Məhkəmə qərarları › İş №2-1(104)-59/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-59/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-59/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), X1 və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, “ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi, hər ay pensiyasından tutulan məbləğin tutulmasının qadağan edilməsi və tutulmuş məbləğin hesablanaraq qaytarılması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.İV-JQ 442358 nömrəli, xx.xx.1996-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1996-cı il tarixdə ölmüşdür. 2.Cavabdeh xx.xx.1996-cı il tarixli 8/219 nömrəli qərarından görünür ki, Xəlilova Mənsurə Məcid qızına xx.xx.1996-cı il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. 3.192112 nömrəli xx.xx.2018-cı il tarixli vəsiqədən görünür ki, İddiaçı 2-ci qrup əlildir. 4.Azərbaycan Dövlət Pedoqoji Universitetinin xx.xx.2013-cü il tarixli, 794 nömrəli arayışından görünür ki, X3 2012-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinə daxil olmuş, təhsil müddəti iyun 2016-cı ilə kimi nəzərdə tutulmuşdur. 5.Cavabdeh xx.xx.2018-ci il tarixli 219 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən 152,61 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. 6.Cavabdeh sərəncamından görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı artıq ödənilmiş məbləğ 2369,21 manat müəyyən edilmiş və xx.xx.2017-ci il tarixdən pensiyanın aylıq məbləği 152,61 manat müəyyən edilməklə həmin məbləğdən ayda 52 manat tutulma aparılması qərara alınmışdır. 7.Cavabdeh xx.xx.2018-ci il tarixli 68/724 nömrəli arayışdan görünür ki, İddiaçı uşaqlıqdan əlilliklə bağlı artıq ödənilmiş 6896,95 manat müavinətin vətəndaşın ailə başçısını itirməyə görə əmək pensiyasından tutulması xahiş olunmuşdur. 8.Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2022-ci il tarixli məktubundan və 15 fevral 2021-ci il tarixli, 2(104)-1175/2021 nömrəli qərardadından görünür ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Xəlilova Mənsurə Məcid qızına qarşı artıq hesablanmış pensiya məbləğinin geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilmiş, qərardaddan kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsində icraat: 9.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi, hər ay pensiyasından özbaşına olaraq tutulan məbləğin tutulmasının qadağan edilməsi, tutulmuş məbləğin hesablanaraq qaytarılması, pensiyasından qanunsuz olaraq aparılan tutulmalara son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə, bacısı Gülnarə Xəlilova xx.xx.1986-cı ildə və qardaşı Xəlilov Polad xx.xx.1995-ci ildə doğulmuşdur. İddiaçı uşaqlıqdan əlil olduğu üçün ona əlilliyə görə sosial pensiya (müavinət) təyin olunmuşdur. Mərhum atası X2 xx.xx.1996-cı il tarixdə iş yerində ildırım vurması nəticəsində vəfat etmişdir. Ailə başçısı vəfat etdiyindən anası Xəlilova Mənsurə Məcid qızına xx.xx.1996-cı il tarixdən ailə başçısını itirməyə görə əməkpensiyası təyin edilmişdir. İddiaçının kiçik qardaşı Xəlilov Polad 2016-cı il tarixdə təhsilini bitirdiyindən onlara verilmiş ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılmışdır. İddiaçı anadangəlmə 2-ci qrup əlil olduğuna görə həmin vaxtdan onun pensiyası dəyişdirilməli və ona ailə başçısını itirməyə görə pensiya təyin edilməli idi. Lakin cavabdeh orqan həmin pensiyanı ona verməkdən imtina etmiş, sonradan həmin pensiyanı ona hesablamış və onun əvvəllər aldığı pensiyanı həmin məbləğdən çıxmağa başlamışdır. İddiaçı həmin pensiyanı almaq hüququ yarandığı vaxtdan hesablanaraq ona verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmiş, eyni zamanda hər ay qanunsuz tutulan pulun hələ 2369,21 manat ondan tutulacağını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz olmuşdur. 11.xx.xx.2022-ci il tarixli qərardad ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. 12.Cavabdeh inzibati orqanın 15 iyul 2022-ci il tarixli, **********8 nömrəli iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçıya xx.xx.1991-ci il tarixdə 256 nömrəli qərarla uşaqlıqdan əlil olduğu üçün sosial pensiya təyin edilmişdir. İddiaçının atası X2 xx.xx.1996-cı il tarixdə vəfat etdiyindən xx.xx.1996-cı il tarixdə 219 nömrəli qərarla Xəlilova Mənsurə Məcid qızına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Lakin ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən övladı İddiaçı sosial pensiya alması barədə məlumat verməmişdir. Belə olduğu təqdirdə İddiaçı həm sosial pensiya həm də ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. İddiaçı sosial pensiya xx.xx.2017-ci il tarixədək ödənilmişdir. Nəticədə 2369,21 manat artıq ödəmə yaranmışdır. İddiaçının ailə başçısını itirməyə görə ödənilməli olan lakin ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsində tələbinə cavab olaraq bildirilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə Fondun Tərtər Rayon şöbəsinə müraciətinə uyğun qaydada xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır. Hazırda qurum iddiaçıdan geri pensiya tələb etmir, belə bir niyyəti yoxdur. xx.xx.2017-ci il tarixdə iddiaçıya ödənilmiş müavinət dayandırılmışdır, hazırda məhkəmə qərar verəcəyi təqdirdə ona müəyyən məbləğ hesablanaraq ödənilə bilər. 13.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmiş, İddiaçı ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hüququ yarandığı tarixdən- 2016-cı ilin iyun ayından hesablanaraq ödənilməsi, pensiyasından tutulmalara son qoyulması və tutulmuş məbləğin hesablanaraq iddiaçıya qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasə qərarı alınmışdır. 14.Məhkəmə mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14,17, 32-1-ci maddələri ilə əsaslandırmış və hesab etmişdir ki, əmək pensiyası onu almaq hüququ yarandığı gündən təyin edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qardaşı Polad Xəlilov 2016-cı ilin iyun ayında təhsilini bitirdiyindən onlara verilmiş ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdə dayandırılmışdır. Deməli iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən həmin pensiyanı almaq hüququ həmin tarixdən (2016-cı ilin iyun ayından) yaranmışdır Həmçinin iddiaçı sözügedən pensiyanın təyin edilməsi ilə bağlı cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etməsi onun həmin pensiya hüququnun yarandığı tarixdən ödənilməsini tələb etmək hüququnu istisna etmir. Çünki yuxarıda istinad olunan normanın tələblərindən də aydın olur ki, mövcud qanunvericiliklə şəxsə pensiya məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə tələbi həmin hissədə də əsaslı hesab edir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri 15.Cavabdeh apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq yeni qərar çıxarılmasını xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixdə əlilliyə görə sosial pensiya təyin edilmişdir. xx.xx.1996-cı il tarixdə 219 nömrəli qərarla İddiaçıya ailə basçısını itirməyə görə əmək pensiyası təyin edilərkən övladı İddiaçı uşaqlıqdan əlil olduğu üçün sosial pensiya təyin edildiyi barədə məlumat verməmişdir. Odur ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən sosial pensiyanın ödənişi dayandırılmadığı üçün artıq ödəmə yaranmışdır.Gəncə İnzibati məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanaraq ödənilməsi, pensiyadan tutulmanın dayandırılması, tutulmuş məbləğin geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bildirilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Fondun Tərtər Rayon şöbəsinə müraciət edərək 18 yaşına çatdığından ailə başçısını itirməyə görə əmək pensiyasının öz adına rəsmiləşdirilməsini xahiş etmişir. Nəticədə İddiaçı xx.xx.2018-ci il tarixdən 219 nömrəli qərarla 152,61 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Hazırda pensiyanın məbləği indeksasiya olunaraq 268 manata çatdırılmışdır. İddiaçının anası Xəlilova Mənsurə Məcid qızına uşaqlıqdan əlil övladına qulluq etdiyinə görə yaş həddi azaldılmaqla xx.xx.2019-cu il tarixdən 268 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.1991-ci il tarixdə 256 nömrəli qərarla uşaqlıqdan əlil olduğu üçün sosial pensiya təyin edilmişdir. İddiaçının atası X2 xx.xx.1996-cı il tarixdə vəfat etdiyindən xx.xx.1996-cı il tarixdə 219 nömrəli qərarla Xəlilova Mənsurə Məcid qızına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Lakin ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən övladı İddiaçı sosial pensiya alması barədə məlumat verməmişdir. Belə olduğu təqdirdə iddiaçı M. Xəlilov həm sosial pensiya, həm də ailə başçısını itirməyə görə əmək pensiyası almışdır, İddiaçı sosial pensiya xx.xx.2017-ci il tarixədək ödənilmişdir. Nəticədə 2369,21 manat artıq ödəmə yaranmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 17.Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları 18.Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. 19.İş üzrə tərəfə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 20.Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 21.3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 22.14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 23.14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 24.14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 25.14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 26.14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. 27.17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 28.32.1-1. əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 29.32.3. ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun: 30.3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 31.7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 32.2. bu Qanunla vətəndaşlara aşağıdakı pensiyalar təyin edilir: a) əmək (sosial sığorta) pensiyaları: yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, xidmət illərinə görə; b) sosial pensiyalar. -7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ və əmək qabiliyyəti olmayan vətəndaşların bu Qanunla müəyyən şərtlər əsasında sosial pensiya almaq hüququ vardır. 33.40. vəfat etmiş ailə başçısının öhdəsində olmuş (44-cü maddə) əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə, görə pensiya almaq hüququ vardır. Ailə başçısının öhdəsində olub-olmamasından asılı olmayaraq aşağıdakı əmək qabiliyyəti olmayan ailə üzvləri pensiya almaq hüququna malikdirlər: müharibədə həlak olmuş vətəndaşların uşaqları, valideynləri, dul arvadları; vəfat etmiş vətəndaşların uşaqları, eləcə də bu maddənin “v” bəndində göstərilən şəxslərdən biri. 34.44. vəfat edənin ailə üzvləri onun tam təminatında olublarsa və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alıblarsa, onun öhdəsində olmuş ailə üzvləri sayılırlar. Vəfat edənin köməyi yaşayışları üçün daimi və əsas vəsait mənbəyi olan, lakin özləri hər hansı pensiya alan ailə üzvləri yeni pensiyaya keçmək hüququna malikdirlər. 35.90. sosial pensiya əmək pensiyası almaq hüququ olmayan İ, İİ və İİİ qrup uşaqlıqdan əlillərə və eləcə də 16 yaşına çatmamış əlil uşaqlara da təyin olunur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 36.12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 37.12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 38.58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 39.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 40.87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 41.87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 42.87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 43.Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. 44.İşin hallarından müəyyən edilmişdir ki, iddiaçının ailə üzvləri xx.xx.1989-cu il təvəllüdlü olmaqla özü, xx.xx.1986-cı il təvəllüdlü bacısı Gülnarə Xəlilova, xx.xx.1995-ci il təvəllüdlü qardaşı Polad Xəlilov, anası Mənsurə Xəlilovadan ibarətdir. İddiaçıya xx.xx.1991-ci il tarixdə 256 nömrəli qərarla uşaqlıqdan əlil olduğu üçün sosial pensiya, atası X2 xx.xx.1996-cı il tarixdə vəfat etdiyindən xx.xx.1996-cı il tarixdə 219 nömrəli qərarla anası Xəlilova Mənsurə Məcid qızına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. 45.İnzibati orqan etiraz dəlillərində qeyd etmişdir ki, Mənsurə Xəlilovaya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən övladı İddiaçı sosial pensiya alması barədə məlumat verilmədiyindən İddiaçı həm sosial pensiya, həm də ailə başçısını itirməyə görə əmək pensiyası ödənilmiş və ümumilikdə 2369,21 manat artıq ödəmə yarandığından həmin məbləğin ailə başçısını itirməyə görə əmək pensiyasından tutulması qərara alınmışdır. 46.Göründüyü kimi iddiaçının tələbi dörd hissədən – 1. ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi, 2. hər ay pensiyasından özbaşına olaraq tutulan məbləğin tutulmasının qadağan edilməsi, 3. tutulmuş məbləğin hesablanaraq qaytarılması, 4. pensiyasından qanunsuz olaraq aparılan tutulmalara son qoyulmasından ibarət olmuşdur. 47.Birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən əsaslı hesab etmiş və nəticəyə gəlmişdir ki, iddiaçının qardaşı Polad Xəlilov 2016-cı ilin iyun ayında təhsilini bitirdiyindən onlara verilmiş ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdə dayandırılmış, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən həmin pensiyanı almaq hüququ həmin tarixdən (2016-cı ilin iyun ayından) yaranmışdır. Həmçinin iddiaçı sözügedən pensiyanın təyin edilməsi ilə bağlı cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etməsi onun həmin pensiya hüququnun yarandığı tarixdən ödənilməsini tələb etmək hüququnu istisna etməmişdir. 48.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə qismən -tutulmuş məbləğin hesablanaraq iddiaçıya qaytarılması və tutulmaya son qoyulması hissəsində razılaşır digər hissələrlə bağlı aşağıdakıları qeyd edir. 49.İşdə olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.1991-ci il tarixdə 256 nömrəli qərarla uşaqlıqdan əlil olduğu üçün sosial pensiya, atası X2 xx.xx.1996-cı il tarixdə vəfat etdiyindən xx.xx.1996-cı il tarixdə 219 nömrəli qərarla anası Xəlilova Mənsurə Məcid qızına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş qeyd olunan pensiya xx.xx.2018-ci il tarixdək iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyanın dəyişdirilməsinə dair müraciət etdiyi dövrə qədər ödənilmişdir. 50.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçının anası Mənsurə Xəlilovaya iyun 2016-cı il tarixədək ödənilmişdir. Lakin təqdim olunmuş sənədlərdən məlum olur ki, ödəmələr xx.xx.2018-ci il tarixədək davam etdirilmişdir. 51.Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd olunur ki, Fondun Maliyyə və Mühasibatlılıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli xidməti məktubuna əsasən Xəlilova Mənsurə Məcid qızına sağlamlıq imkanları məhdud övladı İddiaçı görə xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək ümumilikdə 3599 manat məbləğində sosial müavinət ödənilmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı qəyyumu Xəlilova Mənsurə Məcid qızına ailə başçısını itirməyə görə ödənilən əmək pensiyasının məbləği ilə bağlı 150761 nömrəli pensiyaçının uçot vərəqənin surəti təqdim edilir. X4 ödənilən əmək pensiyasının İddiaçı aid hissədə məbləği pensiyaçının uçot vərəqinin «cəmi ödəniləcək məbləğ» bölməsində qeyd edilən məbləğin 50%-ni təşkil edir. 52.Fondun Maliyyə və Mühasibatlılıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Xəlilova Mənsurə Məcid qızına sağlamlıq imkanları məhdud övladı İddiaçı görə 2012-ci il yanvar ayında 48 manat, xx.xx.2012-ci il tarixdən xx.xx.2013cü il tarixədək hər ay 44 manat, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 50 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 55 manat məbləğində sosial müavinət ödənilmişdir. Pensiya baza məlumatlarına əsasən İddiaçı qəyyumu Xəlilova Mənsurə Məcid qızının ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının müddəti xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək davam etdirilmişdir. Hal-hazırda İddiaçı pensiya ödənişi davam etdirilir. Əlavə olaraq bildirlir ki, Xəlilova Mənsurə Məcid qızının ailə başsınını itirməyə görə aldığı pensiyasından 2018-ci ilin mart və aprel aylarında hər ay 52,61 manat, İddiaçı pensiyasından isə 2018-ci ilin oktyabr və noyabr aylarında hər ay 52 manat tutulma aparılmışdır. 53.Göründüyü kimi iddiaçının anasına ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının ödənilməsi xx.xx.2018-ci il tarixədək davam etdirilmiş, xx.xx.2018-ci il tarixdən iddiaçını adına dəyişdirilmişdir. 54.«Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla təyin edilir. 55.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinə əsasən sosial pensiya əmək pensiyası almaq hüququ olmayan İ, İİ və İİİ qrup uşaqlıqdan əlillərə və eləcə də 16 yaşına çatmamış əlil uşaqlara da təyin olunur. 56.Belə olan halda ödənilən məbləğin yenidən ödənilməsi istisna edildiyindən iddia qeyd olunan hissədə təmin oluna bilməz. 57.Təyin edilmiş pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulmasının son qoyulması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materiallarından məlum olur ki, Xəlilova Mənsurə Məcid qızının ailə başsınını itirməyə görə aldığı pensiyasından 2018-ci ilin mart və aprel aylarında hər ay 52,61 manat, İddiaçı pensiyasından 2018-ci ilin oktyabr və noyabr aylarında hər ay 52 manat tutulma aparılmışdır. 58.Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(104)-1175/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 0(061)-694/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Xəlilova Mənsurə Məcid qızına qarşı artıq hesablanmış pensiya məbləğinin geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. 59.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də əlilliyə görə müavinət üzrə ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz.

60. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiyasından hər ay tutulmanın aparılmasına son qoyulması və tutulmuş məbləğin ona geri qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3/2022 nömrəli qərarı qismən - İddiaçı ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hüququ yarandığı tarixdən- 2016-cı ilin iyun ayından hesablanaraq ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar