Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-609/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4133/2025 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Cavabdehnə təsir altında verdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrinin etibarsız edilməklə Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 81 saylı sərəncamını (əmri) qanusuz və əsasız olduğu üçün ləğv edilib, onu əvvəlki işinə Cavabdeh Başçısı Aparatında Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin böyük məsləhətçisi (dövlət qulluğuna) vəzifəsinə bərpa edilməsinə və onun məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabeh Cavabdeh Başçısının xx.xx.2023cü il tarixli, 81 saylı sərəncamı (əmri) ilə o, tutduğu vəzifədən azad edilmişdir. (Əmrin surətini xx.xx.2023-cü il tarixdə əldə etmişdir). Aşağıdakılara əsasən əmri tamamilə qanunsuz və əsasız hesab edir. Belə ki, onun barəsində vətəndaş şikayəti daxil olan kimi, həmin şikayət araşdırılmadan ondan Cavabdeh sabiq başçısı Əhəd Abıyev otağına çağıraraq işdən öz ərizəsilə çıxmağını tələb etmiş və əks halda onu ləkələyərək çıxaracağını bildirmişdir. Ona 2023-cü ilin iyun ayının 24 tarixdə bir ərizəni yazdırdı, xx.xx.2023-cü il tarixdədə ikinci ərizəni yazmağı tələb etdi. O, həmin ərizələri təsir altında yazmış, belə ki ərizəni ona guya ki, iş yeri ilə yaşayış yerinin uzaq olmasını əsas gətirməklə işdən könüllü çıxmaq istəyini bildirməklə azad olunmasını xahiş etmişdir. Bu mümkün deyil, belə ki o, 2016-cı ildən işə qəbul olunandan işdən çıxarıldığı günə qədər Gəncə şəhərində yaşamış və hər gün işə gəlib getmiş və işə gəlib getməyilə əlaqədar heç vaxt problemi olmamışdır. Ona görə də hesab edir ki, onun ərizələri etibarsız hesab edilərək Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 81 saylı sərəncamı ləğv edilməli və o, dövlət qulluqğuna əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Onun öz istəyilə işdən azad olunmasına heç bir əsas olmamışdır, işdən azad olunandan bu günə qədər işləmir. Onun işdən azad edilməsi Azərbaycan Respublikası Konstitusiyasinda nəzərdə tutlmuş əmək hüququnun kobud şəkildə pozulması deməkdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, onun Cavabdehnə qarşı işə bərpa olunmağı və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair iddia ərizəsinin verilməsinə görə ötürülmüş müddətin üzürlü hesab edilməsini və ötürülmüş müddətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-488/2025 saylı qərardadı ilə (hakim L.Əliyeva) buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-488/2025 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması və iddianın təmin olunması ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)-232/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-488/2025 saylı qərardadı ləğv edilmiş və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4133/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4133/2025 saylı qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini rədd edən məhkəmə “Dövlət qulluğu haqqında” Qanuna istinad etmiş və göstərmişdir ki, həmin Qanunun 33-cü maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Lakin konkret halda bu hal onun öz arzu və istəyi ilə olmamış, müqavilənin xitamı ona qarşı edilmiş psixoloji təzyiqlə əlaqədar baş vermişdir. O da məhkəmədə bu halları təsdiqləyən dəlilləri ilə çıxış etmiş, lakin məhkəmə yenə də birtərəfli mövqedən çıxış edərək həmin dəlillərə düzgün və obyektiv qiymət verməmişdir. Belə ki, o məhkəmə araşdırılması zamanı sabiq icra başçısı Əhəd Abıyev ilə aralarında olan qeyd etdiyi mövzu ilə bağlı danışıqları diskə köçürməklə məhkəməyə təqdim etmiş, hətta tərəfindən ekspert rəyinində təqdim edilməsinə baxmayaraq, tərəfində təqdim olunmuş sübutları mötəbər sübut kimi tanımamış və qeyri obyektiv mövqeyini nümayiş etdirmişdir. Onun iddia tələbi təzyiq altında alınmış ərizələr əsasında qəbul edilmiş əmrlərin ləğv edilməsi hissəsində təmin olunmadığı üçün məhkəmə iddia tələblərinin digər hissə də də təmin etməmiş və işdən çıxmağının öz arzusu əsasında olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı işdən öz arzusu ilə azad olunmasına dair ərizəni təsir altında yazdığını bildirsə də, buna dair əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman lazımı qaydada araşdırma aparılmamışdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, hazırki iş üzrə birinci apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı qərardadının ləğv edərkən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hüququnun bərpası üçün mümkün olan bütün qanuni vasitələrdən vaxtında və ardıcıl şəkildə istifadə etmişdir. Onun prosessual müddətin ötürülməsində qəsdli hərəkəti və ya səhlənkarlığı olmamış, əksinə, subyektiv niyyət və obyektiv cəhdlərlə hüquq müdafiəsinə yönəlmiş aktiv davranış nümayiş etdirmişdir. Bu səbəbdən də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi məqsədəmüvafiq olar. Yəni qeyd edilən qərardadın məzmunundan göründüyü kimi, buraxılmış müddətin bərpası məsələsini yenidən müzakirə etməyi, bu məsələ müzakirə olunarkən məhkəmə aktında qeyd edilən halların nəzərə alınmaqla mümkünlük məsələsinə qiymət verilməsi birinci instansiya məhkəməsinə tövsiyə edilmişdir. Lakin işə təkrar baxan birinci instansiya məhkəməsi prosessual müddətin bərpası ilə bağlı məhkəmə kollegiyasının qeyd olunan mövqeyini nəzərə almadan, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət vermədən, yəni prosessual müddətin bərpa edilməsi məsələsini müzakirə etmədən və bu barədə ərizənin təmin edilib-edilməməsinə dair müvafiq qərardad qəbul etmədən işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı təkrar birinci instansiya icraatı zamanı müvafiq vəsatətlə audio disk təqdim edərək orda əks olunan səs yazılarının tədqiq edilməsi üçün ekspertiza keçirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi həmin sübutu məhkəmə iclası zamanı tədqiq etmədən vəsatətin təmin edilməməsi ilə bağlı qərardad qəbul etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Elə həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə ətraflı araşdırma aparmadan iddianı rədd etmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4133/2025 saylı qərarı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-609/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-609/2025
18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver