Məhkəmə qərarları › İş №2-1(104)-598/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-598/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-598/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, X8, X6, X10, Gəncə Şəhər İcra Hakimiyyəti) yaşayış sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-499/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2023-cü il tarixli, **********133, **********134 və **********133 nömrəli təsdiq olunmuş ərizələrdən görünür ki, üçüncü şəxslər X8, X6 və X2 mənzilin iddiaçının adına bütövlükdə özəlləşdirilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 saylı sahəsi tərəfindən verilmiş arayış-forma 2-dən görünür ki, Gəncə şəhəri, Nizami küçəsi, ev 239, mənzil 10-da İddiaçı və üçüncü şəxslər X8, X6 və X4 yaşamaq hüququ vardır. Cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3- 33/2-7328/2023 nömrəli məktubdan görünür ki, X5 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı üçün ərizənin icrası mümkün olmamışdır. X5 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderinin surətindən görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanı üzrə blok 1, mərtəbə 5, 516, 517, 518, 519 və 520 nömrəli otaqlarda yaşamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, M- 1130 nömrəli məktuba əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, Nizami küçəsi, 239 nömrəli binanın 516, 517, 518, 519 və 520 nömrəli otaqları İddiaçı adına qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, 15 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə Müqaviləsindən görünür ki, müqaviləyə görə kirayəyə verən Nizami küçəsi, 239 nömrəli yataqxananın 516, 517, 518, 519 və 520 nömrəli otaqlarında yerləşən 73.77 kv. metrdən ibarət 5 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətsiz Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 141 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan Gəncə şəhəri, Nizami prospekti 239 nömrəli ünvanda yerləşən 5 mərtəbəli ailəvi yataqxana və torpaq sahəsi 2.4 ha olan idman meydançası əvəzsiz olaraq Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X12 tərəfindən 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderlə ona verilmiş ünvan 3 üzərində onun mülkiyyət hüquqlarının qeydə alaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X12 tərəfindən 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderlə ona verilmiş ünvan 1 saylı evin 516, 517, 518, 519 və 520 nömrəli yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-499/2024 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanındakı mənzil X12 tərəfindən 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderlə ona verilmişdir və o, 20 oldən çoxdur ki, orada yaşayır. Mənzilə hüquqları olan ailə üzvlərinin hamısı mənzilin onun adına özəlləşdirilməsinə razıdırlar. Lakin cavabdeh orqan müxtəlif bəhanələrlə ərizəni təmin etməmişdir. Halbuki Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən cavabdehin hüquq subyektləri qarşısında öhdəliyi var ki, o, iddiaçının hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalıdır. Həmin mənzilə dair hüquqların dövlət reyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət edilsə də, imtina cavabı alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-499/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, ünvan 1 saylı evin 516, 517, 518, 519 və 520 nömrəli yaşayış sahələri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı hüquqi marağı mülkiyyət hüququnun əldə edilməsi deyil, əvvəllər əldə etdiyi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışı əldə etməkdir. Cavabdeh orqan isə işin faktiki hallarına uyğun olmayan səbəblərdən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə ünvan 1 saylı evin 516, 517, 518, 519 və 520 nömrəli yaşayış sahələrinə İddiaçı mülkiyyət hüququ yarandığından, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 və 10-cu maddələrinə əsasən, onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin imtinası qanunazidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, təqdim edilmiş “X5” xx.xx.2001-ci il tarixli, 37 saylı orderi mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən mənzil üzərində hazırki iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Hesab edirlər ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalıdır. Qeyd olunan normanın tələbi baxımından mənzilin özəlləşdirilməsi qanunauyğun hesab edilmir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən mənzilə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, işə baxmış məhkəmə orderin hansı orqan tərəfindən verildiyini araşdırmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş orderin “X12" tərəfindən verildiyi müəyyən edilmişdir. Lakin göstərilən normadan göründüyü kimi, həmin dövrdə orderin verilməsi səlahiyyəti olmamamışdır. Buna baxmayaraq məhkəmə öz xidməti vəzifəsini yerinə yetirməyərək mövcud qanunvericiliyin müddəalarına məhəl qoymamışdır. Məhkəmə məhkəmə qərarında maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Belə ki, araşdırma zamanı orderin xx.xx.2001-ci il tarixdə “X12" tərəfindən verildiyi müəyyən olunur. Lakin məhkəmə öz qərarında bu hala da münasibət bildirməmişdir. Onu da qeyd etməyi zəruri hesab edirlər ki, işə baxmış məhkəmə öz qərarının əsaslandırma hissəsində qeyd etmişdir ki, iddiaçının hazırkı hüquqi marağı mülkiyyət hüququnun əldə edilməsi deyil, əvvəllər əldə etdiyi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışı əldə etməkdir. Halbuki qanunvericiliyin tələbinə görə mülkiyyət hüququnun yaranması geniş şəkildə təsbit edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, artıq iddiaçı öz istifadə hüququnu realizə edərək, xx.xx.2023-cü il tarixli, 15 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilə isə mənzil üzərində icarəyə hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Lakin birinci instansiya məhkəməsi iddiaçının əvvəllər əldə etdiyi, olmayan mülkiyyət hüququna istinad etmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Qanunvericilik daşınmaz əmlaka dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Lakin birinci instansiyası məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə iddiaçının mübahisəli mənzilə dair heç bir əsas gətirmədən mülkiyyət hüququ kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı İdarəsi qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139-cu və “Daşınmaz əmlakın “Mənzil fondunun özəlləşdirilməsi haqqında” maddəsinin tələbləri pozulur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün məhkəmə ziddiyyətli və işə aid olmayan sübutlara istinad etmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə digər üçüncü şəxslər və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25, bənd 5. hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. İ. hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri 29.1. yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2. yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12.1. hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanı üzrə blok 1, mərtəbə 5, 516, 517, 518, 519 və 520 nömrəli otaqlarda yaşamaq hüququ verən X5 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderi verilmişdir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Kollegiya cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, inzibati orqan “X12”nun xx.xx.2001-ci il tarixli, 37 saylı orderinin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığını bildirərək, hüquqların qeydiyyatından imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********133, **********134 və **********133 nömrəli təsdiq olunmuş ərizələrdən görünür ki, üçüncü şəxslər X8, X6 və X2 mənzilin iddiaçının adına bütövlükdə özəlləşdirilməsinə etiraz etməmişlər. X5 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderinin surətindən görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanı üzrə blok 1, mərtəbə 5, 516, 517, 518, 519 və 520 nömrəli otaqlarda yaşamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, M- 1130 nömrəli məktuba əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, Nizami küçəsi, 239 nömrəli binanın 516, 517, 518, 519 və 520 nömrəli otaqları İddiaçı adına qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 15 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə Müqaviləsindən görünür ki, müqaviləyə görə kirayəyə verən Nizami küçəsi, 239 nömrəli yataqxananın 516, 517, 518, 519 və 520 nömrəli otaqlarında yerləşən 73.77 kv.metrdən ibarət 5 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətsiz Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 141 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan Gəncə şəhəri, Nizami prospekti 239 nömrəli ünvanda yerləşən 5 mərtəbəli ailəvi yataqxana və torpaq sahəsi 2.4 ha olan idman meydançası əvəzsiz olaraq Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına qəbul edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən mənzilə dair mövcud olan sənədlər “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri baxımından iddiaçının yaşadığı mənzilin özəlləşdirilməsinə əsas verən sənədlər hesab edilir. Bu da İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması dair tələbininin əsaslı olduğu qənaətinə gəlməyə əsas verir. Bu baxımdan kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 15 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə Müqaviləsindən də görünür ki, müqavilənin predmetini müqaviləyə görə kirayəyə verən Nizami küçəsi, 239 nömrəli yataqxananın 516, 517, 518, 519 və 520 nömrəli otaqlarında yerləşən 73.77 kv.metrdən ibarət 5 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətsiz Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı ilə Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında mənzil kirayəsi müqaviləsi bağlanmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində yataqxanaların özəlləşdirilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Belə ki, həmin maddənin ikinci cümləsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan yaşayış sahəsinə xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilmiş və kollegiya tərəfindən müəyyən edilmişdir ki, həmin yaşayış sahəsi mənzilin özəlləşdirilməsi üçün tələb olunan şərtlərə cavab verir. Belə ki, mənzildə sanitar-texniki normalar (təbii və süni işıqlandırma, su təchizatı və kanalizasiya sistemi, elektrik enerjisi, isitilik sistemləri), həmçinin mənzil yaşayış üçün minimum standart ölçülərə malikdir, yəni mənzilin yataq otağı, qonaq otağı kimi ayrılmış sahələri, mətbəxi və sanitariya qovşağı mövcuddur. Həmçinin həmin mənzildə olan sahələrdən vahid mənzil kimi istifadə olunur. Həmçinin bundan əlavə “Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, ev 239 ünvanda yerləşən mənzillər üzərində hər hansı bir şəxsin xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumatın, qeydiyyata alındığı təqdirdə buna dari çıxarışların və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin göndərilməsi” barədə məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 763 nömrəli Sərəncamı ilə Gəncə şəhəri Nizami prospekti 239 ünvanında yerləşən binanın 4-cü girişinin 3-cü mərtəbəsindəki, sağ tərəfdə yerləşən dörd otaqlı mənzil kompensasiya şəklində X7 xüsusi mülkiyyətinə verilmişdir. Sonra ünvan 6 ünvanında yerləşən mənzil üzərində X7 xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzil daha sonra alğı-satqı müqaviləsi ilə X3 və onun tərəfindən də müqavilə əsasında X1. Qeyd olunan mənzil üzərində xx.xx.2019-cu il tarixdə X13, xx.xx.2022-ci il tarixdə X9 xüsusi mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Həmçinin həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə texniki pasport tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində də hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilir. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir. Belə olan halda qanunvericiliyin də tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin imtinası əsassız olmuşdur. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-499/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar