Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-591/2024 05.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin müəyyən edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi X5 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-246/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X6 tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2 H-101007/2023 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən başlamaqla xx.xx.2021-ci il tarixədək (259.78 manat) pensiya ödənilmişdir. Müddəti xx.xx.2021-ci il tarixədəkdir. Pensiya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil olduğuna görə ödənilmişdir.
2. xx.xx.2023-cü il tarixli, 3-17-4/2-20678/2023 nömrəli “Vətəndaşın əlillik vəziyyəti haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının 0321003AAPUL və P00064457QFD nömrəli göndərişləri və müraciəti əsasında xx.xx.2021 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
3. TSEK-in müayinə aktından çıxarışdan görünür ki, İddiaçı 2011-ci il tarixdən 2012-ci il tarixədək, 2012-ci il tarixdən 2013-cü il tarixədək, 2013-cü il tarixdən 2014-cü il tarixədək, 2015-ci il tarixdən 2016-cı il tarixədək müddətə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit (XBT kodu: XİX sinif– Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri– S20– S29– Döş qəfəsinin travmaları– S 21 Döş qəfəsinin açıq yarası– S21.8– Döş qəfəsinin digər...)” diaqnozu ilə hər dəfə 1 il müddətinə İİ qrup əlillik təyin edilmişdir.
4. TSEK-in müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit (XBT kodu: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S30 – S39 –Qarının, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları– S 36 –Qarın...)” diaqnozu ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 756/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994). Ağırlaşma: Z98.8- Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Güllə yarası kolostomadan sonrakı vəziyyət. MBS-nin funksional pozğunluğu ilə. 1994 də RKX-danazik bağırsağın 1 m rezeksiya edilmişdir. 20,2 sm yoğun bağırsaq rezeksiya edilib. K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə nazik bağırsağın 1 m nazik bağırsaq 20,2 sm yoğun bağırsaq rezeksiyası və kolostomanın qoyulması və təkrari loporotomiya, kolostomanın və bitişmələrin ləğvi, əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi, bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi MBS-nin funksiya pozğunluğu ilə” diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional, dəyişikliklər hazırda əlillik əlaməti təyin etmədiyindən əlilliyin təyini zamanı ona, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərar təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə bəndlərindən birini aid etmək mümkün olmamışdır.
6. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-də tərtib edilmiş 447 saylı ambulator xəstənin tibbi vərəqindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxanada laborator instrumental müayinələrdən keçmiş və ona “K56.5– Hissəvi bağırsaq keçməməzliyi” və “K86.1– Digər xroniki pankreatitlər” diaqnozları qoyulmuşdur. Həmçinin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, qeyd edilən diaqnozlar da söz ifadəsi olaraq eyni ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eynidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən güllə yarası almışdır və İl qrup əlildir. Uzun müddətdir ki, xəstədir. Hal hazırda 49 yaşı var. Xəstəxanalarda müalicə kursu keçmişdir. Ona döş qəfəsinin açıq yarası, döş qəfəsini və qarın boşluğunu deşib keçən güllə yarası (1994), nazik bağırsağın 1.0 m., yoğun bağırsağın 20.0 sm rezeksiyası (uc-uca anastomoztın, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi, M.B.S-in funksiya pozğunluğu) diaqnozu qoyulmuşdur. Ağırlaşma formasında “Qarın və beldən aşağı hissənin və çanağın açıq yarası, qarın boşluğunu deşib keçən güllə yarası”, “Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, M.B.S-nin funksiya pozğunluğu”. “Bağırsaq bitişmələri, keçməməzlik ilə bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi və “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər” və sairə xəstəlikləri var. Bundan əlavə olaraq “Xroniki səthi qastrit” diaqnozu ilə müəyyən olunmuş yanaşı xəstəliyi də var. Bədəninin müəyyən hissəsi yaxşı işləmir və mütəmadi müalicə kursu keçir. Ona pensiya təyin edilmiş, lakin əsassız olaraq 2021-ci ildən etibarən pensiyası dayandırılmışdır. Ağır xəstəyədir, özünü idarə edə bilmir, müddət ötdükcə xəstəliyi ağırlaşır, maddi vəziyyəti çox ağırdır. O, xx.xx.1994-cü ildən-xx.xx.1994 cü ilə qədər Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-də, xx.xx.2021-ci ildən-xx.xx.2021-ci ilə qədər Tovuz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də və xx.xx.1994-cü ildən-xx.xx.1994-cü ilə qədər və həmçinin xx.xx.2021-ci ildə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-də stasionar müalicə kursları keçmişdir. Ümumiyyətlə, 1994-cü ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. Tibb müəssisəsi tərəfindən (Tovuz Rayon Mərkəzi X9 Şəxs tərəfindən) 07 sentyabr 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına 0321003AAPUL saylı göndəriş verilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. Ona qarşı haqsızlıq olur. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0321003AAPUL saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmiş və diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbindən imtina qərarı verilmişdir. Qeydiyyatda olduğu səhiyyə müəssisəsində xəstəlikləri barədə bütün məlumatlar var. TSERAS-a göndərişdə (forma 88) xəstəlikləri barədə tam və dolğun məlumat verilsə də, hansı səbəbdən ona əlillik dərəcəsinin təyin edilməməsi müəmmalıdır.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X8 iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, Tovuz rayon sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0321003AAPUL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli, 3775 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Torakoabdominal nahiyənin odlu silahla yaralanması nəticəsində nazik və yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, əməliyyatlar: lapotoromiya nazik bağırsağın 1m rezeksiyası və yoğun bağırsağın 20 sm rezeksiyası, funksional kolostoma və adheziv plevrit ikinci dərəcəli tənəffüs çatışmazlığı ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qəbzlik, qarında ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə yaralandığını onikibarmaq bağırsağından əməliyyat keçirdiyini, bağırsaq keçməzliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı qarının sol tərəfində çapıq toxuma, total laparotomiya, sağtərəfli pararental, sağtərəfli torakosintez əməliyyatlarına müvafiq çapıq toxuma izlənilmiş, aşağı və yuxarı ətraflarda hərəkətlər tam həcmdə olmuşdur. Boyu 167 sm, çəkisi 78 kq, BKİ 28 müəyyənləşdirilmiş, çəki defisiti aşkarlanmamış, qarnın palpasiyası zamanı yumşaq və ağrısız qeydə alınmışdır. Vətəndaşın son illərə dair heç bir müayinə və müalicə sənədi olmadığı aşkarlanmışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
11. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü il tarixli, 2- 1(114)-246/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının göndərişdə əks olunmuş diaqnoz üzrə orqanizminin funksiyalarının pozulması əlillik təyin edilməsi üçün əsas verdiyindən cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olduğundan əlillik təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas vermişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-246/2024 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilən halları qəbul etməyərək bildirilmişdir ki, sözügedən işdə birinci instansiya məhkəməsi sübutları araşdırmadan iddiaçının maraqlarına uyğunlaşdırmaqla qərar qəbul edərək inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Məhkəmənin qeyd edilən halları ilə razılaşmadıqlarını, məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq şəxsin yenidən əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilmədiyi və ekspertiza keçirilmədiyi bildirilmişdir. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarət olmuşdur ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermədiyini, şəxsdə sözügedən xəstəliyin ağrılaşmalarının mövcud olduğu halda, şəxsə əlillik təyinatının aparılmalı olduğu bildirilmişdir. Göndərişdə qeyd olunan diaqnozun öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətlərinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təstiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırılır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır, lakin hazırkı işdə iddiaçıda nəinki sözügedən ağırlaşmalar, həmçinin diaqnoz belə öz təsdiqini tapmamışdır. Vətəndaşda hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Göstərilən hallar baxımından Gəncə İnzibati Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyi, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmənin qanunsuz olaraq iddianı təmin etməsini, maddi və prosessual hüquq normalarının pozulduğu, bu səbəbdən də Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməli olduğu bildirilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 19 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2339/2023 nömrəli qərarının ləğv edilməsini və həmin tarixdən İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq normaları
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Bənd 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bənd 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
22. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamə: Bənd 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Bənd 5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
24. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
26. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
29. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
30. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
31. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
32. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
33. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qaldırılmış iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı barəsində qəbul edilmiş inzibati aktın ona hansı tarixdə təqdim olunması iş materialları ilə müəyyən olunmur və bunu təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmçinin işin bu halı cavabdeh orqan tərəfindən mübahisələndirilmir.
34. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1 və 2.2.2-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə və məcburetmə haqqında iddia növünə aiddir.
35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
38. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya icraatı zamanı iddiaçının qanuni nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə əsasında ilkin iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 19 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2339/2023 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir.
39. Beləliklə işin hallarından görünür ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona xx.xx.2012-ci il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit” (XBT kodu: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S20 – S29 – Döş qəfəsinin travmaları – S 21 – Döş qəfəsinin açıq yarası – S21.8 – Döş qəfəsinin digər...) diaqnozu ilə hər dəfə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit” (XBT kodu: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S30 – S39 –Qarının, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları– S 36 –Qarın...) diaqnozu ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
40. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Döş qəfəsinin açıq yarası, Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994), Nazik bağırsağın 1.0 m, yoğun bağırsağın 20.0 sm rezeksiyası. (uc uca anastomozun, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi. MBS-nın funksional pozğunluğu (XBT kodu: XİX sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S20-S29 – Döş qəfəsinin travmaları – S21 – Döş qəfəsinin açıq yarası – S21.1 – Döş qəfəsinin ön divarı...)” diaqnozu ilə və xx.xx.2023-cü il tarixli qiymətləndirmədə isə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994). Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, lapartomiya “S”-vari bağırsaq yaralarının tikilməsi, nazik bağırsağın 1 m, yoğun bağırsağın 20.0 sm rezeksiyası, Kolostomanın qoyulması və ləğvi, bitişmələrin ayrılması (2000) əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
41. Həmçinin İddiaçı yenidən müraciəti əsasında onun əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə əyani müayinə əsasında yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2339/2023 nömrəli qərarı ilə iddiaçıya əlillik təyinatına əsasən verən patofunksional pozuntular müəyyən edilmədiyindən “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsaslanaraq İddiaçı əlilliyin təyin edilməsi öhdəliyini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoymuşdur.
43. İş materiallarından göründüyü kimi, İddiaçı sonuncu dəfə müraciəti əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinədə olunmuş və qiymətləndirmə nəticəsində ona əlilliyin təyin edilməsindən xx.xx.2023-cü il tarixli qərarla “əlillik təyinatına əsasən verən patofunksional pozuntular müəyyən edilmir” səbəbilə imtina edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən qiymət verməli olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə istinad etmişdir. Göründüyü ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
44. İş materialları ilə müəyyən edilir ki, İddiaçı əvvəlki əllilk təyinatı zamanı və xx.xx.2016-cı il tarixdə cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş əlilliyin əsas diaqnozu - XBT kodu: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S20 – S29 – Döş qəfəsinin travmaları və XBT kodu: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S30 – S39 – Qarının, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları) olmuşdur.
45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 13.1.3-cü bəndi (XBT kodu S10-S39)-Boynun, döş qəfəsinin, qarnın, belin aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları; 13.1.3.2. yarımbəndinə əsasən “təzahür edən pozuntularla (məsələn, onurğa sütununun böyük hissələrinin hərəkətsizliyi, ağır skolioz) gəzmənin əhəmiyyətli dərəcədə pozulması 70 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir.
46. Həkim müayinələri və qoyulmuş diaqnozlardan göründüyü kimi, iddiaçının səhhətində olan xəstəlikləri onun qiymətləndirildiyi zaman (xx.xx.2023-cü il tarixli göndəriş əsasında) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən səviyyədə, yəni orqanizmin funksiyalarının 65-80% aralığında pozulması səviyyəsində olmuşdur.
47. Göründüyü kimi, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və əvvəlki əllilik təyinatları aparılan zaman və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 13.1.3-cü bəndində qeyd edilmiş meyarlara əsasən orqanizmin funksiyalarının 70 faiz olmaqla əlilliyin iki il müddətinə müəyyən edilməsinə əsas verir. İddiaçı dəqiqləşdirilmiş ərizəsində əlililyin xx.xx.2023-cü il tarixdən müəyyən edilməsini tələb etsə də, lakin məhkəmə kollegiyası əlilliyin qiymətləndirilməsi qaydalarına əsasən əlilliyin sonuncu göndərişin verildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən müəyyən edilməsini əsaslı hesab edir. Bu mövqe heç bir halda tələbdən kənara çıxılması kimi də qiymətləndirilməməlidir.
48. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.
49. Beləliklə, 2012-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
50. Məhkəmə kollegiyası inzibati orqanın diskresion səlahiyyətə malik olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
51. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
52. İşin araşdırılan hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
53. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-246/2024 saylı qərarı ləğv edilsin. Yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 19 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2339/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması 70 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.