Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-585/2024 31.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyasına qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, “Sığorta ödənişinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2902/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 100328 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixdə boyun səviyyəsində travmatik amputasiya səbəbi ilə Samux rayonu Çobanabdallı kəndində ölmüşdür.
2. DİN-in rəhbərliyinin göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair 30 aprel 2021-ci il tarixli rəyə əsasən DİN-in Baş Pasport, Qeydiyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə ASAN xidmət mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin və Nizami RPİ-nin İTB-nin polis sahə rəisi Elnur Çağırqanovun ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəli olması müəyyən edilmişdir.
3. xx.xx.2021-ci il tarixli TT**********83930240 nömrəli kassa məxaric orderinə əsasən Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən 30240 manat məbləğində sığorta ödənişi X3 ödənilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ç-882242/2023 nömrəli məktubda bildirilmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən, belə sənədin tarixi 2020-ci ilin dekabrın 31-dən sonraya aid olduğu halda isə 2022-ci ilin yanvarın 1-dən etibarən Fond tərəfindən təmin edilir. Müraciət araşdırılarkən məlum olmuşdur ki, X4 vəfat etməsi ilə bağlı tərtib edilmiş 100328 nömrəli ölüm haqqında şəhadətnamənin (sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin) tarixi xx.xx.2020-ci ilə aiddir. Odur ki, X4 qanun üzrə vəsərəsi kimi dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyil.
5. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli 95/05-914/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli 1718 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 1340 nömrəli Fərmanın 2.7-ci bəndinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir;”. Həmin Fərmanın 3-cü hissəsinə əsasən aşağıdakı məzmunda 2.8-ci bəndin əlavə edilməsi qərara alınmışdır: “2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.”. Ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin rəyinin verilmə tarixi 27 aprel 2021-ci il tarixinə təsadüf etdiyindən Fərmana edilmiş dəyişikliyə əsasən vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Bu səbəbdən sığorta ödənişinin alınması üçün Fonda müraciət etməsi tövsiyyə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fonduna) qarşı təyin olunmuş sığorta ödənişinin ödənilməsi tələbinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsi ilə əvəz edilməsini və sığorta ödənişinin ödənilməsi öhdəliyinin onun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3182/2023 saylı qərarı ilə iddia təmin edilmiş, X4 xidməti vəzifəsinin icrası zamanı ölməsi ilə bağlı sığorta ödənişinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-249/2024 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3182/2023 saylı qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
10. Məhkəmə öz qərardadında, təkrar baxış zamanı iddiaçının hüquqi marağına uyğun yardım olunmasını, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinin labüdlüyü diqqətinə çatdırılması, bundan sonra əsl cavabdehə münasibətdə iddianın mümkünlüyünün yoxlanılması tövsiyyə olunmuşdur.
11. İnzibati işin materialları məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, məhkəmə tərəfindən iddiaçıya sərəncam göndərilərək Gəncə Apellyasiya Məhkəməsinin tövsiyyəsi iddiaçının nəzərinə çatrılmışdır. Sərəncamda iddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyası olması qeyd edilmiş və iddianın dəqiqləşdirilməsinə dair ərizənin verilməsi iddiaçıya bildirilmişdir.
12. İddiaçı tərəfindən göndərilmiş və məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş iddianın dəqiqləşdirilməsinə dair ərizədən müəyyən olunur ki, iddiaçı hazırda tələbini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyasına yönəltmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3182/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyasına qarşı iddia qaldırmışdır ki, komissiyaya qarşı iddialar isə ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2902/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyniməzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
19. Üçüncü şəxsin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.
20. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
22. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
24. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
25. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının oğlu X5 xx.xx.2020-ci il tarixdə boyun səviyyəsində travmatik amputasiya səbəbi ilə Samux rayonu Çobanabdallı kəndində ölmüş və bu barədə xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 100328 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. DİN-in rəhbərliyinin göstərişi əsasında Daxili Təhqiqatlar İdarəsində xidməti təhqiqat aparılaraq, X5 və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun birlikdə həlak olmuş DİN-in Baş Pasport, Qeydiyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə ASAN xidmət mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru X2 xidməti vəzifələrinin icrası zamanı ölmələri qənaətinə gəlinmiş və ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəli olması barədə xx.xx.2021-ci il tarixdə rəy verilmişdir. xx.xx.2021-ci il tarixli TT**********83930240 nömrəli kassa məxaric orderinə əsasən Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən 30240 manat məbləğində sığorta ödənişi X3 (inspektoru X2 atası) ödənilmişdir.
27. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyasına qarşı təyin olunmuş sığorta ödənişinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
28. “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" ASCnin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il yarixli 1751 nömrəli Fərmanın ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2024-cü il tarixli 2459 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Baş Nazirinin 6 fevral 2024-cü il tarixli sərəncamından müəyyən olunur ki, Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaradılması qərara alınmışdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarın da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
30. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. Adıçəkilən qərarın 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24- 26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.
32. Göründüyü kimi iddiaçı hazırda Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyasına qarşı iddia qaldırmışdır, komissiyaya qarşı iddialar isə ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarın 17-ci bəndində də məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
34. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırmaq istəyir ki, hazırki mübahisə xüsusi hüquq normaları ilə tənzimləndiyindən aidiyyəti üzrə ümumi (rayon) məhkəməyə müraciət etmək hüququ vardır.
Nəticə hissəsi: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2902/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov