Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-596/2025 28.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2773/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının 50-70% pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarı qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı diaqnozu əlillik səviyyəsində olduğu halda əlillik dərəcəsini ala bilmir. O qeyd edir ki, özünü uşaq yaşlarından xəstə hesab edir və uşaq vaxtından dəfələrlə stasionar və ambulator müalicələr almış, lakin hələ də sağala bilməmişdir. İddiaçı hal-hazırda da müalicələr alır, hərbi xidmətə getməmiş və yararsız hesab edilmişdir. İddiaçının əlində çoxlu sayda tibbi rəylər vardır. Belə ki, ixtisaslamış tibb müəssələrinin rəylərində qeyd edilmiş (XBT kodları M40 M41,Q67.7 Q76.3,Q76.4 R52.2 və İ34.8) kodlar meyarın 13.5.1 bəndində olduğu halda, ona əsassız şəkildə imtina verilmiş və bir vətəndaş olaraq hüquqları pozulmuşdur. O, dövlət və özəl xəstəxanalarda dəfələrlə müayinələrdən keçmiş, hal-hazırda müalicələri davam edir. İddiaçı qeyd edir ki, çəkisi 42-43 kq arasında heç zaman artmayıb, özü tələbədir və heç bir yerdə işləmir. xx.xx.2022-xx.xx.2023-cü illər ərzində dövlət tibb müəssisəsi tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspert komissiyasına 4 göndəriş (Forma-088) daxil olmuş və bütün hallarda diaqnostik müayinə nəticələrinin dəqiqləşdirilməsinə və ətraflı qeyd olunmasına zərurət olduqlarını bildirib, natamam doldurulması səbəbindən göndərişlər tibb müəssisəsinə geri qaytarılmışdırlar. İddiaçı bildirir ki, sənədlərin natamam doldurulması kimi hallar onun təqsiri ilə bağlı hal deyil, hər səfərində tibb müəssəsi tərəfindən natamamlıqlar aradan qaldırılmış təkrar forma 88 rəsmiləşdirilmiş, lakin yenə də imtina verilmişdir. İddiaçı qeyd edir ki, müxtəlif vaxtlarda verilmiş forma 88 imtina səbəbləri bir-birinə ziddir, belə ki, 2-ci imtinada rentgen, 3-cü imtinada isə spriometriya müaynəsinin natamam olduğunu bildirmişdir. 3-cü dəfə imtina verildikdən sonra, o, onlayn növbə götürərək agenlikdə xx.xx.2022-ci ildə əyani müayində olmuş və bildirmişlər ki, “diaqnozunuz əlillik meyyarlarına uyğundur, lakin sənədləriniz və müayinələriniz azdır”. İddiaçı agentliyin göndərişi əsasında Respublika Endokrinoloji Mərkəzə və X12 X1 müayinələrdən keçib, tibbi rəylər alıb təkrar agentliyə təqdim etmişdir. İddiaçı 2022-ci ilin dekabrında rəsmi müraciət ünvanlayıraq, onun əyani müayinəsinin nəticəsini bildirilməsini istəmiş, onlar isə iddiaçıya rəsmi cavab göndərmişlər ki, “əyani müayinə üçün ərazi üzrə 17 saylı TSEK-ə müraiət edin”. İddiaçı isə tələb edərək bildirmişdir ki, o, agentliyin özündə müayinədə olmuş, onun rəsmi cavabını göndərmələrini istəmişdir. Daha sonra agentlik iddiaçının xx.xx.2022-ci ildə agentlikdə olduğunu qeyd etmiş və yenidən forma 88 rəsmiləşdirilməsini bildirmişdir. İddiaçının əlillik vəziyyəti G00093578NHS saylı göndərişə əsasən, xx.xx.2023-cü il tarixdə “Skolioz, onurğanın anadangəlmə aşağı döş, yuxarı bel tipli (Bucaq dərəcəsi döşdə 310 , beldə 450 ) İİİ dərəcəli kifoskaliozu kifoz 610 . Onurğa cisminin patoloji rotasiyası, qabırğa qövsünün deformasiyası ilə” diaqnozu əsasında qiymətləndirilmiş və imtina edilmişdir. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Onurğa sütunu hərəkətliyinin məhdudluğu və statodinamik funksiyanın pozulması dəqiqləşdirilsin. Reabilitasiya tədbirlərini davam etdirmək məsləhət görülür. xx.xx.2023-cü il tarixdə G00093578NHS saylı Formanın qiymətləndirmə nəticəsi etibarsız hesab edilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Bundan sonra cavabdeh orqan iddiaçıya rəsmi olaraq xx.xx.2023-cü il tarixli, 3-17-4/2-C10016/2023 saylı cavab məktubu yollamış və qeyd etmişlər ki, o, xx.xx.2023-cü ildə agentikdə qəbulda olaraq əyani müayinədən keçmiş, buna görə də imtina cavabı verilmişdir. İddiaçı qeyd edir ki, bu belə deyildir. O, hal-hazırda tələbədir və xx.xx.2023-cü il tarixdə BDU-nun Qazax filialında 08:30-dan 13:35 kimi dərsdə iştirak etmiş, bununla bağlı universitetin xx.xx.2023-cü il tarixli, 1313 saylı arayışı da mövcuddur. Bundan sonra o, pozulmuş hüquqlarının bərpası və əlilliyin təyin edilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan öncəki inzibati məhkəmə icraatında cavabdeh orqanın məhkəməyə təqdim etdiyi etiraza və ona göndərilən cavab məktublarına əsasən, xx.xx.2023-cü il tarixdə 6 ay sonra adına əyani müayinə aktı tərtib edilmişdir. İddiaçı qeyd edir ki, bu əlilliyin qiymətləndirilməsi müddəti baxımdan yol verilməzdir və qanunvericilikdə vətəndaşın əlillik vəziyyətinin 6 aya qiymətləndirilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, T573/2023 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmçinin ekspertiza zamanı cavabdeh orqanın nümayəndəsi iştirak etmiş, iddiaçının digər forma 88-də olmayan yanaşı xəstəlikləri ilə bağlı sənədləri qəbul etməmiş, onu tam və hərtərəfli müayinədən keçirərək rəy vermişlər. İddiaçı bildirir ki, ekspertizada cavabdeh orqanın həkimi terapevt olduğu halda, ekspertiza zamanı kardioloqluq etmiş, ona şifahi formada diaqnozlar qoymuş, radioloqluq edərək gözü ilə skaliozun cobb bucağını müəyyən etmişdir. Həmçinin ekspert rəyi ilə onun diaqnozunun öz təsdiqini tapdığı qeyd edilmişdir. Məhkəmə prosesi gedə-gedə iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixində dövlət tibb müəssisəsinin A00140796DQU nömrəli göndərişi əsasında elektron qiymətləndirilmiş və əlillik vəziyyətininin dəqiqləşdirilməsi üçün ərazi üzrə xidmət göstərən tibbi-sosial ekspert komissiyasına müraciət etmək tövsiyə olunmuşdur. Bundan sonra iddiaçının sənədləri götürülmüş, akt tərtib edilərək Mərkəzi TSEK-ə göndərilmiş, lakin “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. İddiaçının müraciəti əsasında o, xx.xx.2023-cü il tarixində Qazax rayonunda Nazirliyin rəhbər şəxsinin qəbulunda iştirak etmiş, daha sonra xx.xx.2023-cü il tarixində təkrar agentikdə əyani müayinədə iştirak etmişdir. İddiaçı orada bir sıra müayənlərdən keçmiş, həmin müayinələrlə bir daha onun diaqnozları öz təsdiqini tapmışdır. Daha sonra iddiaçının ailə vəziyyəti, səhhəti və tələbə olduğuna görə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəmə işə xitam vermişdir. Daha sonra iddiaçı tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə vəsatət məhkəməyə təqdim edilmiş və vəsatətdə qeyd edilmişdir ki, onun prosessual müddətin buraxmasının səbəbləri üzrlüdür və buna görə də məhkəmə tərəfindən İPM-nin müvafiq maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Belə ki, onun atası X4 xx.xx.2017-ci ildə vəfat etmiş, himayəsində yaşlı anası vardır. Səhhəti bir neçə dəfə pisləşmişdir. Həmçinin, iddiaçının özü də müxtəlif vaxtlarda Qazax rayon Mərkəzi Xəstəxanasında xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə kardioloqun və travmatoloqun qəbulunda olmuş və müalicələr almışdır. Habelə, anası X2 xx.xx.2024-cü ildə Ağstafa RMX-də həkim qəbulunda olmuş və xx.xx.2024-cü il tarixdə halı pisləşmiş, həmin günü təcili tibbi yardıma zəng etmişdir. İddiaçı qeyd edir ki, anasının ondan başqa heçkəsi yoxdur, bacıları var, ancaq onlar isə ailəlidirlər. İddiaçı bildirir ki, bacıları onlarla birgə yaşamır və onun özü tələbədir, ailəsi və anasını saxlamaq üçün müxtəlif vaxtlarda işləmiş, maddi imkanı aşağıdır. 2022-ci ilin avqsutundan 2023-cü ilin noyabrınadək iddiaçının əlilliklə bağlı müraciətlərinə cavabdeh orqan imtina cavabı vermişdir. İddiaçı bildirir ki, onun atası yoxdur, yaşlı anası var və onun özü də heç bir yerdə rəsmi işləmir. Həmçinin, səhiyyə müəssisəsi tərəfindən sonucu rəsmiləşdirilən göndərişdəki məlumatlarda onun xəstəliyinin gedişi orta ağır və xroniki olduğu qeyd edilmişdir. İddiaçının 2022-ci ildə olan müayinəsi zamanı ürəyində törəmə aşkar edilmiş, hər ay aldığı dərmanlar mövcuddur. Əlillik dərəcəsi olsaydı rahat şəkildə əlil bir insan kimi hüquqlardan və imtiyazlardan yaralanardı. Bundan əlavə, iddiaçı SHÇDX-nın Qazax rayon şöbəsi tərəfindən də təkrar çağırış üçün müayinəyə dəvət edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq məhkəmə tərəfindən prosessual müddətin buraxılmasının səbəblərini üzürlü hesab edilərək, buraxılmış prosessual müddət bərpa edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, atası vəfat etdiyindən, himayəsində yaşlı anası olduğundan və sonuncunun səhhətində olan problemləri səbəbindən o, 2024-cü ilin yanvar ayında iddianı geri götürmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqan tərəfindən qəbul edilmiş qərarın qanuni cəhətdən hüquqi əsaslarla qəbul edildiyini və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2773/2025 saylı qərardadı ilə İddiaçı vəsatətinin təmin edilməməsi, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X8rşı “qərarın ləğv edilməsi və müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2773/2025 saylı qərardadı ilə (hakim N.Hüseynov) İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının 50-70% pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2773/2025 saylı qərardadının ləğv olunmasını və iş materiallarının təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqustundan bugünədək o əlillik dərəcəsi ala bilməmişdir. Əlillik dərəcəsinin təyini ilə bağlı cavabdeh orqan tərəfindən dəfələrlə əsassız imtinalar verilmişdir. Belə ki, cavabbdeh orqan qanunsuzluq edərək onun iştirakı olmadan köhnə sənədlər əsasında əyani müayinə aktı tərtib etmişlər. Əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iki dəfə məhkəməyə müraciət etmişdir. Sonuncu məhkəmə iclasında iddiası mümkün sayılmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi onun hüququ marağına uyğun qaydada araşdırma aparmamışdır. Gəncə İnzibati Məhkəməsinin qərardadı aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassızdır. Belə ki, qərar çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar (vətəndaşın iştirakı olmadan onun adına 6 ay sonra tərtib edilmiş əyani müyanə aktı və vətəndaşa ünvanlanmış 3-17-4/2-C-126xx/xx/2023 cavab məktubu) araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, qərar iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, qərardadın qanunsuz və əsassız olmasına dair birinci dəlili ondan ibarətdir ki, məhkəmə öz qərardadını lazımi qaydada əsaslandıra bilməmişdir. Məhkəmənin öz qərardadını bu cür əsaslandırması tamamilə əsassız və qanunsuzdur. Belə ki, əvvəla, məhkəmə hazırki iş üzrə yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsini (inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər) tətbiq etməmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. İkincisi isə, məhkəmə nəzərə almamışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində sikayət verilə bilər. Normanın məzmunundan çıxan nəticə ondan barətdir ki, ona göndərilmiş imtina məktubunda və ya SMS-də imtina qərarından şikayətin vermə qaydası və müddəti göstərilmişdirsə onda həmin imtina qərarından onun qüvvəyə mindiyi gündən 30 gün müddətində şikayət verilə bilərdi, yox əgər ona göndərilmiş imtina məktubunda və ya SMS-də imtina qərarından şikayətin vermə qaydası və müddəti göstərilməmişdirsə onda həmin imtina qərarından onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verə bilərdi. Birinci instansiya məhkəməsi aşağıdakı faktalar araşdırmamışdır. Belə ki, iş materialları ilə sübut edilir ki, o, onkolji xəstəlikdən əziyyət çəkir, ailə başçısını itirmişdir, himayəsində yaşlı valideyini vardır. Elektron məhkəmə kabineti olsa da, ərizəni məhkəmə iclaslarında iştirak edə bilmədiyi üçün geri götürmüşdür. Həmçinin cavabdehin xx.xx.2023-cü il tarixli imtinası verilərkən onun işi məhkəmədə olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi yetərincə araşdırma aparmamış və iddianı mümkün saymamaqla kifayətlənmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatət verərək, 3-cü şəxs kimi Qazax rayon Mərkəzi Xəstənxasını da inzibati işə cəlb edilməsini xahiş etmişdir. Lakin məhkəmə onun bu vəsatətinə heç bir cavab bildirməmişdir. Həmçinin cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtinası verilərkən iş materialları məhkəmədə baxılırdı. Yəni sonucu imtina qərarı məhkəmə araşdırması zamanı verilmişdir. Məhkəmə təqdim edilmiş bütün faktları araşdırmağa borclu olduğu təqdirdə iddianını mümkün saymamaqla kifayətlənmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X3rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı məcburetmə haqqında iddia qaldırmaqla, hüquqi marağı cavabdehin onun barəsindəki xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə cavabdehin müvafiq inzibati aktından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüş, ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad olunan müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məcburetmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3) iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Hazırki iddia üzrə müddətlə bağlı şərtə münasibətdə qeyd edilməlidir ki, iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; -62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; -62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 197/2024 nömrəli qərardadı ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, orqanizmin fuksiyalarının 31-60% aralığı arasında əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s. tələblər barədə qərar qəbul edilməsini xahiş etmiş, daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və məhkəmənin həmin qərardadı ilə iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, inzibati iş üzrə icraata xitam verilmişdir. Həmçinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-4/2-6196/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı sonuncu dəfə Qazax Rayon Mərkəzi Xəstəxanasının A00140796DQU nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində 17 nömrəli Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X7-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində xx.xx.2024-cü il tarixində Agentliyə müraciət ərizəsi daxil olmuş və Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli yekun qərarı barədə xx.xx.2024-cü il tarixli, 3-17- 4/2-C-24118/2024 nömrəli məktubla vətəndaş məlumatlandırılmışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş, cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-4/2-C-24118/2024 nömrəli məktubu ilə müəyyən edilir ki, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli yekun qərarı barədə ona məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı tələblə bundan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə əlilliyin təyin edilməsi barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə icraatı gedişində Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə tibbi göndəriş (Forma 88) rəsmiləşdirilmiş və Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli yekun qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Lakin daha sonra iddiaçının müvafiq ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla inzibati iş üzrə icraata xitam verilmişdir. Həmçinin, hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli yekun qərar barədə ona cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq iddiaçı iddia ərizəsinin geri götürülmüş hesab edilməsindən 1 il, həmçinin cavabdeh tərəfindən ona rəsmi məlumat verildiyi vaxtdan 4 ay keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə Gəncə İnzibati Məhkəməsində yenidən iddia qaldırmış və cavabdeh orqan tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Beləliklə, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı ona əlilliyin təyin edilməsindən imtina barədə aktdan-xx.xx.2023-cü il tarixli qərardan ilkin məhkəmə icraatı gedişində məlumatlı olmuş, buna baxmayaraq qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı müddətin ötürülməsini himayəsində yaşlı anasının olması, anasının və özünün xəstə olması ilə bağlı müalicə alması ilə əlaqələndirmişdir. Prosessual müddətin bərpası ilə bağlı təqdim etdiyi vəsatətdə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə həkim qəbulunda olaraq müalicələr aldığını qeyd etsə də, həmin tarixlərə nəzər saldıqda müəyyən olunur ki, o 2024-cü ilin sentyabr-dekabr tarixlərində hər hansı müalicələrdə olmamışdır. Bununla yanaşı, iddiaçının təhsilli olması, “AZEMİS” elektron məhkəmə informasiya sistemində şəxsi kabinetinin olması, onun bu kabinetdən mütəmadi olaraq istifadə etmə bacarığının olmasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd edilən iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət etmək imkanına malik olsa da bunu etməmişdir. Belə olduqda isə kifayət qədər uzun müddətdə buraxılmış müddətin bərpası heç bir halda əsaslı sayıla bilməz. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırmaları zamanı müəyyən olunmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüş, habelə müddətin üzürlü hesab edilməsi üçün yetərli əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2773/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-596/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-596/2025
28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver