Məhkəmə qərarları › İş №2-1(104)-602/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-602/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-602/2025 05.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinə qarşı (üçüncü şəxs X8) iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X15 və üçüncü şəxs X4 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1421/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsində olan 0.04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-M-0198/3-08/2024 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən 0.0229 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi xx.xx.2024-cü il tarixli **********02-10301 reyestr nömrəli çıxarışla onun adına rəsmiləşdirilmiş, lakin ərizədə iddia olunan 0.04 ha torpaq sahəsinə dair qanunvericiliklə nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir.

2. İddiaçı V.Xuluflu küçəsi, 139 ünvanda mülkiyyətində olan 229 kv.metr torpaq sahəsinə bitişik hissənin bələdiyyə tərəfindən mülkiyyətinə verilməsi barədə Gəncə şəhər Kəpəz bələdiyyəsinə etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, M-594 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, 3 saylı Gəncə Ərazi İdarəsinin tərtib etdiyi torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli məlumatlarına əsasən ona ayrılması nəzərdə tutulan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və ölçüsü 120 kv.metr təşkil edir. V.Xuluflu küçəsi 139 ünvanda ona 400 kv.metr həyətyanı torpaq sahəsinin ayrılmasını Kəpəz bələdiyyəsi qeyri-mümkün hesab edir.

İşdə olan sənədlər:

3. xx.xx.2021-ci il tarixli, A№660802 torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, ünvan 3 ünvanında yerləşən 0.0195 ha torpaq sahəsi (reyestr nömrəsi – **********19) Gəncə şəhər Kəpəz Bələdiyyəsinin mülkiyyətindədir.

4. Gəncə şəhər Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 686 nömrəli qərarına əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Kəpəz bələdiyyəsinin mülkiyyətində olan 195 kv.m və ya 0,0195 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqə yolu ilə satılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X16 Torpaq müsabiqə və hərrac Komissiyası ilə müqavilə bağlanması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021 -ci il tarixli çıxarışına əsasən müsabiqə yolu ilə satışa çıxarılan torpaq sahəsinin qiyməti hər 0,01 ha 1205 (bir min iki yüz beş) manat olmaqla müəyyən edilməsi, müqaviləyə əsasən müsabiqə yolu ilə torpaq sahəsinin satışından əldə olunan vəsaitin 4 faizi Hərracların Təşkili üzrə X16 Torpaq müsabiqə və hərrac Komissiyasının müvafıq bank hesabına ödənilməsi, Kəpəz Bələdiyyəsi ilə Hərracların Təşkili üzrə X16 Torpaq müsabiqə və hərrac Komissiyası arasında torpağın müsabiqə yolu ilə satılmasına dair müqavilə bağlanmasının bələdiyyənin sədri Y.A.Abdullayevə həvalə edilməsi qərara alınmışdır.

5. “X9” publik hüquqi şəxsinin 000345 nömrəli şəhadətnaməsinə əsasən, X3 rayonu ərazisində yerləşən Kəpəz bələdiyyəsinin mülkiyyətində olan 195 kv.m və ya 0,0195 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı “X9” publik hüquqi şəxsinin Gəncə ərazi torpaq müsabiqə və komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş müsabiqənin qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində 2360 manata satılmışdır.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X5 məxsus ünvan 4 ünvanında yerləşən yaşayış obyektinə (reyestr nömrəsi – **********60-10301) dair xx.xx.2024-cü il tarixli texniki paport tərtib edilmişdir. Belə ki: sənəd üzrə torpaq sahəsi – 0.0195 ha; faktiki sahə - 0.0195 ha; tikintialtı sahə - 0.0106 ha; digər sahə - 0.008906 ha.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışa əsasən ünvan 1 ünvanında 0,0229 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X10 adına qeydə alınmışdır.

8. Hüquqların X11 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0,0229 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı oğlu cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin 29 oktyabr 2021-ci il tarixli 686 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur, həmin ev vərəsəlik hüququ əsasında adına rəsmiləşdirmiş, mərhum atası X7 miras qalmışdır. Həmin ev 1990-cı ildən də əvvəl mərhum atasının olmuş və evin yerləşdiyi torpaq sahəsi 0.06 ha təşkil etmişdir. Qeyd olunan torpaq sahəsi evin bir hasarının içərisində yerləşir. Ev Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən dağıdıldıqdan sonra cavabdeh tərəfindən qanunsuz olaraq hərraca çıxarılaraq satılmışdır. O, 0.04 ha torpaq sahəsinin ona satılması barədə cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh həmin torpaq sahəsinin ona satılmasını təmin etməyərək torpaq sahəsinin 0.02 ha hissəsinin bələdiyyənin 29 oktyabr 2021-ci il tarixli, 686 nömrəli qərarı ilə auksiona çıxarılaraq başqa şəxsə satıldığı bildirilmişdir. Cavabdehin hərəkətləri qanunsuz olmaqla həmin torpaq sahəsi qanuni olaraq mərhum atasına, sonra isə onun evinin olduğu halda ilkin olaraq ona təklif edilməli olduğu halda üstünlük hüququ pozularaq cavabdeh tərəfindən qanunsuz olaraq auksiona çıxarılmışdır. Bu baxımdan hazırki, iddia tələbi üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, bələdiyyə torpaqlarının ayrılması haqqında qanunun tələblərinə əsasən həmin torpaq sahəsinin auksiona çıxarılaraq satılması bu qanunun tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Onun torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və torpaq inşa etdiyi evinin başqa şəxsə məxsus olması absurddur.

11. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək onunla əsaslandırmışdır ki, ailə problemi və işləmədiyi üçün maddi vəziyyəti ağır olduğundan vərəsəlik hüququna dair şəhadətnaməni 15 dekabr 2023-cü ildə almışdır. Kəpəz bələdiyyəsi tərəfindən arxivdə ona məxsus olan 3 sot 97 kv torpaq sahəsinin 1 sot 95 kv hissəsi xəbəri olmadan hərrac yolu ilə başqa vətəndaşa satılmışdır. Alan adam ev tikdirdiyi zaman torpağın satılması haqqında xəbəri olmuş, 2 sot torpaq sahəsi ilə bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etməsinə baxmayaraq, müsbət nəticə əldə edə bilməmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

13. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1421/2025 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.

15. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı tələbində torpaq sahəsinin ona aid olduğunu qeyd etsə də, sözügedən torpaq sahəsi ilə bağlı hər hansı hüquqi bağlılığının olduğuna dair, bu faktı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1421/2025 nömrəli qərardadının ləğv edilərək iddianın mümkün sayılması və inzibati işə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.0630 ha torpaq sahəsi mərhum atası X12 məxsus olmuş, 1964-cü ildə həmin torpaq sahəsini iki hissədən ibarət olmaqla satın almışdır. Belə ki, torpaq sahəsinin 0.0230 ha hissəsini ilkin olaraq almış, daha sonra ona bitişik 0.04 ha hissəni də satın almış və torpaq sahələrini birləşdirmişdir. Həmin torpaq sahəsində atası Abzər Məmmədov tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Valideynləri vəfat edən günə kimi orada yaşamışlar, valideynlərinin vəfatından sonra isə torpaq sahsəsini və fərdi yaşayış evini o idarə etmişdir. 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti ona məxsus Vəli Xuluflu küçəsində yerləşən 139 nömrəli fərdi yaşayış evini gecə ilə sökdürüb dağıtmış, həmin vaxt onun Bakı şəhərində olmağından istifadə edilərək, evi uçurulmuş, evin əşyaları belə küçədə qalmış, məhv olmuşdur. Bundan sonra torpaq sahəsində ancaq uçurulmuş hörgülər qalmışdır. O, həmin vaxtdan bəri uçurulmuş evinin dəyərinin ödənilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə və digər orqanlara müraciət etmiş, hazırda da mübahisə üzrə inzibati iş məhkəmənin icraatındadır. Torpaq sahəsinin bir hissəsində sonradan o, özünə fərdi yaşayış evi inşa etdirmişdir. X2 ona məxsus evə qanunsuz girərək, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin sədri tərəfindən torpaq sahəsinin ona satıldığını bildirir. Halbuki, Mirvari Məmmədovaya məxsus çıxarışda ona məxsus evin ünvanı ünvan 6diyyəsi mərhum atasına məxsus torpaq sahəsinin 0.04 ha hissəsini guya sahibsiz torpaq kimi xx.xx.2020-ci il tarixli, 401 nömrəli qərarla bələdiyyənin mülkiyyət hüququ kimi qeydə aldırdığını göstərmiş olsa da, həmin torpaq sahəsinə deyil, Gəncə şəhəri, Şəmsi Bədəlbəyli küçəsi, 148 ünvanına çıxarış vermişdir. Mərhum atasına məxsus torpaq sahəsinin 0.04 ha hissəsi Bələdiyyə balansına keçmişdir. Halubki, həmin torpaq sahəsi illərdir onun mərhum atasına məxsus olmuşdur. Bununla bağlı texniki pasport da vardır ki, həmin texniki pasportda atası Abzər Məmmədova məxsus fərdi yaşayış evi və 0.0630 ha torpaq sahəsi qeyd edilmişdir. Lakin, Gəncə şəhər Kəpəz Bələdiyyəsi atasına məxsus torpaq sahəsini mənimsəyərək, qanunsuz olaraq Bələdiyyənin balansına keçirmişdir. O, atasına məxsus yerdə qalan 0.0229 ha torpaq sahəsini vərəsəlik hüququ əsasında adına rəsmiləşdirmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəflərin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq:

20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin halları ilə müəyyən edilir ki, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 686 nömrəli qərarına əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Kəpəz bələdiyyəsinin mülkiyyətində olan 195 kv.m və ya 0,0195 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqə yolu ilə satılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X16 Torpaq müsabiqə və hərrac Komissiyası ilə müqavilə bağlanması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021 -ci il tarixli çıxarışına əsasən müsabiqə yolu ilə satışa çıxarılan torpaq sahəsinin qiyməti hər 0,01 ha 1205 (bir min iki yüz beş) manat olmaqla müəyyən edilməsi, müqaviləyə əsasən müsabiqə yolu ilə torpaq sahəsinin satışından əldə olunan vəsaitin 4 faizi Hərracların Təşkili üzrə X16 Torpaq müsabiqə və hərrac Komissiyasının müvafıq bank hesabına ödənilməsi, Kəpəz Bələdiyyəsi ilə Hərracların Təşkili üzrə X16 Torpaq müsabiqə və hərrac Komissiyası arasında torpağın müsabiqə yolu ilə satılmasına dair müqavilə bağlanmasının bələdiyyənin sədri Y.A.Abdullayevə həvalə edilməsi qərara alınmış, X3 rayonu ərazisində yerləşən Kəpəz bələdiyyəsinin mülkiyyətində olan 195 kv.m və ya 0,0195 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı “X9” publik hüquqi şəxsinin Gəncə ərazi torpaq müsabiqə və komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş müsabiqənin qalibi olmuş, torpaq sahəsi torpaq müsabiqəsində ona 2360 manata satılmışdır.

24. Bundan başqa müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 0,0229 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi hüquqların X11 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı adına rəsmiləşdirilmiş, sonuncu sözügedən torpaq sahəsinin sərhəddində olan torpaq sahəsinin də ona məxsus olmasını iddia edərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhər Kəpəz bələdiyyəsinə etdiyi müraciətin müsbət həllindən imtina edilmiş və müvafiq olaraq iddia olunan 0.04 ha torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədin təqdim edilməməsi və torpaq sahəsinin 120 kv.metr təşkil etməklə bələdiyyə mülkiyyətinə aid olması ilə əsaslandırılmışdır.

25. Hazırki tələbdə iddiaçı Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 686 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, tələbini mübahisəli torpaq sahəsinin ona mərhum atasından miras qalması ilə əsaslandırmışdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

28. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

29. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır

30. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

31. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtlərini yoxlamalıdır. Belə olan halda iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən üçüncü şəxsə satılması ilə bağlı müvafiq qərarı mübahisələndirmək üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

32. İşdə olan hüquqların X11 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında 0,0229 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Başqa sözlə iddiaçının özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin 0,0229 ha hissəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd mövcud olsa da mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir.

33. "Qanun üzrə vərəsəlik hüququ haqqında" xx.xx.2024-cü il tarixli şəhadətnamədən məlum olur ki, miras əmlak DƏDRX tərəfindən xx.xx.2024-cü il tarixdə X12 verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 97.7 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0229 ha torpaq sahəsindən ibarətdir.

34. Göründüyü kimi fərdi yaşayış və torpaq sahəsi iddiaçının mülkiyyətinə vərəsəlik qaydasında keçmiş və torpaq sahəsi 0,0229 ha ibarət olmuşdur.

35. Apellyasiya şikayətində qeyd edilmiş fərdi yaşayış evinə dair texniki pasportda torpaq sahəsinin faktiki ölçüsünün 669,0 kv.m olmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, texniki pasportda göstərilən torpaq sahəsinin yerləşmə yeri və koordinatlarına dair heç bir sənəd təqdim edilməmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən ərizədə iddia olunan 0.04 ha torpaq sahəsinə dair qanunvericiliklə nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd əlavə edilmədiyindən hüquqların qeydə alınmasından imtina olunmuşdur.

36. Hazırki qərarın 4-6-cı bəndlərində qeyd olunanlardan göründüyü kimi mübahisələndirilən torpaq sahəsi Gəncə şəhər Kəpəz bələdiyyəsinin mülkiyyətində olmuş, həmin torpaq sahəsi üçüncü şəxs X1, belə ki, o, Kəpəz rayonu ərazisində yerləşən Kəpəz bələdiyyəsinin mülkiyyətində olan 195 kv.m və ya 0,0195 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı “X9” publik hüquqi şəxsinin Gəncə ərazi torpaq müsabiqə və komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş müsabiqənin qalibi olmuş, adına xx.xx.2024-cü il tarixli texniki paport rəsmiləşdirilmişdir.

37. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının ləğv edilməsini tələb etdiyi qərarla üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

38. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1421/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar