-ci il tarixdə Xoşbulaqda güllə yarasından həlak olması barədə məlumatın olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bu xüsusla bağlı qeyd edir ki, hətta bu qeydin mötəbərliyi qəbul edilsə belə, ölümünün şəraiti barədə hər hansı məlumat olmadığından şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması qənaətinə gəlinməsi mümkün deyildir. Cünki, həmin qeyddə mərhumun döyüş əməliyyatları zamanı düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə heç bir məlumat yoxdur. Digər tərəfdən, iddiaçı özü də ərizəsində mərhum ərinin güllə yarasından deyil, avtomobil qəzası nəticəsində həlak olduğunu qeyd etmişdir.

51. Digər tərəfdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə kollegiyasında ünvanladığı xx.xx.2024-cü il tarixli, 3397 nömrəli məktubundan görünür ki, 861(171) №-li hərbi hissənin 3-cü tabor komandirinin xx.xx.N3-cü il, xx.xx.N3-cü il, xx.xx.N3-cü il, xx.xx.N3-cü il tarixli şəxsi heyət üzrə əmrlərində 3-cü taborun dislokasiya yeri Xoşbulaq kəndi, N №-li komandirinin xx.xx.N4-xx.xx.N4-cü il tarixli xidməti hissə üzrə əmrlərində N №-li hərbi hissənin dislokasiya yerinin Xoşbulaq kəndi göstərilmişdir. 861(171) №-li hərbi hissə komandirinin N2-N3-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyət üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, xidməti hissə üzrə əmrlərində Daşkəsən rayonunun Xoşbulaq kəndində hər hansı hərbi əməliyyatların aparılıb-aparılmaması barədə məlumat aşkar edilməmişdir.

52. Göründüyü kimi, 861(171) №-li hərbi hissə tərəfindən N2-N3-cü illərdə Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində hər hansı döyüş əməliyyatların aparılması barədə arxiv materiallarında məlumat mövcud deyildir. Qeyd edilən ərazidə hərbi əməliyyatlar aparılmadığından, mərhumun aktiv döyüş əməliyyatları nəticəsində güllə yarasından həlak olması da öz-özlüyündə mümkün deyildir.

53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin digər dəlilinə münasibətdə qeyd edir ki, iştər Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun, istərsə də Gəncə Hərbi Prokurorluğunun məktublarında cinayət işlərinin qeydiyyatı kitabları və cinayətlər barədə məlumatların qeydiyyatı kitablarının saxlama müddətinin başa çatması ilə əlaqədar məhv edildiyindən X3 xx.xx.N2-ci il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində ölümü ilə bağlı cinayət işi və araşdırma materialının olub-olmaması haqqında dəqiq məlumat verilməsinin mümkün olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsinin bu halın mövcudluğunu iddianın təmin edilməsi əsası kimi göstərməsi düzgün deyildir.

54. Beləliklə işin araşdırılan halları ilə mərhumun aktiv döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar və ya döyüş tapşırığınının və ya döyüş təminatı ilə bağlı tapşırıqlarınin yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasını təsdiq edən sübutlar mövcud deyildir. Odur ki, ona münasibətdə şəhid statusunun verilməsi üçün əsaslar yoxdur.

55. Bələliklə, apellyasiya instansiya məhkəməsi şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən düzgün hüquqi qiymət verilməməklə çıxarılmışdır.

56. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-241/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı “şəhid statusunun verilməsi üçün müvafiq arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar