Məhkəmə qərarları › İş №2-1(104)-608/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-608/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-608/2024 10.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X16 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X8 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs X18) qarşı “Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2438/2024 saylı qərarından üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bərdə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli X9 adına verilmiş arayışdan müəyyən olunur ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etməsi barədə xx.xx.2023-cü il tarixli 123 nömrəli ölüm akt qeydi tərtib olunmuşdur. Cavabdeh 15 fevral 2024-cü il tarixli 14 saylı arayışdan müəyyən olunur ki, X19 xx.xx.2000-ci il tarixdə Əskəran rayonu Aranzəmin kəndində anadan olmuş və bu barədə xx.xx.2000-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şəbəsində 14 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş, ata qrafasında X18, ana qrafasında isə X10 qeyd edilmişdir. Ağcabədi rayonu Arasbar kənd nümayəndəliyi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş XX-ЖГ № 377150 doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, ata qrafasında X12, ana qrafasında isə İddiaçı2 qeyd edilmişdir. Xocalı şəhər XDS tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş V-ЖГ № 333700 nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X12 ilə İddiaçı2 arasında xx.xx.1991-ci il tarixdə 12 saylı akt qeydi ilə nikah bağlanmışdır. Xocalı rayon İHB-nın Xocalı şəhər İ.Ə.D.Ü. nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-51-1/3-2-240 nömrəli arayışdam maəyyən olunur ki, İddiaçı1 ilə, X5 doğum haqqında şəhadətnaməsində qeyd edilmiş X12 eyni şəxsdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 14 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X19 xx.xx.2000-ci il tarixdə Əskəran rayonu Aranzəmin kəndində anadan olmuş ata qrafasında X18, ana qrafasında isə X10 qeyd edilmişdir. Naftalan şəhər Polis şöbəsinin 18 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının hissəvi olaraq rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan müəyyən olunur ki, X17 və X6 əməlində cinayət tərkibi olsa da, hər iki şəxs vəfat etdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Goranboy rayon prokurorluğunun 17 yanvar 2024-cü il tarixli qərarından müəyyən olunur ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş, 2000-ci ildə qeyri-rəsmi olaraq bioloji atası İddiaçı1 tərəfindən sonuncunun qardaşı Aqil Məmmədova övladlığa verilmiş Samir Məmmədov üçün babası X26 rayon mərkəzi poliklinikasından əldə etdiyi doğum arayışından istifadə edərək Cavabdehndən Samir Məmmədovun xx.xx.2000-ci il tarixdə doğulması və atasının Aqil Məmmədov kimi qeyd edildiyi yeni doğum haqqında şəhadətnamə əldə etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onlar 12 aprel 1991-ci ildə ailə qurmuşlar və birgə nikahlarından 4 övladı o, cümlədən 18 may 1997-ci ildə Ağcabədi rayon Qiyaməddinli (əvvəl Qiyamadınlı) kəndində X22 (Əbilfəz) oğlu adlı adında hazırda şəhid oğulları anadan olmuşdur. X1 barəsində Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyində 17 iyul 1997-ci il tarixli 72 nömrəli doğum akt qeydi tətrib edilmiş və ona XX-KT No 377150 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Şəxsiyyət vəsiqəsində adı Əbilfəz kimi göstərilsə də nikah haqqında şəhadətnaməsində və övladlarının doğum haqqında şəhadətnamələrində o, cümlədən oğlu Samir Məmmədovun doğum haqqında akt qeydində onun adı Əbülfəz kimi qeyd edilmişdir. Həmin sənədlərdə göstərilən Əbülfəzlə şəxsiyyət vəsiqəsində qeyd edilmiş Əbilfəzin eyni şəxs olmasının təsdiq edilməsinə dair Xocalı şəhər İN-yi tərəfindən verilmiş arayışı ərizələrinə əlavə etmişlət. Əbilfəzin qarsdaşı X8 və onun birinci arvadı mərhum X7 övladı olmadığından onlar oğulları Samiri kiçik yaşlarında onlara verməyə razılaşsaq da onun övladlığa verilməsi qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilməmişdi və onlar uşağı sənədinin öz adları, soyadları qalması şərti ilə razılaşıb vermişdilər. Onlar oğullarını daimi olaraq övladlığa vermək niyyətində olmamışlar. Samir Aqilin birinci arvadı X10 vəfat edənədək onlarla birlikdə yaşamış, Reyhanın vəfatından sonra isə Aqil ikinci dəfə ailə qurmuş və həmin qadın Samiri istəmədiyindən onunla yola getməmiş və Samir demək olar ki, daima onlarla birlikdə yaşamışlar. X2 MAXHHQ kimi hərbi qulluqçu olmuş və o, 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikası ərazisində aparılan antiterror əməliyyatları zamanı şəhid olmuş və onun xx.xx.2023-cü ildə vəfat etməsinə dair Bərdə ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində xx.xx.2023-cü tarixli 123 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Qeyd edirik ki, oğulları şəhid olan zaman onun kimliyini müəyyən etmək məqsədilə onun valideyləri kimi onların hər ikisindən “DNT” analizi üçün nümumələr götürülmüş və onların onun bioloji valideyinləri olmağı müəyyən edilmişdir. Oğulları Samir şəhid olduqdan sonra bioloji valideyn olmaqları müəyyən edilən zaman onlara məlum olmuşdur ki, Aqil Məmmədov onların məlumatı və razılığı olmadan oğulları Samirin adına Cavabdehndə qanunsuz olaraq guya onun xx.xx.2000-ci ildə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair xx.xx.2000- ci il tarixli, 14 nömrəli saxta doğum akt qeydi tərtib olunmuşdur. Oğulları şəhid olduqdan sonra həmin doğum haqqında akt qeydi əsasında da onun adına Bərdə Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində ölüm akt qeydi tərtib edilmişdir. Bununla əlaqədar onlar həmin saxta doğum akt qeydi ilə bağlı hüquq mühafizə orqanlarına şikayətlər etmişlər, şikayətləri üzrə Naftalan şəhər Polis Şöbəsində, həmçinin Goranboy rayon prokurorluğunda araşdırma aparılmışdır. Toplanmış material üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı1 (Əbülfəz) mərhum atası X17 tərəfindən oğulları Samir Məmmədovun 3 yaşı olmasına və onun adına Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyində tərtib edilmiş 17 iyul 1997-ci il tarixli 72 nömrəli doğum akt qeydi olmasına baxmayaraq Samirin guya xx.xx.2000-ci ildə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair Xocalı rayon Mərkəzi Poliklinikasından saxta doğum arayışı əldə etmiş və həmin arayış əsasında xx.xx.2000-ci ildə Cavabdehndə 17 avqust 2000-ci il tarixdə 14 nömrəli saxta doğum haqqında akt qeydi tərtib etdirmiş, lakin həmin saxta doğum arayışını vermiş və saxta doğum akt qeydi tərtib etdirmiş şəxslərin vəfat etməsi səbəbindən Naftalan şəhər polis şöbəsinin 18 dekabr 2023cü il tarixli qərarı və Goranboy Rayon Prokurorluğunun 17 yanvar 2024-cü il tarixli qərarına əsasən hər iki araşdırma üzrə cinayət işi başlanması rədd edilmişdir. Bununla belə həmin qərarlara əsasən oğulları Samir Məmmədovun adına, X4 verilmiş doğum haqqında tibbi arayış, həmçinin oğullarının xx.xx.2000-ci 11 tarixdə anadan olmasına dair Cavabdehndə tərtib edilmiş xx.xx.2000-ci il tarixli, 14 nömrəli doğum akt qeydi saxta sənəd hesab edilmişdir. Həmin doğum akt qeydinin onların məlumatı olmadan saxta tərtib edilməsi özü də sübut edir ki, onlar heç vaxt oğullarını rəsmi qaydada Aqilə övladlığa vermək fikirləri olmamışdır. Əgər onların belə bir razılığı olsa idi bunu məhkəmə qaydasında edərdilər. Biz oğullarının xx.xx.2000-ci ildə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 saylı saxta doğum akt qeydinin ləğv edilməsi barədə Cavabdehnə müraciət etmişlər, lakin həmin şöbə 15 fevral 2024-cü il tarixli, 3-16- 5/8-xx-xx/2024 saylı məktubla müraciətlərinin icrasından imtina etmişdir. Bundan başqa onlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə də müraciət etmişlər, lakin bu məsələyə məhkəmə qərarına əsasən mümkündür. Yuxarıda qeyd edilənlərə əsasən hesab edillər ki, hazırda şəhid olan X1 adına, guya onun xx.xx.2000-ci il tarixdə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair Cavabdehndə tərtib edilmiş 14 nömrəli saxta doğum akt qeydi ləğv edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2438/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların iddiası hazırda şəhid olmuş oğulları X13 adına Cavabdeh tərəfindən açılmış xx.xx.2000-ci il tarixli 14 saylı doğum akt qeydinin ləğv edilməsidir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıların müraciətləri nəticəsində Naftalan şəhər Polis şöbəsi və Goranboy rayon prokurorluğu tərəfidən araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş, 2000-ci ildə qeyri-rəsmi olaraq bioloji atası İddiaçı1 tərəfindən sonuncunun qardaşı Aqil Məmmədova övladlığa verilmiş Samir Məmmədov üçün babası X26 rayon mərkəzi poliklinikasından əldə etdiyi doğum arayışından istifadə edərək Cavabdehndən Samir Məmmədovun xx.xx.2000-ci il tarixdə doğulması və atasının Aqil Məmmədov kimi qeyd edildiyi yeni doğum haqqında şəhadətnamə əldə etmişdir. Bu halı məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində cəlb edilmiş Aqil Məmmədov vermiş olduğu izahatı ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olduğundan həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Üçüncü şəxs həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun birinci həyat yoldaşı X10 ilə övladları olmadığından, ağsaqqalların məsləhəti ilə qardaşı İddiaçı1 1997-ci il təvəllüdlü oğlu Samir Məmmədovu 1999-cu ildə övladlığa götürmüşlər. Bu zaman onun bioloji valideynlərinin razılığı ilə uşağı övladlığa götürdülər. Həmin vaxt Ağdam rayonunda yaşayırdılar, lakin Naftalan şəhərində müvəqqəti qeydiyyatda idilər. 2000-ci ildə Samiri mərhum atası X3 şəhərində yeni doğulmuş kimi qeydiyyata aldıraraq doğum haqqında şəhadətnamə aldı. Sənədləşdirmənin necə alınması haqqında heç bir məlumatı olmamışdır. 2005-ci ildə atası Xasay Məmmədov, 2011-ci ildə ilk arvadı X10 vəfat etdi. 2012-ci ildə o, X14 ilə ailə qurmuşdur. Samir hər zaman onun övladı olmuş, bioloji atası qardaşı olsa da, lakin bioloji atası ilə heç bir münasibəti olmamışdır. Samir daima onun yanında yaşamış, nəyinki ata kimi, heç əmi kimi də bioloji atasını sevməmişdir. Samirin valideyni o, olmuşdur, daima onunla yaşamış, onun qayğısına o, qalmışdır. 2002-ci ildə sünnət toyun etmişdir, 2018-ci ildə Samiri hərbi xidmətə o, yola salmışdır, Samirin 2021-ci ildə toyunu o, etmişdir. Bütün şənliklərdə ata kimi o, təqdim olunmuşdur, iddiaçı yalnız əmi kimi məclisdə iştirak etmişdir. Qardaşının belə bir iddia qaldırmasının səbəbi “şəhid ailəsi” statusunu əldə etməkdir. Elə Samiri övladlığa götürəndə də sənədləşdirmənin məhkəmə qaydasında aparılmamasının səbəbi onun Samirə görə əlavə müavinət alması olmuşdur. Samiri heç kəs Əbülfəzin oğlu kimi tanımamışdır, Samirin əsgər yoldaşları və dostları yenə də onu Samirin atası kimi axtarırlar. Samir ölən dəqiqəyədək onunla əlaqə saxlamışdır. Əgər o, atası kimi Əbülfəzi tanımış olsaydı, o zaman ona ondan çox zəng etmiş olardı. Samirə məxsus bütün əşyalar daima onun evində olmuşdur və hazırda da oradadır. Yas mərasimi də onun tərəfindən qapısında həyata keçirilmişdir. Bütün baş sağlıqlarını o, qəbul etmişdir. Hazırda Samirin bioloji atası olmasına əsaslanan iddiaçı bundan sui istifadə edir. Lakin o, öz razılığı ilə uşağı ona övladlığa vermişdir. Samir onu ata kimi tanımamışdır. Onu özünə ata hesab etməmişdir. Qeyd edilən iddia mübahisələndirmə iddiası olsa da, lakin məhkəmə İPM-in 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddiaya aid normalara istinad etmişdir. Cavabdeh hər hansısa bir öhdəlik daşımamışdır, heç bir öhdəlik daşımadığından da ondan öhdəliyin icrasını tələb etmək olmaz. Hesab edir ki, qeyd edilən iddia öhdəliyin icrası haqqında iddia deyil, mübahisələndirmə haqqında iddiadır. İddiaçı doğum şəhadətnaməsinin mövcudluğunu bilirdi. Övladı Samir 2007-ci ildə orta məktəbə getmişdir, əgər iddiaçı həqiqətən də Samirlə bağlı valideynlik vəzifəsini icra edirdisə, o zaman onun hesabı ilə 10 yaşında uşağının məktəbə getməsinə hansı səbəblə etiraz etməmişdir. Oğlunun 18 yaşında deyil, 21 yaşında həqiqi hərbi xidmətə çağırılmasını iddiaçı nə ilə izah edir. Bütün bunlar göstərir ki, iddiaçı əsassız iddia qaldırmış, yalnız öz tamahı ilə uzun illər ərzində insanlarla və duyğularla oynadığı kimi, hazırda da eyni işləri davam etdirir. Bildirir ki, hətta 2011-ci ildə Əbülfəz Samirlə bağlı məcburi köçkün kimi müavinət almağı dayandırmışdır. Üstəlik, əgər Samirin Əbülfəzdə olan doğum şəhadətnaməsi qüvvədə idisə, o zaman hansı səbəbə görə Hərbi Komissarlıq tərəfindən ona çağırış gəlməmiş, Daxili işlər orqanları tərəfindən şəxsiyyət vəsiqəsi verilməmişdir. Həmçinin, Samirin hərbi hissəyə verdiyi tərcümeyi-halında ailə üzvləri kimi onu və mərhum həyat yoldaşını göstərməsi təsdiq edir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə yalandır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Repsublikası Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ: ... 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları: 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 163. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi: 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 166. Doğumun qeydə alınması qaydası: 166.1. Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Qaydaları”: Preambulasına görə - bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir.

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) tələb edə bilər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçıların iddiası hazırda şəhid olmuş oğulları X13 adına Cavabdeh tərəfindən açılmış xx.xx.2000-ci il tarixli 14 saylı doğum akt qeydinin ləğv edilməsidir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçıların müraciətləri nəticəsində Naftalan şəhər Polis şöbəsi və Goranboy rayon prokurorluğu tərəfindən araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş, 2000-ci ildə qeyri-rəsmi olaraq bioloji atası İddiaçı1 tərəfindən sonuncunun qardaşı Aqil Məmmədova övladlığa verilmiş Samir Məmmədov üçün babası X26 rayon mərkəzi poliklinikasından əldə etdiyi doğum arayışından istifadə edərək Cavabdehndən Samir Məmmədovun xx.xx.2000-ci il tarixdə doğulması və atasının Aqil Məmmədov kimi qeyd edildiyi yeni doğum haqqında şəhadətnamə əldə etmişdir. Üçüncü şəxs X18 apellyasiya şikayətində də qeyd etmişdir ki, onun birinci həyat yoldaşı X10 ilə övladları olmadığından, ağsaqqalların məsləhəti ilə qardaşı İddiaçı1 1997ci il təvəllüdlü oğlu Samir Məmmədovu 1999-cu ildə övladlığa götürmüşlər. Bu zaman onun bioloji valideynlərinin razılığı ilə uşağı övladlığa götürmüşlər. Həmin vaxt Ağdam rayonunda yaşayırdılar, lakin Naftalan şəhərində müvəqqəti qeydiyyatda idilər. 2000-ci ildə Samiri onun mərhum atası X3 şəhərində yeni doğulmuş kimi qeydiyyata aldıraraq doğum haqqında şəhadətnamə aldı. Sənədləşdirmənin necə alınması haqqında heç bir məlumatı olmamışdır. Apellyasiya şikayətindən və iş materiallarından açıq-aşkar görünür ki, Samir Məmmədovun babası X17 xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, atası X12, anası isə İddiaçı2 olan Samir Məmmədovu xx.xx.2000-ci il tarixdə Cavabdehndə yeni doğulmuş kimi qeydiyyata aldıraraq ata qrafasında X18, ana qrafasında isə X10 qeyd edilməklə qanuni əsaslar olmadan doğum haqqında akt qeydi tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən xx.xx.2000-ci il tarixdə Cavabdehndə tərtib edilmiş 14 nömrəli doğum haqqında akt qeydi düzgün olmayan məlumatlar əsasında qanunvericiliyin tələbinə zidd olmaqla qanunsuz tərtib olunmuşdur. Məhkəmə kollegiyası iddiaçıların X19 barədə Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi ilə bağlı iddia ərizəsində göstərilmiş dəlillərini əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların X19 barədə Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi ilə bağlı iddia tələbi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2438/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar