Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-606/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2252/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 saylı sərəncamı ilə istifadəyə verilmiş Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 nömrəli yaşayış binasının şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsinə dair plan ölçü sənədi verilməklə üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhərində aparılan abadlıq işləri ilə əlaqədar onun istifadəsində olan qeyri-yaşayış obyekti sökülmüş və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2013-cü il tarixli, 1859 saylı sərəncamı ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 nömrəli yaşayış binasının şərəq tərəfində yerləşən 400,0 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyesterində qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh 3 saylı ünvan 1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda torpaq sahəsinin yerini və ölçüsünü göstərən texniki və hüquqmüəyyənədici sənədlərin ərizəyə əlavə edilməməsi əsası ilə imtina verilmişdir. O hesab edir ki, imtina əsassız olmaqla onun qanunla qorunan hüquq və mənafeyinə ziddir. Belə ki, torpaq sahəsinin texniki sənədlərinin tərtib edilməsi (X19 və Xəritəçəkmə Komitəsinin rayon şəhər şöbələr) hazırda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən icra olunur. İddiaçı qeyd edir ki, belə olan halda ondan texniki göstəricilərin tələb edilməsi məntiqsizdir və tərəfindən təqdim edilmiş sərəncamla ayrılmış 400,0 kv.m torpaq sahəsinin ölçüləri və koordinatları cavabdeh tərəfindən tərtib edilməli olan sənədlərdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2252/2025 nömrəli qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı məhkəməyə etiraz təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış, aparılan araşdırma zamanı müraciətə torpaq sahəsinin yerini və ölçüsünü göstərən texniki hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, müraciətə əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 1859 saylı sərəncamının torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ərizənin icrasının mümkün olmaması barədə vətəndaş X1 etibarnamə üzrə nümayəndəsi X9 xx.xx.2024-cü il tarixli, **********34 nömrəli bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair verilmiş etiraza dəqiqləşmə təqdim edilmiş və bildirilmişdir ki, iş üzrə aparılmış araşdırma zamanı torpaq sahəsinə müayinə baxışının keçirilmədiyi məlum olmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə baxış keçirilmiş və müayinə aktı tərtib edilmişdir. Müayinə aktına əsasən, AZCAD və TEKUİS məlumatlarına əsasən, faktiki torpaq sahəsi dövlət mülkiyyətində (məqsədli istifadə növü – yaşayış məntəqələri) olan torpaq sahəsidir. Həmçinin, aparılan araşdırma zamanı faktiki olaraq torpaq sahəsinin 1.2 metr məsafəsindən 6/10 kv-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi məlum olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, hüquqlarını müdafiə etdiyi iddiaçının tələbinin hüquqi cəhətdən tam əsaslı olduğunu, vəsatətləri əsasında əldə edilmiş müvafiq sənədlərdən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin iddiaçının istinad etdiyi eyni məzmunlu sərəncamları əsasında cavabdeh tərəfindən hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyata alındığını göstərmişdir. Qeyd edilən torpaq sahəsində heç bir tikilinin olmadığını, ərazidə tikinti aparılmasına icazə verilməsi ilə bağlı iddiaçı tərəfindən müvafiq müraciət ediyini, lakin icazə verilmədiyi bildirmişdir. Bütün bunların nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqanının imtinasının hüquqi cəhətdən tam əsaslı olduğunu, tərəflərindən iddiaçının hüquqlarının pozulmadığını və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş X10 iddia tələbinə etiraz edərək, torpaq sahəsi üzərində hər hansı tikili olacağı təqdirdə həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı tədbir görə biləcəklərini qeyd etmiş, hazırki iddiaya etiraz etdiyini göstərmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2252/2025 saylı qərardadı ilə (hakim N.Hüseynov) İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2252/2025 saylı qərardadının ləğv olunmasını və iddianın mümkün sayılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbini mümkün saymaması ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, tərəfindən oxşar münasibətlərlə bağlı, yəni icra hakimiyəti başçısının sərəncamına əsasən vətəndaşlara torpaq sahəsi ayrılması, sonradan həmin torpaq sahələrinin vətəndaşların xüsusi mülkiyyətinə verilməsi hallarını təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə qərardadda qeyd edir ki, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 329 nömrəli sərəncamına əsasən, Gəncə şəhəri, M.Bürcəliyev küçəsində yerləşən 400 kv.m torpaq sahəsində X11 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Gəncə şəhəri, Nizami rayonu, M.Bürcəliyev küçəsində yerləşən **********86-10301 reyestr nömrəli 0.0151 ha-lıq fərdi yaşayış evinin üzərində X6 istifadə hüququ tam mülkiyyət hüququ ilə dövlət mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, **********86- 10301 reyestr nömrəli texniki pasporta əsasən, Gəncə şəhəri, Nizami rayonu, M.Bürcəliyev küçəsində yerləşən fərdi yaşayış evinin hüquq subyekti X7r. Daha sonra məhkəmə qərardadda qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Gəncə şəhərində yerləşən **********3 reyestr nömrəli 0.043 ha-lıq torpaq sahəsi üzərində X2 tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilən oxşar münasibətlərdə icra hakimiyyətinin eynihüquqlu sərəncamları ilə cavabdeh orqan digər şəxslərin hüquqlarını qeydə alaraq müvafiq çıxarışlar vermişdir. Onun iddia tələbi torpaq sahəsi üzərində istifadə hüququnun verilməsi ilə bağlıdır. Bu hüququn yaranması üçün oxşar münasibətlərin yaranmasına əsas olmuş icra hakimiyyəti başçılarının sərəncamlarıdır. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən onun tələb etməkdə subyektiv hüquqa malik olmaması əsasına gəlməsi məntiqsizdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İşdə olan sübutlardan görünür ki, cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi eyni mühüm faktiki hallara malik olmaqla, yəni başqaları üçün icra başçısının sərəncamını əsas götürməklə sərəncam əsasında hüquqlarını dövlət reyesterində qeydə almışdır. Ancaq ona münasibətdə fərqli qərar qəbul etmişdir. Cavabdehin bu hərəkətlərinə məhkəmə tənqidi yanaşmamış, düzgün hüquqi qiymət verməməklə maddənin tələblərini düz tətbiq etməmişdir. Odur ki, qərardadın ləğv edilməsi və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılması birinci instansiya məhkəməsinin qərardadı prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qərardad ləğv edilməli, iddia mümkün sayılmalı və iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 saylı sərəncamına əsasən, Gəncə şəhəri, Nəriman Nərimanov və Nizami küçələrinin kəsişməsindəki bağın ərazisindən şəhərsalma norma və qaydalarını pozmaqla İddiaçı tərəfindən inşa edilmiş ticarət obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 №-li yaşayış binasının şərq tərəfindən yerləşən 400 kv.m torpaq sahəsində yerləşdirilməsinə) layihələndirilməsinə icazə verilmişdir. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X17 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-B-1362/8/2024 nömrəli məktubuna əsasən, X17 filialında mühafizə olunan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun xx.xx.2018-ci il tarixli, 06 saylı təhvil-təslim aktına əsasən xx.xx.2013-cü il tarixli, 1859 saylı sərəncam filiala təhvil verilməmiş, lakin filialda mühafizə olunan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun 2013-cü il tarixli sərəncamlarının qeydiyyat kitabında 1859 saylı sərəncam qeyd olunmuşdur. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-A-0108-8/2024 nömrəli “müraciətinizə baxılması barədə” məktuba əsasən, müraciətə torpaq sahəsinə dair torpaq sahəsinin yerini və ölçüsünü göstərən texniki və hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, müraciətə əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 1859 saylı sərəncam 0.04 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. -Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-1/2-2062/2024 nömrəli məktuba əsasən, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin sənədləri idarə arxivində 5 il müvəqqəti mühafizə müddətinə saxlanıldıqdan sonra Milli arxiv fonduna təhvil verilir. Bu səbəbdən, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 nömrəli sərəncamının və onun əsasında verilmiş sənədlərin təqdim edilməsi mümkün olmamışdır. -Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2- 4801/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktuba əsasən, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 nömrəli sərəncamı ilə ayrılmış Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 nömrəli binanın şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsi üzərində istifadə (icarə, mülkiyyət) hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X3 Ərazi İdarəsinə müraciəti olmadığından, sözügedən torpaq sahəsinin mülkiyyət növünə dair arxiv məlumatlarının verilməsi tərəflərindən mümkün olmamışdır. -Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 329 nömrəli sərəncama əsasən, Gəncə şəhəri, M.Bürcəliyev küçəsində yerləşən 400 kv.m torpaq sahəsində X11 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Gəncə şəhəri, Nizami rayonu, M.Bürcəliyev küçəsində yerləşən **********86-10301 reyestr nömrəli 0.0151 ha-lıq fərdi yaşayış evinin üzərində X6 istifadə hüququ tam mülkiyyət hüququ ilə dövlət mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. -xx.xx.2020-ci il tarixli, **********86-10301 reyestr nömrəli texniki pasporta əsasən, Gəncə şəhəri, Nizami rayonu, M.Bürcəliyev küçəsində yerləşən fərdi yaşayış evinin hüquq subyekti X7r. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Gəncə şəhərində yerləşən **********3 reyestr nömrəli 0.043 ha-lıq torpaq sahəsi üzərində X2 tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X8rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1 və 6.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Göründüyü kimi, məhkəmələr iddianın mümkünlük şərtlərini yoxlayarkən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını müəyyən etməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 nömrəli “Şəhərsalma norma və qaydalarının pozmaqla inşa edilmiş obyektin yerinin dəyişdirilməsi haqqında” sərəncamına istinad edərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 nömrəli yaşayış binasının şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir. Sözügedən sərəncamın məzmununa nəzər saldıqda müəyyən olunur ki, həmin sərəncamda aşağıdakılar qeyd edilmişdir: 1) Gəncə şəhəri, Nəriman Nərimanov və Nizami küçələrinin kəsişməsindəki bağın ərazisindən şəhərsalma norma və qaydalarını pozmaqla İddiaçı tərəfindən inşa edilmiş ticarət obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 №-li yaşayış binasının şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsində yerləşdirilməsinə) layihələndirilməsinə icazə verilsin; 2) Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tapşırılsın ki, inşaat pasportunun hazırlanmasını təmin etsin; 3) Sifarişçinin nəzərinə çatdırılsın ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Layihələndirmə başa çatdırıldıqdan sonra, müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunmalıdır. Qeyd edilən sərəncamın adından və məzmunundan da göründüyü kimi, həmin sərəncam şəhərsalma norma və qaydalarının pozmaqla iddiaçı tərəfindən inşa edilmiş obyektin yerinin dəyişdirilməsi məqsədilə verilmiş, başqa sözlə həmin sənəd mübahisəli torpağın istifadəyə verilməsi ilə bağlı olmamışdır. Hətta, həmin aktın özündə də bu sərəncamın inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olması qeyd edilmişdir. Başqa sözlə istinad olunan sərəncam tikinti-layihələşmə sahəsində müvafiq yerli icra hakimiyyəti orqanın icazəsini əks etdirir, bu isə həmin sənədə əsasən torpaq sahəsi üzərində şəxsin hər hansı hüququnun yaranmasına əsas deyildir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sözügedən sərəncam mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır və hazırki işin materiallarında həmin əsaslardan hər hansı birinin olması müəyyən edilmir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər olmadığından, hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı halda müvafiq iddianı qaldırmaqla bağlı subyektiv hüquqa malik olmamışdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxsdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərin münasibətdə isə qeyd edir ki, iddiaçı oxşar münasibətlərlə bağlı yerli icra hakimiyyəti başçılarının müvafiq sərəncamına əsasən vətəndaşlara torpaq ayrılması və sonradan həmin torpaq sahələri üzərində vətəndaşların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına istinad etsə də nəzərə alınmalıdır ki, istinad olunan sərəncamlar torpaq sahəsinin ayrılması ilə bağlı olmamışdır. Sərəncamın məzmunundan da göründüyü kimi sərəncamda torpaq sahəsinin ayrılmasına dair heç bir fikir ifadə edilməmişdir. Belə olan halda cavabdeh orqan tərəfindən eyni məzmunlu sərəncam əsasında X6 adına torpaq sahəsinə dair hüququ qeydiyyata almaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsində təsbit edilmiş qanunçuluq prinsipinin tələblərini pozulmuşdur. Etimadın qorunması prinsipi mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hətta həmin sərəncamda vətəndaşa torpaq sahəsinin ayrılması qeyd olunmuş olacağı təqdirdə belə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipinə istinad edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021ci il tarixli qərarından da göründüyü kimi etimad hüququnun qorunması prinsipinə inzibati orqanın səlahiyyətləri çərçivəsində, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələndikdə tətbiq edilə bilər. Lakin nə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə, nə də yerli icra hakimiyyəti orqanlarının öz fəaliyyətində rəhbər tutduğu digər qanunvericilik aktlarında (Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında və.s) yerli icra hakimiyyətlərinin başçılarının torpaq ayrılması barədə inzibati akt qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qanun çərçivəsində qəbul edilmiş inzibati akta istinad edilmədiyindən hazırki iş üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipinin tətbiq edilməsi mümkünsüzdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2252/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-606/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-606/2025
18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver