Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-587/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), X4 və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı “Aynur” Kooperativinin nümayəndəsi İddiaçı1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “Qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1965/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Yay kino meydançası kimi istifadə olunmuş ərazi “Aynur” kooperativi tərəfindən 23 mart 1991-ci il tarixli uzunmüddətli icarə müqaviləsi əsasında 5 il müddətinə icarəyə götürülmüşdür.
2. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 18 iyul 1994-cü il tarixli, 1560 saylı sərəncamına əsasən, Gəncə şəhər Qırmızıkənd yaşayış sahəsindəki yay kino meydançasının istehsal sahəsini genişləndirməklə yeni iş yeri yaratmaq üçün “Aynur” kooperativinin balansına verilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 25 avqust 2021-ci il tarixli, **********15 nömrəli imtina məktubunda, Gəncə ŞİH başçısının 18 iyul 1994-cü il tarixli 1560 saylı sərəncamında obyektin texniki göstəriciləri barədə məlumatın qeyd edilməməsi, həmçinin sərəncamda obyektin istifadə üçün tam yarasız olduğunun qeyd edilməsi, bundan əlavə həmin ərazidə aparılmış yenidənqurma işləri ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı “Aynur” koorperativinin təsisçisi İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd qəsəbəsi, Bayram Hüseynli küçəsində yerləşən “Aynur” kooperativinə məxsus ümumi sahəsi 238.5 kv.m olan qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Aynur” Kooperativinin sədri olaraq “Aynur” Kooperativinə məxsus ümumi sahəsi 238.5 kv.m olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixli, **********15 nömrəli məktubu ilə bildirmişdir ki, Gəncə ŞİH başçısının 18 iyul 1994cü il tarixli 1560 saylı sərəncamı ilə Gəncə şəhər, Qırmızıkənd yaşayış sahəsindəki yay kino meydançasının istehsal sahəsini genişləndirməklə yeni iaşə yeri yaratmaq üçün “Aynur” kooperativinin balansına verilməsi qərara alındığı, lakin təqdim edilmiş sənədlərdə obyektin texniki göstəriciləri barədə məlumatın qeyd edilmədiyi, həmçinin obyektin istifadə üçün tam yarasız olması və aparılmış yenidənqurma ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi müəyyən edilmiş və buna görə də “Aynur” Kooperativinə məxsus qeyri-yaşayış binası üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsindən imtina olunmuşdur.
6. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 əsl iddiaçı “Aynur” Kooperativi ilə əvəz edilmişdir.
7. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etiraz ərizəsində qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı iddiaçının ərizəsinə əlavə edilmiş Gəncə ŞİH başçısının 18 iyul 1994-cü il tarixli, 1560 saylı sərəncamı ilə Gəncə şəhər Qırmızıkənd yaşayış sahəsindəki yay kino meydançasının istehsal sahəsini genişləndirməklə yeni iş yeri yaratmaq üçün “Aynur” kooperativinin balansına verilməsinin qərara alındığı, lakin obyektin texniki göstəriciləri barədə məlumatın qeyd edilmədiyi, həmçinin sərəncamda obyektin istifadə üçün tam yarasız olması bildirilmişdir. Bundan əlavə həmin ərazidə aparılmış yenidənqurma işləri ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı müəyyən edilmiş və bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1965/2021 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
10. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1965/2021 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin rədd olunmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı “Aynur-M” sahibkar müəssisəsinin nümayəndəsi İddiaçı1 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı ərizəsinə əlavə edilmiş Gəncə şəhər İcra hakimiyyəti başçısının 18 iyul 1994-cü il tarixli, 1560 saylı sərəncamı ilə Gəncə şəhər, Qırmızıkənd yaşayış sahəsindəki yay kino meydançasının istehsal sahəsini genişləndirməklə yeni iaşə yeri yaratmaq üçün “Aynur” koorperativinin balansına verilməsi qərara alınmışdır. Lakin təqdim edilmiş sənədlərlə obyektin texniki göstəriciləri barədə məlumat qeyd edilməmişdir, həmçinin sərəncamda obyektin istifadə üçün tam yararsız olması bildirilmişdir. Bundan əlavə vətəndaş tərəfində aparılmış yenidənqurma işləri ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin, qeyriyaşayış binasının ölçülərin müəyyən edilməsi barədə sənədlər təqdim olunmadığı müəyyən edilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(104)- 131/2022 nömrəli qərarı ilə (sədrlik edən hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliyev, R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1965/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır.
Kassasiya instansiya məhkəməsində birinci icraat:
13. Cavabdeh inzibati orqan kassasiya şikayəti vərərək Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(104)-131/2022 nömrəli qərarınn ləğv olunmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(102)-621/2023 nömrəli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər K.Bədəlov, N.Rəsulbəyova) Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(104)-131/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kassasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparan Dövlət Vergi Xidmətinin “İnternet Vergi İdarəsi” məlumat sistemində (https://www.e-taxes.gov.az/) “İddiaçı2” (VÖEN: **********; hüquqi ünvan: AZ1155, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi; qanuni təmsilçi: X2) kommersiya hüquqi şəxsi barədə məlumat aşkar olunsa da, həmin hüquqi şəxsin hazırkı iddiaçıya aidiyyəti müəyyən edilmir. Həmin məlumat sistemində eyni adda (“İddiaçı2”) digər hüquqi şəxs aşkar olunmamışdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, hazırda “Aynur” kooperativi mövcud deyil, onun hüquqi varisi “Aynur-M” sahibkarlıq müəssisəsidir.
Tətbiq edilən hüquq:
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 25.0. İnzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: 25.0.1. fiziki və ya hüquqi şəxslər; 25.0.2. dövlət orqanları və ya bələdiyyələr. 26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. 26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.
21. Məhkəmə tərkibi xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
22. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
24. Hazırki halda iddia olunan qeyri-yaşayış sahəsi “Aynur” Kooperativinin balansına Gəncə şəhər İcra Hakimiyyəti başçısının 18 iyul 1994-cü il tarixli 1560 saylı sərəncamına əsasən verilmişdir. İddia ərizəsi ilə məhkəməyə “Aynur” Kooperativi müraciət etmiş, səlahiyyətlərinin təsdiqi kimi 1988-ci il tarixli nizamnaməsini təqdim etmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, ilk əvvəl mümkünlük şərtlərinin yoxlanılması baxımından iddiaçının hazırkı iddianı qaldırmaq üçün prosessual fəaliyyət qabiliyyətinin olub-olmaması müəyyən edilməlidir.
26. Belə ki, Azərbaycan Respublikası İPM-nin 25-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında iştirak etmək hüququna fiziki və ya hüquqi şəxslər, dövlət orqanları və ya bələdiyyələr malikdirlər.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
28. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
29. 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır.
30. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
31. 2.0.7-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir.
32. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.
33. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı).
34. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 08 saylı Ərazi Vergilər İdarəsinin 02 avqust 2023-cü il tarixli, **********570600 nömrəli məktubunda qeyd olunur ki, aparılmış araşdırma zamanı məktubda adı qeyd olunmuş «Aynur» Kooperativi adlı hüquqi şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 04.1999-cu il tarixində qeydiyyata alınmış, lakin 2 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və 10 rəqəmli VÖEN şəhadətnaməsi alınmamışdır.
35. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 09 saylı Ərazi Vergilər İdarəsinin 03 avqust 2023-cü il tarixli, **********866200 nömrəli məktubunda qeyd olunur ki, «Aynur» Kooperativi xx.xx.2001-ci il tarixdə ********* nömrəli (doqquz rəqəmli) VÖEN-lə qeydiyyata alınmışdır və vergi ödəyicisi 2004-cü il tarixdən (on rəqəmli) VÖEN-ə keçid ilə əlaqədar yenidən dövlət qeydiyyatına alınması üçün 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməmişdir.
36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 sentyabr 2023-cü il tarixli, **********728700 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri məlumatlarına əsasən “Aynur-M” sahibkar müəssisəsinin (VÖEN **********) təsisçisi və rəhbəri İddiaçı1dur.
37. Gəncə şəhəri Kəpəz rayonunda yerləşən “Aynur” koorperativinin ümumi iclasının 15 iyul 1999-cu il tarixli, 16 nömrəli protokolundan görünür ki, yeni tələblərə uyğunlaşmaq üçün “Aynur” koorperativinin adı “Aynur-M” müəssisəsi ilə əvəz edilmişdir.
38. Göründüyü kimi tərfindən iddia irəli sürülən “Aynur” koorperativi adlı hüquqi şəxs hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmamış, həmin ad altında hər hansı hüquqi şəxs hazırda mövcud deyildir. Belə olduqda iddia tələb üzrə iddiaçı “Aynur” müəssisəsinin hüquqi şəxs kimi mövcudluğu və inzibati prosessual hüquq qabiliyyəti istisna edilir.
39. Məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır(İPM-in 25 və 26-cı maddələri). Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarının da 15.1, 15.2, 15.3,-cü bəndləri).
40. Beləliklə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)- 1965/2021 nömrəli qərarı iddiaçının prosessual hüquq və fəaliyyət qabiliyyətinin olmaması əsası ilə ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
41. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1965/2021 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rafiq Cəfərov, Azər Bayramov