Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-583/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Prezident təqaüdünün təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-1984/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ölüm haqqında xx.xx.1994-cü il tarixli İV-ЖГ 407678 nömrəli şəhadətnaməyə əsasən iddiaçının atası İddiaçı Məmməd oğlu xx.xx.1994-cü ildə şəhid olmuşdur.
2. Ölüm haqqında xx.xx.2020-ci il tarixli AZ-İİ 140183 nömrəli şəhadətnaməyə əsasən iddiaçının anası X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-77/2022 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1761/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilmiş və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun İddiaçı adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2140/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mənzillə təmin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
5. İddiaçı Sosial Xidmətlər Agentliyi PHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir.
6. İddiaçı şəhid ailəsi üçün Prezident təqaüdünün ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2006cı il tarixli, 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixindən 600 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü şəhidin ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən ilkin əlilliyi xx.xx.2014-cü il tarixində (20 yaşında) qeydə alındığından sözügedən Qərarın əhatə dairəsinə daxil olmadığı üçün (Qərarın 2.1.3-cü bəndinə əsasən) ona şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması qanunvericiliklə nəzərdə tutulmamışdır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-47306/2024 saylı məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixində 008854 nömrəli vəsiqə ilə təmin edilmişdir. İddiaçı və bu qəbildən olan şəxslərin şəhid ailəsi üzvü hesab edilməsi və imtiyazları mövcud qanunvericilik ilə tənzimlənir. Məlumat üçün bildiririk ki, şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, qanunla onları saxlayan şəxs yoxdursa baba və nənələri onun qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik ailə üzvləri hesab edilirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Prezident təqaüdünün təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri İcra Hakimiyyətinə qarşı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-cü il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun mərhum anasının adından onun adına dəyişdirilməsi tələbinə dair iddia irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, verdiyi apellyasiya şikayəti təmin edilmiş, mənzil uçotunun onun adına dəyişdirilməsi vəzifəsi Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Gəncə Şəhəri İcra Hakimiyyəti 04 aprel 2022-ci il tarixli, 75 nömrəli sərəncamla bu vəzifə öhdəliyini yerinə yetirsə də, bu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi mənzil uçotu barədə məlumatlarını qəbul etmədiyi üçün və onu mənzillə təmin etməkdən imtina etdiyi üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2140/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, mənzillə təmin olunma öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. Qərarın əsaslandırma hissəsində 4-cü səhifəsində məhkəmə qeyd edib: “Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunmuş qanunun normasının düzgün təfsiri miibahisənin ədalətli həlli üçün mübahisə olunmazdır. Belə ki, hüquq normasının təfsiri dedikdə, ümumi anlamda hüquq qaydasının gerçək mahiyyətinin əldə edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur. Əgər qeyd olunan “18 yaşına çatmamış uşaqlar” ifadəsini hərfi mənada təfsir etsək, bu zaman normanın məzmunu daralar və nəticədə iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarar ki, bu da ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Odur ki, sözügedən ifadəni genişləndirici təfsir edərək o nəticəyə gəlinməlidir ki, iddiaçının atası şəhid olan zaman övladının şəhid ailəsi üzvü statusu yaranmışdır.” Həmçinin Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2-1(104)-77/2022 saylı qərarının 4-cü səhifəsində məhkəmə belə qeyd edib: “Göründüyü kimi, İddiaçı İİ qrup əlil olmaqla sağlamlıq imkanı məhdud şəxsdir və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1.3-cü bəndinə əsasən şəhidin ailə üzvü hesab olunur.” Cavabdehə rəsmi müraciət etsə də, ona Prezident təqaüdünün təyin edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktub ünvanlamışdır. Hesab edir ki, şəhid ailəsi üzvü olduğu üçün cavabdeh onu Prezident təqaüdü ilə təmin etməlidir. Mərhum anası X4 24 noyabr 2020-ci il tarixdə vəfat gedənə qədər Prezident təqaüdü almışdır.
10. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-101754/2024 nömrəli etirazda bildirilir ki, iddiaçı Əhmədov X3 Filiala müraciət edərək, ona şəhid ailəsi üçün Prezident təqaüdünün təyin edilməsi və ödənilməsini xahiş etmişdir. Onun müraciətinə cavab olaraq Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-19950/2024 nömrəli məktubu ünvanlanmış və bildirilmişdir ki, ona şəhid ailəsi üçün Prezident təqaüdünün təyin olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixdən 600 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü şəhidin ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı ilkin əlilliyi xx.xx.2014-cü il tarixdə (20 yaşında) qeydə alındığından sözügedən Qərarın əhatə dairəsinə daxil olmadığı üçün (Qərarın 2.1.3-cü bəndinə əsasən) iddiaçıya şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il, 10 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən, şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar, babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) şəhid ailəsinin üzvləri hesab olunurlar. İddiaçının ərizəyə qoşma kimi təqdim etdiyi məhkəmə qərarları hazırkı mübahisə üçün preyudisial əhəmiyyət daşımamaqdadır. Belə ki, həmin işlər üzrə məhkəmə qərarları iddiaçının “mənzil uçotuna alınması” və “mənzillə təmin olunması” tələblərinə dair məhkəmənin gəldiyi nəticədir. Həmin qərarların əsaslandırma hissələrində də hazırkı etirazda sadalanan normalar qeyd edilmişdir. Məhkəmələr həmin tələblər üzrə yekun nəticəyə gələn zaman iddiaçının 18 yaşa çatanadək şəhid ailəsi üzvü statusuna malik olduğunu nəzərə almışdır. Bu səbəbdən də həmin işlər üzrə iddia tələbi təmin olunmuşdur. Belə ki, İddiaçı vaxtikən yaranmış hüquqdan (18 yaşadək şəhid ailəsi üzvü statusuna malik olması) istifadə etməməsini əsas gətirmişdir. Lakin həmin əsas hazırkı mübahisənin həlli üçün tətbiq edilə bilməz. Ölüm haqqında şəhadətnamədən də aydın olduğu kimi, iddiaçının anası X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin tarixədək Dünya Əhmədovaya şəhid ailəsi üçün Prezident təqaüdü ödənilmişdir. Yuxarıda qeyd olunan normaların məzmunundan da aydın olur ki, iddiaçının həmin təqaüdü almaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
13. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü tarixli, 2-1(114)- 1984/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə hesab etmişdir ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması üçün qanunvericiliklə tələb olunan sənədlərdən biri şəhid ailələrinə verilən vəsiqədir ki, məhz bu vəsiqə ilə şəxsin şəhid ailəsi statusuna malik olub-olmamadığı müəyyən edilir. Hazırkı işdə də iddiaçıya xx.xx.2023-cü il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsinin verildiyi işin mübahisəsiz halıdır. Hazıra həmin vəsiqənin (və ya statusun) ləğvi barədə cavabdeh orqan hər hansı sənəd (sübut) təqdim etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü tarixli, 2-1(114)-1984/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin iddiaçı tərəfindən gətirilən əsasları ilə məhkəmə də razılaşmamış, həmin əsaslara münasibət bildirməmişdir. Məhkəmə yalnız iddiaçıya məxsus xx.xx.2023-cü ildə Şəhid ailəsi üzvünün vəsiqəsinin olması əsası ilə iddianı təmin etmişdir. İlk növbədə bildirir ki, Şəhid ailəsi üzvü vəsiqəsinin verilməsi ilə şəhid ailəsi üçün Prezident təqaüdünün təyin olunması fərqli inzibati icraatlardır və fərqli inzibati orqanlar tərəfindən həyata keçirilir. Hansı şəxslərin şəhid ailəsi üzvü hesab olunması yuxarıda qeyd olunan normativ hüquqi aktlara uyğun olaraq göstərilmişdir. Odur ki, həmin vəsiqənin hansı əsasla verilməsi cavabdeh inzibati orqana, həmçinin də məhkəməyə aydın deyildir. Həmin vəsiqənin verilməsi ilə bağlı inzibati icraatın aparılması cavabdeh inzibati orqan Fondun Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının səlahiyyətlərinə aid edilməmişdir. Digər bir məsələ isə ondan ibarətdir ki, Şəhid ailəsi üzvü vəsiqəsi şəhid ailəsi üçün Prezident təqaüdünün təyin edilmə əsaslarından biri deyildir və bu səbəbdən də həmin vəsiqə iş üzrə iddianın təmin edilməsinin əsası ola bilməzdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlamışdır. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehə rəsmi müraciət etsə də, cavabdeh orqan ona Prezident təqaüdünün təyin edilməsindən imtina edilməsi haqda xx.xx.2024-cü il tarixli məktub ünvanlamışdır. Hesab edir ki, şəhid ailəsi üzvü olduğu üçün cavabdeh onu Prezident təqaüdü ilə təmin etməli idi. Cavabdehin şikayəti əsassızdır. Mərhum anası X4 24 noyabr 2020-ci il tarixdə vəfat gedənə qədər Prezident təqaüdü almışdır. Onun Prezident təqaüdü almağı üçün heç bir qanuni maneə yoxdur. Həmçinin yuxarıda da qeyd etdiyi kimi, atası şəhid olan zaman onun şəhid ailəsi statusu yaranmışdır və bu barədə vəsiqəsi də var.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-1984/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi, odur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-1984/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
20. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 4. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: arvadı (əri); (2.1.1) valideynləri; (2.1.2) 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; (2.1.3) qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; (2.1.4) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; (2.1.5) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər (2.1.6).
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”na görə: Bənd 1. Bu Qaydalar “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Bənd 2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Bənd 5. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
24. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
26. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
29. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
30. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
31. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
32. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
34. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
37. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı atası İddiaçı Məmməd oğlu xx.xx.1994-cü il tarixdə şəhid olmuşdur. İddiaçının anası X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin tarixədək Dünya Əhmədovaya şəhid ailəsi üçün Prezident təqaüdü ödənilmişdir. Bu işin mübahisə olunmayan hallarıdır.
38. Məhkəmə kollegiya ilk öncə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarında şəhid ailə üzvü hesab olunan və bu əsasda Prezident təqaüdü ödənilən şəxslərin dairəsi dəqiq müəyyənləşdirilmişdir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
39. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı xx.xx.1994-ci il təvəllüdlü (30 yaş) olmaqla şəhidin ailə üzvü hesab edilən və buna görə Prezident təqaüdü ödənilən şəxslərin dairəsinə aid deyildir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən onun ilkin əlilliyi xx.xx.2014-cü il tarixində (20 yaşında) qeydə alındığından bu əsasla da sözügedən qanunvericilik aktlarının əhatə dairəsinə düşmür. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2.3-cü bəndində nəzərdə tutulmüş əsaslar iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən istinad etdiyi iddiaçıya verilmiş şəhid ailəsi üzvünün vəsiqəsinə münasibətdə qeyd edir ki, şəhidin ailə üzvü hesab edilən şəxslərin dairəsi və buna görə onlara Prezident təqaüdünün ödənilməsi hər hansı bir orqan tərəfindən verilən arayış və ya vəsiqə ilə deyil, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları” və digər normativ aktlarla tənzimlənir. Qeyd edilən vəsiqənin verilməsi əsası yuxarıda qeyd edilən qanunvericilik aktlarınının müddəaları ilə uzlaşmadığından iddiaçıya münasibətdə şəhid ailəsinin üzvü kimi tələb etdiyi güzəştlərdən yararlanmasına hüquq yaratmır. Digər tərəfdən, məhkəmə kollegiyası tərəfindən vəsiqəni vermiş orqana (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi) sorğu göndərilərək, qeyd edilən vəsiqənin verilməsi əsasları barədə məlumat verilməsi tələb edilsə də, lakin qeyd edilən orqan bu məsələyə aydınlıq gətirə bilməmişdir.
41. Bələliklə, apellyasiya instansiya məhkəməsi şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən düzgün hüquqi qiymət verilməməklə, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır.
42. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-1984/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.