Məhkəmə qərarları › İş №2-1(104)-60/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-60/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-60/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-799/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: ИТ-İ ******* nömrəli, xx.xx.1990-cı il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2011-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli 038-22660M- 3221 nömrəli məktubundan görünür ki, İddiaçı şəxsi işinə əsasən xidmət illəri yenidən hesablanarkən 29 oktyabr 2011-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə - 19 il, 00 ay, 03 gün, imtiyazlı hesablama ilə - 21 il, 05 ay, 12 gün təşkil edir. ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, təqdim edilən sənədlərdə göstərilmiş məlumatların əmək stajı kimi hesablanmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 22 il 05 ay 12 gün Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyində polis baş serjantı kimi xidmət stajı vardır. 2011-ci ildə ürək xəstəliyi ilə bağlı 2-ci qrupla pensiyaya çıxmışdır. 2021-ci ildə Daxili İşlər Nazirliyi hospitalında həkimlər ona tam sağlam vəziyyət haqqında rəy vermişlər. 2021-ci ilin avqust ayından 2-ci qrup əliliyə görə aldığı pensiya dayandırılmışdır. Hal-hazırda iddiaçı ƏƏSMNnə daxili işlər orqanlarında çalışdığı illərə əsasən əmək pensiyasi təyin olunmasi ilə bağlı müraciət etsə də, cavabdeh bundan imtina etmişdir İddiaçı X6 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, onun xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-799/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxlərə də şamil olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən şəxsə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yalnız 1 şərt ödənilməlidir, yəni şəxs 20 təqvim ili və daha çox hərbi xidmət müddətinə malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının şəxsi işinə əsasən xidmət illəri hesablanarkən 29 oktyabr 2011-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə - 19 il, 00 ay, 03 gün, imtiyazlı hesablama ilə - 21 il, 05 ay, 12 gün təşkil edir. Göründüyü kimi, iddiaçının ümumilikdə 21 il, 05 ay, 12 gün stajı mövcuddur, belə olan halda onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2012ci il tarixli 37 nömrəli məlumat vərəqəsinə uyğun olaraq iddiaçıya Filial tərəfindən xx.xx.2012-ci il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun ("ƏPQ") 20.16.2-ci maddəsinə uyğun olaraq "hərbi xidmət dövrü ilə əlaqədar" İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar iddiaçıya əlilliyə görə pensiya ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2012- ci il tarixli 37 nömrəli məlumat vərəqəsində iddiaçının təqvim üzrə xidmət illəri 19 il 3 gün qeyd olunmuşdur. Həmin məlumat vərəqəsinə əsasən iddiaçının hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il təqvimi xidmət müddəti mövcud deyildir. Pensiya sistemi "ƏPQ" ilə tənzimlənir və hesablanır. Və həmçinin "Normativ hüquqi aktlar haqqında" AR qanununa əsasən AR Konstitusiyasının 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyət təşkil etdikdə qanun tətbiq edilir. Məhkəmə öz qərarında ƏPQ-nun 9.5.1ci maddəsinə istinad edərək qeyd etmişdir ki, "şəxsə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yalnız 1 şərt ödənilməlidir, yəni şəxs 20 təqvim ili və daha çox hərbi xidmət müddətinə malik olmalıdır. " "İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının şəxsi işinə əsasən xidmət illəri hesablanarkən 29 oktyabr 2011-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə 19 il, 00 ay, 03 gün təşkil edir." Buna baxmayaraq, Məhkəmə iddiaçının ümumilikdə 21 il, 05 ay, 12 gün stajının olması qənaətinə gələrək iddia tələbini təmin etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçının vəkili X4 da məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəllilərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarı Həmin qərarın 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən. Həmin qərarın 2-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: b) bəndinin 11-ci yarımbəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. - 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 10 may 2012-ci il tarixi 37 nömrəli məlumat vərəqəsinə uyğun olaraq iddiaçıya Mərkəzi Filial tərəfindən 9 yanvar 2012-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarinda əmək pensiyası təyin edilmişdir. Əlilliyin etibarlılıq müddətinin 3 avqust 2021-ci il tarixindən bitməsi ilə əlaqədar iddiaçıya əlilliyə görə pensiya ödənişi 1 sentyabr 2021-ci il tarixindən dayandırılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Həmçinin cavabdeh inzibati orqan etirazının və apellyasiya şikayətinin əsası kimi göstərmişdir ki, iddiaçının 19 il 03 gün təqvim ili üzrə stajı var, qanunvericiliyə görə imtiyazlı dövr təqvim müddəti kimi nəzərə alına bilməz. İşdə olan ИТ-İ ******* nömrəli, xx.xx.1990-cı il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2011-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının şəxsi işinə əsasən xidmət illəri hesablanarkən 29 oktyabr 2011-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə - 19 il, 00 ay, 03 gün, imtiyazlı hesablama ilə - 21 il, 01 ay, 23 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 2-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: b) bəndinin 11-ci yarımbəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Qeyd olunmalıdır ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. İş materiallarına əlavə edilmiş Əmək pensiyası üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsindən də müəyyən edilir ki, İddiaçı imtiyazlı hesablama ilə xidməti illəri 21 il, 01 ay, 23 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edir. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunur. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir. Kollegiya qeyd edir ki, cavabdeh qurumun iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsi hüququnun təmin edilməməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçının ümumilikdə 21 il, 01 ay, 23 gün stajı mövcuddur, belə olan halda onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Yuxarıda qeyd olunan normaların məzmunundan da aydın olur ki, dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxlərə də şamil olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-799/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar