Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-600/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X9 və X10) inzibati iş üzrə QƏRARİ Açar sözlər: qeydiyyatdan çıxarılma Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X9 və X10) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2920/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN-902A KOD-50901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.
2. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104.70 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi ilə birgə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
3. xx.xx.2022-ci il tarixli, 23573 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 1 ünvanında 2 yaşayış sahəsi mövcuddur.
4. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, X9 və X2 şəhəri, İ.Qayıbov küçəsi, ev 27 ünvanında qeydiyyatdadır.
5. Goranboy RİHB-nin Goranboy şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-45-1/2-H-14/25 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında yaşayır və ailə tərkibi aşağıdakılardan ibarətdir. 1. X18- (arvadı) - xx.xx.1963
2. X28 – (qızı) - xx.xx.1996 3. X29 – (qızı) - xx.xx.1996 4. X24 – (oğlu) - xx.xx.1988.
6. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-13-75/2-H-411/25 nömrəli məktubundan görünür ki, İddiaçı qeydiyyatdan çıxarılma ilə bağlı ərizəsinin icrasından imtina edilmiş və aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
7. Məhkəmə sorğusuna Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13- 75/2-3596/25 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, X9 və X10 xx.xx.2003-cü il tarixdən, X34 isə xx.xx.2020-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
8. Goranboy RİHB-nin Goranboy şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-45-1/2-530/25 nömrəli arayışından görünür ki, X9 həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır.
9. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-15-RA/2-45/2023 nömrəli arxiv arayışından görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Goranboy rayon Dövlət Arxivində mühafizə olunan Təsərrüfatbaşına kitabın (1980-1982-ci illər) 249 №-li şəxsi hesabında ailə başçısı X25 olmaqla təsərrüfatın üzvlərinin siyahısı və təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi aşağıdakı kimi qeyd olunub: 1.1. Təsərrüfat üzvlərinin siyahısı: 1. X25 -ailə başçısı -1924-cü il 2. X35 -arvadı -1928-ci il 3. İddiaçı -oğlu -1955-ci il
4. X19 -qızı - 1957-ci il 5. X18 -gəlini -xx.xx.1963-cü il 6. X26 -qadın -xx.xx.1995-ci il 7. X27 -qadın -xx.xx.1996-ci il 1.7.Təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi-0,08 ha Qeyd: X11, X20 vəfat etdiyi qeyd olunur.
10. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-15-RA/2-A-200/2023 nömrəli arxiv arayışından görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Goranboy rayon Dövlət Arxivində mühafizə olunan Təsərrüfatbaşına kitabın (1977-1979, 1980-1982-ci illər) 61-ci şəxsi hesabında ailə başçısı X21 tək təsərrüfat sahibi olmaqla şəhərin 36-cı kvartalından 0,06 ha torpaq sahəsi verildiyi qeyd olunmuşdur.
11. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 199 nömrəli arxiv arayışından görünür ki, Goranboy rayon (keçmiş Qasım İsmayılov şəhəri) XDS İcraiyyə Komitəsinin Goranboy rayon Dövlət Arxivində mühafizə olunan (1983-1985-ci illər) Təsərrüfatbaşına kitabın 250 №li şəxsi hesabında ailə başçısı X21 olmaqla ailə üzvlərinin siyahısı aşağıdakı kimi qeyd olunur: 1. X21 - ailə başçısı - 1952-ci il 2. X16 - həyat yoldaşı - 1950-ci il 3. X9 – qızı - xx.xx.1982-ci il 4. X10 – qızı - xx.xx.1983-cü il 5. X12 – qızı xx.xx.1987-ci il.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1079/2025 nömrəli qərarından görünür ki, İddiaçı cavabdehlər X7 və X13 qarşı “evdən çıxarılma” tələbinə dair iddia Goranboy Rayon Məhkəməsinin 2(045)- 1596/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 2089/2024 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1079/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
13. “AZEMİS” Elektron Məhkəmə İnformasiya X1 əmək müqaviləsi məlumatlarından görünür ki, sonuncu “X23 Agentliyi” PHŞ-nin nəzdində “Peşə Təhsil Mərkəzi” PHŞ-də İnsan resurslarında asistent işləyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X9 və X10) «qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus olan ünvan 6 ünvanından üçüncü şəxslərin azyaşlı X34 ilə birlikdə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər həmin fərdi yaşayış evi üzrə qeydiyyata alınmışlar. Həmin şəxslərin formal qeydiyyatı əmlak üzrə onun sərəncam vermək hüququnu məhdudlaşdırır. Hansı ki, qeydiyyatda olduqları ünvanda onlar yaşamırlar. Belə ki, Səadət Hüseynova 2005-ci ildə X14 ərə getmiş və onunla birlikdə Goranboy rayonu, Abbasqulular kəndində yaşayır. X10 isə xx.xx.2007-ci ildə X38 ilə nikaha daxil olmuş və hazırda ünvan 7 ünvanda yaşayır. Onların qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, fərdi yaşayış evinin mülkiyyətçisi odur. Üçüncü şəxslərin yaşadığı ev özbaşına tikilidir. Hansı ki, həmin ev belə onun tərəfindən inşa edilmişdir. Həmçinin onlar ailə quraraq daimi yaşamaq üçün ər evinə getmişlər. Bununla belə ona məxsus evdən qeydiyyatdan çıxmaq istəmirlər. Odur ki, iddianın təmin edilməsini xahiş etdi.
17. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X9 iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evləri bir-birindən ayrıdır. Hətta evlərin girişçıxışları, habelə, kommunal xidmət üzrə qoyulmuş sayğacları belə ayrıdır. Hazırda onun ailəsi ilə birgə yaşadığı fərdi yaşayış evi mərhum atası tərəfindən inşa edilmişdir. Mülki qaydada olan məhkəmə mübahisələri üzrə qəbul edilmiş qərarlarda bu fakt təsdiqin tapmış və onların evdən çıxarılması üzrə tələb rədd edilmişdir. Bacısı Bakıda yaşamasına baxmayaraq mərhum atalarına məxsus evə gəlib gedir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi.
18. Cavabdeh inzibati orqanın nümayəndəsi və üçüncü şəxs Yeganə Hüseynova məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
19. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Əliyev) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2920/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməklə, üçüncü şəxslərin sözügedən əmlaka dair hüquqlarını mübahisələndirməli, daha sonra inzibati orqana, zərurət olarsa isə inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də cavabdehin imtinası əsaslı olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2920/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maraqlı şəxslər ünvan 8 ünvanda yerləşən və iddiaçıya mülkiyyət hüququnda məxsus olan 0,8 ha torpaq sahəsi və onun üzərində yerləşən sənədsiz tikilini özbaşına zəbt etmişlər, onların başqa yaşayış yerləri var və başqa ünvanlarda yaşayırlar və sözügedən ünvanda qeydiyyatları formal xarakter daşıyır. Qeyd olnunan ünvandakı 104,7 m2 sahəli yaşayış evi və 0,8 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********55-10301) saylı çıxarışa, **********55-10301 nömrəli texniki pasporta və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-902A kod 50901004 saylı şəhadətnaməyə əsasən mülkiyyət hüququnda iddiaçıya məxsusdur. Maraqlı şəxslərin mərhum atası X21 hazırda iddiaçının mülkü olan təsərrufatdan 1980-ci ildə rəsmən ayırılmışdır və ona Goranboy şəhərinin 36-cı kvartalı ərazisində 0,6 ha torpaq sahəsi verilmişdir. Bu fakt Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda əksini tapmışdır (iş materiallarına əlavə olunub). Goranboy ş. İ.Ə.D. üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1709 nömrəli arayışından görünür ki, iddiaçının xx.xx.1989-cu il tarixdə vəfat etmiş atası X25 və xx.xx.1996-cı il tarixdə vəfat etmiş anası X35 vəfat edənədək ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşamışlar və onların yeganə vərəsəsi iddiaçıdır. Yuxarıda qeyd olunduğu kimi, ünvan 9 ünvanında yerləşən yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir və bu fakt iş materiallarına əlavə olunmuş rəsmi sənədlərlə təsdiqlənir. Maraqlı şəxslərin iddiaçının mülkiyyəti olan həmin fərdi yaşayış evi üzrə formal qeydiyyatı iddiaçının mülkiyyət hüququnu ciddi pozur və onun öz əmlakı üzrə sərəncam vermək hüququnu əsassız olaraq məhdudlaşdırır. Maraqlı şəxslər qeydiyyatda olduqları bu ünvanda yaşamırlar. Belə ki, maraqlı şəxs X9 2005-ci ildə X14 ərə getmiş və Goranboy rayonunun Abbasqulular kəndində sonuncuya məxsus fərdi yaşayış evində yaşayır. Onun bacısı maraqlı şəxs X10 isə xx.xx.2007-ci ildə X38 ilə nikaha daxil olmuşdur və ərinin evinə köçərək hazırda ünvan 7 ünvanda yaşayır. Dolayısı ilə, maraqlı şəxslərin yaşayış yerləri var, yuxarıda qeyd olunan ünvanlarda müvafiq olaraq yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Dolayısı ilə maraqlı şəxslərin yaşayış hüquqları pozulmur və onlar tərəfindən İddiaçının daşınmaz əmlakı üzrəində mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı əsas yoxdur. Gəncə İnzibati Məhkəməsinin öz qərarında işdə olan sənədlərə istinadən qeyd edir ki, guya ünvan 8 ünvan üzrə təsərrüfatbaşına kitabda iki ailə təsərrüfatı, yəni birinci təsərrüfat başçısı X25, 6 nəfər (o cümlədən iddiaçı) ailə üzvü ilə, 2-ci təsərrüfat başçısı X21 4 nəfər ailə üzvü ilə qeyd edilmişdir. Lakin, iş materiallarında olan Goranboy r-n Dövlət Arxivininin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, maraqlı şəxslərin mərhum atası X21 hazırda iddiaçının mülkiyyəti olan təsərrufatdan 1980-ci ildə rəsmən ayırılmışdır və ona Goranboy şəhərinin 36-cı kvartal ərazisindən 0,6 ha torpaq sahəsi verilmişdir. Bu sənəd mərhum X8 ailə üzvləri ilə birlikdə sözügedən təsərrufadan ayırıldığını birmənalı olaraq sübut edir. ünvan 8 ünvandakı təsərrufatın şəxsi istifadəsində olan torpaq sahəsi üzrə 1999-cu ilə kimi ailə başçısı olmuş iddiaçının mərhum atası X11 və onunla birlikdə 7 (yeddi) nəfər ailə üzvlərinin adları Goranboy dövlət arxivində mühafizə olunan "təsərrüfatbaşına kitabın” şəxsi hesabında qeyd olunmuşdur. Təsərrüfat üzvlərinin siyahısında 1980-ci ildə təsərrüfatdan çıxarıldığına görə, nə cavabdehlərin atası X8, nə də ki onun ailə üzvlərinin adları yoxdur. Eyni zamanda qeyd edilir ki, hazırki inzibati iş üzrə iddiaçı tərəfindən Hüseynova Səadətə və X14 qarşı evdən çıxarılma tələbinə dair iddia verilməsi və onun məhkəmə tərəfindən təmin olunmaması maraqlı şəxslərin ünvan 10 ünvanında olan daşınmaz əmlak kompleksinə dair hər hansı hüquqlarının olduğunu müəyyən etmir. Əgər qərarda istinad olunan məhkəmə aktı ilə maraqlı şəxslərə hər hansı hüquq tanınmış olsaydı, onda həmin şəxslər müvafiq quruma müraciət edib hüququnu təsdiq edən rəsmi sənədi asanlıqla ala bilərdi. Lakin, nə cavabdeh, nə də maraqlı şəxslər tərəfindən ünvan 10 ünvanında olan daşınmaz əmlaka (fərdi yaşayış evi və torpaq sahəsi) dair hər hansı hüquqlarının olduğunu təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Bunun tam əksinə, məhkəmə qərarında haqlı olaraq göstərilir ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evləri və torpaq sahəsi vahid əmlak kimi xx.xx.2022-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Göründüyü kimi, Gəncə İnzibati Məhkəməsi ünvan 10 ünvanında olan daşınmaz əmlakın (fərdi yaşayış evi və torpaq sahəsi) iddiaçının mülkiyyəti olduğunu qəbul edir. Həmçinin, Gəncə İnzibati Məhkəməsi mübahisələndirilən qərarında özü göstərir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 13.7.ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Yəni, Gəncə İnzibati Məhkəməsi ünvan 10 ünvanında olan daşınmaz əmlakın (fərdi yaşayış evi və torpaq sahəsi) iddiaçının mülkiyyəti olduğunu bir daha vurğulayır. Digər tərəfdən, Gəncə İnzibati Məhkəməsi tərəfindən işin həlli zamanı “ailə təsərrüfatı” və “təsərrüfat başçısı” anlayışlarına istinadı əsassızdır. Bu anlayışlar sovet dövrü qanunvericiliyinə xas olmmuşdur və hazırda bunların qanuni tənzimi yoxdur. Maraqlı şəxslər iddiaçının ailə üzvləri deyildirlər, onların ünvan 10 ünvanda mülkiyyətində və/və ya icarələrində ev və/və ya torpaq sahəsi yoxdur, onlar İddiaçı ilə birgə fəaliyyət göstərmirlər və hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətini həyata keçirmirlər. Odur ki işin həlli zamanı Məhkəmə tərəfindən “ailə təsərrufatı” anlayışına istinad edilməsi və bunun işin həlli üçün tətbiqinin hüquqi əsası mövcud deyildir. Buna baxmayaraq Gəncə İnzibati Məhkəməsi müvafiq bələdiyyə orqanına sorğu verməmiş və ortada hər hansı ailə kəndli təsərrüfatının mövcud olub-olmadığını öyrənməmiş və mövcud vəziyyəti müəyyən etməmişdir. Maraqlı şəxslərin özləri iddiaçıya məxsus torpaq sahəsində olan qanunsuz tikilini zəbt etmişdirlər. Belə ki, iş materiallarında maraqlı şəxslərin iddia etdikləri qanunsuz tikiliyə, onun altında və ətrafındakı torpaq sahəsinə hüquqlarını təsdiq edən heç bir sənəd yoxdur. Qərarda isə iddiaçının mülkiyyət hüququ heç bir əsas olmadan şübhə altına alınır "fərdi yaşayış evləri və torpaq sahəsi vahid əmlak kimi xx.xx.2022-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmışdır." (bax: Qərarın 4-cü səhifəsi). Bununla da Məhkəmə mülkiyyət hüququnu təsdiq edən reyestr məlumatlarının mötəbərlik prezumpsiyasını pozmuş olur. Bunun əksinə, ünvan 10 ünvanında olan fərdi yaşayış sahəsi dövlət reyestrindən ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********55- 10301) saylı çıxarışa əsasən iddiaçıya məxsusdur. Dolayısı ilə, maraqlı şəxslər ünvan 10 ünvanda yaşamırlar və yaşayış yerini faktiki olaraq dəyişdirmişdirlər. Bu fakt maraqlı şəxslərin ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatlarının formal olduğunu bir daha təsdiq edir. Eyni zamanda qeyd olunmalıdır ki, maraqlı şəxslərin zəbt etdikləri və iddia etdikləri sənədsiz tikilinin hər hansı ünvanı yoxdur və bundan dolayı bu tikilidə yaşayış yeri üzrə qeydiyyat mükün deyil. Gəncə İnzibati Məhkəməsi öz qərarında iddia predmetindən və səlahiyyət həddindən kənara çıxaraq ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin guya maraqlı şəxslərin mərhum atalarına məxsus olduğunu və onların fərdi yaşayış evindən istifadə hüquqlarının olduğunu müəyən edir (bax: Qərarın 4-cü vərəqi, yuxarıdan 4-cü abzas; Qərarın 5-ci səhifəsi, yuxarıdan 5-ci abzas). Məhkəmənin bu qənaəti iş materialları və işin faktiki halları ilə təsdiqini tapmır və təsadüfi deyil ki, məhkəmə öz qərarıda belələrinə istinad etmir və bunu heç cür əsaslandırmır. Gəncə İnzibati Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan maraqlı şəxslərin digər yaşayış yerlərinin oluğu faktlarını aydınlaşdırmamış və nəzərə almamışdır. Maraqlı şəxs S.Hüseynova ərə getmiş və Goranboy rayonunun Abbasqulular kəndində əri X14 məxsus fərdi yaşayış evinə köçmüşdür və orada yaşayır. Digər maraqlı şəxs X10 və onun 5 yaşlı övladı X4 rayonu, Xırdalan şəhəri, Abşeron sity 240F, 206 ünvanda öz adına olan səxsi mənzildə yaşayırlar. Hüseynova Yeganə eyni zamanda Sumqayıt şəhərində məktəbdə işləyir. Bu faktlar maraqlı şəxslərin yaşayış yerləri ilə təmin olunduqlarını sübüt edir. Gəncə İnzibati Məhkəməsi maraqlı şəxslərin başqa yaşayış yerlərinin olmamasının sübut edilmədiyini və onların başqa başqa yaşayış yerlərinin möcudluğunu nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2920/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2920/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq məhkəmə kollegiyasının sualına cavabında bildirdi ki, bacısı X33 şəhərində ipoteka ilə aldığı özünə məxsus mənzildə yaşayır, lakin mənzilə dair çıxarış əldə etməmişdir və Sumqayıt şəhərində yerləşən peşə məktəbində kadrlar üzrə mütəxəssis (HR) vəzifəsində işləyir, həftə sonları və tətil günlərində isə sözügedən mübahisəli evə (ata evinə) gəlib-gedir.
26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
28. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
31. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
33. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
35. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
41. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmamışdır.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və ləğv edilən hissədə iddia təmin edilməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. İş materialları ilə müəyyən olunur ki, ünvan 13 ünvan üzrə təsərrüfatbaşına kitabda iki ailə təsərrüfatı, yəni birinci təsərrüfat başçısı X25, 6 nəfər (o cümlədən iddiaçı) ailə üzvü ilə, 2-ci təsərrüfat başçısı X21 4 nəfər ailə üzvü (o cümlədən üçüncü şəxslər) ilə qeyd edilmişdir. Həmin ünvanda Əhməd İsmayılov tərəfindən tikilmiş fərdi yaşayış evində iddiaçı yaşamış və hazırda da yaşamağa davam edir, həmin torpaq sahəsində 1980-ci ildə digərmübahisəli ev tikilmiş, üçüncü şəxslər öz valideynləri ilə birlikdə orada yaşamışdır. Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarı ilə mübahisəli evin yerləşdiyi 0,08 ha torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüququ əsasında şəhadətnamə verilmişdir. İddiaçının istifadəsində olan 104.70 kv.m olan yaşayış evi və hər iki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci ildə onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
46. Həmçinin, işin faktiki halları ilə müəyyən olunur ki, üçüncü şəxs Səadət Hüseynova 2005-ci ildə iddiaçı ailə həyatı quraraq başqa ünvana köçmüş, xx.xx.2021-ci ildə atasının vəfatı ilə əlaqədar anası ilə birlikdə yaşamaq üçün ailə üzvləri ilə birgə həmin ünvana köçmüş, anasının vəfatından sonra isə öz ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşamaqda davam edir. Üçüncü şəxs Yeganə Hüseynova isə 2007-ci il tarixdə ailə həyatı quraraq başqa ünvana köçmüşdür, hazırda ailəsi ilə birgə Xırdalan şəhərində özünə məxsus evdə daimi yaşayır və Sumqayıt şəhərində yerləşən peşə məktəbində işləyir.
47. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər X7 və X13 qarşı ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1596/2023 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə isə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır.
48. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, tikili 1980-ci illərdə tikilmiş, torpaq sahəsi isə 1999cu ildə iddiaçının mülkiyyətinə verilmişdir. Başqa sözlə, iddiaçının iddia etdiyi özbaşına tikiliyə hər hansı hüququ yoxdur. Belə olan halda iddiaçının həmin əmlaka dair subyektiv hüququndan söhbət gedə bilməz.
49. Bundan sonra iddiaçı Cavabdehnə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxslər X9 və X6 qeydiyyatdan çıxarılmasını xahiş etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir.
50. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, üçüncü şəxslərin qeyd olunan ünvandan qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin müvafiq bəndlərinə əsasən həyata keçirilə bilər, odur ki aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Həmin maddənin tələbinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
52. Göründüyü kimi, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün iki şərt məcmu halda ödənilməlidir: 1) şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; 2) şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
53. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslər onun qardaşı uşaqlarıdır. Hansı ki, torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Bunlardan biri iddiaçıya məxsus, biri isə üçüncü şəxslərin mərhum atasına məxsus olmuşdur və sonuncu evə dair iddiaçının hərhansı hüquqları müəyyən edilməmişdir. Üçüncü şəxslər həmin evdə doğulub böyümüş və orada yaşamışlar. Sadəcə olaraq həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının yaşadığı evlə birlikdə vahid əmlak kimi qeydə alınmışdır.
54. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxslərin mərhum atalarına məxsus fərdi yaşayış evindən istifadə hüquqları olduğu üçün onların qeydiyyatdan çıxarılması qanunamüvafiq deyil.
55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə qismən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
56. Məhkəmə kollegiyası xüsusi vurğulayır ki, mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər.
57. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).
58. Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
59. Həmçinin, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
60. Beləliklə, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.
61. Lakin hazırki halda müəyyən edilir ki, üçüncü şəxslərdən Yeganə Hüseynova faktiki olaraq övladları ilə birgə Xırdalan şəhərində özünə məxsus mənzildə daimi yaşayır, mübahisəli mənzilə isə müəyyən vaxtlarda (həftə sonları, bayram günləri və.s) gəlib-gedir.
62. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan üçüncü şəxsin arasıra mübahisəli mənzilə gəlib-getməsi onun mübahisəli evdə faktiki yaşaması kimi qiymətləndirilə bilməz. Başqa sözlə, həmin üçüncü şəxs özünə yaşayış sahəsi əldə etməsi və ailəsi ilə orada daimi yaşaması mübahisəli mənzilə dair artıq istifadə hüquqlarının olmaması kimi nəzərdən keçirilməlidir. Çünki, hazırki üçüncü şəxs özünə məxsus daşınmaz əmlakda mülkiyyət hüquqlarını gerçəkləşdirir və hazırda mübahisəli daşınmaz əmlakla hüquqi bağlılığı yoxdur.
63. Digər tərəfdən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9cu maddəsinin 1-ci hissəsinə görə şəxsin yaşayış yerini dəyişməsi onun qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. Ona görə də hazırki halda iddia X6 və onun azyaşlı övladı- xx.xx.2020-ci il təvəllüdlü X3 ünvandan qeydiyyatdan çıxarılması hissəsində əsaslı hesab edilməlidir.
64. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.
65. Digər üçüncü şəxs Səadət Hüseynovaya münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur və qərar həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Belə ki, İddiaçı cavabdehlər X7 və X13 qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə baxılan zaman müvafiq məhkəmə qətnamələri ilə X5 mübahisəli evdə yaşaması və həmin ev üzərində atasının malik olduğu sahibliyin ona keçməsi işin təsdiq edilmiş halı olmuşdur.
67. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən mülki mübahisə üzrə qanuni qüvəsini almış məhkəmə qətnamlərində işin müəyyən edilmiş halları hazırki mübahisə üzrə preyudisial xarakter daşıyan hallar kimi qiymətləndirilməlidir.
68. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
70. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
71. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
72. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
73. Yuxarıda sadalanan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı qəbul edilmiş məhkəmə aktlarında müəyyən edilmiş hallar hazırkı mübahisə üzrə preyudisial xarakter daşıdığına görə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
74. Odur ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qismən əsaslıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia təmin edilməli, digər hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2920/2025 nömrəli qərarı qismən ləğv edilsin və həmin hissədə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Üçüncü şəxs X6 və onun azyaşlı övladı- xx.xx.2020-ci il təvəllüdlü X22 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2920/2025 nömrəli qərarı digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.