Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-597/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3243/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1 ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlayaraq fəhlə kimi işə qəbul olunmuşdur. X1 xx.xx.2022-ci il tarixdə fəaliyyətini dayandırıb və işçilərə heç bir məlumat vermədən Rusiya Federasiyasına gedib və onun orada hansı ünvanda yaşaması barədə məlumat yoxdur. X1 fəaliyyətini dayandırsa da, onunla bağlanmış əmək müqaviləsinə xitam verməyibdir. Ona görə də o, hansı orqana iş üçün müraciət etsə də, onun adı elektron sistemdə işçi kimi göstərilir, bu səbəbdən də heç bir orqan onunla əmək müqaviləsi bağlayaraq onu işə götürmür. O, bununla bağlı X1 ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Göygöl Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2023- cü il tarixli, 2(066)-401/2023 saylı qətnaməsinə əsasən X1 ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Qeyd olunan qətnamə hazırda qanuni qüvvəsini almışdır, lakin cavabdeh orqan iddiaçının adına olan müqaviləni elektron informasiya sistemindən silməkdən imtina edir, səbəb kimi də məhkəmənin qətnaməsində cavabdeh orqanın üzərinə öhdəliyin qoyulmamasını göstərir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3243/2024 nömrəli qərardadı ilə (hakim R.Tağıyeva) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qeyd olunan qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti üzrə icraatın davam etdirilməsində onun marağının olmadığını bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Məhkəmə kollegiyası iddiaçının şikayətin geri qaytarılmasının rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasları müəyyən etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 88-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3243/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-597/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-597/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver