Məhkəmə qərarları › İş №2-1(104)-6/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-6/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-6/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi qaydasında iddiaçıya satılması” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “torpaq sahəsinin özəlləşdirilməsi qaydasında iddiaçıya satılması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-239/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. xx.xx.1998-ci il tarixli, 12№-li Auksion protokolunun surətindən məlum olur ki, satıcı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, özəlləşdirilən müəssisə (obyekt) Gəncə avtosalonu- Gəncə şəhəri 28 May və Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən. Qalib (alıcı) İddiaçı. İlkin və satış qiyməti 4490,80 manat təşkil edir. Protokol imzalandığı andan 10 təqvim günün ərzində əmlakın alıcısı ilə satıcı arasında alqı-satqı müqaviləsi imzalanmalıdır. Bu protokol müəssisə (obyekt) üzrə alqı-satqı müqaviləsinin bağlanması üçün alıcının hüququnu təsdiq edən sənəddir.

2. xx.xx.1998-ci il tarixli, 10-109 nömrəli “Müəssisənin alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri 28 May və Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən Gəncə avtosalonu auksiondan satış qiyməti ilə İddiaçı satılmışdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 52,4 kv metr olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv metr olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır.

5. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 223 nömrəli müqavilənin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti ilə Ü.hacıbəyov küçəsi kəsişməsində olan qeyri-yaşayış binasının yerləşdiyi 4800 kv metr torpaq sahəsi İddiaçı icarəyə verilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********63 nömrəli məktubunda qeyd olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsi arasında yerləşən torpaq sahəsindəki “Gəncə Avtosalonu”nun müasir tələblərə uyğun olaraq yenidən qurulması üçün müvafiq layihə əsasında tikinti işlərinin aparılmasına dair rəy verilməsinə köməklik göstərilməsi barədə ərizəyə baxılmış, əmlak özəlləşdirildikdən sonra həmin torpaq sahəsində həyata keçirilməsini nəzərdə tutulan tikinti və yenidənqurma işlərinin aprılması məqsədəuyğun hesab edilmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********62 nömrəli məktubunda Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 157 nömrəli Sərəncamı ilə iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada Gəncə şəhəri, Kəpəz rayonu X3 prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsi ünvanında mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə müvafiq qərar qəbul edildiyi, bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun olaraq 563 400 manat dəyərində qiymətləndirilmiş adıçəkilən torpaq sahəsi satın alınması üçün ilk növbədə iddiaçıya təklif olunduğu və alqı-satqı müqaviləsi hazırlandığı, lakin İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunmadığı, bildirişin iddiaçıya təqdim olunduğu tarixdən 3 gün müddətində alqı-satqı müqaviləsinin imzalanmadığı və qeyd olunan hesab nömrəsinə ödənişin təmin edilmədiyi halda alqı-satqı müqaviləsinin ləğv olunaraq torpaq sahəsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görüləcəyi qeyd olunmuşdur.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin 08 dekabr 2021-ci il tarixli, **********21 nömrəli məktubunda qeyd olunur ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən avtosalonu yerləşdiyi torpaq sahəsi özəlləşməmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 iyul 2022-ci il tarixli, **********61 nömrəli məktubu ilə əlavə edilmiş rəydən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinin dəyəri 563 400 manat təşkil etmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin 24 avqust 2022-ci il tarixli, **********68 nömrəli məktubunda qeyd olunur ki, qeyri-yaşayış binası Gəncə şəhərinin 2-ci zonasında yerləşir və normativ qiyməti 20 282,4 manat təşkil edir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 may 2023-cü il tarixli, 10/1518 nömrəli məktubu ilə təqdim edilən ekspert rəyinə əsasən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinin dəyəri 537 000 manat məbləğində müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Gəncə şəhəri H.Əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən «Gəncə Avtosalonu»nun qanuni istifadəsində olan 4695 kvm torpaq sahəsini özəlləşdirilmə qaydasında, qanuna və əvvəlki satışa, yəni xx.xx.1998-ci il tarixli aparılmış özəlləşdirmənin qiymətinə uyğun qiymətlə, özü də 2 aydan gec olmayaraq ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə şəhərində yerləşən ofisinin rəhbəri 2021-ci ilin mart ayının 9-da onu ofisə dəvət edib, gözünün görməməsindən bəhrələnməklə aldadaraq, Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən «Gəncə Avtosalonu»nun qanuni istifadəsində olan 0,48 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi üçün ilkin sənədə imza etdirmək adı ilə 2 səhifədə xırda hərflərlə yazılmış xx.xx.2021-ci il tarixli 223 №-li icarə müqaviləsinə imza etdirmişdir. Müqavilədə yazılmışdır ki, guya iddiaçı obyektin 0,48ha torpaq sahəsini aylıq 960 manat icarəyə götürür. Qeyd edir ki, əvvəla, obyektin torpaq sahəsi 4695 kv. metrdir, ikincisi, illik icarə haqqı olan 10.520 manat normal şüura sığışmayan məbləğdir, həmin torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qiymətindən də bahadır. Vaxtilə həmin torpaq sahəsi 5000 kvm hesablanıb Vəli Babayev adlı birisinə, yəni obyekt sahibi olmayan kənar şəxsə 9.600 manata satılmışdı. Bunu həmin V.Babayevə verilmiş xx.xx.2007-ci il tarixli 000567 №-li "dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə”si təsdiq edir. İddiaçı həmin avtosalonu xx.xx.1998-ci il tarixdə işlədiyi kollektivlə birlikdə özəlləşdirmiş, sonralar ona təkbaşına mülkiyyət hüququ əldə etmiş, qanuna görə obyektin torpaq sahəsini özəlləşdirmək hüququ onda olduğundan həmin torpağı almaq istəyən istənilən şəxs bu və ya başqa qaydada onun razılığını almalı, yaxud obyektini almalı idi ki, bir müqavilə ilə obyektinin 0,48 ha torpaq sahəsinə də sahibliyi əldə edə bilsin. Dövlət Xidməti onu kollektivin müəssisəni almaqda üstünlük hüququnu “unudub” iddiaçıdan xəbərsiz obyekti 5000 kvm torpağı ilə birlikdə ona əlaltılıq edən Goranboy sakini V.Babayevin adına keçirtdi (guya hərracda onunla özəlləşdirmə müqaviləsi bağladı), bundan dərhal da obyekti onun adından xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə «NAB Qroup of Kompanies» firmasına satmışdır. Bu cinayətdən o, 2008-ci ildə xəbər tutub, Xətai rayon məhkəməsinin gizli çıxarılmış qətnaməni ona və obyekti özəlləşdirmiş kollektivə göndərməməsi, obyektinin torpaq sahəsi Vəli Babayevə satılmasını iddiaçı sonralar, özü də təsadüf nəticəsində bilib, öyrənmiş ki, obyekt kollektivin iştirakı olmadan gizli özəlləşdiriləndən sonra V.Babayevin adından «NAB Qroup of Kompanies» firmasına satılmışdır.

14. İddiaçının mübahisələndirən torpaq sahəsinin normativ qiymətə satmaq öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə dəqiqləşmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(114)-239/2022 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-239/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi 2021-ci ildə bağlanılmış və xx.xx.2021-ci ildə torpaq sahəsinin özəlləşdirilməsi üçün Xidmətə müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixindən əvvəl torpaq sahəsinin özəlləşdirilməsi üçün Xidmətə müraciət olunmasına və ya həmin tarixdən əvvəl torpaq sahəsinin ona satılması ilə bağlı xidmətə qarşı məhkəmədə iddia qaldırılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı ilə icarə müqaviləsinin bağlanıldığı və onun torpaq sahəsinin özəlləşdirilməsi üçün Xidmətə müraciət etdiyi zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq torpaq sahəsi bazar dəyəri ilə özəlləşdirilməsi üçün iddiaçıya təklif edilmişdir ki, bu da qanunvericiliyə uyğun olmuşdur.

Apellyasiya instansiyası məhkəməsində icraat:

17. İddiaçı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-239/2022 saylı qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi 2007-ci ildə başqa şəxslərə satılmış, uzun muddətli məhkəmə çəkişmələri olmuşdur. Lakin 1998-ci ildən 2021-ci il tarixədək torpaq sahəsinin özəlləşdirilməsinə dair cavabdeh orqana rəsmi müraciəti olmamışdır. Belə bir müraciəti təsdiq edən sənədin təqdim edilməsi mümkün deyildir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçının xx.xx.2021-ci il tarixədək mübahisəli torpaq sahəsinin öəzəlləşdirilməsi ilə bağlı rəsmi müraciəti daxil olmamışdır. Belə olan halda torpaq sahəsi hazırda qüvvədə olan qanunvericiliyə uyğun özəlləşdirilməlidir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 1.0.3. Özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. 1.0.4. (müəssisənin, obyektin) start qiyməti - qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir. 5.1. müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. 5.2. Dövlət Proqramında aşağıdakılar nəzərdə tutulur: 5.2.1. bu Qanunun 6.1-ci maddəsinin 6.1.3 və 6.1.4 bəndlərində göstərilən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlakın siyahısı; 5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası; 5.2.3. dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması qaydası; 5.2.4. özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası; 5.2.6. özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydası; 5.2.7. müəssisə və obyektlərin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması; 5.2.8. özəlləşdirilən dövlət müəssisəsində əmək kollektivinə verilən güzəştlər; 5.2.9. dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələlər. 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. 8.2-ci. dövlət əmlakının satıcısı aşağıdakı funksiyaları həyata keçirir: 8.2.1. müəyyən olunmuş qaydada dövlət əmlakının registrini aparır; 8.2.2. qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi üzrə komissiya yaradır;

24. Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Özəlləşdirmə prosesində qiymətləndirmənin beynəlxalq praktikada qəbul olunmuş üsullarından da istifadə edilə bilər.

30. Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. 32.1. Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər, vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məsuliyyət daşıyırlar.

22. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə:

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.

6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.

8. Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

9. Azərbaycan Respublikası Nazirlər Kabineti yaşayış məntəqələrinin ayrıayrı ərazilərinin torpaq sahələrinin qiymətləndirilməsi məqsədilə, həmin torpaq sahələrinin yerləşdiyi yeri və ölçülərini, onların sosial əhəmiyyətini (dəniz sahilində, şəhər meydanlarında, əsas magistrallarda yerləşdiyini), nəqliyyat əlverişliliyini, habelə onlar üzərində yerləşən müəssisə və obyektlərin fəaliyyət növünü və s. nəzərə alaraq müvafiq əmsallar sistemini müəyyən edir.

10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.

11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.

12. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.

13. Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır.

14. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahələrinin satışından əldə edilən vəsaitlər Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə:

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri). Özəlləşdirilən tikintisi yarımçıq qalmış obyektlərə ayrılmış dövlət torpaq sahələri də iki hissəyə bölünür: üzərində tikintisinə başlanılmış və tikintisi yarımçıq qalmış bina və əsaslı tikililərin altındakı torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri) 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 12.4. inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin hallarından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 500 sərnişinlik avtovağzalın yarımçıq qalan tikilisinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, tələbi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********62 nömrəli məktubu ilə təmin olunmamışdır.

28. İnzibati orqan imtina dəlillərində qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 157 nömrəli Sərəncamı ilə İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada Gəncə şəhəri, Kəpəz rayonu X3 prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsi ünvanında mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə müvafiq qərar qəbul edilmiş, bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun olaraq 563 400 manat dəyərində qiymətləndirilmiş adıçəkilən torpaq sahəsi satın alınması üçün ilk növbədə İddiaçı təklif olunmuş və alqı-satqı müqaviləsi hazırlanmışdır. Həmçinin İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunmadığı, bildirişin iddiaçıya təqdim olunduğu tarixdən 3 gün müddətində alqı-satqı müqaviləsinin imzalanmadığı və qeyd olunan hesab nömrəsinə ödənişin təmin edilmədiyi halda alqı-satqı müqaviləsinin ləğv olunaraq torpaq sahəsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görüləcəyi qeyd olunmuşdur.

29. Bundan sonra, iddiaçı məhkəməyə müraciət edərək mübahisələndirən torpaq sahəsinin normativ qiymətə satmaq öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.

30. İddiaçı istər iddia, istərsə də apellyasiya şikayətinini onunla əsaslandırmışdır ki, qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda əlavə edilmiş 6-1-ci hissə hazırki işdə tətbiq olunmamalı və torpaq sahəsi 2016-cı il tarixədək qüvvədə olan 6.1-ci maddəsinə əsasən özəlləşdirilməlidir (satılmalıdır).

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə və Xidmətin xx.xx.2021-ci il tarixli, 157 nömrəli sərəncamına uyğun olaraq torpaq sahəsi icarəçi İddiaçı 563 400 manata satın alınması üçün təklif edilmiş və bu barədə ona xx.xx.2021 -ci il tarixli, **********62 nömrəli bildiriş göndərilmişdir, lakin İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə alqı-satqı müqaviləsinin imzalanması və torpaq sahəsinin dəyərinin ödənilməsi təmin edilmədiyindən, Xidmətin xx.xx.2021-ci tarixli, 200 nömrəli sərəncamı ilə torpaq sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli, 157 nömrəli sərəncam Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsi ünvanında erləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi hissəsində ləğv edilmiş, icarə münasibətləri davam etdirilmişdir.

32. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin normaya əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir.

33. İş materiallarında olan xx.xx.1998-ci il tarixli, 12№-li Auksion protokolunun surətindən məlum olur ki, satıcı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, özəlləşdirilən müəssisə (obyekt) Gəncə avtosalonu- Gəncə şəhəri, 28 May və Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən. Qalib (alıcı) İddiaçı. İlkin və satış qiyməti 4490,80 manat təşkil edir. Protokol imzalandığı andan 10 təqvim günün ərzində əmlakın alıcısı ilə satıcı arasında alqı-satqı müqaviləsi imzalanmalıdır. Bu protokol müəssisə (obyekt) üzrə alqı-satqı müqaviləsinin bağlanması üçün alıcının hüququnu təsdiq edən sənəddir.

34. xx.xx.1998-ci il tarixli, 10-109 nömrəli “Müəssisənin alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri 28 May və Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən Gəncə avtosalonu auksiondan satış qiyməti ilə İddiaçı satılmışdır.

35. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 52,4 kv metr olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır.

36. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv metr olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır.

37. Göründüyü kimi mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyekti iddiaçı tərəfindən 1998-ci il tarixdə özəlləşdirilmiş (alqı-satqı müqaviləsi bağlanmış), torpaq sahəsinin satılması ilə bağlı ilkin müraciəti isə 05 oktyabr 2021-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Bu hal iddiaçı tərəfindən də mübahisələndirilməmişdir.

38. Belə ki, məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarda xx.xx.2021-ci il tarixdən əvvəl torpaq sahəsinin satılması ilə bağlı inzibati orqana müraciətinin və bunu təsdiq edən sənədin təqdim edilməsinin mümkün olmadığını qeyd etmişdir.

39. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizə də qeyri-yaşayış binasının yerləşdiyi 4695 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi barədə sərəncam verilməsi xahiş olunmuşdur.

40. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Belə ki, iddiaçının xx.xx.2016-cı il tarixli, 377 nömrəli Qərar ilə edilmiş dəyişiklikdən əvvəlki müddət ərzində inzibati orqana rəsmi müraciəti olmamışdır.

41. İcraat zamanı məhkəmə kollegiyası tərəfindən real bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq mütəxəssis rəyləri alınmışdır.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 may 2023-cü il tarixli, 10/1518 nömrəli məktubu ilə təqdim edilən ekspert rəyindən məlum olur ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinin dəyəri 537 000 manat məbləğində müəyyən edilir.

43. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin 24 avqust 2022-ci il tarixli, **********68 nömrəli məktubunda isə qeyri-yaşayış binasının Gəncə şəhərinin 2-ci zonasında yerləşdiyi və normativ qiymətinin 20 282,4 manat təşkil etdiyi qeyd edilmişdir.

44. Göründüyü kimi normativ qiymət daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduğundan inzibati orqanın hüquqi mövqeyi əsaslıdır və iddiaçıya münasibətdə 2016-cı il tarixdək qüvvədə olan normanın tətbiq edilməsi ilə bağlı hüquqi əsas müəyyən edilməmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-239/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.5, 87.6, 89, 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-239/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar