Məhkəmə qərarları › İş №2-1(104)-600/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-600/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-600/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 2673/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir rayon Şəmkir şəhər şöbəsinə qarşı mülkiyyətində olan torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, təsviri hissəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin xx.xx.2017-ci il tarixli, 29593 nömrəli ekspertiza rəyinə əsasən və Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-2(102)- 1572/18 saylı qərarı ilə mülkiyyətində olan torpaq sahəsinin kanalizasiya və su xəttinin mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir və bu səbəbdən borclunun iddianı qəbul edilən, qanunamüvafiq sayması baxımına gəlinirsə iddia təmin olunmalıdır. Su idarəsinin ona qarşı əsassız sübutları 10 ildən artıq istifadəsində olmasını sübuta yetirən № AA 007867 torpaq sahəsinin plan və ölçüsü CPS-lə ölçülərək qeydiyyata alınmışdır. Tərəfindən oğluna bağışlama zamanı AA № 527527 saylı torpaq sahəsinin plan və ölçüsü CPS-lə yenidən, bağışlamadan sonra ölçülərək qeydiyyata alınmışdır və qabaqki məhkəmə çəkişmələri zamanı məntiqi nəticəsini tapmış, Ali Məhkəmənin qərarında göstərilmiş və məhkəmə tərəfindən nəzərə alınmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2673/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsindəki tələbinə ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz. İddiaçının nümayəndəsi qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, işin Gəncə İnzibati Məhkəməsinə qaytarılması və yenidən baxılması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Tərəf məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İPM-in 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin Azərbaycan Respublikası İPM-in 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə İddiaçı atası X2 tərəfindən birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilsə də nümayəndənin apellyasiya şikayəti vermək və həmin şikayəti imzalamaqla bağlı səlahiyətini təsdiq edən sənədetibarnamə işə (şikayətə) əlavə edilməmişdir. Belə ki, iş materiallarında olan AR-İ 952227 seriya və nömrəli, 19 sentyabr 2020-ci il tarixli etibarnamənin surətindən məlum olur ki, həmin etibarnamədə bir sıra hüquqların etibar edilməsi öz əksini tapsa da, X1 iddiaçnın nümayəndəsi kimi məhkəməyə müraciət etmək hüququ (iddia ərizəsini imzalamaq, iddia tələbindən imtina etmək, apellyasiya şikayəti vermək və imzalamaq və s. hüquqları) öz əksini tapmamışdır. Azərbaycan Respublikası İPM-in 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Lakin hazırki iş üzrə verilmiş apellyasiya şikayəti səlahiyyəti prosessual qanunvericilikdə müəyyən edilmiş etibarnamə ilə təsdiq olunmamış şəxs tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması şikayətin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinin tələbinə görə apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Məhkəmə tərkibi onu da qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 13-cü və 86.2-ci maddələrinə əsasən şikayətlə bağlı xətanın aradan qaldırılmasına dair apellyasiya şikayəti verən şəxsə hüquqi yardım olunsa da hazırki məhkəmə iclasınadək qeyd olunmuş nöqsanlar aradan qaldırılmamışdır. Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2673/2023 saylı qərardadından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apelyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar