Məhkəmə qərarları › İş №2-1(104)-584/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-584/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-584/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1230/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********5842 nömrəli qərarı ilə İddiaçı MMCyə məxsus olan Gəncə şəhəri, Ş.İ.Xətai 147 ünvanda “DAHUA TECHNOLOGY” obyektə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələlər üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.

2. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, DVX 013019 seriya və nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktın surətindən görünür ki, vergi ödəyicisinə məxsus obyektə xx.xx.2022-ci tarixdə saat 15:48-də müştəri tərəfindən alınmış 1 ədəd “maus” üçün ödənilmiş 13 manat nağd pul vəsaitinin müqabilində müştəriyə nəzarət-kassa aparatının çekinin təqdim olunmadığı aşkar edilmişdir.

3. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus “DAHUA TECHNOLOGY” adlı mağazada baxış keçirildikdən sonra vergi orqanın səlahiyyətli nümayəndələri kiçik vergi xidməti müşavirləri X5, X2, İddiaçı MMC-nin satış meneceri X3 iştirakı ilə akt tərtib edilmişdir.

4. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7273 nömrəli qərarına əsasən İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmaların aparılması qaydalarını pozmasına görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7273 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, **********7273 nömrəli qərarı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddia ərizəsində iddiçı qeyd etmişdir ki, mağazada müştəri olmamasına baxmayaraq vergi idarəsinin əməkdaşları akt tərtib etmişlər və onun əsasında onun barəsində vergi məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilmişdir.İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, vergi orqanının əməkdaşları yoxlama aparan zaman onun əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasını, yəni pul vəsaitlərinin kassaya vurulmaması heç bir sübutla sübuta yetirilməmiş, yalnız özləri tərəfindən tərtib edilmiş akta istinad edərək qərar qəbul etmişlər.

7. İddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 21 oktyabr 2022-ci il tarixdə İddiaçı MMC-yə məxsus olan Gəncə şəhəri, Ş.İ.Xətai pr 147 ünvanda fəaliyyət göstərən “Dahua Technology” mağazasında vergi işçiləri tərəfindən tərtib edilmiş DVX 013019 seriya və nömrəli akt əsasında qəbul edilmiş 30 noyabr 2022-ci il tarixli, **********7273 saylı qərarın ləğv edilməsini xahiş etmişdir.

8. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********5842 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən AZ2001, Gəncə şəhəri,Ş.İ.Xətai 147 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus “DAHUA TECHNOLOGY” (**********-23002) adlı obyektdə Vergi Məcəlləsinin 50.1.3 və 50.1.7-ci maddələrinə əsasən “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi istiqamətləri üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli, KY221815203 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan göründüyü kimi vergi orqanı tərəfindən həyata keçirilmiş operativ vergi nəzarət tədbiri müvafiq reyestrdə qeydiyyata alınmışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb fiziki şəxs aşkar olunmamış və bu barədə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 007962 nömrəli, xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Bundan əlavə keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus obyektdə xx.xx.2022-ci il tarixdə saat 15:48-də müştəri tərəfindən alınmış 1 ədəd “maus” üçün ödənilmiş 13 manat nağd pul vəsaitinin müqabilində müştəriyə nəzarət-kassa aparatının çekinin təqdim olunmadığı aşkar edilmişdir. Uçotdan yayındırılmış 13 manat ödəniş məbləği nəzarətkassa aparatında bərpa edilmiş və nəzarət-kassa aparatı çeki operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib olunmuş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı 013019 nömrəli xx.xx.2022-ci il tarixli Akta əlavə edilmişdir. Həmçinin nəzarət tədbiri həyata keçirilərkən cəmiyyətin rəhbəri Nümayəndə ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq cəmiyyətə məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi və nəticədə aşkar olunmuş pozuntular barədə məlumat verilmiş, yoxlama tədbirində iştirak etməyinin vacibliyi onun nəzərinə çatdırılmışdır. Lakin Cəmiyyətin rəhbəri nəzarət tədbirində iştirak etməyəcəyini və tərtib olunmuş aktları imzalamayacağını bildirmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin əmək müqaviləsi əsasında işçisi olan X3 iştirakı ilə akt tərtib edilmiş, lakin sonuncu aktı imzalamaq səlahiyyəti olmadığından V.Abbaszadə tərəfindən imzalanması təmin edilməmişdir. İddiaçı ərizəsində inzibati orqana şikayət ərizəsi ilə müraciət etdiyini, lakin inzibati orqanın onun müraciətinə baxılması barədə cavabında sadəcə Vergi Məcəlləsinin maddələrinin açıqlanmasının qeyd olunduğu, hansı araşdırılmanın aparılması, qaydası və nəticələri barədə məlumatın verilmədiyini, vergi orqanı əməkdaşlarının obyektə daxil olaraq “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarını təqdim etmədən qanunsuz yoxlama apardığını, yoxlayıcıların özlərinin mağazada müştəri olmamasına baxmayaraq kassa aparatını qanunsuz əldə edərək kassa aparatına müdaxilə etdiklərini, yoxlama zamanı 2 aktın tərtib olunduğunu, lakin ancaq Seriya DVX 013019 nömrəli akta əsaslanaraq cəmiyyətin Vergi Məcəlləsinin 58.7.1 -ci maddəsinin tələblərinin pozulması ilə bağlı 1000 manat cərimə edildiyini, digər akt üzrə, yəni seriya DVX 007962 nömrəli aktla bağlı hər hansı bir məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmədiyini, onun inzibati orqana şikayətindən sonra həmin halın araşdırıldığını və ona vergi orqanı işçilərinin səhvə yol verərək qanundan gələn tələbləri pozduğunun bildirildiyini, mübahisələndirdiyi qərar qəbul edilərkən həmin məsələyə toxunulmadığını, cəmiyyətin qanun çərçivəsində fəaliyyət göstərdiyini, vergi işçilərinin qanunsuz hərəkətləri ilə bağlı mağazanın video görüntülərinin mövcud olunduğunu və təqdim olunacağını qeyd edir. İş materiallarında olan və iddiaçı tərəfindən mübahisələndirilən qərar 30 noyabr tarixində qəbul olunmuşdur. İddiaçının qeyd etdiyi müraciəti isə qərar qəbul olunmadığı tarixdə, yəni xx.xx.2022-ci il tarixdə mübahisələndirilən inzibati akt mövcud olmamışdır. İddiaçının vergi orqanı əməkdaşlarının obyektə daxil olaraq “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarını təqdim etmədən qanunsuz yoxlama aparması, yoxlayıcıların özlərinin mağazada müştəri olmamasına baxmayaraq kassa aparatını qanunsuz əldə edərək kassa aparatına müdaxilə etmələri barədə dəlilinə münasibətdə bildirilərkən qeyd edilir ki, işin faktiki halları ilə bağlı yuxarıda qeyd olunanlardan da göründüyü kimi operativ vergi nəzarəti zamanı cəmiyyətin rəhbəri obyektdə olmamışdır. Buna görə də qeyd olunan məsələyə onun şahidlik etməsi mümkün olmamaqla yanaşı, işin faktiki hallarına da uyğun gəlmir. Vergi nəzarəti mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə həyata keçirilmiş, nəzarət tədbirində cəmiyyətin iştirakının təmin edilməsi məqsədi ilə onunla əlaqə saxlanılmış, lakin o iştirak etməkdən imtina etmişdir. İddiaçının yoxlama zamanı 2 aktın tərtib olunması, lakin ancaq Seriya DVX 013019 nömrəli akta əsaslanaraq cəmiyyətin Vergi Məcəlləsinin 58.7.1ci maddəsinin tələblərinin pozulması ilə bağlı 1000 manat cərimə edilməsi, digər akt üzrə, yəni seriya DVX 007962 nömrəli aktla bağlı hər hansı bir məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilməməsi, onun inzibati orqana şikayətindən sonra həmin halın araşdırılması və ona vergi orqanı işçilərinin səhvə yol verərək qanundan gələn tələbləri pozduğunun bildirilməsi, mübahisələndirdiyi qərar qəbul edilərkən həmin məsələyə toxunulmaması barədə dəlilinə münasibətdə bildirilərkən qeyd edilir ki, yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə keçirilmiş operativ vergi nəzarəti zamanı bir istiqamət üzrə hər hansı nöqsan aşkar olunmamış, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçi olmamış və bu barədə də xx.xx.2022-ci il tarixli DVX seriyalı 007962 nömrəli aktda qeydlər aparılmışdır. Bu səbəbdən də qeyd olunan aktla bağlı hər hansı qərar qəbul olunmamışdır. Həmçinin, vergi orqanı tərəfindən iddiaçıya onun ərizəsində qeyd etdiyi məzmunda hər hansı cavab göndərilməmiş, iddiaçı guya vergi orqanı tərəfindən işçilərin səhvə yol verərək qanundan irəli gələn tələbləri pozması məzmununda cavab verdiyini qeyd etməklə məhkəmədə yanlış fikir yaratmağa cəhd etmişdir. İddiaçı video görüntülərin olduğunu bildirsə də, həmin video görüntülərin məzmunu barədə hər hansı qeyd aparmamış və məhkəməyə təqdim etməmişdir. iddiaçı 31,03.2022-ci il və xx.xx.2022-ci il tarixlərində 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsini dövriyyə göstəriciləri olmadan vergi orqanına təqdim etmişdir. İddiaçının iddiasının böyük ehtimalla uğurlu hesab olunması üçün əsaslar işin faktiki və hüquqi hallarında mövcud deyildir. İddia tələbinin maliyyə sanksiyası ilə bağlı vergi orqanının iddiaçının hesabına sərəncam qoyulması ilə bağlı hesabından tutulmuş pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının hesabına geri qaytarılması hissəsi mümkünlük şərtlərinə cavab vermir. İnzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu baxımdan iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1230/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçı tərəfindən alış-veriş edib pul hesablamalarının aparılması qaydalarının pozulmasını sübuta yetirə bilməmişdir. Belə ki, vergi orqanının güman etdiyi müştəri müəyyən olunmamış, onun izahatı alınmamış, həqiqətən də müştəri tərəfindən 15:48-də “mausun” alınması sübut olunmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia tələbinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil edərək əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi operativ vergi nəzarəti ilə bağlı maddi normaları düzgün tədbiq etməmiş, Vergi Məcəlləsində vergi orqanından tələb olunmayan halları qərarında sadalamış və onlara vergi orqanı tərəfindən əməl olunmadığını bildirmişdir. Belə ki, məhkəmə qərarının əsaslandırma hissəsində vergi orqanın əməkdaşları tərəfindən tərtib edilmiş aktda müştərinin adının əks olunmadığı, onun izahatının alınmadığı və müştəri tərəfindən həqiqətən maus alınmasını cavabdehin sübuta yetirməməsini qeyd etmişdir. Lakin qeyd edilən məsələlər Vergi Məcəlləsində vergi orqanının üzərinə vəzifə kimi qoyulmamışdır. Operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş DVX seriyalı 007962 nömrəli akta əlavə edilmiş 63 nömrəli “X-hesabatı” adlı çekdən görünür ki, iddiaçı cəmiyyətin istifadəsində nəzarət kassa aparatı 21 oktyabr 2022ci il tarixdə, saat 08:59-da açılaraq işə salınmışdır. Yəni cəmiyyətə məxsus olan obyekt saat 08:59-dan etibarən fəaliyyət göstərmişdir. Lakin həmin çekin məlumatlarına əsasən qeyd edilməlidir ki, nəzarət tədbiri keçirilən vaxta kimi ümumiyyətlə nəzarət kassa aparatına hər hansı satış məbləği daxil edilməmiş, aparatdan müvafiq məlumatlar 21 oktyabr 2022-ci il tarixdə, saat 15:52-də alınmışdır. Sonradan uçotdan yayındırılmış 13 manat məbləğ 15:53-də aparata bərpa edilmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Cavabadehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.

15. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 15.1.3. Vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək, 15.1.7. Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqlarıdır. 24.0.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1. Əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.

64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

17. “İnzibati icraat haqqında” Qanun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

18. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. İşin hallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus “Dahua Technology” mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmiş və nəticədə cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7273 nömrəli qərar tərtib edilmişdir.

22. Belə ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********5842 nömrəli qərarından görünür ki,”BF-TECH” MMC-yə məxsus olan Gəncə şəhəri, Ş.İ.Xətai 147 ünvanda “DAHUA TECHNOLOGY” obyektə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələlər üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.

23. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, DVX 013019 seriya və nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktın surətindən görünür ki, vergi ödəyicisinə məxsus obyektə xx.xx.2022-ci tarixdə saat 15:48-də müştəri tərəfindən alınmış 1 ədəd “maus” üçün ödənilmiş 13 manat nağd pul vəsaitinin müqabilində müştəriyə nəzarət-kassa aparatının çekinin təqdim olunmadığı aşkar edilmişdir.

24. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7273 nömrəli qərarının surətindən görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmaların aparılması qaydalarını pozmasına görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.

25. İddiaçı tərəfindən inzibati orqanın qərarı mübahisələndirilmiş, birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək təmin etmişdir.

26. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsində işə baxılarkən sübutların obyektiv qiymətləndirilməməsi və maddi normalarda qeyd edilməyən öhdəlik və vəzifələrin vergi orqanın üzərinə qoyulmasını qeyd etmişdir.

27. Göründüyü kimi operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, DVX 013019 seriya və nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktda vergi ödəyicisinə məxsus obyektə xx.xx.2022-ci tarixdə saat 15:48-də müştəri tərəfindən alınmış 1 ədəd “maus” üçün ödənilmiş 13 manat nağd pul vəsaitinin müqabilində müştəriyə nəzarət-kassa aparatının çekinin təqdim olunmadığı qeyd edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş aktda kassa əməliyyat çekinin təqdim olunmadığı güman edilən müştərinin məlumatları əks olunmamış, konkret hansı müştəriyə hansı məbləğdə xidmət göstərildiyi qeyd edilməmişdir. Həmçinin xidmət göstərilən şəxsdən izahat alınması və akta onun imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, beləliklə vergi orqanının gəldiyi nəticə aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir.

29. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş video görüntülərə baxış zamanı da müəyyən olunur ki, akt tərtib olunan tarixdə saat 15:52-də inzibati orqanın işçisi mağazaya daxil olan zaman orada hər hanı bir alıcı olmamış, kassa aparatına müstəqil baxış keçirmiş və məlumatları daxil etmişdir.

30. Məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə baxılan zaman ilkin olaraq iddiaçının mübahisələndirdiyi qərarın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunu ilə müəyyən edilmiş əsaslarına, prinsiplərinə və prosedur qaydalarına riayət edib-edilməməsi mütləq şəkildə nəzərə alınıb araşdırılmalıdır.

31. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “İnzibati icraat haqqında” Qanunun preambulasında deyilir ki, “Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir”.

32. Başqa sözlə inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Qanunla müəyyən edilir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə adıçəkilən qanunun tələbləri çərçivəsində hərəkət etməlidirlər.

33. Hazırki işin hallarından məlum olur ki, mübahisələndirilən inzibati aktın-qərarın cavabdeh tərəfindən qəbul edilməsi zaman adıçəkilən qanunla müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə iddiaçının vergi ödəyicisi kimi fəaliyyətindən yaranan və onun tərəfindən pozuntulara yol verilməsinə əsaslanan qərarın ləğvi ilə bağlı irəli sürülən iddia tələbidir.

35. Qüvvədə olan vergi qanunvericiliyi birmənalı şəkildə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

36. Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyə edilsin ki, vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələrinin qorunmasına diqqətlə yanaşsınlar. Vergi yoxlanması zamanı – vergi münasibətlərində bilavasitə vergi ödəyicisinin özünün və ya onun nümayəndəsinin iştirak etməsi, onların vergi yoxlamasına dair aktın məzmununa yazılı izahatlarının aparılması, vergi yoxlamasının qanunvericiliyin tələblərinə tam uyğun aparılması, vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək və vergi borclarından azad edilməsi, vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün imkan verilməsi və bütövlükdə Vergi Məcəlləsinin tələblərinə əməl olunması məsələlərinə diqqət yetirsinlər. Məhkəmələrə izah edilsin ki, vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, lakin vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür (“Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 27 noyabr 2003-cü il tarixli qərarın 1,4,8-ci bəndləri).

37. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

38. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən inzibati aktı- qərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısada, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını sübut edə bilməmişdir.

39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunanlara əsasən dəyişdirilmədən qüvvədə salanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1230/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar