Məhkəmə qərarları › İş №2-1(104)-601/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-601/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-601/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2668/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X1 xx.xx.2024-cü il tarixli, M00197736HİB nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu. Yanaşı xəstəliklər – G40.3. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə).

2. X1 xx.xx.2024-cü il tarixli, M00197736HİB nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə diaqnozun əlillik əlaməti təyin etməməsi (Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

İşdə olan sənədlər:

3. İddiaçı pensiya işində olan məlumatlara əsasən ona xx.xx.2003-cü il tarixində ilkin ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir (Tibbi Sosial Ekspert Komissiyasının TSE-0 ser. №594429 müayinə aktı).

4. Goranboy rayon Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 N195147 arayışından görünür ki, İddiaçı xx.xx.2014-ci il tarixinədək ümumi xəstəlik ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.

5. Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən, İddiaçı diaqnozu “XBT-10 üzrə kod F 07.0 əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyən edilmişdir.

6. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 42 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən, İddiaçı diaqnozu “Odlu mərmi partlamasından sonrakı başın arxa ənsə nahiyyəsində bir ədəd, sol əlin 1 -ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

7. İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Kəllədaxili travma, Qapalı kəllə-beyintravmasının qalıq əlamətləri. Toksiki ensefalopatiya, Ensefalopatiya tez - tez baş verən qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllə-daxili hipertenziya, beyin qabığının vegeto-damar paroksizmal. Baş beynin silkələnməsi, Beyin silkələnməsi,orta ağır dərəcə. Kontuziya. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və Diaqnozun digər adi silah növləri ilə törədilmiş zədələnmələr, "Odlu silah mina mətni: partlamasından sonrakı başın arxa təpə nahiyyəsində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd köhnə, sol sağ diz oynağının bayır səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ, kəllədaxili hipertenziya” diaqnozu ilə təkrar olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

8. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 1784 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı “Üzvi emosional-labil (astenik) pozuntu” aşkar olunur.

9. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-28796/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildiririk ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 5 il müddətinə (xx.xx.2023-cü il tarixinədək) təkrar əlillik təyinatı aparılmışdır. Dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vətəndaşın əlillik vəziyyəti X1 X00163144FYT nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Müəyyən olunmuşdur ki, sonuncu dəfə dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Laçın və Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək Qarabağ müharibəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində müddətdən artıq çavuş rütbəsində iştirak etməklə Azərbaycan Respublikasının müdafiəsi zamanı mərmi partlamasından sonra qapalı kəllə beyin travması almış və bədəninin müxtəlif nahiyələrindən yaralanaraq tərxis olunmuşdur. Azərbaycan Respublikasının MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il qərarı və müharibədə iştirak etməsi faktını Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-3399/2017 saylı qətnaməsi bir daha təsdiq edir. l Qarabağ müharibəsi əlilidir. Cavabdehin xx.xx.2018-ci il tarixli əlillik vəziyyətinin qiymətləndirilməsi sənədi ilə təsdiq olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda əlil olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Komissiyası ona 10 iyun 2019-cu ildən müddətsiz ikinci qrup əlillik təyin edilmiş, xx.xx.2023-cü tarixdən əlillik müddətinin bitməsi səbəb gətirilərək dayandırılmış, dəfələrlə müraciət etsə də, onunla əlaqə saxlayacaqlarını bildirmişlər.

12. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin M00083952İGL nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1- 14233/2023). Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin X00163144FYT nömrəli xx.xx.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3- 17-4/3-1-11688/2024). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 42 nömrəli qərar verilmişdir. Həmin qərarda “Odlu mərmi partlamasından sonrakı başın arxa ənsə nahiyəsində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, əsəbilikdən, ətrafdakılarla yola getməməkdən şikayətlənmiş, “64 yaşım var, bu yaşımda məni kim işə götürəcək?” deyərək kövrəlmişdir. Qəbul etdiyi medikamentoz preparatlar haqqında məlumat verə bilməmişdir. Təqdim edilmiş epikrizlərdə qıcolma tutmaları qeyd edilsə də, tutmalardan şikayətlənməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, qulağında cingilti səsi, yuxusuzluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında ~10 ildir ki, özünü xəstə hesab etdiyini bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamamışdır. Müayinə zamanı ənsənin boyuna keçən hissəsində, sağ diz və burun nahiyələrində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başgicəllənmə, yuxusuzluq, kəskin hərəkət zamanı gözünün önündə sanki "şimşək çaxmasından", əsəbilikdən şikayətlənmişdir. Müayinə zamanı boyunun arxa səthində çapıq izlənilmiş, hər iki aşağı ətrafda ön və arxa qamış arteriyaları üzərində nəbz hiss edilmiş, ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və əzələ tonusu norma daxilində, vətər rerfleksləri orta canlı alınmış D=S, patoloji reflekslərdən “Marinesko-Radoviç”, “Hoffman” alınmamış, “Babinski” solda mülayim müsbət olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, Romberq vəziyyətində dayanıqlı, yerişi sərbəst olmuşdur. Vətəndaş qıcolma tutmalarını bədənində olan əsmə kimi təsvir etmiş, tutma zamanı huşunun itmədiyini, adətən əsəbləşdikdən sonra baş verdiyini və antikonvulsant (qıcolma əleyhinə) müalicə qəbul etmədiyini qeyd etmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həmən daxil olmuş, verilən suallara adekvat cavablar vermiş, baş beynin intrumental müayinə nəticələrini (kranial KT, MRT) təqdim etməmişdir. X4 xx.xx.2023xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Kəllə daxili travmaların nəticələri keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya İİİ mərhələ Kəllə daxili hipertenziya. Tez-tez təkrarlanan epileptik qıcolmalarla generalizə olunmuş forma (ayda 10-12 dəfə epileptik qıcolmalar) Baş beyin silkələnməsi, kontuziyadan sonrakı kəskin yaddaş pozulması. Vegetonevral krizlər və beyin krizləri. İfadəli asteno-nevrotik hal. Psixonevral sindrom. Hərbi əməliyyatlar nəticəsində odlu silah (mina partlaması) sonrakı arxa təpə nahiyyəsində bir ədəd, sol əlin birinci barmaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd köhnə, sol baldırın sol topuq oynağının bayır səthində bir ədəd, sol baldırın aşağı 1/3 nin bayır səthində 1 ədəd, sağ diz oynağının bayır tərəfində bir ədəd köhnə çapıq toxuması” kimi qeyd olunmuşdur. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11708499/21 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəli epizod” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmadan şikayətlənmiş, lakin heç bir xarakterik məlumat verə bilməmişdir. Dərmanlarının adlarını bilməmişdir. Zahirən geyimi köhnə və səliqəsiz, saçı dağınıq olmuşdur. Otağa nümayişkarcasına əsə-əsə, asta addımlarla daxil olmuş, simulyativ olaraq özünü əsdirmiş və başı silkələnirmiş kimi hərəkət etmiş, sanki eşitmirmiş kimi ətrafı izləmiş, kəkələmə və yeriş simulyasiyası etmişdir. İnstrumental müayinələrində (KT) patologiya qeyd edilməmişdir. Sol saiddə bir ədəd köhnə səthi kəsik izi olmuşdur. Müayinədə huşu aydın olmamış, hazırda 2022-ci il olduğunu söyləmiş, verilən suallara “sənədlərdə yazılmışdır” deyə cavablar vermişdir. Sudan qorxduğunu və bu səbəblə həyat yoldaşının ona qulluq etdiyini (hətta şəxsi gigiyenasına) söyləmişdir. Müayinə zamanı vətəndaşın boyu 180 sm, çəkisi isə 80 kq olmuşdur. Ailəli, 2 qız və 1 oğlan olmaqla üç övladı, övladlarından birinin 3 yaşında olduğunu, digərlərinin isə yaşını bilmədiyini söyləmişdir. 12 il Hərbi xidməti olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) yüngül ifadəli şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar. Simulyativ davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının forma-88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyin olub-olmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müainədə iştirak etməyi zəruridir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarın ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2668/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə iddiaçıda orqanizmin funksiyasının 65-80 faiz pozuntusunun mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2668/2025 nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Həmçinin, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. İddiaçıya məxsus Forma 88 göndərişdə heç bir ağırlaşma qeyd edilməmişdir. O cümlədən, işin hallarının ətraflı araşdırılmasının zəruri olmasına baxmayaraq məhkəmə tərəfindən heç bir ekspertiza keçirilməmişdir. Bundan başqa, əlillik təyinatı üçün bələdliliyin pozulması halı baş verməlidir. Lakin iddiaçıya məxsus Forma 88 göndərişində status localis hissəsindən də aydın olur ki, iddiaçının bələdliliyi saxlanılmışdır. O cümlədən bu növdən olan diaqnozlarda əsas dəyərləndirmə meyarı kimi İntellektual-amnestik pozuntuların təzahür dərəcəsi hesab edilir. İddiaçıya məxsus göndərişdə isə həmin dərəcə yüngül olaraq qiymətləndirilmişdir. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, travması səbəbindən əlləri əsir, başında daim ağrıları olur və gecələr normal yata bilmir. 2003-cü ildən ona əlillik təyin edilmiş, hazırda heç bir səbəb olmadan əlilliyin müəyyən olunmasından imtina etmişdir.

21. İş üzrə tərəflər hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. - baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 - üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il; 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

26. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2024-cü il tarixli, M00197736HİB nömrəli göndərişi ilə (forma 88) müəyyən olunur ki, iddiaçı “XBT 10 kodu F 07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə xx.xx.2018-xx.xx.2018, xx.xx.2019xx.xx.2019, xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023 və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində X2 stasionar müalicələr almış, buna baxmayaraq, əlillik vəziyyəti həmin göndərişə əsasən “F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu əsasında cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

29. Bundan başqa, SER TSE-01 N195147 arayışına əsasən iddiaçıya xx.xx.2014-ci il tarixinədək ümumi xəstəlik ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra xx.xx.2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Kəllədaxili travma, Qapalı kəllə-beyintravmasının qalıq əlamətləri. Toksiki ensefalopatiya, Ensefalopatiya tez - tez baş verən qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllə-daxili hipertenziya, beyin qabığının vegeto-damar paroksizmal. Baş beynin silkələnməsi, Beyin silkələnməsi,orta ağır dərəcə. Kontuziya. Nevrasteniya, Kəskin astenonevrotik sindrom. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və Diaqnozun digər adi silah növləri ilə törədilmiş zədələnmələr, "Odlu silah mina mətni: partlamasından sonrakı başın arxa təpə nahiyyəsində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd köhnə, sol sağ diz oynağının bayır səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ, kəllədaxili hipertenziya” diaqnozu ilə təkrarən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

30. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış ilə müəyyən olunur ki, İddiaçı diaqnozu “XBT-10 üzrə kod F 07.0 əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyən edilmişdir.

31. Beləliklə hazırki qərarın 24-cü bəndində qeyd olunan normalara əsasən X1 xx.xx.2024-cü il tarixli, M00197736HİB nömrəli göndərişində qeyd olunan “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu iddiaçının qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar müəyyən edilməsinə əsas verir.

32. İddiaçıda mövcud olan “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu XBT-10 kodu F07.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndində öz əksini tapmışdır. F07 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.

33. X1 xx.xx.2024-cü il tarixli, M00197736HİB nömrəli göndərişinin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasının “Status localis” hissəsində (səh. 60) qeyd edilmişdir ki, anadan vaxtında sağlam doğulub. İlkin psixo fiziki inkişafı adi olub. RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmışdır, Hərbi prokurorluğunun məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş, döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin fevral ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu mərmi partlamasından sonrakı başın arxa ənsə nahiyəsində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd sağ, baldırırın orta 1/3-nin içəri səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nın rayon bölməsinin xx.xx.20017-ci il tarixli 1092 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 578 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli k/530 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHk-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir.), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2 bəndində a)yarımbəndi MN MHHK-nın 40 nömrəli xx.xx.2017-ci il tarixli protokolu. Xəstənin psixi vəziyyəti kəskinləşdiyi üçün, ətrafdakılar və özü üçün təhlükəli olduğuna görə uzun müddət stasionarda müalicədə olmuşdur, lakin nəzərə çarpan yaxşılaşma qeyd edilmir. Bələdliyi saxlanılıb. Danışıq əlaqəsinə istəksiz qoşulur. Verilən suallara kəskin, aqressiv tonla cavab verir. Danışdıqca əsəbləşir, qızarır, fikirlərini çatdırmaqda çətinlik çəkir. Diqqəti dağınıqdır. Darıxır, narahatçılıq keçirir. Özünü ifadə etməyi bacarmır. Təfəkkürü tormozlaşmışdır. Başına gələnlərə görə hamını günahkar sayır. Yaxınlarına və övladlarına hər gün sayıqlama tipli vəsiyyətlər edir (olmayan mülkləri, sahib olmadığı avtomobilləri, qızılları vəsiyyət edir). Qəflətən özündən çıxır, ətrafına və özünə ziyan zərər verir. Sakitləşəndə etdiklərini gördükdə inanmır "Mənə şər atırsınız" deyərək təkrar dalaşır, konfliktlər yaradır. Emosional reaksiyaları dayanıqsızdır. Meyl və maraq dairəsi daralıb. Öz vəziyyətinə qarşı tənqidi münasibəti yoxdur. Həmçinin xəstə də ayda 8-10 dəfə qıcolma tutmaları baş verir. Tutma aura ilə başlayır, gözlərinin işığa qarşı reaksiyası ölür, dişləri kilidləşir, aşağı ətraflarda tonik-klonik tutmalar baş verir. Tutmaların gedişi təxminən 3-4 dəqiqə çəkir. Ayıldıqdan sonra xəstə aqressiv və daha əsəbi olur, şiddətli baş ağrıları qeyd edilir, tutmanın baş verdiyini unudur.

34. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 1784 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı Üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Bunu anamnestik məlumatlar -tibbi sənədlərə əsasən İ Qarabağ müharibəsi zamanı döyüş bölgəsində travma alması, Gəncə Şəhər A.Səhhət adına Xəstəxanada, X2 stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. İddiaçı Üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur.

35. Həmçinin müayinə nəticələrində iddiaçı barəsində təyin edilmiş diaqnozun mətni “Kəllədaxili travma, Qapalı kəllə-beyintravmasının qalıq əlamətləri. Toksiki ensefalopatiya, Ensefalopatiya tez - tez baş verən qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllə-daxili hipertenziya, beyin qabığının vegeto-damar paroksizmal. Baş beynin silkələnməsi, Beyin silkələnməsi,orta ağır dərəcə. Kontuziya. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və Diaqnozun digər adi silah növləri ilə törədilmiş zədələnmələr, "Odlu silah mina mətni: partlamasından sonrakı başın arxa təpə nahiyyəsində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd köhnə, sol sağ diz oynağının bayır səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ, kəllədaxili hipertenziya” kimi olmuşdur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus tibbi sənədlərdə qeyd olunan “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu və ekspert rəyində qeyd olunan “F06.6 Üzvi emosional-labil (astenik) pozuntu (F06 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular)” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”nın eyni (7.6.2-ci) bəndində qeyd olunmaqla, eyni qiymətləndirmə meyarlarına (7.6.2.1 və 7.6.2.2) malikdir. Hazırki halda isə hər iki kodlu xəstəlik Meyarların 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə olunur.

37. İddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgündür. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 42 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən, İddiaçı diaqnozu “Odlu mərmi partlamasından sonrakı başın arxa ənsə nahiyyəsində bir ədəd, sol əlin 1 -ci barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd, sol baldırın aşağı 1/3nin bayır səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumaları” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.

39. Apellyasiya şikayətinin dəlillərində həmçinin məhkəmə tərəfindən ekspertiza keçirilməməsi qeyd edilsə da, bu dəlil iş materialları ilə təkzib olunur. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nə həvalə edilmiş, sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli, 1784 nömrəli rəy tərtib olunaraq məhkəməyə təqdim edilmişdir (səh. 70-72).

40. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

41. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

42. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

43. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

44. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2668/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar