Məhkəmə qərarları › İş №2-1(104)-59/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-59/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-59/2025 26.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-938/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı tərəfindən xx.xx.2023-cü il tarixli, 1-17-1/2-Ə-225980/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixdən bu günədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2017-ci ilin fevral, 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (12 ay) onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az, 11 il 10 ay 3 gün (xx.xx.2010-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 79-133 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1981-xx.xx.1983-cü il tarixdə əsgər kimi, xx.xx.1987xx.xx.1990-cı il tarixlərdə keçmiş SSR SQ-də gizir kimi həqiqi hərbi xidmətdə olmuşdur.

3. Gəncə Dövlət Universitetinin X3 xx.xx.2023-cü il tarixli, 01/1076 nömrəli arxiv arayışına əsasən, İddiaçı 1987-ci il tarixində X1 “Avtomatlaşdırmanın elektron və elektrik vasitələrinin istehsalı” ixtisası üzrə əyani şöbənin tam kursunu bitirərək ona “Texnikelektrik” ixtisas dərəcəsi olan 143 qeydiyyat nömrəsi və JT №041172 seriyalı adi diplom verilmişdir.

4. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1/2-Ə-2390/1-42/2023 nömrəli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışına əsasən, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən Yük daşımaları departamentinin Gəncə lokomativ deposunda xx.xx.2010-xx.xx.2022-ci illərdə elektrik maşinist köməkçisi vəzifəsində (vəzifəyə təyin edilmə əmri – xx.xx.2010-cu il №186-k; vəzifədən azad edilmə əmri – xx.xx.2022-ci il №52/İR), İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomaotivlərinin idarə edilməsi sahəsində xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə elektrovoz maşinist köməkçisi vəzifəsində (vəzifəyə təyin edilmə əmri – xx.xx.2022-ci il №179013; vəzifədən azad edilmə əmri – xx.xx.2023-cü il №13-1-24/3-1010550/2023) işləmişdir. İşlədiyi müvafiq peşə üzrə sosial sığorta (əmək) stajı 12 il 10 ay 8 gün təşkil edir. İşlədiyi elektrovoz maşinist köməkçisi peşəsinin əsas xüsusiyyətləri lokomotivin (qatarın) idarə edilməsi zamanı maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməklə müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi və hərəkət təhlükəsizliyinin təmin edilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 7 və 14-cü abzaslarına uyğundur.

5. Sığortaolunan İddiaçı hesabından (SSN: **********939) görünür ki, məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2017-ci ilin fevral, 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları üzrə sığorta ödənişləri öz əksini tapmamışdır.

6. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 13-1/2-3174/2024 nömrəli və xx.xx.2024cü il tarixli, 13-1/2-9279/2024 nömrəli məktublarına əsasən, İddiaçı ADY-də əmək fəaliyyətinə 06 iyul 2004-cü il tarixində başlamışdır. xx.xx.2022-ci il tarixində ADY-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinə elektrovoz maşinist köməkçisi peşəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində öz xahişi ilə (ərizə əlavə edilir) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı çalışdığı dövrdə, xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək illik məzuniyyət hüququndan istifadə etmişdir. 2018-ci ilin aprel-sentyabr, 2019-cu ilin yanvar (xx.xx.2019xx.xx.2019), iyul (xx.xx.2019-xx.xx.2019), oktyabr (xx.xx.2019-xx.xx.2019), 2020-ci ilin oktyabr (xx.xx.2020-xx.xx.2020), 2021-ci ilin aprel (05.04.21-04.05.21), iyul (xx.xx.2021xx.xx.2021), oktyabr (xx.xx.2021-xx.xx.2021), 2022-ci ilin yanvar (xx.xx.2022xx.xx.2022) aylarında əmək qabiliyyətinin olmaması (sənədlərin surəti əlavə edilir) səbəbindən əmək fəaliyyəti göstərməmişdir. Bu səbəblərdən İddiaçı ilə bağlı sosial ödənişlərin ödənilməsində müəyyən fasilələr yaranmışdır.

7. "xxxx" QSC-nin xx.xx.2020-ci il tarixli, 182 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə (21 təqvim günü əsas məzuniyyət, 11 təqvim günü zərərli işə görə və 6 təqvim günü staja görə əlavə məzuniyyət, 4 gün iş günü hesab olunmayan qeyri iş günləri – cəmi 42 təqvim günü) əmək məzuniyyətində olmuşdur.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-313419/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri, həmçinin sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məbləği məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növünə aid deyildir.

9. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-1/2-615/2025 nömrəli məktubu və ona əlavə edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ndan Çıxarışdan görünür ki, İddiaçı çalışdığı dövrdə, xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək illik məzuniyyət hüququndan istifadə etmişdir. ADY tərəfindən İddiaçı məzuniyyət pulundan 2017-ci ilin yanvar ayı üzrə 141 manat 75 qəpik, mart ayı üzrə 27 manat 51 qəpik və 2020ci ilin aprel ayı üzrə 184 manat 03 qəpik, may ayı üzrə isə 112 manat 22 qəpik dövlət sosial sığorta haqqı ödənilmişdir.

10. xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-7828/2025 nömrəli xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair xx.xx.2024-cü il tarixli 13-1/2-3174/2024 nömrəli arayışında 1 yanvar 2006-cı il tarixindən bugünədək adıçəkilən şəxsə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (10 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 gün (xx.xx.2010-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bununla yanaşı, Qanunun 21.2.9-cu maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığortaolunanın güzəştli iş stajına deyil, sığorta stajına daxil edilir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli peşə hesab edilən işdə işlədiyi 2017-ci ilin fevral, 2018-ci ilin aprel-sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları güzəştli sığorta stajına hesablanılmaqla 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci il tarixdə X1 “texnikelektrik fakültəsinin əyani şöbəsinə daxil olub, xx.xx.1981-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, xx.xx.1983-cü il tarixdə ordudan tərxis olunmuşdur. xx.xx.1984-cü il tarixdən həmin texnikumda əyani təhsilini davam etdirib, xx.xx.1987-ci ildə bitirib 041172 nömrəli diplom almışdır. xx.xx.1987-ci il tarixdən, xx.xx.1990-cı il tarixə kimi SSRİ Silahlı Qüvvələrində gizir kimi xidmət etmiş, xx.xx.1990-cı il tarixdən, xx.xx.1993-cü il tarixə kimi X7 İİ dərəcəli naladçik(tənzimləyici), xx.xx.2004-cü il tarixdən, xx.xx.2010-cu il tarixə kimi X4 çilingər, xx.xx.2010-ci il tarixdən, xx.xx.2023-cü il tarixə kimi elektrovoz maşınist köməkçisi, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Gəncə şəhər “SOS Uşaq Kəndi” mərkəzində bağban işləmişdir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 bölməsinin 19-cu bəndinə görə 60 yaşı tamam olmuş. ümumi 25 il sosial sığorta stajı olan, həmin stajın 12 il 6 ayını güzəştli şərtlərlə işləyən kişilər güzəştli şərtlərlə pensiya çıxırlar. Onun isə hazırda 60 yaşı tamam olmuşdur, xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olan vaxta kimi 25 ildən artıq ümumi əmək stajı, həmin stajın da 12 il, 10 ay, 8 gününü zərərli işdə, güzəştli şərtlərlə işdə işləmişdir. Ona görə də onun 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Onun qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4 bölməsinin, 19-cu bəndinə əsasən 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, o ümumi əmək stajını özündə əks etdirən əmək kitabçasını, güzəştli iş stajı barədə rəsmi arayışı nəzərə alıb onun 60 yaşı tam olduğu vaxtdan ona güzəştli şətlərlə pensiya təyin edilməsindən ötrü cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən ona imtina cavabı verilmişdir.

13. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-304308/2023 nömrəli etiraz və xx.xx.2024-cü il tarixli, 3-17-1/2-117704/2024 nömrəli etiraza əlavə təqdim edərək bildirmişdir ki, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2017-ci ilin fevral, 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (12 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, 11 il 10 ay 3 gün (xx.xx.2010-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktikı halların mövcudluğunu muəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusıyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanurılarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalının Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalınin sosial mudafiəsı nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, işin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı 2017-2022-ci illər arasındakı müvafiq aylarda işləyib-işləməməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasıı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər İdarəsinin xx.xx.2024-cü il tarixli **********915400 nömrəli məktubunda "xxxx" QSC tərəfindən 2019-2022-ci illər üzrə təqdim edilmiş hesabatlarda İddiaçı adına hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulmadığı göstərilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2- 3174/2024 nömrəli məktubunda iddiaçının müvafiq aylarda əmək qabiliyyətinin olmaması səbəbindən müəyyən aylarda adına əməkhaqqı hesablanmadığı və bu səbəbdən də Fonda sosial ödənişlərin ödənilməsində fasilələr yarandığı bildirilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası teyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoiji işlə bağlı xx.xx.2024-cü il tarixli 2-1(102)-474/2024 nömrəli Qərarının 25 və 26-cı bəndlərində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrü pensiyanın təyin edilməsinə əsas təşkil edən sosial sığorta stajına daxil edərkən apellyasiya məhkəməsinin düzgün qərar vermədiyi qeyd edilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə 2006-cı il tarixdən 2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Apellyasiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının müvafiq müəssisədə işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən 2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-938/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının güzəştli sosial sığorta stajına hesablanmasını tələb edərək mübahisələndirdiyi tarixlər iddiaçının əmək kitabçasında qeyd olunsa da, həmin tarixlər məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmamışdır. Belə ki, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2017-ci ilin fevral, 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (12 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bununla yanaşı məhkəmə qeyd etmək istəyir ki, İddiaçı güzəştli iş stajı qanunla tələb edilən güzəştli iş stajından (12 il 6 ay) az, yəni 11 il 10 ay 3 gün təşkil edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən illərin həmin aylarında, səhhəti ilə bağlı xəstə olmuş, bülletendə olmuş, tibbi sənədini isə işlədiyi X5 mühasibatlığına təqdim etmiş, növbəti ayda xəstəliyə görə həmin ayların pulu onun əmək haqqı kartına ödənilmiş və həmin pulları almışdır. Əgər həmin pullara dair sosial sığortaya işlədiyi Depo mühasibatlığı ödəniş etməyibsə, bunda onun heç bir günahı yoxdur. Həmin illərin aylarını onun sığorta stajına hesablanmamışdır. Gəncə İnzibati Məhkəməsi isə cavabdehin göstərdiklərini təsdiq edib onun ziyanına qərar qəbul etməsi Konstitusaiyada nəzərdə tutulmuş insan haqlarına qarşı çıxmışdır.

b) apellyasiya icraatı iştirakçılarının izahatları.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq:

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət.

21. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu: 1.1.10. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu Qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi. 14.3.2 sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

15. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: - məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri; - sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

23. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, düzgün nəticəyə gəlinməmişdir.

25. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən 01 yanvar 2006-cı il tarixdən bu günədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2017-ci ilin fevral, 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından, həmin müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamış, beləliklə qeyd edilənlərə əsasən güzəştli iş stajı 12 il 6 aydan az olduğundan müraciətin müsbət icrasından imtina edilmişdir.

26. Birinci instansiya məhkəməsi cavabdehin imtinası ilə razılaşaraq iddia tələbini təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən illər iddiaçının əmək kitabçasında qeyd olunsa da, həmin tarixlər məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmamışdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2017-ci ilin fevral, 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (12 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

27. Göründüyü kimi məhkəmə tərəfindən mübahisələndirilən illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən sığorta stajı kimi nəzərə alınmanın mümkünsüz olması qeyd edilmiş, lakin hazırki mübahisələndirilən tarixlər üzrə iddiaçının əmək qabiliyyətsiz olduğu dövrlər üzrə ödəmələrin olması nəzərə alınmamışdır.

28. İşdə olan sənədlərdən görünür ki, inzibati orqan tərəfindən nəzərə alınmayan dövrlərdə iddiaçı əmək qabiliyyətsiz olmaqla buna dair sənədlər təqdim etmişdir.

29. Bundan başqa işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.2023-cü il il tarixdə 60 yaşı tamam olmuşdur və pensiya yaşına çatması inzibati orqan tərəfindən də mübahisələndirilməmişdir.

30. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

31. Göründüyü kimi hüququn yaranması üçün əsas şərtlər -vətəndaşın müvafiq yaş həddinə çatması, xüsusi və ümumi stajının olmasıdır. Hazırki iş üzrə inzibati orqan tərəfindən iddiaçının müvafiq yaş həddinə çatması və ümumi sığorta stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajı mübahisələnidilərək 12 il 4 gün olaraq nəzərə alınmışdır.

32. Belə ki, xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-7828/2025 nömrəli xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair xx.xx.2024-cü il tarixli 13-1/2-3174/2024 nömrəli arayışında 1 yanvar 2006-cı il tarixindən bugünədək adıçəkilən şəxsə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (10 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 gün (xx.xx.2010-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.

33. İnzibati orqan tərəfindən təqdim edilmiş məktubda güzəştli stajın 12 il 4 gün olaraq qəbul edildiyi, Qanunun 21.2.9-cu maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığortaolunanın güzəştli iş stajına deyil, sığorta stajına daxil edilməsi qeyd olunaraq mübahisələndirilən illərin iddiaçının ümumi iş sığorta stajına daxil edildiyi bildirilmişdir.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndə də mübahisələndirilən dövrün ümumi iş stajına daxil edildiyini, lakin güzəştli iş stajı kimi nəzərə alınmasının Qanunun 21.2.9-cu maddəsində nəzərdə tutulmadığını bildirmişdir.

35. Başqa sözlə cavabdeh orqan iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddəti onun sığorta stajına daxil etsə də, güzəştli iş stajına daxil etməmişdir.

36. İşdə olan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 13-1/2-9279/2024 nömrəli məktubla bildirilmişdir ki, iddiaçı çalışdığı dövrdə, xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək illik məzuniyyət hüququndan istifadə etmişdir. 2018-ci ilin aprel-sentyabr, 2019-cu ilin yanvar (xx.xx.2019xx.xx.2019), iyul (xx.xx.2019-xx.xx.2019), oktyabr (xx.xx.2019-xx.xx.2019), 2020-ci ilin oktyabr (xx.xx.2020-xx.xx.2020), 2021-ci ilin aprel (05.04.21-04.05.21), iyul (xx.xx.2021xx.xx.2021), oktyabr (xx.xx.2021-xx.xx.2021), 2022-ci ilin yanvar (xx.xx.2022xx.xx.2022) aylarında əmək qabiliyyətinin olmaması (sənədlərin surəti əlavə edilir) səbəbindən əmək fəaliyyəti göstərməmiş, bu səbəblərdən onunla bağlı sosial ödənişlərin ödənilməsində müəyyən fasilələr yaranmışdır.

37. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1/2-Ə-2390/1-42/2023 nömrəli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışına əsasən, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən Yük daşımaları departamentinin Gəncə lokomativ deposunda xx.xx.2010-xx.xx.2022-ci illərdə elektrik maşinist köməkçisi vəzifəsində (vəzifəyə təyin edilmə əmri – xx.xx.2010-cu il №186-k; vəzifədən azad edilmə əmri – xx.xx.2022-ci il №52/İR), İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomaotivlərinin idarə edilməsi sahəsində xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə elektrovoz maşinist köməkçisi vəzifəsində (vəzifəyə təyin edilmə əmri – xx.xx.2022-ci il №179013; vəzifədən azad edilmə əmri – xx.xx.2023-cü il №13-1-24/3-1010550/2023) işləmişdir.

38. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-1/2-615/2025 nömrəli məktubu və ona əlavə edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ndan çıxarışdan görünür ki, İddiaçı çalışdığı dövrdə, xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək illik məzuniyyət hüququndan istifadə etmişdir. ADY tərəfindən İddiaçı məzuniyyət pulundan 2017-ci ilin yanvar ayı üzrə 141 manat 75 qəpik, mart ayı üzrə 27 manat 51 qəpik və 2020ci ilin aprel ayı üzrə 184 manat 03 qəpik, may ayı üzrə isə 112 manat 22 qəpik dövlət sosial sığorta haqqı ödənilmişdir.

39. Məhkəmə kollegiyası inzibati orqanın imtinası ilə razılaşmır və qeyd edir ki, hər bir dövr üzrə sosial sığorta ödənişlərinin olub-olmaması, həmin dövr üçün qüvvədə olan qanunvericilik normalarına münasibətdə konkret hüquqi nəticəyə səbəb olur.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.9-cu maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığortaolunanın sığorta stajına daxil edilir.

41. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər.

1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

42. Qeyd olunan normaların məzmununda əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrün işçinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Başqa sözlə qanunvericilik əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddətin ümumi və ya güzəştli iş stajına daxil edilməsini fərqləndirməmiş, həmin müddətin sığorta stajına daxil edilməsi qeyd edilmişdir. Bu cür fərqli münasibətin tətbiq edilməsi qanunvericiliklə dəqiq müəyyən edilməlidir. Bu cür müəyyənləşdirilmə olmadığı halda inzibati orqanın öz mülahizəsinə əsasən mübahisəli dövrün güzəştli staj kimi nəzərə almaması qəbuledilməzdir.

43. Bununla yanaşı, cavabdeh orqan mübahisələndirilən dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsi, lakin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı mövqeyinin hansı zərurətdən irəli gəldiyini əsaslandıra bilməmiş, buna dair heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qeyd olunan hal iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisələndirilən dövrlərin iddiaçının güzəştli iş stajına daxil edilməməsi ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmadığından, həmin dövrlər güzəştli iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçının güzəştli staj müddəti qanunla tələb olunan 12 il 6 aydan çox olur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir.

45. Odur ki, hazırki iş üzrə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

Nəticəvi hissə:

46. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-938/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar