Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-598/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, “ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi və bu barədə müvafiq quruma məlumat verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-1739/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X3 barədə Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2008-ci il tarixli 36 saylı ölüm akt qeydinin aparılması əsası olaraq verilən ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi və bu barədə Ağdam rayon Qeydiyyat şöbəsinə rəsmi məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, xx.xx.2021-ci il tarixində tərəfindən Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm akt qeydinin ləğv edilməsi vəzifəsinin Ağdam rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş və məhkəmə icraatı gedişatında iddia ərziəsinin geri götürülməsi səbəbindən məhkəmə qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Ötən müddət ərzində həyat yoldaşı X2 adına Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2008-ci il tarixli, 36 saylı ölüm akt qeydinin və müvafiq olaraq eyni tarixli AZ-İ 297550 nömrəli “ölüm haqqında” şəhadətnamənin qüvvədə qalmış olması məcburi köçkün ailəsi üzvü kimi onun və digər ailə üzvlərinin hüquq və qanuni maraqlarının pozulmasına səbəb olmaqdadır. Belə ki, xx.xx.1981-ci ildə həyat yoldaşı X3 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və bu nikahdan iki övladıları anadan olmuşdur. xx.xx.1993-cü il tarixinədək Ağdam şəhəri, Q.Əliyev küçəsi, ev 28-də qeydiyyatda olmaqla yaşamışlar. Həyat yoldaşı İ qrup əlil olmuşdur. Ağdamın ermənilər tərəfindən işğalından 10 gün öncədən oğlu Bəhmənin Ağcabədi rayon Mərkəzi Xəstəxanasında sarılıq xəstəliyindən müalicəsi ilə əlaqədar digər oğlu ilə birlikdə Ağcabədi rayonunda olmuşdur. Həyat yoldaşı Ağdam işğal olunan gün evlərində olmuşdur və Ağdamın işğalından sonra bügünədək onun itkin düşməsi və ya ölməsi barədə heç bir məhumat ala bilməmişlər. xx.xx.2005-ci il tarixdə həyat yoldaşı X3 barəsində X4 Komitəsində axtarış sorğusu açılmış və həmin sorğu hələ də bağlanmamışdır. BQXK-nin bununla bağlı xx.xx.2021-ci il tarixli arayışı iddia ərizəsinə əlavə edilir. Həyat yoldaşının ölmüş və ya itkin düşmüş elan edilməsi ilə əlaqədar nə o, nə də ki, övladları tərəfindən məhkəməyə müraciət edilməmiş və bu barədə heç bir məhkəmə aktı və digər rəsmi sənəd mövcud deyildir. Buna baxmayaraq onlarda olan məlumata əsasən tarixi və digər zəruri rekvizitləri barədə məlumatlarının olmadığı Ağdam Rayon Mərkəzi Xəstəxanasının verdiyi ölüm haqqında tibbi arayış əsasən Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən yuxarıda qeyd olunan ölüm haqqında şəhadətnamə verilmiş və həyat yoldaşının ölüm səbəbi hər hansı əsas olmadan qanunsuz şəkildə “diabetli koma” olaraq müəyyən olunmuşdur. Ağdam Rayon Qeydiyyat Şöbəsinə xx.xx.2008-ci il tarixli ölüm akt qeydinin və müvafiq olaraq eyni tarixli AZ-İ 297550 nömrəli ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olan ölüm faktına dair tibbi şəhadətnamənin surətinin təqdim edilməsinə dair tərəfindən müraciət edilsə də, qeydiyyat şöbəsi tərəfindən cavab verilməsindən imtina edilmişdir. Cavabdeh Ağdam rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən təqdim edilən etiraz ərizəsində qeyd olunmuşdur ki, aparılan araşdırma nəticəsidə “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin arxivində XX.XX.1921-ci il təvəllüdlü Ağdam rayonu, Gülablı kəndində anadan olmuş X2 adına müalicənin alıb-almaması, xəstəxanada qeydiyyata alınıb-alınmaması ilə bağlı hər hansı bir tibbi sənəd (ambulator tibbi karta və sə sənədlər) aşkar edilməmişdir. Poliklinika şöbəsinin 2006-cı il üzrə ölüm aktları qeyd etmə jurnalında qeyd olunan siyahıda sıra nömrəsi 149, verilmə tarixi xx.xx.2006-cı ilin qarşısında X2 adı qeyd olunmuşdur. Sözügedən mərhum XX.XX.1921-ci il təvəllüdlü Ağdam rayonu, Gülablı kəndində anadan olmuş X2 adına “Ağdam rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin arxivində ölüm haqqında şəhadətnamənin verilməsini təsdiq edən tibbi sənədin əsli və ya surəti aşkarlanmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1739/2023 nömrəli qərarı ilə (hakim E. Axundov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməməsinin qanuni maraqlarını pozmasını qeyd etsə də bunun hansı “maraqları” olmasını əsaslandırmamış və bu barədə, həmçinin X3 barəsində tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsassız olması barədə sübutlar təqdim etməmişdir. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1739/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, atası 1-ci qrup əlil olub və döyüşlər zamanı evdən çıxmaq imkanı olmayıb, 2005-ci ildən isə X7 Komitəsinin axtarışda olan şəxslərin siyahısındadır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətindən məlum olduğu kimi şikayətdə iddia tələbinin əsaslı hesab edilərək təmin olunması xahiş edilir. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.1, 1.3, 1.4 və 2.1-ci bəndlər). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması,mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Hazırki tələb üzrə iddiaçı həyat yoldaşı X2 Ağdam şəhərinin erməni qəsbkarları tərəfindən işğalı zamanı evlərində olduğunu, hal-hazıradək sonuncunun ölməsi, yaxud itkin düşməsi barədə məlumatın olmadığını, bu barədə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsassız olduğunu qeyd edərək, sözügedən tibbi şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-21/2-102/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma nəticəsində “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin arxivində XX.XX.1921-ci il təvəllüdlü Ağdam rayonu, Gülablı kəndində anadan olmuş X2 adına müalicə alıb-almaması, xəstəxanada qeydiyyata alınıb-almaması ilə bağlı hər hansı bir tibbi sənəd (ambulator tibbi karta və s. sənədlər) aşkar edilməmişdir. “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinkası 2006-ci il üzrə ölüm aktlarını qeyd etmə jurnalında qeyd olunan siyahıda sıra nömrəsi 149, verilmə tarixi xx.xx.2006-nın qarşısında X2 adı qeyd olunmuşdur. Mərhum XX.XX.1921-ci il təvəllüdlü Ağdam rayonu, Gülablı kəndində anadan olmuş X2 adına “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin arxivində ölüm haqqında şəhadətnamənin verilməsini təsdiq edən tibbi sənədin əsli və ya surəti aşkarlanmamışdır. Ağdam Rayon Mərkəzi Xəstəxanasının Poliklinkası 2006-ci il üzrə “ölüm aktlarını qeyd etmə” jurnalından çıxarışdan görünür ki, X3 barəsində xx.xx.2006-cı il tarixdə ölüm haqqında qeyd aparılmışdır. xx.xx.2008-ci il tarixli, 36 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X3 xx.xx.1993-cü il tarixdə Ağdam şəhərində “diabetli koma” səbəbindən ölmüş və bu barədə Həsənova (Nəbiyeva) Suraya Bəhmən qızı tərəfindən xəbər verilmiş, ölüm haqqında akt qeydləri kitabında 2008 ilin 04 ayının 01 günündə 36 nömrə ilə qeyd edilmişdir. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçının irəli sürdüyü tələbin predmeti ölüm haqqında tibbi şəhadətnamənin ləğvi ilə bağlı olsada, mübahisələndirilən şəhadətnamə “İnzibati İcraat haqqında” Qanun anlamında inzibati akt hesab oluna biməz. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 2.0.2 maddəsinə görə, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Başqa sözlə, inzibati akt sayılması üçün həmin şəhadətnamənin əsasında dayanan inzibati akt publik hüquq sahəsinə aid olan məsələnin həlli ilə bağlı olmalıdır. Göründüyü kimi, ölüm haqqında şəhadətnamə inzibati akt deyildir, həmin aktn ləğvinə dair iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Digər tərəfdən arxiv məlumatlarında da qeyd olunan şəhadətnamə müəyyən edilməmiş, yalnız qeydiyyat jurnalında şəxsin ölməsnə dair qeydiyyat aparılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq müvafiq qeydiyyat şöbəsi tərəfindən aparılmış ölüm haqqında akt qeydini mübahisələndirilmək hüququna malikdir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1739/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-598/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-598/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver