Məhkəmə qərarları › İş №2-1(104)-608/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-608/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-608/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X3 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Goranboy rayonu Xoylu Bələdiyyəsi) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4266/2025 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Goranboy rayon Xoylu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 nömrəli qərarına əsasən, Xoylu kənd sakini İddiaçı bələdiyyənin alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 10000 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.

2. DT və XK-nin Goranboy rayon şöbəsinin rəyindən görünür ki, Xoylu Bələdiyyəsinin 27 dekabr 2006-ci il tarixli, 09 saylı qərarına uyğun olaraq naturada həmin torpaq sahəsinə aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş və həmin torpaq sahəsinin satılması məqsədə müvafiq hesab olunmuşdur. Odur ki, Goranboy rayon şöbəsi Xoylu Bələdiyyəsinin alğı-satqı predmeti olan, Bakı-Gəncə şosse yolunun sol tərəfindən, yolun təsir zonasından kənarda 10000 kv.m yararsız torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Xoylu kənd sakini İddiaçı alğı-satqı qaydasında satılmasına etiraz edilməmişdir.

3. Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyindən görünür ki, Goranboy rayonu Xoylu Bələdiyyəsinin ərazisindən alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alğı-satqı qaydasında torpaq sahəsinin məqsədli təyinatına, ərazinin yerqurluşu təsərrüfat planına, ərazinin planlaşdırılması və tikintisi lahiyələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyindən həmin torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyini nəzərə alaraq Goranboy rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi Goranboy rayon Xoylu kənd sakini İddiaçı istifadəsində olan, Bakı-Gəncə şosse yolunun sol tərəfindən, yolun təsir zonasından kənarda 10000 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə özünə satılmasına etiraz edilməmişdir.

4. Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Q.Həsənov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin müdiri B.Vəliyev, Şöbənin baş məsləhətçisi F.Məmmədov, Xoylu Bələdiyyəsinin sədri İddiaçı, Xoylu kənd Ərazi İcra nümayəndəsi S. Babayev, Goranboy rayon Elektrik Şəbəkəsinin direktoru M.Abışov, Goranboy rayon GEM-nin direktoru R.Dadaşov, Aran Regional DYNXnin Goranboy rayon X8 orqanının böyük inspektoru E.Zeynalov, Goranboy rayon Telekommunikasiya Qovşağının rəisi H.Muxtarov, X10 idarəsinin rəisi İ.Məmmədov, Xoylu Bələdiyyəsinin üzvü M.Şəmmədli və Xoylu kənd sakini İddiaçı iştirakı ilə tərtib edilmiş 27 dekabr 2006-cı il tarixli “Yerin seçilmə aktı”ndan görünür ki, X2 mülkiyyətində olan, Bakı- Gəncə şosse yolunun sol tərəfindən, yolun təsir zonasından kənarda 10000 kv.m. yararsız torpaq sahəsini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Xoylu kənd sakini İddiaçı satış yolu ilə verilməsini məqsədə müvafiq bilmişdir.

5. xx.xx.2006-cı il tarixli, 210 nömrəli “Torpaqların alğı-satqısına dair” aktdan görünür ki, Goranboy rayon Xoylu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 nömrəli qərarına əsasən satılmış 10000 kv.m (1 ha) torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 1535,0 manat pul ödənilmişdir.

6. 21.11.2006-cı il tarixli, 244148 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən Goranboy rayon Xoylu Bələdiyyəsinin müvafiq bank hesabına torpaq satışı ilə bağlı 1535,0 manat məbləğində pul ödənilmişdir.

7. Goranboy rayon Xoylu Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, Xoylu Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 09 nömrəli qərarla Xoylu kənd sakini İddiaçı satılmış torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir və həmin qərar qüvvədədir.

8. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-ci il tarixli, 3-21-3-46/2-4681/2024 nömrəli imtina məktubundan görünür ki, təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, Goranboy rayon Xoylu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarına əsasən 10000 kv.m torpaq sahəsinin kateqoriyası sahibkarlıq məqsədi ilə ayrılmış, lakin “Torpaqların elektron kadastr uçotu informasiya, sistemi”ndə isə sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Eyni zamanda sənədləşmə üçün müraciət olunan torpaq sahəsinin bir hissəsi digər mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina olunur.

9. 23.07.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi kompleks yerquruluşu layihəsinə və TEKUİS- ə əsasən mülkiyyət növü bələdiyyə, kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. 2. Həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmamışdır. 3. İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi üzərində mühəndis kommunikasiya xətləri mövcud olmadığından qaz kəmərinin mühafizə zolağına elektirik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. 4. İddiaçı tərəfindən faktiki istifadə edilən torpaq sahəsinin hər hansı digər şəxslərin hüquqlarına toxunmur. 5. İddiaçının faktiki istifadə etdiyi 1 00 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. 6-7. İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyil.

8. Goranboy rayonu, Xoylu kəndində yerləşən 10000 kv.m torpaq sahəsinin ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. 9. İddiaçı faktiki olaraq naturada 1.00 ha hissəsindən istifadə edir və həmin torpaq sahəsi Xoylu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən ərazinin hüdudları daxilində yerləşir. 10. Xoylu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunmuş 1:10000 miqyaslı planı ilə həm həndəsi en və uzunluq ölçüləri həm də konfuqrasiyası uyğunluq təşkil edir. 11. İddiaçı tərəfindən naturada istifadə edilən torpaq sahəsi yerquruluşu planından çıxarışda məkan göstəriciləri uyğunluq təşkil etsə də, yerquruluşu planından çıxarışda koordinat olmadığından həmin torpaq sahəsinin yerquruluşu planından çıxarış daxilində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. 12. Torpaq sahəsinə dair rəy kompleks yerquruluşu planına və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən hazırlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu Xoylu Bələdiyyəsinin sədrinin 27 dekabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə ona alğı-satqı qaydasında satılmış 10000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Xoylu Bələdiyyə sədrinin 27 dekabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə ona alğı-satqı qaydasında Xoylu Bələdiyyəsinin alğı-satqı predmeti olan kənd təsərrüfatına yarasız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 10000 kv.m torpaq sahəsi satılmışdır. Torpağı alan zaman onun dəyərini Xoylu Bələdiyyəsinin xüsusi hesabına ödəmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində “Torpaqların alğı-satqısına dair” akt tərtib edilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. 2024-cü ilin oktyabr ayında torpağın daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün DƏDKR PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qeyd edilən orqan torpağı onun adına qeydiyyata almaqdan imtina etmişdir. İmtina onunla əsasandırılmışdır ki, Goranboy rayon Xoylu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarına əsasən ona sahibkarlıq məqsədi ilə satılmış 10000 kv.m torpaq sahəsinin kateqoriyası “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. O, imtinanın əsasları ilə razı deyil. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Goranboy rayonu Xoylu Bələdiyyəsi iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

13. İddiaçı məhkəməyə iddia tələbininin dəqiləşdirilməsi barədə ərizə ünvanlayaraq, ünvan ı ilə ona satılmış və faktiki istifadəsində olan 10000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və torpaq sahəsinə çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

14. Tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4266/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, ünvan ı ilə İddiaçı satılmış və faktiki istifadəsində olan 10000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və torpaq sahəsinə çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

16. Məhkəmə hesab etmişdir ki, işdəki mütəxəssis rəyinə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqları olmaqla, mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Odur ki, 27 dekabr 2006-ci ildə torpaq sahəsinin satılmasının qanuna müvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən imtina əsaslı hesab edilə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4266/2025 saylı qərarının ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüffatı təyinatlı örüş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12.5-ci maddəsinə əsasən, bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Göründüyü kimi məhkəmə öz qərarını iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bu isə həmin qərarın apellyasiya qaydasında ləğvi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, özəlləşdirilə bilər... Maddə 57.1. Sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir. Maddə 57.6. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin ayrılması və istifadəsi qaydaları bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir(28 noyabr 2008-ci il tarixədək olan redaksiya). Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Maddə 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.

28. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Bənd 7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bənd 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

29. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 nömrəli Fərmanının 2-ci bəndinə əsasən (əvvəlki redaksiyada) həmin Əsasnamənin 17-ci, 18-ci və 19-cu bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

31. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

33. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

41. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Goranboy rayon Xoylu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 nömrəli qərarı ilə Goranboy rayonu Xoylu Bələdiyyəsinin alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 10000 kv.m torpaq sahəsinin Xoylu kənd sakini İddiaçı satılması qərara alınmışdır. xx.xx.2006-cı il tarixli, 210 nömrəli “Torpaqların alğı-satqısına dair” aktdan görünür ki, Goranboy rayon Xoylu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 nömrəli qərarına əsasən satılmış 10000 kv.m (1 ha) torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 1535,0 manat pul ödənilmişdir. DT və XK-nin Goranboy rayon şöbəsinin müvafiq rəyinə əsasən, 10000 kv.m. kənd təsərrüfatına yararsız torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məqsədilə Xoylu kənd sakini İddiaçı satılması məqsədə müvafiq hesab edilmişdir. Xoylu Bələdiyyəsi, DT və XK-nin Goranboy rayon şöbəsi, eləcə də aidiyyəti dövlət orqanlarının və mülkiyyətçinin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Xoylu Bələdiyyəsinin mülkiyyətində olan, Bakı-Gəncə şosse yolunun sol tərəfindən, yolun təsir zonasından kənarda 10000 kv.m. kənd təsərrüfatına yararsız torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Xoylu kənd sakini İddiaçı satış yolu ilə verilməsini məqsədə müvafiq bilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının dəlili ondan ibarət olmuşdur ki, aparılan araşdırma zamanı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olması aşkar edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.

46. Belə ki, torpaq və bələdiyyələr haqqında qanunvericililk kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqların sahibkarlıq məqsədi üçün satılmasının mümkünlüyünü müəyyən etmişdir.

47. İş materiallarından göründüyü kimi, Goranboy rayon Xoylu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 nömrəli qərarı ilə bələdiyyənin alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 10000 kv.m torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış və bu barədə müvafiq “Torpaqların alğı-satqısına dair” Akt tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi 18 ildən artıq müddətdir ki, iddiaçının istifadəsində və sahibliyindədir. Bu səbəbdən bələdiyyə torpaqları torpaq ayrılan zaman qanunvericiliyin tələblərinə riayət edilmişdirsə həmin torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb, çıxarış verilməsindən imtina edə bilməz. Digər tərəfdən, həmin əmlaka dair üçüncü şəxslərin pretenziyasının olmadığı müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanını dəlilinə, yəni torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına münasibətdə qeyd edir ki, balans sahibi müvafiq bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi iddiaçıya bələdiyyənin alğısatqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə satılmışdır.

49. Digər tərəfdən, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi və Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən tərtib edilmiş rəylərdə satılması nəzərdə tutulmuş torpaq sahəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsi olmaqla sahibkarlıq məqsədi üçün satılmasının məqsədəmüvafiq olması göstərilmişdir. Eyni zamanda torpaq sahəsinə dair Goranboy rayon Xoylu Bələdiyyəsinin yeruqluşu planından çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin, Goranboy rayonu Xoylu Bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən ayrılıb vətəndaşa sahibkarlıq məqsədi üçün torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2006-cı ildə tərtib edilmiş akt da DT və XT-nin Goranboy rayon şöbəsi tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi satılan zaman səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi və Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyi alınmışdır.

50. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin həmin zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

51. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

52. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi, habelə Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən müəyyən edilmişdir.

53. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Xoylu Bələdiyyəsinin üzvü və mülkiyyətçi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi və Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyləri, yerin seçilmə aktı, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planından çıxarış mövcud olmuşdur.

54. Odur ki, 2006-cı ildə torpaq sahəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. Həmçinin cavabdeh inzibati orqanın bu dəlilə əsaslanmaqla hüquqların qeydiyyatından imtinası əsaslı sayıla bilməz.

55. Bundan əlavə, mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmamış, qeyd edilən torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektirik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. İddiaçı faktiki olaraq naturada 1.00 ha hissəsindən istifadə edir və həmin torpaq sahəsi Xoylu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən ərazinin hüdudları daxilində yerləşir, Xoylu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunmuş 1:10000 miqyaslı planı ilə həm həndəsi en və uzunluq ölçüləri, həm də konfuqrasiyası uyğunluq təşkil edir.

56. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hallar mövcud deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4266/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar