Məhkəmə qərarları › İş №2-1(104)-590/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-590/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-590/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Abdullayev Əlizamin Gürzalı oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, vəkili X2 iştirakları ilə, “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1132/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının göndəriş seriya və nömrəsi 0452003AAKMZ, TQS 088 göndəriş məlumatlarından görünür ki, göndəriş verən müəssisə Gəncə şəhəri 6 nömrəli şəhər poliklinikası, xx.xx.2015-ci il tarixdən müəssisədə qeydiyyatda olan İddiaçı xx.xx.2015-xx.xx.2015-ci il aralığında müayinə və müalicədə“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə olmuş, İ66.1 klinik diaqnozu, xx.xx.2020-xx.xx.2020-ci il aralığında Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında İ66.1 diaqnozu, xx.xx.2020xx.xx.2020-ci illər aralığında eyni müəssisədə İ66.1 diaqnozu, xx.xx.2021-xx.xx.2021-ci il aralığı eyni müəssisədə İ66.1 diaqnozu, xx.xx.2019-xx.xx.2019-cu il aralığı Akademik Z.Məmmədov adına X4 Xəstəxanasında İ66.1 diaqnozu, xx.xx.2021-xx.xx.2021-ci il aralığı eyni müəssisədə İ66.1 diaqnozu qoyulmuş, xəstəliyə görə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müraciətlər olmuş, əsas diaqnoz: İ166.1. ön beyin arteriyasının tıxanması və stenozu, öz beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun, heçoregik mompenentlə (2015) davamlı qalıq əlamətləri qeyd edilmişdir.

2. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş 15 aprel 2015-ci il tarixli xəstəlik kağızında qeyd olunur ki, İddiaçı diaqnozu sağ beyin yarımkürəsində yuxarı alın və təpə payda kortiko-sukortikal nahiyyədə, perifokal ödəm sahəsi izlənən, yan mədəciyin sağ alın buynuzu kompressiya edən təxmini ölçüsü 4x13,2x4,3 sm olan, daxilində hemorragiya sahələri izlənən kəskin işemik infakt aşkar edilir, orta strukturların solda doğru 3 mm olan dislokasiyası müşahidə olunur, xx.xx.2015 KT filmləri ilə müqayisədə işemik infakt ocağın ölçülərində böyümə qeyd olunur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının “sonuncu müayinəyə dair məlumatı”ndan görünür ki, İddiaçı 19 yanvar 2016-cı il tarixdən 5 il müddətinə əlillik səbəbi:2.2.ikinci dərəcə əlillik-qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayət olunan baş beyin və sinir sistemin müxtəlif mənşəli xəstəlikləri diaqozu ilə ikinci dərəcəli əlillik təyin edilmiş, ağır fiziki işlər əks göstərişi qeyd edilmişdir.

4. 01 yanvar 2021-ci il tarixli əlilliyin yenidən qiymətləndirilməsinə dair məlumatdan görünür ki, İddiaçı göndərişin natamam doldurulması-səbəb olaraq ön beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri, spastik sol tərəfli hemiplegiya diaqnozu olan xəstənin xadimə vəzifəsində 15 mart 2020-ci il tarixindən hazırda da qüvvədə olan əmək müqaviləsi xəstəliyin əlillik səviyyəsində olması şübhə yaratması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

5. 27 dekabr 2021-ci il tarixli əlilliyin yenidən qiymətləndirilməsinə dair məlumatdan görünür ki, İddiaçı instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun olması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, xəstəlik beynəlxalq təsnifatı kimi G40-G47-epizotik və paroksizmal pozğunluqlar-G40-epilepsiya- G40.3-generalizə olunmuş idiopatik epileptik sindromlar diaqnozu qoyulmuşdur.

6. 26 oktyabr 2022-ci il tarixli əlilliyin yenidən qiymətləndirilməsinə dair məlumatdan görünür ki, İddiaçı instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun olması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, diaqnoz olaraq beyin infaktının nəticələri, sağ ön beyin arteriya hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, sol tərəfli hemiparez, kompleks passial qıcolma tutmaları ilə müşahidə olunan lokolizə olunmuş (lokal) simptomatik epilepsiya və epileptik simdromlar, tez-tez baş verən epilepsiya tutmaları( ayda 6-7 dəfə) qeyd edilmişdir.

7. Forma 88 arayışının surətindən görünür ki, İddiaçı 14 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən göndəriş verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xəstəliyi ilə bağlı əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci il tarixdən sol beyin boşluğunda "insult" xəstəliyindən əzab çəkir. Beyinin hipofiz nahiyyəsində ölçülər 1.1 x 1.1 sm. olan hamar konturu hiporteniz törəmə təyin edilib. Sol təpə payında sübarox aşkar edilib. Beyin orta strukturları yerini alın təpə paylarda təxminən 0.5 sm sağa doğru dəyişdirmişdir. Mütəmadi olaraq Gəncə şəhər A.Səhhət adına xəstəxanada müalicə olunmuşdur. Xəstəliyi davamlı olaraq davam edir və günü-gündən ağırlaşır, sağalmayan xəstəlikdir. Dəfələrlə Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicə və müayinələrdə olunmuş, beyini KT olunub. 18 ildir mütəmadi olaraq müayinə və müalicə olunmağına baxmayaraq xəstəliyi günü-gündən ağırlaşır. Mütəmadi olaraq dərmanlar qəbul edir. 18 ildir müalicə olunmağına baxmayaraq heç bir müsbət irəliləyiş yoxdur. Buna baxmayaraq cavabdeh orqan tərəfindən qanunsuz və əsassız olaraq əlilliyi ləğv olunub və ona təyin olunmuş sosial müavinət 2 ilə yaxındır dayandırılıb, hər dəfə müxtəlif bəhanələr edərək bərpa olunmasından imtina edilir.

10. İddiaçı ərizə təqdim edərək “xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.

11. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən qeyd edilən hal baş verdikdə, həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması iddiaçıda tam olaraq təsdiqini tapmamışdır.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1132/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçıya 2016-cı ildən 2022-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq ona verilmiş imtina əsassız olmuşdur. Bundan əlavə, xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması əsası ilə imtina edilmiş, səbəb kimi iddiaçının xx.xx.2010-cu il tarixindən hazırda da qüvvədə olan əmək müqaviləsi xəstəliyin əlillik səviyyəsində olmasına şübhə yaratması qeyd edilmişdir. İddiaçıya ilkin əlillik təyinatı zamanı əlillik zəmanəti verilmiş, yalnız ağır fiziki işlər əks göstəriş kimi qeyd edilmişdir. Odur ki, qeyd olunan səbəbdən imtina verilməsi əsassız olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri.

14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən qeyd edilən hal baş verdikdə, həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması iddiaçıda tam olaraq təsdiqini tapmamışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.

c) tərəflərin izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı (xəstələiyi ilə əlaqədar olaraq tam izahat verə bilməmişdir) apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı illərdir xəstəlikdən əziyyət çəkir və dərmanlarını belə almağa maddi imkanı yoxdur. Hər dəfə verilən imtina əsassız olmuş, heç bir əsaslanıdırılma qeyd edilməmişdir.

19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əİlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

21. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9).

22. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, əlliyin təyin edilməsi müddətində səhvə yol verilmişdir.

27. İşin hallarından görünür ki, İddiaçı 19 yanvar 2016-cı il tarixdən 5 il müddətinə əlillik səbəbi:2.2.ikinci dərəcə əlillik-qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayət olunan baş beyin və sinir sistemin müxtəlif mənşəli xəstəlikləri diaqozu ilə ikinci dərəcəli əlillik təyin edilmiş, ağır fiziki işlər əks göstərişi qeyd edilmişdir.

28. 26 oktyabr 2022-ci il tarixli əlilliyin yenidən qiymətləndirilməsinə dair məlumata əsasən İddiaçı instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun olması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, diaqnoz olaraq beyin infaktının nəticələri, sağ ön beyin arteriya hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, sol tərəfli hemiparez, kompleks passial qıcolma tutmaları ilə müşahidə olunan lokolizə olunmuş (lokal) simptomatik epilepsiya və epileptik simdromlar, tez-tez baş verən apilepsiya tutmaları( ayda 6-7 dəfə) qeyd edilmişdir.

29. İddiaçı 2016-cı il tarixdən onun əlilliyinin qiymətləndirildiyini və hazırda da eyni xəstəliyin olduğunu bildirərək ona ikinci qrup əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

30. Cavabdeh inzibati orqanın təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində İddiaçı xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun olması, ikinci qrup əlil statuslu şəxslərin əmək fəaliyyətinin məhdudluğu olmasına baxmayaraq İddiaçı əmək müqaviləsi üzrə işləməsinin şübhə yaratması qeyd edilmişdir.

31. Məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları cəm halında araşdıraraq hesab edir ki, iddiaçıya ikinci qrup əlillik dərəcəsi təyin edilərkən ağır fiziki işləri görülməsində məhdudiyyət qeyd edilmiş, hazırki halda iddiaçının əmək fəaliyyətinin tam məhdudlaşdırılması üçün əsas mövcud olmamışdır.

32. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:

33. Digər tərəfdən şəxs təkrar müayinə və müalicələrə cəlb edilmiş, bu zaman ona əlillik dərəcəsinin verilməsinə əsas olmuş diaqnozda dəyişikliyin olmadığı müəyyən edilmişdir.

34. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının göndəriş seriya və nömrəsi 0452003AAKMZ, TQS 088 göndəriş məlumatlarından görünür ki, göndəriş verən müəssisə Gəncə şəhəri 6 nömrəli şəhər poliklinikası, xx.xx.2015-ci il tarixdən müəssisədə qeydiyyatda olan İddiaçı xx.xx.2015xx.xx.2015-ci il aralığında müayinə və müalicədə“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə olmuş, İ66.1 klinik diaqnozu, xx.xx.2020-xx.xx.2020-ci il aralığında Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında İ66.1 diaqnozu, xx.xx.2020-xx.xx.2020-ci illər aralığında eyni müəssisədə İ66.1 diaqnozu, xx.xx.2021-xx.xx.2021-ci il aralığı eyni müəssisədə İ66.1 diaqnozu, xx.xx.2019-xx.xx.2019-cu il aralığı Akademik Z.Məmmədov adına X4 Xəstəxanasında İ66.1 diaqnozu, xx.xx.2021-xx.xx.2021-ci il aralığı eyni müəssisədə İ66.1 diaqnozu qoyulmuş, xəstəliyə görə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müraciətlər olmuş, əsas diaqnoz: İ166.1. ön beyin arteriyasının tıxanması və stenozu, öz beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun, heçoregik mompenentlə (2015) davamlı qalıq əlamətləri qeyd edilmişdir.

35. 01 yanvar 2021-ci il tarixli əlilliyin yenidən qiymətləndirilməsinə dair məlumatdan görünür ki, İddiaçı göndərişin natamam doldurulması-səbəb olaraq ön beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri, spastik sol tərəfli hemiplegiya diaqnozu olan xəstənin xadimə vəzifəsində 15 mart 2020-ci il tarixindən hazırda da qüvvədə olan əmək müqaviləsi xəstəliyin əlillik səviyyəsində olması şübhə yaratması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

36. 27 dekabr 2021-ci il tarixli əlilliyin yenidən qiymətləndirilməsinə dair məlumatdan görünür ki, İddiaçı instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun olması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, xəstəlik beynəlxalq təsnifatı kimi G40-G47-epizotik və paroksizmal pozğunluqlar-G40-epilepsiya- G40.3-generalizə olunmuş idiopatik epileptik sindromlar diaqnozu qoyulmuşdur.

37. 26 oktyabr 2022-ci il tarixli əlilliyin yenidən qiymətləndirilməsinə dair məlumatdan görünür ki, İddiaçı instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun olması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, diaqnoz olaraq beyin infaktının nəticələri, sağ ön beyin arteriya hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, sol tərəfli hemiparez, kompleks passial qıcolma tutmaları ilə müşahidə olunan lokolizə olunmuş (lokal) simptomatik epilepsiya və epileptik simdromlar, tez-tez baş verən apilepsiya tutmaları( ayda 6-7 dəfə) qeyd edilmişdir.

38. Forma 88 arayışının surətindən görünür ki, İddiaçı 14 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən göndəriş verilmişdir.

39. Cavabdehin apellyasiya şikayətinin digər dəlili göndərişin verilməsinin bilavasitə tibb müəssisəsinin səlahiyyətində olması və əlillik dərəcəsini təyin edərkən inzibati orqanın tibbi müəssisəsinin təqdim etdiyi göndərişə əsslanmasıdır.

40. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

41. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir.

43. İşin halları ilə müəyyən olunmuşdur ki, İddiaçı təyin olunmuş əlilliyin əsasında olan diaqnoz: 2.2.ikinci dərəcə əlillik-qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayət olunan baş beyin və sinir sistemin müxtəlif mənşəli xəstəlikləri diaqnozu olmuş, şəxsin vəziyyətdə sonradan yaxşılaşma halları müşahidə edilməmişdir.

44. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində hazırki halda iddiaçıda olan xəstəlik qeyd edilmişdir: qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9).

45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əlilliyin təyin edilməsi tarixininin xx.xx.2021-ci il tarixdən müəyyən edilməsinə dair səhv nəticəyə gəlinmişdir.

46. Belə ki, Forma 88 arayışının surətindən görünür ki, İddiaçı 14 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən göndəriş verilmişdir.

47. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı qismən- İddiaçı ikinci dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi hissəsində dəyişdirilərək iddiaçıya 14 oktyabr 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1132/2023 nömrəli qərarı İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Əlizamin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar